Yemək və hamiləlik haqqında miflər
Bizi izləyin

Tabloid.az

Yemək və hamiləlik haqqında miflər

Bütün dünya boyunca, hər yerdən, hamilə qadınları nəyi yemək və nəyi yeməmək barədə məsləhət bimbardmanına tuturlar. Çox vaxt da ağıllı məsləhət, ya yanlış elmə, ya da "qarı nənə nağılları"na qarışır.

Koreyada qadınlar üçün hamiləlik yeməyi yosun supunun dadını verir. Cənubi Afrikada, zulu qadınlarının əksəriyyətinə “işihlambezo” verirlər. Bu bitki “həftəbecərinə” qızçiçəyindən və ya südləyəndən tutmuş daman adlı gəmiricinin qurudulmuş sidiyənədək çox şeylər daxil ola bilər. İranda nar şirəsi məşhurdur, Seneqalda isə ilik borşu.

Rəylər və məsləhətlər çaşdırıcı ola bilər. Burada diqqətli olmaq lazımdır. Məsələn, balıq ana bətnindəki uşağın beyin inkişafı üçün yaxşıdır, amma balıq ətindəki merkurium (civə) dölə ziyan verməzmi?

Paxlalardan çəkinməkmi lazımdır, yoxsa onlar uşaqlarda qoz-fındığa allergiyanın qarşısını almaqda kömək edə bilər? Yaxma pendirlər və qaxac edilmiş ət məhsulları qətiyyən məsləhət deyil, lakin İtaliyanlın hamilələri elə donuz proşuttosu ilə qidalanırlar, fransız hamilələr isə kamambert pendirindən əl çəkmirlər.

Ax bu jurnalistlər…

İki uşaq anası və hamiləliyin ətrafındakı xalis elmi lətifə üslübunda miflərdən və cəfəngiyyatlardan ayırmağa çalışan "Qarınologiya" (Bumpology) kitabının müəllifi Linda Geddes deyir ki, hamilə qadınların çaş-baş qalmasında medianın da öz payı var.

"Jurnalistlər hamiləliyə dair bütün xəbərlərdən ikiəlli yapışırlar, çünki bilirlər ki, belə şeylər maraqla oxunur" – deyir Geddes.

“Çox vaxt nəticəsiz və ya araşdırmanın erkən mərhələsində olan tədqiqatlar reklam edilir və elmi nəticələr hasilə gələndə isə, bu barədə danışmaq artıq darıxdırıcı görünür. Beləliklə, ortalıqda yarımçıq informasiyalar qalır. Nəticədə internetdə hər hansı bir sualı "Google" edən qadın çox sayda dəhşətli əhvalatlar aşkar edir".

Elmi məlumatlar təkcə pis yazılmaqla qalmır. Bu məlumatlar çox vaxt da yazıldığı ölkədən asılı olaraq uydurmalara və türkəçarələrə qarışır.

"11 barmaqlı uşaq" doğmamaq üçün

Ümumun qəbul etdiyi çoxlu məsləhətlər də var. Yaşıl, lətli tərəvəzin yeyilməsini bütün dünya boyunca bütün ənənədən olan mədəniyyətlər məsləhət görür.

Lakin bu ümumi məsləhətlər də bəzən təbabətdən daha çox sehrbazlığa oxşayan ideyalarla qarışdırılır. Məsələn, Nigeriyanın kənd yerlərində belə bir inam yayılıb ki, ilbiz yeyən hamilənin uşağı "astagəl" olur.

Yaponiyadakı qadınları inandırırlar ki, çox ədvalı xörəklərin yeyilməsi doğulacaq uşağın xasiyyətini pis edə bilər. ABŞ-da uşağın bədənindəki xalları onun anasının çiyələlək və istiot tamarzısı olması ilə izah edirlər. Meksikada inanırlar ki, hamilə qadının yumurta yeməsi onun uşağının qoxusunu pis edir. Filippində isə əksinə doğuşdan az əvvəl çiy yumurta yeməyi məsləhət görürlər ki, uşaqlıq borusu "yağlansın".

Çin xalq təbabətində hamilə qadının çəkinməli olduğu yeməklər barədə çox sayda məsləhətlər var. Məsələn, deyilir ki, guya xərçəng yeyən hamilənin uşağı nadinc ola bilər və ya uşaq 11 barmaqlı doğular. Hamilənin süd içməsi uşağın rəngini ağ edir. Guya Kalmar yeyən qadınların uşaqlığı “yapışqan” olur və sair.

"Hamiləlik ilahəsi" nə deyir?

Məşhur Harley Street-də hamiləlik klinikası olan və qadınlara uşağa qalmaqda etdiyi köməyə görə “ilahə” adını qazanmış doktor Şiao Pinq Çay (Xiao Ping Zhai) deyir ki, indi çinlı qadınlar sürətlə xürafatın cəngindən qopmağa başlayıblar.

“Bu ideyaların çoxu min ildən qalmadır. Düşünmürəm ki, bu gün bunlara kimsə inanır. Heç mənim nənələrimin nəsli də belə şeylərə inanmayıb” – deyir doktor.

Bununla belə, doktor Çay ənənəvi Çin təbibidir və inanır ki, Şərq təbabətində çox sayda qiymətli ideyalar var.

Doktor müəyyən kliniki problemi olan qadına az qala 12 müxtəlif bitkidən hazırlanmış dəmləmə verə bilər. Bu bitkilərin arasında bəzən “qanı soyutduğu” söylənən bambukabənzər “Bay Mao Gen” adlı bitki və ya doktor Çayın təbirincə deyilsə, “hamiləliyi qoruyan” “Huang Qin” də ola bilər.

Çin kimi bir çox yerlərdə adət elmin qarşısından çəkilməyə başlayıb. Lakin hətta ən savadlı cəmiyyətlərdə də, sübut olunmamış ideyalar cər

əyan edir. Bunu “Ana” internet forumlarında “oturan” hər bir qadın təsdiq edə bilər.

Lakin savadsızlıq və qoca nənələrin nağılları əsl ziyanı ən az inkişaf etmiş icmalarda vurur. Asiya, Afrika və Latın Amerikasında yemək qadağanları qadınları balanslı pəhrizdən və zəruri elemetlərlə qidalanmadan məhrum edir.

Balqabaq "qızmar"dır, banansa "soyuq"?

Hindistanın Andra Pradeş ştatında bir çox hamilə qadınlara məsləhət görürlər ki, onlar papaya və balqabaq kimi meyvələri yeməsinlər, çünki bu, çox “qızmar” qidadır. Gucarat ştatında isə süd, qatıq və banandan çəkinməyi məsləhət görürlər, çünki bunlar da “çox soyuqdur”. Qidanın bu cür “qızmar” və “soyuq” bölgüsü bütün Meksika boyunca da yayılıb. Orada hamilələrə pomidor, yumurta və avakado yemək məsləhət görülmür.

Tanzaniyanın bəzi yerlərində hamilə qadınlar ət yeməkdən çəkinirlər, çünki qorxurlar ki, doğacaqları uşaq yedikləri heyvanın xasiyyətlərini götürsün. Bütün Afrika boyunca guya yumurta yeməkdən qısırlıq törəndiyi barədə inam geniş yaylılıb.

Bir çox Afrika və Asiya icmalarında belə bir səhv fikir geniş yayılıb ki, guya döşlə əmizdirməni doğuşdan bir neçə gün sonrayadək təxirə salmaq olar və guya doğuşdan dərhal sonra döşdən gələn bulamanı çağaya yedirtmək olmaz.

Qaynanaya həkimdən çox inanırlar

"Hamiləlik və Qidalanma" adlı tövsiyələr kitabının redaktoru, professor Carol Lummi-Keefe deyir ki, belə məsləhətlərin kökünü kəsmək çətindir, çünki bu məsləhətləri qadınlara çox vaxt onların inandıqları insanlar verirlər.

"Ekspertlər onlara nə desələr də, hər halda yad insanlardır", deyir professor. "Odur ki, onlar daha çox ana və qaynanalarına inanırlar".

Bunun qarşısını almağın yollarından biri bu ola bilər ki, hamilə qadınlıara fərdi, elmi baxımdan əsaslandırılmış pəhriz məsləhəti verilsin. Bu, Yeni Zelandiyadakı Oklend Universitetində Milli Böyümə və İnkişaf Mərkəzinin direktoru, professor Phil Bakerin məqsədlərindən biridir.

"Hazırda bizim hamilə qadınlara verdiyimiz məsləhətlər çox ümumidir və yerdən-yerə ziddiyyətlidir… Uzunmüddətli məqsəd bu olmalıdır ki, hamiləlik fəsadlarının ən çox olduğu yerlərdə məsləhətlərin işlənib hazırlanması üçün ucuz başa gələn sınaqlar keçirilsin".

Bakerin fikrincə, "bətndəki şərait dölün davamlı sağlamlığı üçün uzunmüddətli təsirlərə malikdir və uşağın bətndə qidalanmasının optimallaşdırılmasının həyati əhəmiyyəti var".

Linda Geddes deyir ki, elə məhz buna görə də ziddiyyətli məsləhətlər təhlükəli ola bilər: "Hamilə qadınlar çox həssas olurlar. Çox vaxt bu onların ilk hamiləliyi olur və bətnlərindəki uşaq üçün hər şeyi etmək istəyirlər. Bətndəki uşağa hər hansı bir şəkildə ziyan dəyəcəyi barədə fikrin özü onlar üçün dəhşətlidir. Elə bu da onları kommersantların, qorxulu əhvalatların əsirinə çevirir".

Şokolad yeyənin uşağı xoşbəxtmi doğulur?

Əlbəttə, heç də bütün media xəbərləri dəhşətli deyil. 2014-cü ildə Finlandiyadakı Helsinki Universitetinin professoru Katri Raikkonen şokolad yeməklə şad-xürrəm uşağın doğulması arasında bağlılığı araşdıran təhqiqatının nəticələrini dərc edib.

Bu araşdırmaya medianın hay-küylü təbliğat reaksiyasına baxmayaraq, elə birincisi, Raikkonenin özü vurğulayıb ki, şokolad yeməklə xoşbəxt bir uşaq doğmaq arasındakı əlaqə elmi baxımdamn isbat olunmayıb. Bununla belə, alim qadın qeyd edir ki, şokoladın inkişafda olan dölə təsirini ağlabatan şəkildə göstərən "bioloji mexanizmlər" mövcuddur. “Burada dolayısı ilə, "psixoloji" əlaqə ola bilər, - deyib xanım Raikkonen, - ola bilsin ki, hamilə qadın şokolad yeyərkən yaxşı hisslər keçirdiyi üçün bu hissiyyat onun bətnindəki uşağı da müsbət təsirləndirir”.

Çox cəlbedici səslənir, amma bu barədə elmi konsensus aydındır: qaynananıza çox da qulaq asmayın və şokolad da daxil, internetdən oxuyub öyrəndiyiniz hər şeyə o saat inanmağa tələsməyin./BBC/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm