Bakının tərəf olmadığı barrikada: post-sovet məkanı uğrunda savaş qızışır
Bizi izləyin

Nida.az

Bakının tərəf olmadığı barrikada: post-sovet məkanı uğrunda savaş qızışır

Avropa Azərbaycanın da yer aldığı “Şərq Tərəfdaşlığı” proqramının effektsizliyindən narahatdır. “Köhnə Qitə” vaxtilə SSRİ-yə qarşı qəbul olunan Marşal planının müasir forması hesab olunan və strateji baxımdan Şərqə doğru genişlənməni əsas götürən bu siyasi proqramları yenidən diriltmək, ölkələr üçün cəlbedici etmək niyyətindədir.


Publika.az xəbər verir ki, Almaniyanın “Deutsche Welle” nəşrində dərc olunan “Avropanın qonşuluq siyasəti niyə effektsizdir və onu necə dəyişdirmək olar?” başlıqlı məqalədə problem araşdırılıb.


Brüssel kimi Şərqi Avropa ölkələri də “Şərq Tərəfdaşlığı” proqramında islahatların vaxtının yetişdiyini düşünür. Ekspertlərin əksəriyyəti bu islahatların keçirilməsinin vacibliyini qeyd edir. Lakin bəzi analitiklərə görə, bu proqram o qədər də pis deyil, sadəcə olaraq, nəzərdə tutulan bir sıra layihələrin işlənmə mexanizmləri tapılmalıdır. Belarusun paytaxtı Minskdə martın 27-28-i keçirilən “Minsk - 2015” konfransı da “Avropa Birliyi, Rusiya və Şərqi Avropa ölkələri: fikir ayrılıqlarının öhdəsindən necə gəlmək olar?” mövzusunda idi.


“Bakı barrikadada tərəf olmadı və təhlükəni dəf etməyi bacardı”


Belarusun Strateji Tədqiqatlar İnstitutunun böyük analitiki Denis Melyansovun fikrincə, Avropa Birliyi və partnyor ölkələrinin əksər siyasətçi və ekspertləri “Şərq Tərəfdaşlığı”nın effektsiz olduğunu düşünür.


“Bu proqrama daxil olan ölkələr hazırda barrikadanın tərəflərində özlərinə yer tutub. Ermənistan və Belarus Avrasiya İttifaqına girdi, Ukrayna, Moldova və Gürcüstan nə qədər çətin olsa da avrointeqrasiya yolunu tutdu. Lakin Azərbaycan yeganə ölkə olaraq öz neytrallığını qorumağı bacardı. Bakı barrikadanın heç bir tərəfinə keçmədi və bununla bir növ özünü mümkün təhlükələrdən ən azı indilik xilas etdi. Halbuki barrikadada tərəf tutan ölkələrin hər biri tutduğu mövqeyə görə bu və ya digər formada əziyyət çəkir. Azərbaycanı nümunə göstərmək olar, bu ölkənin təcrübəsindən də yararlanmaq mümkündür. Amma indi bu çox çətin görünür və bəzi şeylər üçün olduqca gecdir”, - deyə o bildirib.


Yağış damcıları arasından keçmək və islanmamaq cəhdi


Beynəlxalq münasibətlər üzrə Fin institutunun Rusiya proqramları rəhbəri Arkadi Moşesan hesab edir ki, Avropa Qonşuluq siyasəti yağış damcıları arasından keçmək və islanmamaq cəhdidir: “Bu halda dalaşmamaq və daxili razılığı saxlamaq fonunda ölkələrə nəsə vermək çətindir. Minsk konfransının nəticələri nə Avropa Birliyinin, nə də partnyor ölkələrin ürəyincə deyil”.

Ukrayna siyasi tədqiqatlar mərkəzinin rəhbəri Vladimir Fesenko bildirib ki, Brüssel birlikdə necə hərəkət etmək haqda məsləhətləşmələrə hazırlaşır: “Bəzi analitiklər “Şərq Tərəfdaşlığı”nın səmərəsizliyini regiondakı problemlərlə əlaqələndirir. Hazırda əsas problem Rusiya, yaxud Avropa Birliyinin ölkələrə qonşuluq təklifi deyil, davam edən qarşıdurmadır”.


Maneələr haradan gəlir?


Şərq Tədqiqatları üzrə Varşava Mərkəzinin Ukrayna, Belarus və Moldova departamentinin rəhbəri Voytsex Kononçuk hesab edir ki, Avropa Birliyinin bu proqramı üçün əsas təhlükə Rusiyadır. Onun sözlərinə görə, Moskva “Şərq Tərəfdaşlığı”ın hədəfini təhlükə kimi qəbul edir.

Moskvada yerləşən Avropa və beynəlxalq tədqiqatlar mərkəzinin əməkdaşı Andrey Skriba isə problemi Avropa Birliyində görür. Onun fikrincə, vaxtilə Rusiya proqrama daha yaxından cəlb edilsəydi, hazırda bölgədə baş verən problemlər də olmazdı.


“10 ildən sonra ölkələrin post-sovet sisteminə qayıtması qeyri-mümkün olacaq”


A. Moşesin fikrincə isə Rusiya regionda sovet oyun qaydaları və ənənələrini bərpa etmək istəyir: “Avropa Birliyi bunun maraqlarına zidd olduğunu dərk etdi. Rusiya istəyir ki, öz qonşularının Avropa Birliyi ilə münasibətlərində veto hüququna malik olsun. Bu isə çətin məsələdir. Çünki Avropa Birliyi buna qarşı immunitet sistemi formalaşdırır və Assosiativ Sazişi imzalayan ölkələrə qarşı irəli sürülən şərtlər sərtdir. Onlar Rusiya ilə ticari əlaqələrə belə malik olmamalıdır. Beləliklə, 10, yaxud 20 ildən sonra bu ölkələrin post-sovet koordinatlar sisteminə qaytarılması qeyri-mümkün olacaq”.


Post-sovet məkanında yeni proseslər Qarabağdan başlayacaq?


Mart ayının ilk həftəsində Qərb KİV-də Avropa Birliyinin Yaxın Qonşuluq Siyasətinə yenidən baxmaq üçün müzakirələrə başlayacağı və post-sovet məkanındakı dondurulmuş münaqişələrə, dolayısı ilə Dağlıq Qarabağ münaqişəsinə dair siyasətini yenidən gözdən keçirəcəyi haqda yayılan informasiyalar bu kontekstdə diqqət çəkir.

Birliyin Yaxın Qonşuluq Siyasəti proqramının icraçıları hesab edirlər ki, yeni yanaşmalar olmalı, xüsusilə dondurulmuş münaqişələrin nizama salınması işi sürətlənməlidir. Bu, Dağlıq Qarabağ münaqişəsinə də şamil edilir.


Rusiyalı ekspertlərə görə, Avropa Birliyi Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasını prioritet hədəf seçir. Brüssel üçün Qarabağ münaqişəsinin önəmi hər il artır. Bu, qəbul olunan müxtəlif qərarlarda da özünü göstərir. Bu, Almaniyanın Qarabağa dair danışıqlarda önə çıxması fonunda da diqqət çəkir. Çünki Minsk qrupunun həmsədri olaraq Avropanı Fransa təmsil etsə də, özünü birliyin lokomotivi hesab edən rəsmi Berlin arxa planda qalmaq istəmir.

Brüsseldə hesab edirlər ki, Qarabağ danışıqlarında vasitəçi status ala bilməyəcəksə, Avropa Birliyi gələcək geosiyasi oyunlarda da geridə qalacaq. İddialar var ki, Brüssel Qarabağ danışıqlarında lokomotiv rolunu oynamaqla indiyə qədər münaqişə tərəflərinə qarşı istifadə etdiyi demokratiya rıçaqını bununla əvəz etmək istəyir. Digər tərəfdən, Ukraynada toqquşan Qərb-Rusiya qarşıdurması dolayı yolla Qarabağ məsələsinə də təsir edir. Tərəflər Cənubi Qafqazda hakim mövqe tutmaq üçün bu münaqişənin həllində əsas rola malik olmaq istəyirlər.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm