Ağsu qatili daha 3 qətl hazırlayır - İDDİA
Bizi izləyin

Digər

Ağsu qatili daha 3 qətl hazırlayır - İDDİA

Ağsuda eyni gündə iki şəxsi öldürən qatil haqda şokedici məlumat yayılıb.

Rayon sakinlərinin Axar.az-a verdiyi məlumata görə, əvvəlcə evinə çağırdığı avtomobil ustasını, sonra isə tanınmış aktyor Mikayıl Mirzənin qardaşı oğlunu öldürərək qaçan əvvəllər məhkum olunmuş Ramiz Ələkbərov silsilə qətllərə hazırlaşır. Sakinlər iddia edirlər ki, o, daha üç nəfərin öldürülməsini planlaşdırır.

Rayon sakinlərinin sözlərinə görə, usta Sərxan Sultanovun və kafe sahibi Mahir Mirzəliyevin qətl səbəbi çox müəmmalıdır: “Qətlə yetirilən hər iki şəxs rayonda hörmət edilən adamlar olub, kimsəylə düşmənçilikləri, Ramizlə də hər hansı ədavətləri yox idi. Qətlin motivində nə namus, nə də qisasçılıq var. Yalnız qətlin sifarişlə törədildiyini ehtimal edirik”, - deyə Ağsudakı mənbə bildirib.

Bu qətl sifarişinin hansı səbəbdən verildiyini heç təsəvvür belə etmədiklərini vurğulayan sakinlərin sözlərinə görə, ehtimallarını əsaslandıran səbəb var:

“Rayonda söz-söhbət gəzir ki, Ramiz Ələkbərov daha 3 adamı öldürdükdən sonra könüllü olaraq polisə təslim olacağını deyib. Qətllərin də heç bir səbəbi yoxdursa, güman edirik ki, Ramiz sifariş yerinə yetirir. Onun ömrünün 30 ilini həbsdə yaşaması da bu ehtimalı gücləndirir”.

Türmədən bir neçə ay qabaq azad olunduğu bildirilən R.Ələkbərovun növbəti qurbanı ilə bağlı da artıq müəyyən fikirlər var. Bildirilir ki, R.Ələkbərov Ağsuda bir neçə ticarət obyektinə sahib olan Sanif adlı iş adamını hədəfə alıb:

“Qətl törədilən gün onun Sanifin obyektlərinin qarşısında keşik çəkdiyini, dəfələrlə o obyektlərə yaxınlaşdığını və kimisə gözlədiyini müşahidə ediblər. Ona görə Ramizin vəd etdiyi növbəti qətllərdən birinin hədəfinin Sanif və yaxud bu ticarət obyektinə bağlı olan digər şəxs olacağı ehtimal edilir”.

Xatırladaq ki, Ağsu şəhər sakini, əvvəllər məhkum olunmuş Ramiz Ələkbərov özünə məxsus avtomobilin xarab olan mühərrikini düzəltdirmək bəhanəsi ilə motor ustası, 1966-cı il təvəllüdlü Soltanov Sərxan Əsgər oğlunu kirayə yaşadığı evə dəvət edib və əvvəlcədən hazırladığı ov tüfəngi ilə güllələyərək qətlə yetirib.

Daha sonra Ağsu aşırımında yerləşən “Ata yurdu” kafesində yeməkxananın sahibi Mahir Mirzəliyevi qətlə yetirib və özünə məxsus avtomobillə ərazini tərk edib, sonra isə taksiyə əyləşərək, Bakıya yola düşüb. Amma Mərəzə qəsəbəsində sürücüyə fikrini dəyişdiyini bildirərək maşından enib. Onun hara getdiyi bilinmir.

Ağsu sakinləri isə güman edir ki, Ramiz Ələkbərov sadəcə izi azdırıb və nəzərdə tutduğu qətlləri törətmək üçün yenidən rayona qayıdıb.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanaraq müvafiq ekspertizalar təyin edilib.

Qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Ramiz Ələkbərovun yerinin müəyyən edilməsi və tutularaq məsuliyyətə cəlb olunması istiqamətində tədbirlər davam etdirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm