Sovet İttifaqı Qəhrəmanı olan əfsanəvi ərəb: Camal Əbdül Nasir - FOTOLAR
Bizi izləyin

Sovet sirləri

Sovet İttifaqı Qəhrəmanı olan əfsanəvi ərəb: Camal Əbdül Nasir - FOTOLAR

Dünya tarixinin ayrı-ayrı dönəmlərində yaşamış tarixi, vətənpərvər şəxsiyyətlər öz istedadlarını, bilik və bacarıqlarını mənsub olduqları xalqların işıqlı gələcəyinə, ölkədə ictimai-siyasi sabitliyin bərqərar olmasına səfərbər edirlər.

Yalnız Misir Ərəb Respublikasının deyil, ümumilikdə ərəb dünyasının tarixi şəxslərindən olan Camal Əbdül Nasir də belə dövlət xadimlərindəndir. Ərəb dünyasında 3 dövlətə eyni vaxtda qalib gəlmiş, SSRİ-nin Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş Əbdül Nasirin həyatı bir sıra tarixi xidmətlərlə, maraqlı hadisələrlə zəngindir.

Publika.az Camal Əbdül Nasirin həyatı ilə bağlı maraqlı məqamları və tarixi hadisələri təqdim edir.

Qanlı küçələrdə sursat daşıyan 12 yaşlı məktəbli

1918 - ci il yanvarda Misirin İskəndəriyyə şəhərində dünyaya gələn Əbdül Nasir öz istedadını, qeyri-adi bacarığını hələ erkən yaşlarında büruzə verirdi. Misirin gələcək lideri böyük arzularla, ideyalarla yaşayırdı. Bunlar ölkədə ingilis ağalığına son qoymaq, vətənin azadlığına nail olmaq idi. Lakin belə böyük arzulara çatmaq üçün təkcə istək və çalışmaq yox, həm də ictimai güc, qüvvə lazım idi. Çünki azadlıq sülhlə qazanılmır. Britaniyanın müstəmləkəsi olan Misirdə ingilislərin əleyhinə keçirilən kütləvi etiraz tədbirləri 12 yaşlı məktəblinin də diqqətini cəlb etdi.

İstilaçlara qarşı çıxan şagird bəzi sinif yoldaşları ilə birlikdə etirazçılara müxtəlif cür dəstək verməyə başladı. 1930 - cu ilin yayında hərbi əməliyyatlara çevrilən qarşıdurmalar Camal Əbdül Nasirin gözləri qarşısında baş verirdi. İskəndəriyyə, Qahirə, habelə digər böyük şəhərlərdə qanlı küçə döyüşləri gedirdi. 12 yaşı bir neçə ay əvvəl tamam olmuş Nasir üsyançılar üçün silah-sursat daşıyır, onlara hər cür köməklik göstərirdi. Özündən 10 yaş böyük döyüşçülərdən birinin “sursat daşıyarkən ehtiyatlı ol, hələ balacasan, sənə də güllə dəyə bilər” xəbərdarlığına məktəbli “güllə insana onu öldürmək üçün atılır, gec-tez hamımız öləcəyik, indi ölsəm, azadlıq uğrunda ölərəm” hazırcavablığı ilə cavab vermişdi.

1934-cü ildə paytaxtda baş vermiş və miqyasına görə fərqlənən Qahirə üsyanı istilaçıları qorxuya salmışdı. Misiri sərvətlərinə görə işğal etmiş ingilislər bu üsyanları böyük çətinliklə yatırıb azadlıqsevərlərə divan tutdular. Onların bir qismi öldürüldü, bir qismi isə həbsxanalara atıldı. Qandallananlar arasında 16 yaşlı Camal Əbdül Nasir də vardı. Lakin gələcəyin dövlət başçısı olan məktəblinin dəstək verdiyi silahdaşları bir sıra məqsədlərinə nail olaraq işğalçılardan cüzi də olsa güzəştlər qopara bildilər.

Kralı devirən 35 yaşlı üsyançı, qatı millətçi

Atasının xahişi ilə ilə həbsdən azad olunan Nasir hərbçi olmaq arzusunu reallaşdırdı. Bu sahə üzrə təhsil alan Camal Əbdül Nasir siyasi proseslərə hələ erkən yaşlarından qoşulduğundan Misirin ingilislər tərəfindən talan edilməsini, qərb istilaçılarından asılı olmasını çox yaxşı görürdü. Bu işğala qarşı hərbi, siyasi, ictimai güc, hərəkat formalaşdırmaq üçün ən yaxşı imkan İkinci Dünya müharibəsi illərində yarandı.

Çörçil hakimiyyətinin hitlerçilərə başının qarışmasından istifadə edən Camal Əbdül Nasir bir qrup hərbçi yoldaşı ilə birlikdə “Azad zabitlər” qrupunu yaratdı. Olduqca gizli şəkildə and içən zabitlər bir-birilərinə ölkədə ingilis ağalığına son qoymaq üçün sona qədər mübarizə aparacaqlarına söz verdilər. Qrup sonradan böyük təşkilata çevrildi.

Hərbi karyerasında bir sıra uğurlara imza atan Nasir bütün bilik və bacarığını İkinci Dünya müharibəsindən sonra yaradılmış yeni İsrail dövləti ilə müharibəyə sərf etsə də, məqsədlərinə nail ola bilmədi. Misirin İngiltərənin pambıq plantasiyasına çevrildiyini görən, ölkənin qərb istilaçıları tərəfindən talan edildiyini anlayan siyasətçi zabit bütün baş verənlərdə Misirin mövcud hakimiyyətini günahkar sayırdı. Artıq ciddi ictimai qüvvəyə, gücə çevrilmiş “Azad zabitlər” təşkilatının rəhbərliyi həlledici anın yetişdiyini çox gözəl başa düşürdü. Misiri xarici işğalçıların istilasından və daxili rejimin əsarətindən ancaq üsyan yolu ilə xilas etmək mümkün idi. Camal Əbdül Nasir tərəfindən planlaşdırılmış üsyan 1952-ci ilin məşhur iyul üsyanı ilə başladı.

Hakimiyyətdən devrilən kral ölkədən getdi. İnqilabi Komandanlıq Şurası tərəfindən idarə edilən və respublika elan olunan ölkəyə bir qədər sonra Əbdül Nasir rəhbərlik etməyə başladı.

Hakimiyyəti ələ keçirən 35 yaşlı millətçi tədricən ingilis işğalının aradan qaldırılması kimi məsuliyyətli işə girişdi. Misirin ilk prezidenti Süveyş kanalı şirkətinin milliləşdirilməsini reallaşdırdı. O, bununla təkcə Böyük Britaniyaya yox, həm də digər Qərb ölkələrinə, habelə ABŞ-a meydan oxumağa başladı.

İngiltərə, Fransa və İsraili üstələmiş 38 yaşlı hərbçi

Qarşı tərəfin hərbi cavabı özünü çox gözlətmədi. İngiltərə, Fransa və Misirin cəmi bir neçə il əvvəl müharibə apardığı İsrail dövləti 1956 - cı ilin payızında hərbçi Əbdül Nasir hakimiyyətinə qarşı hərbi əməliyyatlara start verdilər. Ərəb ölkəsi birləşmiş qoşunların bombardmanlarından ciddi zərər gördü: dağıntılar, insan tələfatı. Lakin dünyaya demokratiya dərsi keçən fransızlarla ingilislərin işğalçı planları Əbdül Nasiri qorxutmadı. Müharibənin nizama salınması işinə Misirin ilk prezidentinin sığındığı SSRİ də qoşuldu. Beləliklə, münaqişənin qalibi Misir oldu. Camal Əbdül Nasir ərəb dünyasında üç böyük dövlətə qalıb gələn lider adını qazandı.

Beynəlxalq miqyasda mövqelərini gücləndirən Misirin yeni rəhbəri ölkənin daxilində də hakimiyyətini gücləndirmək, xüsusən yoxsullar arasında tərəfdarlarını artırmaq istiqamətində bir sıra sosial islahatlara start verdi. Buna torpaq islahatını misal göstərə bilərik. Yeni prezidentin dəstəyi ilə ölkədə xeyli sakin torpaq sahəsinə yiyələnə bildi. SSRİ-dən dəstək alan Misirin qurucusu sənayenin inkişafına da önəm verir, habelə sosial, humanitar sahələrin tərəqqisinə diqqət yetirirdi. Prezident səhiyyənin və təhsilin inkişafına şəxsən özü nəzarət edirdi: “Məktəbləri çox olan ölkənin uğurları da çox olar”. Buna görə də Misir sürətli inkişaf dövrünə qədəm qoydu. Camal Əbdül Nasirin nüfuzu isə artmaqda davam edirdi. Elə buna görə idi ki o, Misirlə Suriyanın birləşməsi nəticəsində yaranmış yeni dövlətin – Birləşmiş Ərəb Respublikasının rəhbəri oldu. Lakin hərbi sahədəki islahatlarda bir sıra boşluqlara yol verildi. Elə buna görə idi ki, ABŞ-dan və Avropa ölkələrindən dəstək alan İsraillə müharibə təkcə misirlilər üçün yox, Nasir üçün də fəlakətli oldu. Ölkəsinin məğlubiyyətində özünü günahkar sayan və səhhətində ciddi problemlər yaşayan prezident “bu uğursuzluqda mənim də günah payım var” deyərək istefaya getdi. Lakin Misir xalqı onun bu addımını qəbul etmədi. Qahirənin küçələrinə çıxan minlərlə sakin prezidentin geri dönməsini tələb edərək Nasirə mənəvi dəstək verdiklərini bəyan etdilər. Nasir yenidən vəzifəsinə qayıtdı.

Əleyhdarları Nasiri ölkədə diktatura yaratmaqda, siyasi fəaliyyəti məhdudlaşdırmaqda, SSRİ-yə həddən artıq yaxınlaşmaqda və islahatlarda boşluqlara yol verməkdə ittiham edirdilər. Onların bəzi ittihamlarının doğruluğu sonralar təsdiqini tapdı. SSRİ ilə bir sıra sahələrdə əlaqələr qurmuş Nasir qırmızı imperiya ilə kapitalist dünyası arasındakı qarşıdurmadan öz ölkəsinin mənafelərini gücləndirmək üçün məharətlə istifadə edirdi. O, Stalinin xələfi olan Xruşşovla, habelə digər sovet rəsmiləri ilə sıx ünsiyyət qurmuşdu. Bir sıra xidmətlərinə görə hətta Sovet İttifaqı Qəhrəmanı adını almışdı.

Doğrudur, əleyhdarlarının ona qarşı bir sıra aksiyalarda iştirakı vardı. Ölkənin müxalif güclərindən sayılan “Müsəlman Qardaşları Təşkilatı”nın rəhbərliyində təmsil olunan bəzi şəxslər Camal Əbdül Nasirin solçu baxışlarına qarşı çıxmışdılar. Onların bir qismi aksiyalarda iştiraka görə həbsə atıldılar. Ümumiyyətlə Nasirin özünəməxsus idarəçilik sistemində kommunistlər və solçu baxışları daşıyan digər şəxslər üstünlük təşkil edirdilər. Misirin bir sıra strukturlarına sovet agentləri yerləşdirilmişdi. Bu, ölkə üçün xoşagəlməz tendensiya olsa da, müstəqil dövlət kimi ilk addımlarını atan dövlət üçün SSRİ kimi güclü dövlətdən dəstək almaq bir sıra cəhətlərinə görə zəruri idi.

Nasirin fəaliyyətini MOSSAD da yaxından izləyir, habelə onun danışıqları dünyanın bir sıra dövlətlərinin xüsusi xidmət orqanları orqanları tərəfindən dinlənilirdi. Lakin düşmənlərinin onun qəfil addımlarından vaxtında xəbər tutumamaları Misir liderinin onları məyus etdiyini göstərirdi.

16 - 17 saatlıq gərgin iş qrafiki, yuxusuzluq, yorğunluq

Camal Əbdül Nasir tükənməz enerjiyə və qeyri-adi biliyə malik şəxslərdən idi. Hərbi sahəni çox yaxşı bilən, siyasəti həyatının prioriteti seçən Nasir asudə vaxtlarını övladları, ailəsi ilə birlikdə keçirirdi. Elmə xüsusi önəm verən Nasir övladlarının da yüksək təhsil alması üçün əlində gələni etmişdi. Müasirlərinin sözlərinə görə o, uşaqlarından birinin müəlliminə “söylədiklərinizi yaxşı qavramayan başqa şagirdləri bir dəfə danlayanda mənim övladımı iki dəfə tənbeh edin” demişdi. Ailə başçısı kimi ciddi qaydalar müəyyənləşdirən Nasir övladlarının hər addımına xüsusi nəzarət edirdi. Beş övladın atası bəzən masadan qalxmadan saatlarla işləyir, yorulmadan çalışırdı. Siyasi müttəfiqlərinin fikirlərini öz xeyrinə dəyişdirmək istəyən ərəb lideri bəzən protokol qaydalarından kənara çıxaraq qəbul vaxtını uzadırdı. Nasiri ərəb liderlərindən fərqləndirən əsas xüsusiyyəti onun siyasətə ifrat dərəcədə vurğunluğu və sərvət toplamaması idi. Olduca sadə həyat tərzi keçirən Nasirin ən böyük var-dövləti hakimiyyəti idi.

Sutkanın üçdə iki hissəsini siyasi fəaliyyətə ayıran Nasir yuxu və qidalanmaya çox az fikir verir, bəzən səhhətinin qayğısına belə qalmırdı. Ürəyində dəfələrlə problemlər ortaya çıxdığından həkimlər ona gərgin siyasi fəaliyyətlə az məşğul olmağı tövsiyə etmişdilər. Loğmanlarının bəzi məsləhətlərini qulaqardına vuran ərəb lideri gərgin iş saatlarını azaltmaq barədə düşünmək belə istəmirdi.

Yuxusuzluq və yorğunluq səhhətinə get-gedə daha çox təsir göstərirdi. Əvvəllər bir dəfə infarkt keçirmiş siyasətçi ürəyinin qayğısına qalmaq barədə qətiyyən düşünmürdü. Elə buna görə də 1970-ci ilin 28 sentyabrında ürək tutmasından dünyasını dəyişdi.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm