Nərgiz Paşayevanın qızı danışdı - MÜSAHİBƏ
Bizi izləyin

Tabloid.az

Nərgiz Paşayevanın qızı danışdı - MÜSAHİBƏ

“Rəssamlığı seçənlər bir çox riskləri qəbul edir”

Müsahibimiz YARAT Müasir İncəsənət Mərkəzinin təsisçisi və direktoru Aida Mahmudovadır. YARAT – qeyri-kommersiya təşkilatı 4 ildir fəaliyyətdə olsa da, bu ilin martın 24-də özünə məxsus binasının açılışı olub. Üzü Xəzər dənizinə açılan, sahəsi 2000 m2 təşkil edən, vaxtilə sovetlər dövrünün möhtəşəm hərbi donanma obyekti olmuş tikilidə müvafiq yenidənqurma işləri tamamlandıqdan sonra, indi o, YARAT-a məxsusdur. Qısaca qeyd edək ki, YARAT azərbaycanca “yaratmaq” mənasındadır. Aida Mahmudova təsisçisi olduğu təşkilatın yaranma ideyasından tutmuş, gələcək planlarına dair bütün suallarımızı özü cavablandırıb.

- Aida xanım, YARAT Müasir İncəsənət Mərkəzini açdınız. İndiyədək kiçik məkanlarda, müxtəlif binalarda fəaliyyətiniz mövcud idi. Lakin indi YARAT-ın özünəməxsus binası var. Mərkəzin fəaliyyət spektrləri nədən ibarət olacaq? Açılışla bağlı təəssüratlarınızı bilmək istərdik.
- Bakıda müasir incəsənət ocağı – YARAT Müasir İncəsənət Mərkəzinin açılması bizim fəaliyyətimizdə mühüm mərhələdir. Müasir incəsənətə yol açan qeyri-kommersiya təşkilatı olaraq YARAT dörd ildir ki, fəaliyyətdədir. Bu müddət ərzində biz Azərbaycanın mədəniyyət mənzərəsində özümüzə məxsus yer tutmağa müvəffəq olmuşuq. Həm ölkəmizdə, həm də beynəlxalq səviyyədə xeyli insanın diqqətini qazana bilmişik. İşimizin başlanğıcından bəri məni ruhlandıran, səylərimizi artırmağa sövq edən bizim sərgilərə gələnlərin, praktiki məşğələlərimizə qatılan və keçirdiyimiz festivalları izləyən ən müxtəlif adamların maraq və diqqətidir. Tədbirlərimizin ziyarətçiləri və iştirakçıları arasında elə ailələr, uşaqlar, valideynlər, bacılar və qardaşlar da var ki, onlar artıq bizim icmamız olublar. İstəyirdik, YARAT üçün elə bir məkan seçək ki, bu məkanda auditoriya ilə təmas qura bilək. Mərkəzin əsas ideyası insanları dəvət etməklə rəssamlarla ümumi ictimaiyyət arasında müzakirələr həyata keçirmək, maraq kəsb edən məsələlərə dair fikir mübadiləsi aparmaqdır.

- Gəlin, bu təşkilatın yaranmasına - 4 il öncəyə qayıdaq. Ötən müddət ərzində olan fəaliyyətinizi qısaca necə xarakterizə edərdiniz?
- Ötən 4 il ərzində YARAT təhsil sahəsində bir neçə layihə reallaşdırıb. YAY qalereyası, xüsusilə master-klasslar, seminarlar həyata keçirmişik. Eyni zamanda universitetlərlə əməkdaşlıq edirik. Gənc rəssamlar üçün proqram yaratmışıq. Rəssamlar Azərbaycanın müxtəlif bölgələrinə səfər etməklə uşaqlar üçün təlimlər keçiriblər. YARAT Bakıda, iki Pablik Art festivalı keçirib, şəhərin muzeyləri ilə birlikdə sərgilər hazırlayıb. Beynəlxalq layihələrdən isə 55-ci Venesiya Biennalesində sənətkarlarımızın iştirakını təmin edən tədbirlərinin həyata keçirməsini və beynəlxalq Art Dubai incəsənət yarmarkasında qeyri-kommersiya təşkilatı kimi iştirak etməyini qeyd etmək olar. Mərkəzin yaradılması ilə isə ilk növbədə müzakirəyə dəvət etdiyimiz rəssamların sərgisini təşkil edəcəyik. Mərkəzlə tanışlıqla yanaşı, ciddi müzakirələr olacaq, ictimaiyyətə suallar vermək şansı yaradacağıq.

- Yəni?
- Auditoriya ilə rəssam arasında qarşılıqlı əlaqə çox vacibdir. Rəssamlar hər zaman çalışırlar ki, insanlarla ünsiyyət saxlasınlar. Bəzən insanlar soruşurlar ki, əsərin mənası nədir, çox açıq şəkildə hansısa əsəri başa düşmədiklərini söyləyirlər və rəssamdan xahiş edirlər ki, bunu başa salsın. Rəssam bəzən saatlarla öz auditoriyasına bunu başa salmağa çalışır. Bu, doğrudan da müsbət haldır. Deyərdim ki, son 4 il ərzində layihələrimizə kifayət qədər auditoriya toplaya bilmişik.

- Müasir incəsənət sahəsində hansı dəyişiklikləri müşahidə etmisiniz?
- Biz 4 il əvvəl fəaliyyətə başlayanda əmin deyildik ki, bu nə dərəcədə insanlara maraqlı olacaq. Adamlar YARAT-ı nə dərəcədə müsbət qəbul edəcəklər. İlk təqdimatımızı keçirəndə çox sayda insan, xüsusilə gənclər gəlmişdi. İndi dəqiq rəqəmi xatırlaya bilmirəm. Geniş maraq məni sözün həqiqi mənasında təəccübləndirdi. İnanırdım ki, bu cür ictimai festivallar keçirdikcə insanların marağını cəlb edə biləcəyik. Deyə bilərəm ki, YARAT Müasir İncəsənət Mərkəzininin açılışında 300 nəfərdən çox insan iştirak etdi. Hesab edirəm ki, bu, böyük nailiyyətdir. Çünki biz insanlara nə isə göstərə və onlardan nə isə qəbul edə bilirik. Müasir incəsənət çətin anlaşılır və qəbul edilir, ancaq insanlarda bu sahəyə maraq var. Bir çox insanlar maraq xatirinə gəlib sərgilərimizə baxırlar və başa düşməyə çalışırlar.

- Yalnız rəssamlıq sahəsində deyil, YARAT-ın fəaliyyətini başqa istiqamətlərə yönəltməyi düşünürsünüzmü?
- Əlbəttə, bunun üçün bizim hər bir şəraitimiz də var. Burada müəyyən səhnələr qoya, filmlər sərgiləyə bilərik. Çox gözəl sərgi zallarımız var. Biz də öz tərəfimizdən cəsur davranmalıyıq və fərqli təcrübəyə və təəccüblü eksperimentlərə açıq olmalıyıq. Fərqli janrlardan istifadə edən rəssamlarla işləyəcəyik. Azərbaycanın musiqi və teatr tarixi çox zəngindir. İstərdim ki, bizim konsert zallarımız da fəaliyyət göstərsin, teatr truppalarına, sənət adamlarına da qapılarımız açıq olsun. Biz başlanğıcdan indiyədək xeyli inkişaf etmişik. YARAT-ı Müasir İncəsənət Mərkəzi adlandırırıq. Amma burada yalnız vizual incəsəntdən söhbət getmir. Burada söhbət müasir mədəniyyətdən gedir.

- 2015-2016-cı illər üçün planlarınız nədən ibarətdir?
- Bildiyiniz kimi, Mərkəzimizi martın sonunda açdıq. İyunadək tanınmış rəssam Şirin Neşatın “Gözlərimin evi” adlı gözəl layihəsini həyata keçirəcəyik. YARAT Müasir İncəsənət Mərkəzinin kurator-direktoru Suad Qarayeva başqa bir layihəyə rəhbərlik edəcək. Bu, 100 faiz dəqiq deyil deyə hələ elan etməmişik. İl ərzində 3-4 layihə nəzərdə tutulur. Daimi kolleksiyamız davamlı olaraq genişlənməkdədir. Biz ekspozisiyaları dəyişirik, yeni sənət əsərləri nümayiş etdiririk. Hər dəfə yeni ekspozisiyalar yeni mövzular ətrafında olur. Sərgilərə və Mərkəzdə apardığımız layihələrə paralel olaraq maarifləndirmə, təhsil proqramı da həyata keçiririk. Növbəti sərgi virtual media vasitələri ilə öz sənət əsərlərini yaradan rəssamları bir araya gətirəcək.

- Bakıdakı iş mühiti və YARAT-ın təsis mühiti barədə danışdınız, 2008-ci ili təsəvvür edək, son 4-5 il ərzində çox dəyişiklik oldu. YARAT böyük yenilik idi. Nə Sizi YARAT-ı təsis etməyə sövq etdi?
- Mən özüm rəssamam. Həmişə incəsənətə qarşı çox həssas olmuşam. Başqa rəssamların hisslərini və narahatlıqlarını başa düşə bilirəm. Bu, incəsənətə baxışın maraqlı formasıdır. Hər zaman istəmişəm ki, daha böyük icma, qrup yaradım, rəssamlar birgə işləsin, güclərimizi səfərbər edək. YARAT-a qədər Azərbaycanda başqa təşkilat vardı. Çox kiçik təşkilatlar idi. Məsələn, “Zamanın qanadları” adlı təşkilat vardı, Leyla Axundzadə adlı şəxs onu təsis etmişdi. Təəssüf ki, o, artıq bizimlə deyil. Ancaq o, çox işlər görmüşdü. Hazırda çalışdığımız rəssamlarla çox yaxınlaşmışıq, onlarla dostlaşmışam. Mən artıq YARAT-da işə başlayanda, buna xəyal deməzdim, amma rəssamlara dəstək verəcək platforma arzusunda olmuşam. İstəyirdim ki, rəssamlar üçün şərait yaransın, onlar gələcəkləri barədə əmin olsunlar. Çünki bir çox rəssamlar perspektivlə bağlı çox narahatlıq keçirirlər. İnsan rəssamlığı seçirsə, bir çox riskləri qəbul etməli olur. Bir sıra rəssamlarla birgə YARAT-ı təsis etdik. Maraqlıdır ki, bu proses çox sürətlə getdi. Aparıcı qüvvəmiz incəsənətə olan məhəbbətimiz idi. Həmişə istək vardı, sadəcə olaraq münasib mühit olanda və vaxt yetişəndə mən bu addımı atdım. YARAT-ı təsis edəndə təsəvvürümə gətirə bilmirdim ki, belə bir təşkilatı necə idarə edəcəyəm. Bu sahədə təcrübəm yox idi. Əlbəttə ki, həmkarlarım və digər rəssamlar da bunu bilmirdilər. Biz öz intuisiyamıza, daxili hissiyatımıza etibar etdik və təşkilatı inkişaf etdirdik. Hazırda YARAT peşəkar təşkilatdır, özünün strateji planı var, konkret strukturu olan ətraflı plandır. Bir sözlə, YARAT başlanğıcda hissiyyata və istəyə əsaslanan təşəbbüs idi.

- Bayaq vurğuladınız ki, təsisçisi olduğunuz təşkilat təhsil layihələri də həyata keçirib. Hansı universitetlərlə əməkdaşlıq etmisiniz?
- YARAT Dövlət Rəssamlıq Akademiyasında mühazirələr aparıb. Biz bu akademiya ilə indi də əməkdaşlıq edirik. Ötən il və ondan əvvəlki il mühazirələr və seminarlar seriyası həyata keçirmişik.

- Niyə bizim rəssamların sərgiləri adətən, Avropa ölkələrində keçirilir, amma Şimali Amerikada rəssamlarımızın səgilərinə rast gəlmək olmur? Bunun xüsusi səbəbi varmı?
- Mən may ayında Şimali Amerikada öz sərgimi təşkil edəcəyəm. Bunu böyük məmnuniyyətlə bəyan etmək istərdim. Biz ABŞ-la çox sıx əməkdaşlıq edirik. Amma öz işlərimizi təqdim etmək üçün konkret məkanımız da var. YARAT Müasir İncəsənət Mərkəzinin zallarından fəal şəkildə istifadə etmək niyyətindəyik. Təbii ki, beynəlxalq səviyyələrdə işimizi yenə aparacağıq. Ancaq xarici ölkələrdə sərgiləri məhdudlaşdırmaq istəyirik. Çünki sərgilərimizi daha çox Mərkəzimizdə keçirəcəyik. Eyni zamanda qlobal fəaliyyət də davam edəcək.

Teleqraf.com

Oxumağa davam et
Reklam
Reklam

Gündəm