Azərbaycanın müdafiə naziri Soyqırım Günü ilə bağlı orduya müraciət etdi
Bizi izləyin

Qırmızı.az

Azərbaycanın müdafiə naziri Soyqırım Günü ilə bağlı orduya müraciət etdi

31 mart - Azərbaycanlıların Soyqırımı günü ilə əlaqədar müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan ordusunun şəxsi heyətinə müraciət edib.

Müdafiə Nazirliyindən Publika.az-a daxil olan məlumata görə, “Yoldaş zabitlər, gizirlər (miçmanlar), çavuşlar və əsgərlər (matroslar)!” müraciəti ilə başlayan çıxışda Z. Həsənov 31 mart 1918-ci il tarixini “Azərbaycan xalqının tarixinin qanlı səhifəsi” adlandırıb.

“Analoqu olmayan bu faciələr əzəli və əbədi torpaqlarımızın zəbti ilə müşayiət olunaraq, ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırım siyasətidir.

Xalqımızın Ümummilli lideri Heydər Əliyevin imzaladığı 1998-ci il 26 mart tarixli Fərmanın ermənilərin, həmçinin, onların havadarlarının Azərbaycan xalqının başına gətirdikləri müsibətlərin həm ölkə, həm də beynəlxalq ictimaiyyətin mühakiməsinə çıxarılmasında çox böyük və əhəmiyyətli rolu vardır.

Həmin Fərmanda qeyd edilir ki, Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə edilmişdir. Uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqətlər açılır, təhrif edilmiş hadisələr özünün əsl qiymətini alır.

Tariximizin açılmamış və uzun illərdən bəri öz siyasi-hüquqi qiymətini almamış səhifələrindən biri - xalqımıza qarşı törədilən soyqırım məhz Ulu Öndərimizin sayəsində beynəlxalq aləmdə geniş təbliğ olunmağa başlamışdır.

Artıq 17 ildir ki, 31 mart - Azərbaycanlıların Soyqırımı günü kimi qeyd edilir.

Mən bu gün soyqırım qurbanlarının, ağır zamanlarda xilaskarlıq missiyası ilə köməyə gəlmiş türk qardaşlarımızın, eləcə də Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsini hörmətlə, ehtiramla yad edir və əmin olduğumu bildirirəm ki, siz qan yaddaşımızın kəsərli silah olduğunu heç vaxt unutmayacaq, tarixin ibrət dərslərindən nəticə çıxaracaqsınız.

Müstəqil dövlətimizin iqtisadiyyatı durmadan dinamik sürətlə inkişaf edir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin apardığı həm daxili, həm də xarici siyasət nəticəsində ölkəmizin nüfuzu dünyada günü-gündən yüksəlir. Ölkəmizə qarşı yönəldilən hər hansı hərbi təcavüzün qarşısını almağa hazır və qadir ordumuz vardır. Üçrəngli bayrağımızın tezliklə Xankəndi, Şuşa, Laçın və işğal altında olan digər torpaqlarımızda dalğalanacağı heç kimdə şübhə doğurmamalıdır. Biz buna Ali Baş Komandanımızın rəhbərliyi altında birlikdə nail olacağıq.

İnanıram ki, Azərbaycan əsgəri bundan sonra da Vətən uğrunda Silahlı Qüvvələrin Ali Baş Komandanının hər bir əmrinə hər an hazır olacaq, döyüş və mənəvi-psixoloji hazırlıqda yeni-yeni uğurlu nailiyyətlər qazanacaqdır!”

Oxumağa davam et
Reklam
Reklam

Gündəm