Qarabağa qoşun yeridilir? – Yeni situasiya, yoxsa Moskvanın oyunu
Bizi izləyin

Nida.az

Qarabağa qoşun yeridilir? – Yeni situasiya, yoxsa Moskvanın oyunu

Rusiya Liberal-Demokratik Partiyasının sədri, fraksiya rəhbəri Vladimir Jirinovskinin bu günlərdə Rusiya Dövlət Dumasında çıxışı zamanı Dağlıq Qarabağ probleminin həlli üçün ora rus qoşunlarının yerləşdirilməsinin vacibliyi barədə səsləndirdiyi fikirlər ciddi rezonans doğurub.


Nə qədər qeyri-ciddi siyasətçi kimi qəbul olunsa da, Jirinovskinin Kremlə yaxın şəxs olduğu və xeyli məlumatlı olduğu da faktdır. Bir çox hallarda Moskva öz siyasəti haqda məhz onun dili ilə ictimai rəy formalaşdırır.


Publika.az xəbər verir ki, Türkiyənin “Star” qəzeti Jirinovskinin Rusiyanın həyata keçirmək istədiyi planının ilkin elementlərinin ictimai lobbisini apara biləcəyi ehtimalını önə çəkir: “Son vaxtlar Rusiya Azərbaycanda təsir imkanlarını möhkəmləndirmək üçün səylə çalışır. Bu, xüsusilə Ukrayna böhranından sonra açıq şəkildə özünü göstərir. Hərçənd tarazlı siyasətlə addımlayır. Rusiya bu vəziyyəti dəyişdirməyə çalışsa da, İlham Əliyev diqqətlidir. O, həmişə ölkənin milli maraqlarını qorumaqda uğurlu gedişləri ilə seçilib.

Məlumdur ki, Qarabağ Azərbaycan üçün olum-ölüm məsələsidir. Ölkə lideri bu məsələdə güzəştə getməyəcəyini açıq şəkildə göstərir. Lakin Krımı ilhaq edən Rusiya üçün Cənubi Qafqaz daha asan tikədir və Dağlıq Qarabağda qoşun yerləşdirmək güman ki, onun planlarına daxildir. Bu baxımdan, Jirinoviskinin fikirlərini ciddiyə almaq lazım olacaq”.


Qəzet qeyd edir ki, Azərbaycan üçün mürəkkəb siyasi situasiya yaranır.


“Bu məsələdə Türkiyənin qəti mövqeyi yalnız Azərbaycana yox, bütün Cənubi Qafqaza lazımdır. Çünki Rusiyanın ABŞ-la gərgin münasibətləri fonunda Qarabağda qoşun yerləşdirmək istəkləri həmişə gündəmdədir”, - deyə qəzet yazıb.


“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu da bu təhlükəni real görür. Lakin onun fikrincə, rəsmi Bakı buna imkan verməyəcək: “Əgər Jirinovski bu təklifi səsləndirirsə, deməli, Kremldə bu haqda ciddi düşünürlər. Çünki Jirinovski, adətən, Rusiya hakimiyyətinin istəklərini səsləndirir. Mümkündür ki, Rusiya prezidenti Vladimir Putin Azərbaycan və Ermənistan prezidentləri ilə keçən ilin sentyabr ayında keçirdiyi sonuncu görüşdə bu təklifi səsləndirib.

Rusiya qoşunlarının Dağlıq Qarabağda yerləşdirilməsi Azərbaycanın maraqlarına cavab vermir. Yaxın tarixdə baş verən hadisələr də bundan xəbər verir. Jirinovski Azərbaycan hakimiyyətini və cəmiyyətini inandırmaq istəyir ki, rus qoşunlarının olduğu yerlərdə toqquşmalara imkan verilmir, qayda-qanun yaradılır. Ancaq faktlar fərqlidir”.


Politoloqun fikrincə, rəsmi Bakı Kremllə isti münasibətlərə, strateji tərəfdaşlığa çalışır.


“Lakin Azərbaycan hakimiyyəti Rusiya hərbi birləşmələrinin Dağlıq Qarabağda yerləşdirilməsinə razı olmaz. Elə bunun nəticəsidir ki, Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın Azərbaycandakı sonuncu hərbi bazası – Qəbələ RLS-in boşaldılmasına nail oldu. Halbuki Rusiya prezidenti və müdafiə naziri RLS-lə bağlı Bakı ilə müqavilənin uzadılmasına çalışırdılar. Ancaq İlham Əliyev buna getmədi. Çünki, Azərbaycan prezidenti də Rusiya hərbi bazalarının dağıdıcı rolundan ehtiyat edirdi. Azərbaycan nə vaxtsa Qəbələdəki hərbi bazaya görə problemlə üzləşə bilərdi. Əlbəttə, Dağlıq Qarabağ münaqişəsinin hansısa mərhələsində bölgəyə sülhməramlı qüvvələrin yerləşdirilməsi məsələsi aktuallaşacaq. Ancaq rusiyalı əsgər və zabitlərin hətta bu ad altında bölgədə yerləşdirilməsi rəsmi Bakı tərəfindən mənfi qarşılanır.

Çünki Rusiya qoşunları birmənalı şəkildə Xankəndində yerləşdiriləcək və erməni separatçıların tərəfini tutacaqlar. Təsadüfi deyil ki, bunun qarşısının alınması üçün rəsmi Bakı fərqli formul təklif edib: Sülhməramlı qüvvələrin tərkibində maraqlı tərəf kimi - həmsədr dövlətlərin qoşunları iştirak etməsinlər. Bu yanaşma ATƏT tərəfindən də qəbul olunub. Fransa və ABŞ hərbi birləşmələrindən Azərbaycana təhlükə olmaz. Buna baxmayaraq, Azərbaycan hakimiyyəti Rusiya hərbi birləşmələrini bölgəyə yaxın buraxmamaq üçün ABŞ və Fransanı sülh missiyasından imtina etmək məcburiyyətində qalıb. Ən yaxşı halda sülhməramlı qüvvələr Şərqi Avropa və Skandinaviya ölkələrinin hərbi birləşmələrindən formalaşa bilər”, - deyə o vurğulayıb.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm