Azərbaycanda məktəblilər arasında xəstəlik yayılıb
Bizi izləyin

Sağlamlıq

Azərbaycanda məktəblilər arasında xəstəlik yayılıb

Azərbaycanda məktəb yaşlı uşaqlar arasında suçiçəyi xəstəliyi yayılıb. Uşaqların məktəbdə bir-biri ilə ünsiyyətdə olması yoluxanların sayını artırır.

Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva Publika.az-a açıqlamasında ölkədə suçiçəyi xəstəliyinin yayıldığını, lakin vəziyyətin kəskin olmadığını dedi:

“Monitorinq zamanı suçiçəyinin yayıldığı müəyyən edilib”

“Bu ilin ilk iki ayı ərzində suçiçəyi xəstəliyindən xəstələnmənin səviyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə azalıb. Rayon Gigiyena və Epidemologiya Mərkəzləri tərəfindən mart ayında belə hadisələrin sayı barədə aparılan monitorinqlər zamanı suçiçəyinin yayıldığı müəyyən edilib. Lakin bu ötən ilin mart ayı ilə müqayisədə yoluxma sayı azdır. Xəstəliyin kökünün kəsilə bilməməsinin səbəbi Azərbaycanda buna qarşı immunlaşdırma tədbirlərinin aparılmamasıdır. Ona görə də, bizim üçün idarə edilməyən xəstəlikdir. Bir çox epidemioloji xəstəlikləri immunlaşdırma tədbirləri ilə kökünü kəssək də, bu xəstəliklə bağlı peyvəndləmə apara bilmirik. Dünyada bu xəstəliyə qarşı peyvəndləmə aparılır. Lakin bizdə hələ ki, suçiçəyinə görə vaksin tətbiq edilmir”.

“Xəstəlik əsasən məktəb yaşlı uşaqlar arasında yayılır”

A. Əliyevanın sözlərinə görə, buna baxmayaraq hər bir hadisə ilə əlaqədar olaraq yerlərdə olan Gigiyena və Epidemologiya Mərkəzləri tərəfindən müayinə aparılır, əksepidemik tədbilər həyata keçirilir. Buna görə də, xəstəlik ötən ilin müvafiq dövrü ilə müqayisədə azalıb. Xəstəlik əsasən, məktəb yaşlı uşaqlar arasında yayılır. Bu da xəstəliyin hava damcı yolu ilə keçməsi ilə əlaqədardır. Nəticədə, bir-biri ilə ünsiyyətdə olan uşaqlar yoluxa bilirlər.

Direktor müavininin sözlərinə görə, soyuq aylarda suçiçəyi xəstəliyi daha çox yayılır. Bunun da səbəbi havaların soyuq keçməsi və immun sisteminin aşağı düşməsi ilə əlaqədardır. Hava damcı ilə yolu ilə yoluxulması xəstəliyin daha geniş ərazidə yayılmasına səbəb olur:

“Lakin ümumilikdə deyə bilərik ki, bu il xəstəliklər yüngül keçirilir. Yüksək temperatur və çoxlu səpkilər müşahidə edilmir. Əlbəttə, bu da xəstələrin ummun sisteminin yüksək olması ilə əlaqdardır. Bundan başqa, yerlərdə Gigiyena və Epidemologiya Mərkəzləri araşdırma və epidemioloji müayinələr aparılır”.

Bəs suçiçəyi nə qədər təhlükəli xəstəlikdir?

İnfeksionist, parazitoloq Vüqar Cavadzadənin Publika.az-a açıqlamasında qeyd edib ki, su çiçəyi infeksiyası ilə xəstələnmə hadisəsi hər il müşahidə edilir.

“Suçiçəyi infeksiyası əsasən uşaqlar arasında daha çox rast gəlinir. Çünki onlar bu infeksiyaya qarşı yüksək həssas olurlar. Xəstəlik daha çox bağcalarada və məktəblərdə yayılır. Burda uşaqların bir-biri ilə sıx təması xəstəliyin daha tez yayılmasına yəni epidemik alovlaşmasına səbəb olur. Bu infeksiyaya ilin bütün aylarında təsadüf edilir. Amma qış-yaz ayları daha çox rast gəlinir. Təbii ki, böyüklər bu xəstəliyi daha ağır keçirir. Yaş artdıqca insanlar bu xəstəliyi daha ağır keçir və ağırlaşmalar da daha çox olur”.

Xəstəliyin irsi keçməsi ilə bağlı fikirlərə gəldikdə V.Cavadzadə bununla razılaşmadığını bildirdi.

“Bu cür yanaşma tamamilə düzdün deyil. Su çiçəyi irsi xəstəlik deyil, yoluxucu xəstəlikdir. Xəstəliyin törədisi III tip herpes viruslarıdır. Virusla təmasda olan şəxslər bu xəstəliyə tutulur. Su çiçəyinin gizli gövrü 10-21 gün, orta hesabla desək 14 gündür.

Gizli dövrdən sonra isə xəstələrdə ümumi əlamətlər özünü biruzə verir. Əsasən uşaqlarda ilkin olaraq qızdırma, narahatlıq, iştahanın və yuxunun pozulması kimi əlamətlər olur. Bu əlamətlərdən 2-4 gün sonra üzdə, başın tüklü hissəsində gövdə və ətraflarda səpgilər əmələ gəlir. Səpgilər qaşınma verir. Bütün səpgi dövründə xəstələr yoluxucu olur. Axırıncı səpgidən 5 gün sonra isə artıq xəstə yoluxucu olmur”.

Xəstəliyin müalicə üsullarına toxunan infeksionistin sözlərinə görə, suçiçəyi xəstəliyi ağırlaşmalar olmadan sağala bilir:

“Xəstələrin müalicəsi evdə, ağırlaşmalar olduqda isə xəstəxana aparılır. Ev şəraitində xəstələrə vitaminlər, xüsusən C vitamini, antihistamin preparatlar və dəri səhtində əmələ gələn suluqların tez quruması üçün brilyant yaşılının 1%-li spirt məhlulundan istifadə edilir. Ikincili infeksiyalar qoşulduqda isə xəstələrə antibiotiklər təyin edilir.

Suçiçəyi xəstəliyində az hallarda ağırlaşmalar müşahidə edilir. Əsasən ikincili infeksiyanın qoşulması nəticəsində ağırlaşmalar meydana çıxır. Laringit, otit, bronxit, pnevmoniya hətta sepsis kimi ağırlaşmalar da rast gəlinir. Bəzi hallarda virus mənşəli meninqoensefalitlərə də rast gəlinir. Ağırlaşmalar olmasa 1-2 həftə ərzində xəstə sağalır”.

Həkim həmçinin bir insanın ömründə iki dəfə bu xəstəliyə yoluxa bilməsinə də aydınlıq gətirdi. Onun sözlərinə görə, xəstəlikdən sonra güclü immunitet yaranır. Amma buna baxmayaraq nadir hallarda təkrar xəstələnmə müşahidə edilir. Yəni bəzi şəxslər bu xəstəliyə nadir hallarda ikinci dəfə tutulur.

Xəstəlikdən qorunmaq yollarında gəldikdə, V.Cavadzadə ilk öncə xəstə uşaqlar bağca və məktəblərdən təcrid edilməli olduğunu dedi.

“Xəstə ilə təmasda olmuş uşaqlar üzərində isə nəzarət artırılmalıdır.Təmasda olmuş uşaqlara spesifik immunoqlobulinlərin vurulması xəstələnmə hallarının xeyli azalmasına səbəb olur”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm