Tanımadığımız məşhurlar - sərhədlərimizdən kənardakı azərbaycanlılar - FOTOLAR
Bizi izləyin

Digər

Tanımadığımız məşhurlar - sərhədlərimizdən kənardakı azərbaycanlılar - FOTOLAR

İstedadlı, ziyalı şəxslər, hansısa sahədə qeyri-adi biliyə, bacarığa malik insanlar dünyanın bütün xalqlarının fəxr mənbəyidir. Belə insanlardan bəziləri Vətəndən kənarda yaşasalar da, yenə də onlarla qürur duymağa dəyər. Ən azından adları, soyadları, tərcümeyi-hallarında milliyyətlərinin yazılmasına görə.

Dünyanın dörd bir tərəfində yaşayan azərbaycanlılar da bu qəbildəndir. Qonşu Rusiyada məskunlaşmış, doğulub boya-başa çatmış bir sıra soydaşlarımız isə həmin ölkənin ictimai-siyasi, sosial həyatında mühüm rol oynayan məşhur xadimləridir.

Publika.az Rusiyada yaşayan məşhur azərbaycanlılarla bağlı yazını təqdim edir.

Nürnberq məhkəməsindəki yeganə azərbaycanlı

Soydaşlarımız dünyanın dörd bir tərəfində məskunlaşsalar da, istedadına, bacarığına görə məşhurlaşanlar daha çox Rusiyada yaşayırlar. 1923-cü ilin avqustunda Bakıda dünyaya gəlmiş sovet diplomatı və jurnalisti Ənvər Məmmədovun anası Olqa İvanovna maşinist, atası Nazim Məmmədov isə müəllim idi. Rusların indi barəsində sevə-sevə danışdıqları, bu ölkənin jurnalistlərinin müsahibə aldıqları Ənvər Məmmədov orta məktəbin 7-ci sinfində oxuyanda çilingər köməkçisi işləyirdi. O, orta məktəbi bitirdikdən sonra, 1941-ci ilin iyununda aviasiya məktəbinin müdavimi oldu. Lakin məşq zamanı xəsarət aldığından Bakıya qaytarılıb hərbi tərcümə kurslarına göndərildi.

O, daha sonra Böyük Vətən Müharibəsində iştirak etdi. 1943-cü ildə ordudan tərxis olunan Ənvər Məmmədov 1944-1945-ci illərdə SSRİ-nin İtaliyadakı səfirliyinin mətbuat attaşesi işlədi. Hazırda Rusiyada yaşayan, avqustda 92 yaşı tamam olacaq Ənvər müəllim faşist cəlladlarının mühakimə edildiyi “Əsrin Məhkəməsi” adlandırılan” Nürnberq prosesinin yeganə azərbaycanlı iştirakçısıdır. 1950-ci ilin fevralına qədər SSRİ Xarici İşlər Nazirliyində müxtəlif vəzifələrdə çalışmış soydaşımız bundan 3 il sonra – 1953-cü ildə Moskva Dövlət İnstitutunun xarici dillər fakültəsini bitirib. O, 1956-cı ilə qədər keçmiş ittifaqın Radio Komitəsinin xarici ölkələr üzrə baş redaksiyasının baş redaktoru vəzifəsində çalışıb.

3 il ərzində (1956-59-cu illər) SSRİ-nin ABŞ-dakı səfirinin məsləhətçisi işləyən soydaşımız daha sonra “SSSR” kimi populyar jurnalın baş redaktoru vəzifəsinə irəli çəkilir. Onun karyerasının ən yüksək pillələrdən biri də 1962-1985-c iillərdə SSRİ Dövlət Televiziyası və Radio Komitəsi sədrinin birinci müavini vəzifəsi idi. Hal-hazırda “RİA Novosti”də baş redaktorun məsləhətçisidir. İngilis, alman, italyan və fransız dillərində sərbəst danışan soydaşımız 7 ordenlə, 10 medalla təltif olunub.

Şoumen, müğənni, aktyor, məşhur aparıcı

1979-cu ilin oktyabrında dünyaya gələn Teymur Kərimov Rusiyada şoumen, müğənni, aktyor, bir sıra məşhur verilişlərin aparıcısı kimi tanınır. Kukla teatrının aktyoru Mikayıl Kərimovun ailəsində dünyaya gəlmiş Teymurun anası tərcüməçi, alman və ingilis dilləri üzrə müəllim işləyir.

2000-ci ildə “Rusiyanın tələbə baharı” konkursunun ümumrusiya laureatı mükafatına layiq görülmüş Teymur bundan 1 il sonra Penzada fəaliyyət göstərən V.Belinski adına Dövlət Pedaqoji Universitetinin xarici dillər fakültəsini bitirib. Penzanın “Şən və hazırcavablar klubu”nun üzvü olan soydaşımız bir sıra teleseriallarda, televiziya verilişlərində yer alıb. Teymur TNT relekanalındakı “İntuisiya” verilişində iştirak edib 1 milyon rubl qazanması ilə özünün intellektual gənc olduğunu sübuta yetirib. Bir sıra verilişlərdə aparıcılıq edən əslən azərbaycanlı 2010-cu ildə Ani Lorakla duet oxuduqdan sonra özünü müğənni kimi də təsdiqlədi.

Futbolçu, gimnast - peşəkar idmançılar

Ölkəmizin sərhədlərindən kənarda yaşayan soydaşlarımız arasında idman sahəsində məşhur olanlar da var. Futbol üzrə Rusiya yığmasının və Moskva “Lokomotiv”inin yarımmüdafiəçisi Aleksandr Səmədovun 2005-ci ildə “Spartak” komandasından “Lokomotiv”ə 3,4 milyon Avroya satılması bu idmançıya verilən dəyərin göstəricisi idi. 2008-ci ildə “Moskva” futbol komandası ilə müqavilə imzalayanda transferin qiyməti 3,5 milyon dollar təşkil edirdi. Bundan bir il sonra o, Rusiyanın idman ustası adını aldı. Bu arada bir maraqlı məqama toxunmaq yerinə düşür: - qeyd edək ki, Aleksandr Səmədovu tez-tez Azərbaycanın milli yığma komandasına dəvət edirlər. Lakin o, bu təkliflərdən imtina edir.

Aleksandr bu təklifləri atasının məsləhəti ilə rədd etdiyini deyərək, Rusiyanın yığma komandasında oynamaq təklifini gözlədiyini etiraf edir. Əgər belə olarsa Səmədovu futbol üzrə dünya və Avropa çempionatlarında oynamaq perspektivi gözləyəcək. 2013-cü ilin 15 oktyabrında Azərbaycan yığması ilə görüşdə qol vurmuş rus futbolçusu Şirokova məşhur ötürməni məhz Səmədov vermişdi.

Gimnast, Rusiyanın idman gimnastlarından ibarət yığma komandasının kapitanı Emin Qəribov bu ölkənin əməkdar idman ustasıdır. Moskva “Dinamo”suna daxil olan Emin Qəribov bir neçə dəfə uğurlara imza ataraq istedadının büruzə verib.

1972-ci ilin avqustunda Moskvada doğulmuş digər soydaşımız - Ramiz Məmmədov Rusiyanın yığma futbol komandasının müdafiəçisi milliyyətcə azərbaycanlıdır. Karyerasına 2003-cü ildə başlamış soydaşımız hazırda Moskvada yaşayır, bizneslə məşğul olaraq “Spartak” futbol klubunun veteranları sırasında oynayır. Primyer-Liqada 139 oyun keçirmiş soydaşımız Rusiyanın seçmə komandasında yeganə oyunçudur ki, birinci diviziondan oynayıb. O, 2000-ci ildə futbol tarixində ilk dəfə olaraq həm Rusiyanın, həm də Ukraynanın çempionu adını qazanıb.

Rusiya qəhrəmanı, ssenarist, dramaturq, tərcüməçi

“Rusiyanın qəhrəmanı” fəxri adını almış Davud Paşayev Rusiya Dövlət Atom Gəmiqayırma Mərkəzinin prezidenti kimi yüksək vəzifəyə layiq görülmüşdü. İki dəfə Rusiya Federasiyasının Dövlət Mükafatı laureatı olmuş Davud Paşayev 2004-cü ildən Dövlət Atom Gəmiqayırma Mərkəzinin rəhbəri vəzifəsini icra etməyə başlamışdı. 2005-2008-ci illərdə Rusiya prezidenti yanında İctimai Palatanın üzvü olmuş soydaşımız 2010-cu ildə dünyasını dəyişib.

Ssenarist, dramaturq, tərcüməçi Alla Axundova həm Azərbaycanın, həm də Rusiyanın tanınmış şəxslərindəndir. Hələ ilk şeirləri “Moskva komsomolu” qəzetində dərc olunmuş Alla Axundova SSRİ Yazıçılar və kinematoqrafiyaçıları İttifaqının üzvü olub.

Rusiyanın satirik aktrisası, prodüsser, “Şən və hazırcavablar” klubunun keçmiş üzvü, habelə “Stand Up” teleşousunun prodüsseri və iştirakçısı Yuliya Oqtay qızı Əhmədova 1982-ci ilin noyabrında dünyaya gəlib. Voronej Dövlət Universitetinin arxitektura-tikinti universitetini bitirmiş Yuliya Əhmədova 2003-cü ildən 2012-ci ilə qədər “Şən və hazırcavablar” klubunun rəhbərliyində təmsil olunmuş Yuliya Əhmədova dəfələrlə ilin “KVN”-çisi adını alıb. O, 2012-ci ildən “Comedy Woman” teleşousunun prodüsseri elə həmin il “Stand Up” teleşousunun yeganə qadın iştirakçısı və prodüsseri olub.

Terror hadisələrindən, qaynar yerlərdən reportaj hazırlayan azərbaycanlı

Jurnalist, teleaparıcı İradə Zeynalova 2012-ci ilin sentyabrından Rusiyada fəaliyyət göstərən “Birinci kanal”da hər bazar efirə gedən “Zaman” verilişinin aparıcısıdır. Rusiya Televiziya Akademiyasının üzvü İradə Zeynalova 1972-ci ilin fevralında dünyaya gəlib. 1997-ci ildən televiziya sahəsində çalışan İradə Zeynalova əvvəlcə “RTR”-də yayımlanan “Vesti” proqramının redaktoru və ingilis dili üzrə tərcüməçi vəzifəsində çalışıb. 2000-2003-cü illərdə “Vesti” proqramının müxbiri olmuş İradə Zeynalova ən qaynar nöqtələrdən, hadisə yerlərindən reportajlar hazırlamaqla cəsarətli mətbuat nümayəndəsi kimi ad çıxarıb.

2004-cü ilin fevralında və 2010-cu ilin martında Moskva metrosundakı partlayışdan, 2004-cü ilin sentyabrında Beslandan, habelə 2006-cı ildə Almaniyada keçirilən futbol üzrə dünya çempionatında, 2006-cı ildə qış Olimpiya oyunlarında reportajlar hazırlamış İradə Zeynalova “TEFİ-2006” televiziya mükafatı laureatıdır. 2012, 2013 və 2014-cü illərdə “Birinci Kanal”da “Dmitri Medvedyevlə söhbət”in iştirakçısı olmaq ona nəsib olub. Onun böyük bacısı Svetlana da jurnalistdir.

Rusiyanın digər teleaparıcısı və kinoaktyor, “Comedy club”un keçmiş prezidenti Tahir Məmmədov da əslən azərbaycanlıdır. Bakıda anadan olmuş Tahir Məmmədov orta məktəbi bitirdikdən daxil olduğu tibb məktəbini qırmızı diplomla bitirib, feldşer-laborant işləməyə başladı. 1998-ci ildə Rusiya Yeni Universitetinin tələbəsi olan Tahir karyerasına həmin ildə “ŞHK”da başlayıb. Bir neçə verilişin aparıcısı və rejissoru olan Tahir Məmmədov yaradıcılığını davam etdirir.

Ötən yüzilliyin azərbaycanlı pianoçusu

Rusların “Yüzilliyin pianoçusu” adını verdikləri Tamilla Mahmudova bu ölkənin Əməkdar artisti fəxri adını qazanıb. 1931-ci ildə dünyaya gəlmiş Tamilla Mahmudova Moskva Dövlət Pedaqoji Universitetinin musiqi fakültəsinin professoru idi. Ölkəmizdə doğulmuş və ilk təhsilini burda almış musiqiçimiz daha sonra Moskva konservatoriyasını bitirib. Azərbaycanın Xalq artitsi fəxri adına layiq görülmüş Tamilla Mahmudovanı yalnız Rusiyada deyil, habelə digər ölkələrdə də çox yaxşı tanıyırlar.

Qeyd edək ki, o, öz konsertlərində dahi Üzeyir Hacıbəyovun, Qara Qarayevin, Fikrət Əmirovun, Arif Məlikovun əsərlərinə geniş yer verən musiqiçilərdən idi. 2014-cü ildə dünyasını dəyişmiş Tamilla Mahmudova Moskvada yaşayıb yaratmasına baxmayaraq, Rusiyada Azərbaycan musiqisinin təbliğinə geniş yer verməklə Vətənə bağlılıq kimi dəyərlərə üstünlük verdiyini sübut edirdi.


Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm