Nikita Mixalkov Bakıda ustad dərsi keçib
Bizi izləyin

Tabloid.az

Nikita Mixalkov Bakıda ustad dərsi keçib

Martın 31-də Rusiya Kinematoqrafçılar İttifaqının sədri və Rusiya Mədəniyyət Fondunun prezidenti, kinorejissor, ssenariçi və prodüser, RSFSR-in Xalq Artisti, “Günəşdən usanmışlar” filminə görə (1994-cü il) “Xarici dildə ən yaxşı film” nominasiyasında “Oskar” kino mükafatı laureatı Nikita Mixalkov Bakıda ustad dərsi keçib.

AZƏRTAC xəbər verir ki, Rusiya kinosunun ən parlaq nümayəndələrindən biri olan N.Mixalkov gənc Azərbaycan kinematoqrafçıları ilə iki saat davam edən ünsiyyət zamanı yeni kinematoqrafçılar nəslinin inkişafına, müxtəlif ölkələrin gənc artistləri arasında yaradıcılıq əlaqələrinin və səmimi münasibətlərin yaradılmasına, təcrübə mübadiləsinə kömək göstərmək məqsədi daşıyan Yay kino akademiyasından, təhsil layihəsindən, kino və teatr mütəxəssislərinin – aktyorların, rejissorların, operatorların, prodüserlərin, ssenariçilərin yaradıcılıq şəraitində dərs keçməsindən bəhs edib.

N.Mixalkov çəkiliş kollektivinin çətinliklərindən, insanlar arasında münasibətlərdən, hər bir kəsin işi üçün maksimum rahat şərait yaradılması zərurətindən və imkanlarından danışıb. Ustad deyib: “Çəkiliş meydançası gələcək filmin yaradıldığı bir yerdir. Həmkarının uğurlarına sevinmədən, onunla birlikdə həyəcan keçirmədən, meydançadakı birgə həyatda iştirak etmədən işləmək və işindən zövq almaq mümkün deyil”.

Sonda N.Mixalkov jurnalistlərin suallarına cavab verib.

Qısamüddətli səfəri zamanı N.Mixalkov azərbaycanlı həmkarları ilə görüşəcək, ikitərəfli əməkdaşlığın genişləndirilməsi və dərinləşdirilməsi məsələlərini müzakirə edəcəkdir. O həmçinin Bakının görməli yerləri ilə tanış olacaqdır.

N.Mixalkov “Beş axşam”, “Mexaniki piano üçün yarımçıq pyes”, “Oblomovun həyatından bir neçə gün”, “Şahidsiz”, “Qara gözlər”, “Urqa: məhəbbət ərazisi”, “Günəşdən usanmışlar”, “Sibir bərbəri”, “12” və başqa filmlərin müəllifidir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm