Moskvanı xilas etmiş bakılı, karton yeşiklərdə gizlədilən körpələr – FOTOLAR
Bizi izləyin

Bilgi.az

Moskvanı xilas etmiş bakılı, karton yeşiklərdə gizlədilən körpələr – FOTOLAR

Moskvanı xilas etmiş bakılı, karton yeşiklərdə gizlədilən körpələr, Allahın qoruyucu mələkləri – FOTOLAR

Xeyirxahlıq, köməyə ehtiyacı olana yardım etmək ən gözəl mənəvi dəyərlərdəndir. Tarixin ən çətin dövrlərində xeyirxahlıq edənlər bu əməlləri ilə öz həyatlarını, ailələrini təhlükəyə atıblar. Müxtəlif peşə nümayəndələri, ayrı-ayrı millətlərin təmsilçiləri olan bu insanlar arasında elələri var, qadınları, uşaqları, qocaları, elələri də var ki, yüz minlərlə sakini olan bütöv bir şəhəri düşməndən xilas edib. Bu baxımdan, həmin insanları sözün əsl mənasında təkcə xeyirxah, mərhəmətli şəxslər yox, həm də mələk adlandırmaq olar.

Publika.az tarixin ən çətin, təlatümlü zamanlarında özlərini təhlükəyə ataraq yardıma ehtiyacı olan insanlara, o cümlədən qadınlara, uşaqlara, qocalara yardım göstərmiş xeyirxahların, dünyanın ən mərhəmətli şəxsiyyətlərinin həyatı haqda maraqlı faktları təqdim edir.

49 il gizli saxlanılan sirr, 669 uşağın xilası

1988-ci ildə Nikolas Uintonun həyat yoldaşı ərinin əşyalarını yerbəyer edəndə onun 1939-cu ildə ingilis ailələrindən qəbul etdiyi uşaqların adları yazılmış qeyd kitabçası əlinə keçir. Bu, böyük sirrin açılması idi. 1909-cu ildə Britaniyada doğulmuş, hal-hazırda ömrünün 106-cı baharını yaşayan bu humanist insan İkinci Dünya müharibəsi dövründə 2 yaşından 17 yaşına qədər 669 uşağı faşistlərin pəncəsindən xilas edib. Maraqlıdır ki, özünü reklam etməyi sevməyən Nikolas Uinton əməllərini düz 49 il hamıdan, hətta həyat yoldaşından belə gizli saxlayıb.

Britaniyaya köçmüş ailədə dünyaya göz açmış Nikolas bir sıra səbəblər üzündən davamlı təhsil ala bilməmişdi. Hətta orta məktəbi bitirməyə müvəffəq olmamışdı. O, maddi sıxıntılar üzündən bankda işləməyə başladı. Bank sahəsində təcrübə qazanan bu gənc yalnız İngiltərədə deyil, hətta Almaniya və Fransada da öz biliklərini dərinləşdirdi. Hətta 30-cu illərdə Londonun fond birjasında mühüm vəzifədə çalışmağa başladı. Lakin faşistlərin Almaniyada hakimiyyətə gəlmələrindən, habelə Avropa ölkələrini bir-birinin ardınca işğal etmələrindən sonra Qərb yarımkürəsində hər şey pisliyə doğru getməyə başladı. 1938-ci ildə Çexiyanın paytaxtı Praqaya gedən Uinton burada durumun pis olduğunu, vəziyyətin getdikcə daha da gərginləşəcəyini başa düşür. O, Çexiyanın bir sıra yaşayış məskənlərinin təhlükədə olduğunu anlayıb, köməksiz insanların xilası üçün təcili tədbirlər görməyi qərara alır. O cümlədən burada ofis açaraq uşaqları Böyük Britaniyaya göndərməyə başlayır. Mərhəmətli insan bu yolla xeyli azyaşlının faşistlərin cənginə keçməsinin qarşısını alır. Müharibədən sonra Britaniyanın hərbi hava qüvvələrində xidmətə başlayan Uinton 1954-cü ildə leytenant hərbi rütbəsi ilə ehtiyata buraxılır.

Vətəni və xalqı qarşısındakı bir sıra xidmətlərinə görə Britaniya imperiyasının ordeni ilə təltif edilən Uintonun İkinci Dünya müharibəsi illərində 600-dən çox uşağı xilas etməsini hətta xilas etdiyi azyaşlılar da sonradan bildilər. Hər şey təsadüfən məlum oldu.

Qeyd etdiyimiz kimi, Uintonun həyat yoldaşı ərinin 1939-cu ildə ingilis ailələrindən qəbul etdiyi uşaqların qeyd kitabçasını gördü. Siyahıda xeyli uşağın adı vardı. Nikolasın bir zamanlar məktub yazdığı ünvanlardan alınan məlumatlardan Uintonun xilas etdiyi 80 nəfərin yeri bəlli oldu. "BBC"-nin "Bu həyatdır" tok-şousunun aparıcısı Uintonun xilas etdiyi insanları proqrama dəvət etdi. Verilişin aparıcısı Ester Rançen efirə qonaq kimi dəvət etdiyi Uintona onu nə üçün proqrama çağırdığını deməmişdi. Veriliş zamanı aparıcı gözlənilmədən Uintonun müharibə illərində özünü təhlükəyə ataraq uşaqları xilas etdiyini efirdə hər kəsə açıqladı. Bunun ardınca onun xilas etdiyi iyirmi nəfər kiçik studiyaya doluşdu. Ölkə ictimaiyyəti bu xəbəri böyük rezonansla qarşıladı. Hər şey Uintonun bir zamanlar etdiyi yaxşılıqların bütün İngiltərədə geniş şəkildə tanınması ilə dəyişdi. Uinton dünyanın bir sıra dövlət başçılarının, o cümlədən Çexiya, Britaniya, İsrail rəhbərlərinin mükafatlarına layiq görüldü. İsrail prezidenti Ezer Veysman ona xüsusi təşəkkür məktubu göndərdi. Uinton Çexiyanın ali mükafatı sayılan "Masarik" ordeni ilə təltif edildi. Bir zamanlar öz həyatını təhlükəyə atıb başqalarını ölümdən xilas etmiş Uinton daha sonra Çexiyanın ən yüksək "Ağ Şir" ordeni ilə təltif edildi. Onu mükafatla təltif edənlər arasında Britaniya kraliçası II Yelizaveta da vardı.

Bu arada digər maraqlı məqamı diqqətinizə çatdırmaq istəyirik. Məlum oldu ki, Uinton 1939-cu il sentyabrın 3-də "Kindertransport"un sonuncu reysi ilə ölümdən xilas etdiyi uşaqları Londona köçürmə əməliyyatını yerinə yetirməyə hazırlaşmışdı. Lakin İkinci Dünya müharibəsinin başlaması onun planlarını pozdu.

2009-cu il sentyabrın 1-də, İkinci Dünya müharibəsinin başlamasının 70 illiyi münasibətilə hələ 30-cu illərdə hazırlanmış qatar və lokomotivi - xüsusi "Uinton Qatarı" Praqanın Mərkəzi vağzalından Londona doğru "Kindertransport" marşrutu üzrə hərəkət etməyə başladı. İçərisində Uintonun 30-cu illərdə xilas etdiyi "uşaqlar" (bunlar təbii ki, indi yaşı 70-dən çox olan qocalar idilər) və onların ahıl yaşlı valideynləri olan qatarı Nikolas özü qarşıladı. Vaxtilə xilas etdiyi insanlar Uintonu təntənə ilə alqışladılar. Bir zamanlar ölümdən dönmüş uşaqlar – müasir qocalar ilk dəfə tanıdıqları xilaskarlarının başına toplaşıb dönə-dönə ona minnətdarlıqlarını ifadə etdilər. Qatarın Praqa vağzalına yola düşməsi ərəfəsində Uintonun şərəfinə ucaldılmış abidənin təntənəli açılış mərasimi keçirildi. İndi Britaniyada hər kəs Uintonu mərhəmət rəmzi kimi qəbul edir. Nikolasın 105 yaşı tamam olması münasibətilə keçirilən mərasimdə onun xilas etdiyi "uşaqlar" da iştirak etdilər.

2500 azyaşlını qoruyan xilaskar qadın

Faşistlər əleyhinə yönəlmiş Polşa müqavimət hərəkatının fəal üzvlərindən olan İrena Sendler isə Nikolas Uintondan fərqli olaraq 2500 uşağı faşistlərin pəncəsindən xilas edib. 1910-cu ildə Polşanın paytaxtında dünyaya gələn İrena Varşava universitetinə daxil olaraq Sosialist Partiyasına üzv olmuşdu. İkinci Dünya müharibəsi illərində faşist Almaniyasının ilk işğal etdiyi ölkə sayılan Polşanın gizli təşkilatının üzvü İrena Sendler xəstə azyaşlıların olduğu gettodan minlərlə uşağı qaçıraraq onları gizli şəkildə Polşanın uşaq evlərinə, ailələrə və monastırlara yerləşdirir. Uşaqlar içərisində deşiyi olan xüsusi dezinfeksiya ləvazimatlarının qutuları, habelə kanalizasiya boruları, torbalar, karton qutular vasitəsilə qaçırılırdılar. İrena Sendler nisbətən böyük uşaqları yük maşınlarının kuzovunda aradan çıxarırdı. Yük maşınlarında uşaqların səsini və ya ağlaşmasını eşitmək üçün xüsusi it də olurdu. Bütün bu təhlükəli riskli əməliyyatlar İrena Sendlerə iki şey vəd edirdi – almanlar tərəfindən yerindəcə güllələnmə və ya xeyirxah əməl.

İrena 1943-cü il oktyabrın 20-də anonim donos əsasında həbs olunub ölümə məhkum edilsə də, onu gözləyən ağır cəzadan qurtula bildi. Müharibənin sonuna kimi gizlənib adını dəyişdi və uşaqların qaçırılması kimi riskli əməliyyatlarını davam etdirdi.

Müharibə başa çatdıqdan sonra İrena daha bir xeyirxah kampaniyaya imza atdı. O, vaxtilə qaçırdığı uşaqların ata-analarına qovuşmalarında yaxından iştirak etməyə başladı. 2008-ci ilin mayında 98 yaşında vəfat edən İrena Sendler ömrünün Varşavada birotaqlı sadə mənzilində başa vurdu.

Düşmənləri ilə badə-badəyə vuran məşhur Şindler

1908-ci il aprelin 28-də dünyaya gəlmiş Oskar Şindler Holokost zamanı Polşa və Çexiyadakı zavodlarında 1200 yəhudini işlə təmin etməklə onların həyatının qayğısına qaldı. Alman kəşfiyyatı Abver tərəfindən verbovka olunmuş Şindler çox keçmədən səhvini başa düşdü. İkinci Dünya Müharibəsinin başlanması zamanı metal qablar istehsal edən zavodun əsasını qoyaraq tədricən daha da varlanmağa başladı. Hər şey onun 1942-ci ildə Krakov gettosunda olmasından sonra dəyişdi. Faşistlərin dinc insanlara, mülki sakinlərə qarşı dözülməz münasibətinin şahidi olan Şindler nasistlərə qarşı müxalif mövqeyə keçdi. O, yəhudiləri müdafiə etmək məqsədilə onları öz yanında işə götürmək qərarını qəbul etdi. Şindler faşistlərlə, o cümlədən alman zabitləri ilə dostluq edir, onlarla birlikdə ziyafətlərdə, şənlik məclislərində iştirak edirdi. Lakin almanlar Oskarın yüzlərlə yəhudini öz himayəsinə almasından xəbərsiz idilər. Beləcə 800 kişi, 300 qadın və 100 uşaq olmaqla 1200 nəfər məhz onun humanistliyi nəticəsində labüd ölümdən qurtuldu. Oskarın faşistlərdən xilas etdiyi yəhudilər "Şindler yəhudiləri" kimi tanınırlar. Həyatı ekranlaşdırılan və barəsində film çəkilən Oskar Şindler 1974-cü ilin oktyabrında dünyasını dəyişdi. Şindlerin məzarı yalnız onun xilas etdiyi şəxslərin deyil, habelə digər insanların da ziyarət yerinə çevrilib.

65 uşağa analıq edən sonsuz qadın və bankir himayədar

Əslən ukraynalı olan Aleksandra Derevskaya isə digər humanist insanlardan fərqli olaraq o qədər də varlı deyildi. Buna baxmayaraq, aclıq və yoxsulluğun tüğyan etdiyi İkinci Dünya Müharibəsi illərində əvvəlcə 48, sonra isə ümumilikdə 65 uşağa analıq etməli olmuşdu. 1902-ci ildə Qroznıda, neftçi ailəsində dünyaya gələn Aleksandra hələ gənc yaşlarında ikən - Rusiyadakı vətəndaş və Böyük Vətən Müharibəsi illərində 17 uşağa qayğı göstərmişdi.

1918-ci ilə qədər Qızlar Gimnaziyasında təhsil alan Aleksandra həmin ilin avqustundan 1923-cü ilədək Qroznıdakı hospitalda tibb bacısı işlədi. O, burada Qırmızı Ordunun yaralı əsgəri Yemelyan Derevski ilə tanış olur. Əsgərə tibbi xidmət onlar arasında getdikcə dərinləşən münasibətlərə, bu isə sonda gənclərin ailə qurmalarına səbəb oldu. Ailə quran gənclər Yemelyanın birinci nikahdan olan uşağını himayələrinə götürürlər. Bu, Aleksandranın övladlığa götürdüyü ilk uşaq idi. Təəssüf ki, heç vaxt bu cütlüyün öz uşaqları dünyaya gəlməmiş, Aleksandra ana olmamışdı. Qadının körpələrə sevgisinin əsas səbəblərindən biri də bu idi.

1939-cu ildə Aleksandra daha 9 uşağı himayəsinə alır. Ailənin isti ocağına sığınanlar arasında Valya, Veniamin, Seryoqa, habelə Stavropol uşaq evinin dörd azyaşlısı vardı. Bir il sonra işdən ayrılıb evdar qadına çevrilən qadın həyatını tamamilə uşaqlara həsr etdi. Dünyaya övlad gətirə bilməyən Aleksandra indi ancaq ata-anasız uşaqlar barədə düşünür, onları himayəsinə alır, doğma balası kimi böyüdürdü. Alman faşistlərinin SSRİ sərhədlərini tapdaması ilə başlanan çətin, məhrumiyyətli günlər Aleksandranı qətiyyən qorxutmadı. Əksinə, o, 1942-ci ildə blokadada yaşayan Leninqraddan təxliyyə olunmuş, valideynləri aclıqdan və düşmən gülləsindən ölmüş daha 17 yetim uşağı öz böyük ailəsinə üzv edərək, azyaşlılara analıq qayğısı göstərməyə başladı. Müharibənin sonlarında Derevski ailəsində 35 yetim uşaq böyüyürdü. Qayğı və diqqətə ehtiyacı olan azyaşlılar arasında müxtəlif millətlərin nümayəndələri, o cümlədən ruslar, ukraynalılar, çuvaşlar, özbəklər, hətta almanlar və digər xalqlardan olan uşaqlar da vardı.

Onlarla uşağı himayəsinə qəbul edən Aleksandra bununla necə böyük ürəyə sahib olduğunu bir daha sübut etdi. Bu böyük ailədə eyni vaxtda 25 bacı-qardaş orta məktəbdə oxuyurdu.

1959-cu ildə Aleksandra xəstələnib yatağa düşür. Xəstəxanada müalicə olunan qadının ətrafına böyüdüb boya-başa çatdırdığı övladları toplaşırlar. Qəhrəman ana 1959-cu ildə dünyadan köçür. Maraqlıdır ki, əri Yemelyan da elə həmin il, özü də Aleksandranın doğum günündə dünyasını dəyişir. Övladları onun məzarının üstünə "Sən bizim vicdanımızsan ana. Sənin 48 övladın"

Sonralar bu humanist qadının xatirəsini əbədiləşdirmək üçün ona abidə ucaldıldı. Qəhrəman ananın, Allahın yer üzündəki mələyinin doğum gününü, onun 110 illik yubileyini övladları, onların törəmələri indi də təntənəli qeyd edir, məzarının önünə gül dəstəsi qoyur, abidəsinin qarsısına toplaşırlar.

Belçikalı bankir Karl Bruver təkcə biznesini, gələcək karyerasını, ailəsini deyil, hətta şəxsi həyatını da riskə ataraq öz ailəsində 2 uşağı gizlədib saxlayırdı. O, arvadı Denis ilə birlikdə 6 yaşlı Adrean Şapkarı və 17 yaşlı mühəndis qızı Manik Maqelskini böyük imarətində gizlədərək ailəsini və şəxsi həyatını təhlükə altına atmışdı. Belçikalı bankir evində gizlədiyi 2 uşağı 4 doğma övladından seçmirdi. Onun ailə həyatını lentə aldığını əks etdirən xatirə fotolarında və videogörüntülərdə 6 yaşlı Adrean Şapkar və 17 yaşlı mühəndis qızı Manik Maqelski də bankirin övladları ilə birlikdə yer alıblar. Karl evində gizlətdiyi uşaqları yalnız qida ilə təmin etmir, habelə onlara təhsil də verirdi. Adreanın anası hansısa "əmək" düşərgəsinə göndərilmişdi. Əslində isə bu düşərgə konslager idi. Artıq hamı başa düşmüşdü ki, "əmək" düşərgələrinə göndərilən insanlar bir daha geri qayıtmır, konslagerlərdə yandırılırlar. 17 yaşlı Manik Maqelskinin əvvəllər mühəndis işləmiş atası isə İkinci Dünya Müharibəsi illərində hardasa gizlənirdi. Bu şəxslərin qayğıya ehtiyacı olan övladları isə bankirin ailəsində böyüyürdülər.

Moskvanın Stalindən mərhəmət gözləyən xilaskarı

1895-ci ilin oktyabrında Bakının Sabunçu rayonunda dünyaya gələn Rixard Zorge isə yalnız almanların köləyə çevirəcəyi, bir qismini məhv edəcəyi insanları yox, onların yaşadıqları böyük Moskva şəhərini də məhvolmadan xilas etdi. Alman mühəndisinin ailəsində doğulmuş Zorgenin ailəsi o, dünyaya gəldikdən 3 il sonra Bakını tərk etməli olur. Birinci Dünya Müharibəsində iştirak edən Zorge ağır yaralandığına görə, ordudan tərxis olunur. 1936-cı ildən Yaponiyada işləməyə başlayan Zorge 1941-ci il mayın 30-da Moskvaya vurduğu teleqramda hitlerçilərin tezliklə SSRİ-yə hücum edəcəkləri barədə xəbərdarlıq etdi. O, hətta hücumun vaxtını da dəqiq yazmışdı – 22 iyun. Lakin hamıya və hər kəsə şübhə ilə yanaşan Stalin bu məlumata inanmadı. Zorgenin məlumatları özünü 22 gün sonra, dəqiqliyi ilə təsdiqlədi. "Barbarossa" planı ilə SSRİ-nin şəhərlərini bir-birinin ardınca işğal edən faşistlər 1941-ci ilin sonlarında Moskvaya yaxınlaşdılar. Həmin ilin noyabrında SSRİ-nin paytaxtının cəmi bir neçə kilometrliyində cəmləşən faşistlər növbəti hücumla Moskvanı ələ keçirməyə hazırlaşırdılar. Elə bu vaxt uzaq Yaponiyadakı Zorgedən növbəti məxfi məlumat gəldi: "Yaponiya SSRİ-yə hücum etməyəcək. Bu ölkənin əsas hədəfi ABŞ-dır".

SSRİ rəhbərliyi, o cümlədən Stalin bu dəfə Zorgeyə inandılar. Sibirdə Yaponiya ilə üz-üzə dayanmış diviziya Moskvaya göndərildi. Dekabrın 6-da hücuma keçən Sibir diviziyası Moskvanın digər müdafiəçiləri ilə birlikdə almanları geri oturtdu. Sovetlər birliyi, habelə bütün dünya ökələri bir həqiqəti çox aydın şəkildə dərk etdi – faşistlərin ordusu heç də məğlubedilməz deyil. Bundan bir qədər əvvəl isə Hitler Moskvanı ələ keçirdikdən sonra kommunistləri güllələtdirəcəyini, şəhərin sakinlərinin bir qismini məhv etdirəcəyini demişdi. Zorge bu məlumatı ilə yalnız Moskva sakinlərini deyil, şəhərin özünü də xilas etmiş oldu. Yaponlar tərəfindən kəşfiyyat fəaliyyəti aşkar edilmiş Zorge Stalinin onu xilas edəcəyinə ümid edirdi. Lakin əsirlərə nifrət edən SSRİ diktatoru bu ümidləri heçə endirdi. 1944-cü il noyabrın 7-də ölüm cəzasına məhkum edilmiş yüzilliyin kəşfiyyatçısı Zorgenin əməlləri bir də 20 il sonra layiqli mükafatını aldı. SSRİ paytaxtının xilaskarına yalnız 20 il sonra Sovet İttifaqı Qəhrəmanı adı verildi. Əsrin kəşfiyyatçısı adlandırılan, "Mən təpədən dırnağadək azərbaycanlıyam" deyən Zorge bəlkə də Vətəni qarşısındakı xidmətlərinin vaxtında qiymətləndirilməyəcəyini əvvəldən hiss edərək belə demişdi: "Əgər mən sülh dövründə dünyaya gəlsəydim, alim olardım".

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm