Burada Anar Məmmədxanov yoxdu, Bəhram...
Bizi izləyin

Digər

Burada Anar Məmmədxanov yoxdu, Bəhram...

Təxminən 10 gündür ki, danışırlar. Hər şeydən, təkcə əsas məsələdən başqa.

“Neftçi”nin Müşahidə Şurasının üzvlərini deyirəm. Aralarında veteran futbolçular da, yazıçı da, aktyor da var. Futbolu biləni də, bilməyəni də var. Futbolu biləni də, bilməyəni də danışır. Hər şeydən, təkcə əsas məsələdən savayı. Gözləyirdim ki, Çingiz Abdullayevin ilk işi “Neftçi”də uşaq futbolunun durumu ilə maraqlanmaq olacaq. Gözləyirdim ki, yazıçı öncə uşaqların ayağına gedəcək. Gedəcək ki, görsün ölkənin ən köklü, neftdən maliyyələşən klubunda uşaq futbolunun durumu necədi. Gedəcək ki, görsün uşaqlar harda, hansı şəraitdə məşq edirlər. Onlar məşqə yox, oyuna çıxarkən həkim demirəm, heç olmasa içməli su ilə təmin olunurlarmı? Onların psixolji durumu, dolanışıqları necədi? Gedəcək ki, görsün uşaqlara futbolun sirlərini kimlər öyrədir. Onların dolanışığı necədi, ayda nə qədər məvacib alırlar? Amma getmədi və görmədi.

“Neftçi”nin Müşahidə Şurasının futbolu bilən, bilməyən üzvləri təxminən 10 gündü danışırlar. Hər şeydən, təkcə əsas məsələdən savayı. Mənim üçün futbol veteranları Səməd Qurbanovun, Mübariz Zeynalovun nə danışdığı maraqlı deyil. Zatən onların Azərbaycan futbolundakı, o cümlədən “Neftçi”dəki problemlərdən danışmayacağı bəllidi. Onlar “neftçibaza”nın çayxanasında oturub iş təklifi gözləyərkən də danışımırdılar, bundan sonra da danışımayacaqlar. Onlar özlərini çoxdan, lap çoxdan “yandırıblar”. Mənim üçün heç Çingiz Abdullayevin də “yanması” maraqlı deyil. Dostu Elşad Nəsirovun yolunda özünü yandırırsa, “çırtaçırtla yansın” deyib, alqışlayıram.

Amma Bəhram Bağırzadənin “yandırılmasına” yanacam. Adamın istedadına kimsə şübhə edə bilməz. Başına kepqa qoyaraq tipik azərbaycanlı obrazına girmək, sonra da bu obrazla bağlı stereotipləri darmadağın etmək. Özü də Moskvada. Kepkalı azərbaycanlı saxtakardı, dələduzdu, qabadı, savadsızdı rus üçün. Amma Bəhram o düşüncəni “yedizdirdi” ruslara. Özü də Moskvada.

Yadımdadı, “Komanda” qəzetinə verdiyi müsahibədə belə demişdi: “Bilirsiz, biz niyə uğur qazandıq? Ona görə ki, bizim Anar Məmmədxanov kimi kapitanımız vardı. Onun yaratdığı mühitdə istedadını göstərmək, özünü sübut etmək çox asan idi”.

Bəhram Bağırzadə istedadlıdı. Buna heç kim şübhə edə bilməz. Hətta futbolu da gözəl bilir. Hətta Azərbaycan futbolunun spesifik xüsusiyyətlərini də, problemlərini də. Və güman edir ki, bu problemlərin həllinə yardımçı ola bilər. Amma yanılır. Özü də “yandırılmaq” bahasına yanılır. Bəhram Bağırzadə, burda Anar Məmmədxanov kimi kapitan, burda sən deyən yaradıcı mühit yoxdu. Burda cinayətkar aləmə məxsus ab-hava var. Burda istedadları inkişaf etdirmirlər, burda istedadları “yandırırlar”. Heyf səndən. Yanmaq var, yanmaq var də. Day, Elxan Məmmədova görə yanmaq nədi, ay Bəhram?

Oxumağa davam et
Reklam
Reklam

Gündəm