Ərəb bankları Azərbaycana gətirilir – ÖZƏL
Bizi izləyin

Nida.az

Ərəb bankları Azərbaycana gətirilir – ÖZƏL

Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov Prezident İlham Əliyevin Səudiyyə Ərəbistanına səfərinin nəticələrinə münasibət bildirib.

YAP-çı deputat Publika.az-a açıqlamasında deyib ki, Prezident İlham Əliyevin Səudiyyə Ərəbistanına səfəri uğurlu və müqəddəs ziyarət idi. Onun sözlərinə görə, keçirilən rəsmi və qeyri-rəsmi görüşlər böyük əhəmiyyət kəsb edir: “Prezident İlham Əliyevin Səudiyyə Ərəbistanında keçirdiyi həm rəsmi görüşlər, həm də müqəddəs yerlərin ziyarəti çox uğurlu olub. Hər bir müsəlmanın da ən böyük arzusudur ki, bu cür Ümrə ziyarəti həyata keçsin”.

S.Novruzov Səudiyyə Ərəbistanının dünya siyasətində böyük rola malik olduğunu söyləyib: “Bilirsiniz ki, Səudiyyə Ərəbistanı dünya siyasətində öndə gedən ölkələrdən biridir. İstər iqtisadiyyatı, istər neft siyasəti, istərsə də Yaxın və Orta Şərqdə baş verən proseslərə təsir etmək baxımından rolu və əhəmiyyəti böyükdür. Ona görə də Azərbaycan Prezidentinin indiki məqamda Səudiyyə Ərəbistanına səfəri çox vacib və səmərəlidir”.

Prezident İlham Əliyevin Səudiyyə Ərəbistanı rəsmiləri ilə neftin ucuzlaşmasından danışıb-danışmaması məsələsinə də toxunan S.Novruzov deyib: “Burada başqa məsələlər də var. Birincisi, Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında hər zaman isti münasibətlər olub. Vaxtilə ulu öndər Heydər Əliyev də Səudiyyə Ərəbistanına səfər etmişdi və Ümrə ziyarətində olmuşdu. Həmin vaxtı cənab Prezident də ümummilli lideri müşayiət edirdi. Keçirilən görüşlərdən də göründüyü kimi, cənab Prezident İlham Əliyevin Səudiyyə Ərəbistanına səfəri çox yüksək qarşılandı. Müəyyən məsələlər ətrafında da geniş fikir mübadiləsi aparıldı. Azərbaycan və Səudiyyə Ərəbistanı neft ixrac edən ölkələrdir. Odur ki, hər iki ölkə rəhbərinin görüşüb fikir mübadiləsi aparması və perspektivləri müzakirə etməsi təbiidir. Həmçinin cənab Prezident Azərbaycan və Səudiyyə Ərəbistanı bankları arasında birgə fəaliyyəti ilə bağlı müzakirələr aparıb və razılıq əldə olunub. Müştərək banklar olacaq. Yəqin ki, Səudiyyə Ərəbistanı banklarının Azərbaycanda filialları açılacaq. Detallar mənə tam bəlli olmasa da, bu istiqamətdə danışıqlar getdiyini bilirəm. Ona görə də səfər çox uğurlu olub”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm