200 illik “zibilxana”: Bakıdakı qədim hamam kompleksi niyə dağılır? - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

200 illik “zibilxana”: Bakıdakı qədim hamam kompleksi niyə dağılır? - FOTOLAR

Paytaxtın Xəzər rayonu, Buzovna qəsəbəsi, Hüseynqulu Sarabski küçəsi 34 ünvanında yerləşən tarixi abidə - qədim hamam baxımsızlıq üzündən zibilxanaya çevrilib.

Publika.az xəbər verir ki, ötən əsrlərə aid qədim tarixi-mədəni abidə mühafizə olunmadığından qəsəbə sakinləri məişət əşyalarını onun həyətinə atırlar. İllər ərzində əraziyə atılmış məişət tullantıları nəticəsində qədim hamamın həyətində böyük zibilxana yaranıb. Buna görə də qəsəbənin sahibsiz itləri, siçanlar və pişiklər axşamlar bura üz tutaraq zibilxanada eşələnir, özlərinə yem axtarırlar. Buzovna sakini, kiçik elmi işçi, türkoloq Ələkbər Zeynalov bildirdi ki, qədim hamam son vaxtlara qədər fəaliyyət göstərirmiş: “Bu hamam təqribən XVIII əsrin sonu XIX əsrin əvvəllərinə aid olan tarixi abidədir. Hamam məşhur memar suraxanılı Əlbəndə tərəfindən inşa edilib. Qəsəbə sakinləri onu “Təhməzov” hamamı adlandırırlar”.

Qaydaya əsasən hamamın xidmətlərindən həftənin bazar ertəsi və cümə axşamları günü qadınlar, digər günlərdə isə kişilər istifadə edirmiş: “Hamamın içində xüsusi kabinələr vardı. Abidə kəsmə yox, xüsusi yonulmuş daşlardan inşa olunub. Hamamın qarşısında onun xüsusi gülxanı (istilikxana-müəl) vardı. Habelə içərisində xəzinəsi, mərkəzində çarhovuzu yerləşirdi. Bu abidə eynilə “O olmasın, bu olsun” filmindəki hamam kimi inşa edilmişdi. Daxili memarlıq üslubu, ornamentlər bu hamam inşa olunarkən də gözlənilmişdi. Günbəz, yerə döşənmiş qızdırıcı sal daşlar, daxili tüstü borusu onun qədim hamam olduğunu sübut edirdi. Çimməyə gələnlər yerə döşənmiş, qızdırılmış sal daşların üzərinə uzanır, dincəlirdilər. Bu, müxtəlif oynaq xəstəliklərinin qarşısının alınmasında əla vasitə idi. Əvvəllər hamamın çox gözəl görünüşü və arxitekturası vardı. Burda suyun axması borular vasitəsilə deyil, novlar vasitəsilə baş verirdi”.

Tarixi abidə sovet dövründə Hamam-Camaşırxana Trestinin balansında olub. Onun köməkçi hissələri isə sovet dövründə Hamam-Camaşırxana Tresti tərəfindən inşa edilib: “Sovet hökuməti dağıldıqdan sonra həmin trestin fəaliyyətinə xitam verildi. Həmin səbəbdən hamam da nəzarətsiz qaldı. Sakinlər bu qədim abidədən sonuncu dəfə hamam kimi ötən əsrin 80-ci illərin ortalarında istifadə ediblər. Lakin sonradan abidə baxımsız vəziyyətə düşdü. Buna səbəb qəsəbəyə verilən qazın kəsilməsi oldu. Mavi yanacağın kəsilməsindən sonra sakinlər odundan istifadə etməyə məcbur oldular. Hamam-Camaşırxana Trestinin tabeliyində olan abidənin müdiri burada bir müddət avtomobil şinlərindən yanacaq kimi istifadə etdi”.

Hələ sovet dövründə su borularını kəsib yeniləri ilə əvəzləyiblər. Hamamdan gəlir əldə etmək üçün burada müəyyən təmir və kosmetik işlər aparılıb və o, sakinlərin istifadəsinə verilib: “Bir neçə il əvvəl sakinlərdən biri hamamı xeyriyyə məqsədilə işlədirdi. Həmin şəxs burdan müəyyən qədər gəlir əldə etdi. Lakin sonradan kimsə hamamı bərbad vəziyyətə saldı. 1982-ci ildən kəndimizə verilən qaz kəsildi. Həmin səbəbdən bir müddət hamamı qızdırmaq üçün avtomobil təkərlərinin şinindən odun kimi istifadə etdilər”.

Müsahibim qeyd etdi ki, son vaxtlar hamamın belə acınacaqlı vəziyyətə düşməsi ilə bağlı maraqlananlar çoxdur. Hətta abidənin arxitekturasının sxemini çəkənlər də olub: “Onun çertyojunu çəkənlər də var. Bildiyimə görə, burada tarix diyarşünaslıq muzeyi açmaq istəyirdilər. Lakin görünür, bundan ötrü müəyyən miqdarda maliyyə vəsaiti ayrılmalı, habelə ərazi kənar əşyalardan təmizlənməlidir. Məndə olan məlumata görə, hamamı hasara alan şəxs bir zamanlar bu abidəni inşa etdirmiş adamlardan birinin nəticəsidir. O, ərazini hasara alıb ki, hamamın qarşısına zibil tökməsinlər. Həmin şəxs zibilyığan maşınlar vasitəsilə onun ərazisini təmizlətdirdi. Lakin təəssüf ki, abidə baxımsız və nəzarətsiz olduğundan sakinlər yenə onun ərazisinə zibil tökürlər. Hətta ölmüş heyvanların leşini də basdırmaq əvəzinə gətirib bura atırlar”.

Onun sözlərinə görə, qəsəbənin bəzi yerlərində zibil yeşikləri olsa da, sakinlər məişət tullantılarını gətirib bura atmaqda davam edirlər: “Buna görə də hamamın ərazisi zibilxanaya çevrilib. Mənim evim yaxınlıqdadır. Abidənin baxımsız hala düşməsi bir yana, təəssüf ki, yayda zibilin xoşagəlməz iyi, üfunət əlindən burada dayanmaq olmur. Adam zibil iyindən nəfəs ala bilmir. Əvvəllər hamamın xüsusi quyusu da vardı. Lakin kimsə quyunu torpaqla doldurdu. Görünür, bəziləri tikməyi yox, sökməyi, dağıtmağı daha çox bacarır”.

Hamam təxminən beş il bundan əvvəl hasarlanıb: “Qədim tikilinin, abidəmizin bu vəziyyətə düşməsi, baxımsızlıq bizim ürəyimizi ağrıdır. Onun təmiri, onun tarixi abidə kimi əvvəlki vəziyyətinin bərpa olunması məsələsini həll etmək lazımdır. Əgər bu xüsusi mülkiyyətdirsə, deməli müvafiq dövlət orqanının balansından çıxarılıb. Son illər burda heç bir təmir işi aparılmayıb. Çox istərdim ki, hamamı tarix diyarşünaslıq muzeyinə çevirsinlər”.

Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin sektor müdiri Arif Əliyev Publika.az-a açıqlamasında hamamın adının tarixi mədəniyyət abidəsi kimi nazirliyin siyahısına salındığını dedi. Bildirdi ki, nazirlik tərəfindən müvafiq araşdırma aparılacaq və hamam nəzarətə götürüləcək: “Biz həmin əraziyə baş çəkərək, həmin abidəyə baxış keçirəcək, araşdırma aparacağıq. Bundan sonra müvafiq tədbirlər görüləcək”. O ki qaldı abidənin mühafizəsinə, nazirlik rəsmisi qeyd etdi ki, Azərbaycan Respublikasının Konstitusiyasına əsasən tarixi abidəni qorumaq hər bir vətəndaşın borcudur.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm