Sayrışan rəngləriylə kraliçaları belə valeh edən daş - FOTOLAR
Bizi izləyin

Layihə

Sayrışan rəngləriylə kraliçaları belə valeh edən daş - FOTOLAR

Göyqurşağı daşı

Dünyadakı ən maraqlı və qeyri-adi daşlardan biri də opaldır. Bu daşın adı yunan dilindəki "rəng dəyişikliyini görmək" mənasını verən "opali ious" ifadəsindən alıb. Arxeoloji tapıntılar sübut edir ki, bu daş tarixdə müxtəlif ölkələrdə "göyqurşağı daşı", "göz daşı" və ya "dünyanın gözü" adlarıyla tanınıb. Opal sanskrit dilində qiymətli daş deməkdir.

Publika.az-ın "Mücrü" layihəsində gözəlliyi və faydaları ilə kraliçaları, dünya ulduzlarını özünə valeh edən opal daşı haqqında oxuyacaqsınız.

Opal daşı, adətən - ağ, narıncı, qırmızı, sarı, mavi, qara, yaşıl, bənövşəyi rənglərdə olur.

Roma dövründə zümrüddən sonra ən dəyərli daş hesab edilib.

Opal daşına isti su qaynaqlarına yaxın yerlərdə və nikel mədənlərinin yaxınlıqlarında daha çox rast gəlinir.

Yeraltı suların qayalar arasındakı boşluqlarında yığılıb qalması nəticəsində yaranır.

Opal daşı çıxarıldıqdan sonra axar su altında 5 dəqiqə yuyulub təmizlənir. Həmçinin, 1 gün günəş işığı altında və ya basdırılaraq torpaqda saxlanılır. Daha sonra istənilən formaya salınır.

Dünyada opal yataqları baxımından ən zəngin ölkə Avstraliyadır. Onu Meksika izləyir. Bu iki ölkə dünyada opal istehsalının böyük qismini əllərində saxlayır. Bundan başqa, Afrika, Peru və Macaristanda da dəyərli opal yataqları var.

Qonşu ölkə Türkiyədə Afyon, Çanaqqala, Əskişəhər və Kütahya kimi şəhərlərdə də opal çıxarılır.

Kraliçaların sevimli daşı

Opal yüz illərdir ki, zərgərlikdə istifadə edilən bir daşdır. Qədim vaxtlarda ən dəyərli zinət əşyaları opaldan hazırlanıb.

Maraqlıdır ki, opal daşını ən çox Britaniya kral ailəsinin üzvləri seviblər. Tarixdən məlumdur ki, kraliça I Viktoriyanın opal qolbağı çox məşhur olub.

Opala xüsusi sevgisi olan digər bir karliça isə Şarlott olub. O, opal qaşlı incilərlə bəzənmiş üzüyünü çox sevib.

II Yekaterinanın iri, sarı opaldan hazırlanan boyunbağısı olduqca məşhurdur. Kraliça eyni boyunbağının mavi opaldan olanını da hazırlatdırıb.

Opalın işıltısı dünya ulduzlarını da valeh edir

Opal dünya ulduzları arasında da populyardır. Fərqliliyi sevən və bu daşın al-əlvanlığına vurulan bir çox ulduz zümrüd, yaqut, brilyantdan imtina edib opala üstünlük verirlər.

Əfsanəvi aktrisa Elizabet Teylorun göy opaldan hazırlanan zərif sırğası onun incə zövqündən xəbər verib.

Kişi məşhurlar arasında isə müğənni Elvis Preslinin bəyaz opaldan hazırlanan üzüyü həmişə diqqət mərkəzində olub.

Müasir dövrdə isə Rihanna, Teylor Svift kimi ən populyar dünya ulduzları opaldan zinət əşyası taxmaq ənənəsini davam etdirirlər.

Başqalarının brilyant kimi daş-qaşlarla bəzənərək gəldikləri mötəbər dəvətlərə onlar sayrışan ulduzları xatırladan opal aksessuarlarıyla damğa vururlar.

Ən dəyərli opal növləri

Opalın tarix boyu diqqət mərkəzində olmasına səbəb onun qeyri-adi görünüşüdür. Hansı rəngdə olmasından asılı olmayaraq rəngarəng işıqlar saçan bu daş sanki kainatı xatırladır.

Ən dəyərli opal növləri atəş opalı, qara, ağ, kristal və parçalı opaldır. Qara opal çox nadir tapılır. Qara fon üzərində göyqurşağını xatırladan rənglərin harmoniyası göz oxşayır.

Opal çox kövrək daşdır. Onu zərbələrdən, həmçinin, günəş işığından qorumaq lazımdır. Ən dözümlü opal növü parçalı opaldır.

Ağ opal isə ən çox Macarıstanda tapıldığı üçün "Macar opalı" da adlandırılır. Bu daş tərkibindəki qırmızı, mavi, yaşıl ışıltıların çoxluğuna görə qiymətləndirilir. Bu rənglər nə qədər çox hiss edilsə, ağ opalın qiyməti o qədər artır.

Opal ovuc içində saxlanıldıqda rəngini dəyişdirir. Bu xüsusiyyəti olan yeganə daş opaldır.

Təbii opallar bahalı olduğu üçün sintetik opal istehsalı artıb. Sintetik və saxta opalı gerçəyindən ayırmaq elə də çətin deyil. Saxta opallar çox parlaq olmur və tərkibindəki sayrışan rənglər də qəribə görünür. Həyatında bir dəfə opal görən insan onu saxtasından ayırmaqda çətinlik çəkməz.

Opal hansı bürclərə şans gətirir?

Opal xərçəng bürcünün daşı hesab edilir. Tərəzi, Əqrəb, Oxatan və Balıqlar bürclərinə şans gətirir.

Qoç və Buğa bürcünə enerji verir, qız bürcünü isə nəzərdən qoruyur.

Opal oktyabr ayında doğulanların talisman daşıdır. Bu ayda doğulanlar opal daşı gəzdirsələr, gün boyu özlərini enerjili və rahat hiss edərlər.

Ruhi və fiziki sağlamlığın keçikçisi – Opal

Opalın faydalı olmadığı sahə yoxdur desək, yanılmarıq. Bu daş bir çox xəstəliklərin qarşısını alır. Orqanizmdә xәstәlik olduqda opal öz parlaqlığını itirir.

Opal əsəblәri sakitlәşdirir, ürәyin fәaliyyәtini yaxşılaşdırır.

Zehni qüvvətləndirir, yaddaşı gücləndirir.

Bu daş ən çox da gözlər üçün faydalıdır. Gözlərin daha yaxşı görməsini təmin edir, bir sıra göz xəstəliklərindən qoruyur.

Bunun üçün 2-3 dəqiqə opala baxmaq kifayətdir. Opal daşı neqativ duyğuları yox edir. 6-cı hissin güclənməsinə səbəb olur. Dövrümüzün ən böyük problemlərindən olan stressə qarşı çox təsirlidir. Revmatizmdən əziyyət çəkənlər şəfanı bu daşda axtarmalıdırlar.

Böyrək və qan xəstəliklərinin qarşısını alır. Parkinson xəstəliyinin müalicəsi zamanı tövsiyə edilir.

Opal daşı sadəcə fiziki baxımdan deyil, ruhi cəhətdən də güclənməyimizi təmin edir.

İnsanın özünə olan inamını artırır, cəsarət verir. Utancaq insanların bu xüsusiyyətlərini cilovlaya bilmələrini təmin edir. Qorxulu yuxular görməmək üçün gecələr yastığın altına qoymaq olar.

Xüsusilə, qara opal dinclik, güc bəxş edir.

Evlilik, boşanma, iş həyatındakı dəyişikliklərə tez öyrəşməyə kömək edir.

Sevgi və ümidi artırır.

Pul mövzularında da şans gətirir.

Üstəlik, kökəlmək istəməyənlərə opal daşı gəzdirmək tövsiyə edilir. Mütəxəssislərin fikrincə, opal insanı xoşbəxt etdiyi üçün yeməyə daha az ehtiyac hiss edilir. Bu isə kökəlməyin qarşısını alır.

Son vaxtlar opalın klimaks dövründə olan qadınlara da faydalı olduğu üzə çıxıb. Stressi azaldıb, depressiyaya meyilliliyə imkan vermədiyi üçün klimaks dövrünü çətin keçirən xanımlara kömək olur.

Opal daşının təsirini artırmaq üçün onu vaxtaşırı təmizləmək vacibdir. Əks təqdirdə bir müddət sonra daş təsirini itirə bilər.

Opal daşından hazırlanmış zinət əşyalarını ayda bir dəfə sirkəli suyla təmizləmək məsləhət görülür.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm