Dollar qarşısında əriyən valyutalar, “arıqlayan” rus milyarderləri və moda kraliçasının həbs edilən nəvəsi - HESABAT
Bizi izləyin

Hesabat

Dollar qarşısında əriyən valyutalar, “arıqlayan” rus milyarderləri və moda kraliçasının həbs edilən nəvəsi - HESABAT

Yola saldığımız həftə dünya ölkələri valyutalarının dollar qarşısında şam kimi əriməsini müşahidə etdi. Türk lirəsi, gürcü larisi, ingilis sterlinqi, Ukrayna qrivnası dollara nisbətdə zəiflədilər. Əvəzində rus rublu revanş götürdü. 1 dollar 50 rubl, 1 avro isə 54 rubl səviyyəsinə düşdü. Xammal bazarı da maksimuma şahidlik etdi. “Əl-Qaidə” tərəfindən Yəməndə neft terminalının ələ keçirilməsi bazarı silkələdi. Neftin qiyməti 64 dollara qədər bahalaşdı. İş dünyasına gəlincə, “Forbes” jurnalı Rusiyada milyarderlərin siyahısını açıqladı. Lider son 5 ildə ilk dəfə Əlişir Usmanov deyil, Vladimir Potanin oldu. O da aydınlaşdı ki, rus milyarderlərin sərvətləri azalıb.

Başlayaq milli valyutaların dəyər itkisindən. İllərdir dollar və avroya meydan oxuyan İngiltərə funt sterlinqi ölkədə seçki yaxınlaşdıqca digər valyutalar qarşısında dalğalanma sürətini artırır. Seçkiyə üç həftə qalsa da artıq sterlinq dollara nisbətən son 5 ilin ən aşağı səviyyəsinə düşüb. Yaranmış vəziyyət maliyyə bazarlarını və sərmayəçiləri narahat etməyə başlayıb. Onu da bildirək ki, mayın 7-dəki seçkilərdə sandıqdan zəif hökumət çıxarsa, bu iqtisadiyyata mənfi təsir edəcək. Bundan başqa, Avropa Birliyindən ayrılmaq üçün referendumun təşkilini istəyən mühafizəkarların planları suya düşəcək.

Qonşu Gürcüstanda da vəziyyət yaxşı deyil. Larinin sürətlə dəyərdən düşməsi ölkəni maliyyə böhranına aparır. Ekspertlərin rəyinə görə, vəziyyət belə davam edərsə, ölkədə sosial vəziyyət daha da kritikləşəcək. Bu arada nəzərə çatdıraq ki, lari ötən ilin noyabrından bu tərəfə dollara nisbətən 20 faiz dəyərdən düşüb. Vəziyyəti şərh edən Gürcüstan Mərkəz Bankının sabiq rəhbəri Roman Gotsiridzel bildirib ki, dövlətin iqtisadiyyata təsirləri artıb və bu, inkişafa mənfi təsir edir. Kiçik sahibkarlar isə öz növbəsində hazırkı situasiyadan onların daha çox əziyyət çəkdiklərini vurğulayıblar. Rəylərə əsasən, yaxın zamanlarda Gürcüstanda çoxlu sayda kiçik obyektlər bağlanacaq.

Qeyd edək ki, gürcülərin böhran yaşamasının bir səbəbi də Ukrayna böhranı və rublun dollar qarşısında əriməsidir. Bununla paralel ixrac və gəlirlərin düşməsi, xarici sərmayəçilərin ölkəni tərk etməsi ölkə iqtisadiyyatını hər gün daha da zəiflədir. Larinin dəyər itkisi isə illik inflyasiyanın 5 faizə yüksəlməsinə gətirib çıxardıb.

Ukrayna valyutası qrivna isə laridən də pis vəziyyətdədir. Qrivnanın dəyərdən düşməsinin qarşısını almaq üçün hökumət ehtiyatlarının hamısını istifadə edib. Təhlillər göstərir ki, müharibə ölkə iqtisadiyyatını iflic edib. 2014-cü ildə iqtisadi resessiya -6,8 faiz olub. Bu il isə həmin rəqəmin -5,5 faiz olması gözlənilir. İflas etməmək üçün ölkə Beynəlxalq Valyuta Fondundan 17 milyard dollar kredit alıb. Bunun qarşılığında Ukrayna hökuməti iqtisadi islahatlara söz versə də, vacib məsələlər də var. Hansı ki, bura alınan borcların qaytarılması daxildir. Ukrayna maliyyə böhranı ilə üz-üzə olsa da, borc verənlər güzəştə getmək niyyətində deyillər.

Türk lirəsi də dollara nisbətdə şam kimi əriyib yox olur. Qonşu ölkədə 1 dollar 2,70 türk lirəsinə bərabərdir. Bununla da Türkiyənin pul vahidi ilin əvvəlindən 11 faiz ucuzlaşıb. Ümumilikdə dollar bütün dünya valyutalarına qarşı möhkəmlənsə də, lirə 2015-ci ilin ilk rübündə dollara nisbətdə ən çox dəyər itirən pul vahididir.

Regiondakı milli valyuta “genosidinin” səbəbkarı Rusiya isə rublu defoltan xilas etmək üzrədir. Yola saldığımız həftə ərzində rubl dollara qarşı 7,2 faiz, avroya qarşı isə 10,8 faiz güclənib. Hazırda Moskva birjasında 1 dollar 51 rubl, 1 avro isə 54 rubl təşkil edir. Bununla belə, rusiyalı ekspertlər rublun daha da möhkəmlənəcəyinə şübhə ilə yanaşırlar. Nəzərə çatdıraq ki, Mərkəzi Bank uçot stavkasını 17 faizdən 15 faizə endirib. Ondan sonra rubl dollara qarşı 27 faiz, avroya qarşı 32 faiz möhkəmlənib. Bir sıra agentliklərin proqnozlarına əsasən, neftin qiyməti 60 dollar olacağı halda rublun dollara qarşı orta məzənnəsi 57 rubl olacaq. “Danske Bank”ın ekspertləri isə hesab edirlər ki, 3 aydan sonra 1 dollar 60 rubl olacaq.

Rusiya iqtisadiyyatından daha bir xəbər əhalinin yerli mal almaq prinsipinə keçməsidir. Konkret desək, rus xalqının millətçilik damarı yenidən tutub. İdxal qida məhsullarına etiraz edən rus xalqı əlini cibinə ancaq yerli məhsullar üçün atır. Əkinçilik sektorunun inkişafı məsələsi yenidən gündəmə gəlib. Bununla belə ekspertlər hesab edir ki, infrastrukturun dağılması əkinçilik sektorunun əvvəlki günlərinə qayıtmasını mümkünsüz edir.

Dünyanın ən böyük ikinci iqtisadiyyatı Çində iqtisadi artım rəqəmləri yenə gözləntiləri doğrultmayıb. İki rəqəmli nisbətlərə vərdiş edən ölkədə ümumi daxili məhsul ilin ilk rübündə 7 faiz geriləyib, son 6 ilin ən aşağı səviyyəsinə düşüb. Buna da səbəb sənaye sahəsində fəaliyyətin yavaşlaması olub.

Aləmə kredit borcu olan Yunanıstan hələ də beynəlxalq kredit təşkilatları ilə razılığa gələ bilməyib. Nəticədə, dəyən zərər yunan iqtisadiyyatına dəyib. Kredit dərəcələndirmə təşkilatı “Standard and Poors”un ölkənin "B-" kredit qeydini "CCC +" a çəkib. Kredit reytinqinin düşməsinin ardınca Yunanıstanın borcundaki faiz nisbəti də yüksəlib. Artıq tənəzzül riski qaçılmaz sayılır.

Avro Bölgəsində istehlak qiymətlərində artım davam edir. Avropa Statistika Ofisinin (Eurostat) son məlumatına görə, qiymətlər mart ayında fevrala nisbətdə 1,1 faiz yüksəlib. Lakin Bölgədə defilyasiya riski hələ də davam edir. Çünki qiymətlər illik bazda yanvarda 0,6 faiz, fevralda isə 0,3 faiz geriləyib. Martda isə keçən ilin eyni dövrünə nisbətən 0,1 faiz düşüb.

Gözümüz aydın, bir ildir hasilatı azaltmayaraq neftin qiymətinin düşməsini şərtləndirən OPEC gələcək illərdə bazar payını artıracaq. ABŞ-ın Enerji İnformasiya İdarəsinin (EIA) nəşr etdiyi “2015 İllik Enerji Görünüşü” hesabatına görə, öz kvotasını aşan OPEC 31 milyon barel xam neft istehsalı ilə dünya neft bazarında 32,6 faizlik paya sahibdir. Hesabatda təşkilatın bazardakı payının 2020-ci ildə 38,8 faizə yüksələcəyi ifadə edilir. Digər tərəfdən, 2020-ci ildən etibarən OPEC-in istehsal miqdarı, geri qalan istehsalçıların ümumi istehsalından daha çox olacaq.

İş dünyası

Qız uşaqlarının ən sevdiyi oyuncaq “Barbie” artıq əvvəlki kimi satılmır. Bu il 56 yaşını qeyd etməyə hazırlşan oyuncağın satışı 2014-cü ildə 15 faiz azalıb. Pis gedişata son verməyi hədəfləyən oyuncaq istehsalçısı “Mattel” isə həll yolunu “Barbie”ni modernləşmədə tapıb. Belə ki, bundan sonra “Barbie” həm danışacaq, həm də kabelsiz internet əlaqəsiylə uşaqlarla söhbət edə biləcək.

Dünyanın ən məşhur modelyerlərindən sayılan Nina Riccinin nəvəsi Arlette Ricci Fransada vergi qaçaqmalçılığında günahlandırılır. Və o, 3 il həbs və külli miqdarda pul cəzasına məhkum olunub. Məşhur stilist Nina Riccinin nəvəsinin adı “HSBC Bankı”ın Cenevrə şöbəsində çalışan bir məmurun sızdırdığı siyahıda tapılıb. Xatırladaq ki, “HSBC” İsveçrədə ümumi həcmi 100 milyard dollardan çox hesabların vergidən yayınmasına kömək edib. Təxminən 19 milyon avronu vergidən qaçırmaqda günahlandırılan Riccinin vəkilləri iddiadan şikayət verəcəklərini bildiriblər. Yeri gəlmişkən, Fransanın vergi sistemi Riccinin daha 10 milyon avroluq gəlir vergisini də ödəmədiyini irəli sürüb.

Həftənin daha bir maraqlı hadisəsi “Forbes”in Rusiyanın 200 ən varlı iş adamının sərvətini açıqlaması oldu. Əslində siyahını embarqoların, sanksiyaların Rusiya iqtisadiyyatına necə təsir etdiyinin güzgüsü hesab etmək olar. Rus milyarderlərin sərvətinin ümumi həcmi 73 milyard dollara yaxın azalıb. Ən maraqlısı da odur ki, son 5 ildə ilk dəfə “özbək” ləqəbli Əlişir Usmanov siyahının birincisi olmayıb. Bu dəfə milyarderlərə Vladimir Potanin rəhbərlik edir. Xarici mətbuatda Rusiya prezidentinin yaxın adamı kimi təqdim edilən Vladimir Potaninin 15,4 milyard dollar sərvəti var. Rusiyadakı 2014-cü il böhranı onun sərvətini 2,8 milyard dollar artırıb. Siyahının ikincisi Mixail Fridman olub. Üçüncü sırada Əlişir Usmanov yer alıb. Onun sərvəti 4,2 milyard dollar azalaraq 14,4 milyard dollar təşkil edib.

Siyahıda azərbaycanlı milyarderlərə gəlincə, “LukOil” şirkətinin prezidenti Vahid Ələkbərov siyahının 6-cısı olub. Onun sərvəti 1,4 milyard dollar azalaraq 12,2 milyard dollara düşüb. Əmlak kralları Zarax İliyev və Qod Nissanovun isə pulu artıb. Hər iki qubalının ayrı-ayrılıqda 4,3 milyard dolları var. Daha bir həmyerlimiz Araz Ağalarov 46-cı sırada qərarlaşıb. “Krokurs”un sahibinin 1,9 milyard dollar sərvəti var. Artım 0,1 milyard dollardır. Fərhad Əhmədov da siyahıda irəliləyib. Ötən il 69-cu sırada olsa da, bu il artıq 57-ci pillədədir. Sərvətinin həcmi nə artıb, nə də azalıb. F.Əhmədovun hazırda “cəmisi” 1,4 milyard dollar pulu var. “AST” Şirkətlər Qrupunun sahibi Telman İsmayılov bu dəfə 7 pillə geriləyərək 144-cü sırada yer alıb. Onun 0,57 milyard dollar sərvəti var. Sərvəti 0,15 milyard dollar azalıb. Diqqəti çəkən daha bir hadisə ötən il adı siyahıya daxil edilən azərbaycanlı iş adamı İlham Rəhimovun bu dəfə siyahını tərk etməsidir.

Qeyd edək ki, “Forbes”in qiymətləndirməsinə əsasən, 2014-cü ildə Rusiyanın dollar milyarderlərinin sayı 111-dən 88-ə düşüb. 200 nəfərdən 37 nəfəri sərvətini artıra bilib. 27 nəfər isə ötənilki vəziyyətlərini qoruyub saxlayıb. Metallurgiya və daşınmaz əmlak sektorunda fəaliyyət göstərən iş adamlarına böhran elə də təsir etməyib.

Azərbaycan

Gəldik çatdıq öz ölkəmizə. Yola saldığımız həftə Dövlət Statistika Komitəsi 2015-ci ilin birinci rübü üzrə ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəricilərini açıqladı. Ümumi daxili məhsul istehsalı 2014-cü ilin yanvar-mart ayları ilə müqayisədə 5,3 faiz artaraq 11,5 milyard manat təşkil edib, yanvar-mart aylarında Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 6 mlrd. dollara yaxın olub, magistral neft kəmərləri ilə neft nəqli 2,3% artıb, ölkəyə gətirilən avtomobillərin sayı 2 dəfədən çox azalıb, istehlak mallarının qiyməti və xidmət tarifləri mart ayında fevral ayı ilə müqayisədə 0,9 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 1,8 faiz, qeyri-ərzaq mallarının qiymətləri 0,5 faiz, xidmət tarifləri isə 0,1 faiz bahalaşıb. 2014-cü ilin müvafiq dövrünə nisbətən cari ilin yanvar-mart aylarında istehlak mallarının qiymətləri və xidmət tarifləri 2,8 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 3,9 faiz, qeyri-ərzaq mallarının qiymətləri 2,4 faiz, xidmət tarifləri isə 1,6 faiz artıb. Bundan əlavə pərakəndə ticarət şəbəkəsindən əhaliyə 5760,3 milyon manat məbləğində istehlak malları satılıb. Xidmət müəssisələri tərəfindən 1675,6 milyon manatlıq pullu xidmət göstərilib. 2014-cü ilin birinci rübü ilə müqayisədə əmtəə dövriyyəsi 9,6 faiz, pullu xidmətlərin həcmi isə 5,3 faiz artıb. Yanvar-fevral ayları ərzində muzdla işləyənlərin orta aylıq əmək haqqı 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 4,3 faiz artaraq 444,5 manat təşkil edib. 2015-ci ilin yanvar-fevral aylarında dövlət büdcəsinə 2,8 milyard manat vəsait daxil olub, büdcədən 2,7 milyard manat vəsait xərclənib. 2015-ci il martın 1-nə kimi ölkənin maliyyə-kredit təşkilatları hüquqi və fiziki şəxslərə 20,7 milyard manat ekvivalenti məbləğində kredit ayırıb. Verilmiş kreditlərin həcmi 2014-cü il mart ayının 1-i ilə müqayisədə 32,1 faiz artıb. Onun 78,2 faizi və ya 16,2 milyard manatı uzunmüddətli olub. Kreditlərin 1,1 milyard manatının, yaxud 5,5 faizinin ödəmə vaxtı keçib. Əhalinin banklardakı əmanətlərinin məbləği bir il ərzində məzənnə korreksiyası nəzərə alınmaqla 20,3 faiz artaraq mart ayının 1-i vəziyyətinə 7,9 milyard manata çatıb.

Həftənin daha bir önəmli hadisəsi “Forbes”in manatla bağlı rəyi oldu. Nəşr manatı postsovet məkanında ən az devalvasiyaya məruz qalan valyuta adlandırdı.

Məndən bu qədər. Hər birinizə uğurlu həftə sonu tətili. Həyat çox qısadır. Bəzən biçilən ömür istəklərinizə yetmir. Hər günü doya-doya yaşamaq lazımdı...

Leyla Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm