Publika.az-ın xəbəri təsdiqləndi: Konstitusiya Məhkəməsi kredit məsələsinə mayda baxacaq
Bizi izləyin

Digər

Publika.az-ın xəbəri təsdiqləndi: Konstitusiya Məhkəməsi kredit məsələsinə mayda baxacaq

Konstitusiya Məhkəməsi krediti olan şəxslərin borcunu hansı məzənnə ilə ödəməli olduğu ilə bağlı müəmmaya yenidən münasibət bildirib.

Publika.az-ın məlumatına görə, Mərkəzi Bank fevralın 21-də manatın məzənnəsinin devalvasiyası ilə bağlı müvafiq qərar qəbul edib. Həmin qərar vətəndaşlar arasında bir sıra suallar yaradıb.

Konstitusiya Məhkəməsinin açıqlamasında deyilir: “Qeyd edilməlidir ki, hazırda bəzi vətəndaşları kredit borcunun hansı məzənnə ilə qaytarılması sualı maraqlandırır. Mətbuatda bu barədə ayrı-ayrı vətəndaşların fikirləri də yer alıb. Lakin qanunvericiliyə əsasən bununla bağlı son sözü Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi deməlidir. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Göyçay Rayon Məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılması, habelə həmin Məcəllənin 439.1-ci, 439.2-ci və 439.7-ci maddələrinin şərh edilməsi üçün Konstitusiya Məhkəməsinə müvafiq olaraq sorğu və müraciət göndərib. Eyni zamanda, Mülki Məcəllənin bəzi müddəalarına aydınlıq gətirilməsi soruşulur. Həmin sorğu və müraciətə Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən mayın 7-də baxılacaq”.

Məlumatda daha sonra bildirilir: “Hazırda bir sıra məhkəmələrdə bu məsələ ilə bağlı şikayətlərə baxılır və məhkəmə icraatı başlanıb. Bu halda məhkəmələrin hansı mövqe tutmalı olduqları ilə bağlı isə Konstitusiya Məhkəməsi bəyan edir ki, Azərbaycan Respublikasının Konstitusiyasına əsasən, Konstitusiya Məhkəməsi Plenumunun qərarları Azərbaycan Respublikasının ərazisində məcburi qüvvəyə malikdir, o cümlədən məhkəmələr üçün məcburi xarakter daşıyır. Odur ki, məhkəmə qərarlarının obyektiv və hüquqi cəhətdən əsaslı olmasının vacibliyini nəzərə alaraq, məhkəmələr qeyd edilən məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun yekun qərarını gözləməlidirlər”.

Qeyd edək ki, Konstitusiya Məhkəməsinin kredit məsələsinə baxacağı ilə bağlı məsələni ilk olaraq Publika.az aprelin 13-də xəbər verib (http://publika.az/p/71858).

Oxumağa davam et
Reklam
Reklam

Gündəm