Küçə dilənçisi, avara rəssam hakimiyyəti necə ələ keçirdi? - FOTOLAR
Bizi izləyin

Bilgi.az

Küçə dilənçisi, avara rəssam hakimiyyəti necə ələ keçirdi? - FOTOLAR

1889-cu ilin bu günündə Avstriyanın Braunau şəhərində, Aloiz Hitlerin üçüncü arvadından oğlu dünyaya gəldi. Əvvəllər gənc qadına eşq elan etmiş Aloiz sonralar arvadı Klaraya də, onun körpəsinə də çox diqqət ayırmırdı. Bu isə həm qadının, həm də onun körpəsinin qayğılarını artırırdı. Bir sıra davranışları ilə yaşıdlarından seçilən Adolf ipə-sapa yatmır, nizam-intizamı qətiyyən sevmirdi. Almaniyanın gələcək diktatoru hələ erkən yaşlarından özünün intizama, tənqidə, qaydalara nifrətini büruzə verirdi.

Publika.az Nostradamusun əsrlər əvvəl barəsində bir sıra proqnozlar verdiyi qəddar ölkə rəhbəri, XX əsin ən qanlı diktatoru Adolf Hitlerin həyatının ən diqqətçəkən məqamlarını təqdim edir:

Küçə dilənçisi, avara rəssam, əzabların sonu

Əvvəllər kilsə xorunda oxumuş uşaq məşğələlərdən yayınır, yalnız rəssamlıqla maraqlanırdı. Hitlerin bioqrafı Alan Bullok qeyd edir ki, o, iki dəfə sənətşünaslıq məktəbinə daxil olmaq istəmiş, lakin məqsədlərinə nail ola bilməmişdi.

Yeniyetmə yaşlarında məktəbi atmış Hitler Vyanaya üz tutdu. Burada o, müxtəlif cür rəsmlər çəkməklə dolanmağa çalışırdı. Ancaq çəkdiyi rəsmlər keyfiyyətli olmadığından onları satıb pul qazana bilmir, saatlarla küçələrdə avaralanmalı olurdu. Heç kimlə dil tapmayan, özü barəsində yüksək fikirdə olan Hitler doğmalarına da qaynayıb-qarışmır, üzləşdiyi maddi sıxıntılarda hamını günahkar sayırdı. O, anasını gənc yaşlarında itirdikdə daha da bədbinləşdi. Kiçik otaqda kirayədə yaşayan Hitler getdikcə hələ uşaq yaşlarından oxumağı ona tövsiyə etmiş anasının haqlı olduğunu anlayır, bu səbəbdən də kitab oxumağa üstünlük verirdi. Bu vaxt artıq iyirmi yaşına keçmişdi. Valideynindən miras qalmış pulları xərcləyib qurtarmış avstriyalı kirayə pulunu da ödəyəcək maddi imkana malik deyildi. Küçələrdə dilənən istedadsız gənc yenicə dostlaşdığı bir nəfərlə dolanışıq mənbəyi axtarmağa başladı. O, bir müddət xeyriyyə cəmiyyətlərindən birinin təşkil etdiyi sığınacaqda gecələməyə, sonra isə, ümumiyyətlə, orada yaşamağa başladı.

24 yaşından etibarən Almaniyada yaşamaq qərarına gələn Hitler bu ölkənin ən gözəl şəhərlərindən olan Münheni özünə daimi yaşayış məskəni seçdi. O, Almaniyada nasistlərin əsas fəaliyyət mərkəzlərindən olan bu şəhərdə millətçilərə qoşularaq onların antisemit nəzəriyyələri ilə tanış oldu.

Birinci Dünya müharibəsinin başlanması işsiz-gücsüz, gününün bir hissəsini avaralıqla, bir hissəsini isə kitab oxumaqla keçirən 25 yaşlı Hitler üçün yeni "iş", "dolanışıq" yerinin əldə edilməsi idi. Könüllü şəkildə ordu sıralarına gedən Hitlerin yemək, pulsuzluqdan əziyyət çəkmək iztirablarını döyüşlərdə iştirak əzabları əvəz etdi. 36 ağır döyüşdə iştirak etmiş kapral öz xidmətlərinə görə birinci dərəcəli Dəmir Xaçla mükafatlandırıldı. Dəfələrlə yaralanmış avstriyalı döyüşçü sonuncu dəfə hospitalda müalicə olunarkən Almaniyada kardinal ictimai-siyasi dəyişikliklərin, o cümlədən inqilabın baş verməsi xəbərini eşidib məyus oldu.

İşsizliyin, aclığın, inflyasiyanın açdığı hakimiyyət yolu

Müharibənin gözlənilmədən başa çatması, Almaniya üçün təslimçi sülh müqaviləsinin imzalanması Hitlerin siyasi fəaliyyəti üçün yeni dövrün başlanğıcı idi. 1919-cu ilin əvvəllərində Anton Drekslerin nasist təşkilatına qoşulan Adolf tədricən burada fəallardan birinə çevrildi. Bir il sonra nasistlərdən bəziləri onu çox yaxşı tanıyırdılar. Tədricən aktiv siyasi partiyaya çevrilən təşkilatın Almaniya Nasional Sosialist Fəhlə Partiyası adlandırılması Adolfun təklifi ilə reallaşdı. Adolf buradakı aktiv fəaliyyətinin ikinci ilində partiyanın rəhbəri vəzifəsinə yiyələndi. O həm partiyadaşlarını, həm də xalq kütlələrini nitqləri, psixoloji təsir vasitələri ilə, aldadıcı vədlərlə, populist çıxışlarla özünə cəlb edir, müxtəlif vasitələrlə tərəfdar toplayırdı.

Bu şəxslər arasında fəal nasistlər və müharibə veteranları – German Gerinq, Rudolf Hess, Henrix Himler, Ernest Rem və digərləri vardı.

Lakin partiyanın yeni sədrinin avantüraya əl ataraq çevriliş yoluyla hakimiyyətə gəlmək istəyi onun həbs edilərək dəmir barmaqlıqlar arasına düşməsinə səbəb oldu. Nasistlərin əhali arasında geniş dayaqlarının olmaması, ən əsası isə Almaniyada çevriliş üçün əlverişli şəraitin yaranmaması hitlerçilərin dövlətin sükanı arxasına əyləşmək planlarını pozdu. Bütün bunlara baxmayaraq Hitler həbsxanada da dinc dayanmadı – onun dəmir barmaqlıqlar arasında yazdığı "Mənim mübarizəm" kitabı sonralar nasistlərin fəaliyyət proqramına çevrildi.

Birinci Dünya müharibəsindən sonra respublikaya çevrilmiş, bir sıra demokratiya prinsiplərinin bərqərar olduğu Almaniyada ən böyük problem ölkənin külli miqdarda təzminat ödəməsi, ərazisinin bəzi hissələrinin düşmən ölkələrə birləşdiriliməsi, inflyasiyanın, işsizliyin ən yüksək həddə çatması idi. Müharibə veteranları döyüş əməliyyatlarının gözlənilmədən dayandırılmasından sarsılmışdılar. Ölkə əhalisinin böyük qismi inflyasiyadan, işsizlikdən, yoxsulluqdan və aclıqdan əziyyət çəkirdi. Həmin dövrü olduğu kimi xatırlayan almanlardan biri xatirələrində qeyd edir ki, bir dəfə o, çörək və kolbasa üçün nə az-nə çox 4 milyard marka pul ödəmişdi. Əhali tez-tez küçələrə çıxır, yoxsulluğa, işsizliyə, aclığa son qoyulması tələbləri ilə kütləvi etiraz aksiyaları keçirirdi. Qərb dövlətləri, habelə ABŞ Almaniya iqtisadiyyatını dirçəltmək planlarını işə saldılar. Bu, ayrı-ayrı ölkələrə ödənilən təzminatın miqdarının azaldılması, eləcə də Almaniyaya kreditlərin verilməsində özünü göstərirdi. Lakin bu da işə yaramadı. 1929-cu ildə bəzi nəhəng dövlətlərdə başlayan dünya iqtisadi böhranı Almaniyanı da yaxaladı. Nəticədə ölkədə milyonlarla işsiz kütləsi meydana gəldi, vergilər çoxaldıldı, maaşlar isə azaldıldı. 1928-ci il seçkilərdə əhalinin cəmi 2,6 faizinin səsini toplamış nasistlər əlverişli şəraitdən öz məqsədlərini reallaşdırmaq üçün istifadə etməyə başladılar. Hitler və tərəfdarları aldadıcı vədlərlə kütlələri, xüsusən yoxsulları, işsizləri, müharibə veteranlarını, hətta orta təbəqəni və bir sıra sənayeçiləri, bankirləri belə, öz tərəflərinə çəkə bildilər. "Əgər mənə qoşulsanız, sizin bütün problemlərinizi həll edərəm" – deyən Hitler Veymar Respublikasının əleyhdarları, o cümlədən bir sıra iş adamlarının dəstəyi ilə prezident Hindenburq tərəfindən 1933-cü il yanvarın 30-da reyxkansler təyin olundu.

Terror, kütləvi həbslər, diktatura, gestapo rejimi

Sağ partiyaların ittifaqı yaradılmış kökumətdə kansler vəzifəsini tutan Hitler tədricən öz səlahiyyətlərini genişləndirərək "Xalqı və dövləti müdafiə etmək" fövqəladə qanunu ilə şəxsi hakimiyyətini daha da gücləndirdi. "Rəqiblərimiz bizi dözümsüz adlandıqmaqda bəlkə də haqlıdır" – deyirdi Hitler. Və əlavə edirdi: "Görünür Almaniyada 30 partiyanın olması onlar üçün adidir. Ancaq mən bəyan edirəm ki, heç bir siyasi təşkilatla, sosial qrupla əməkdaşlıq etməyəcəyik. Biz yalan vədlər vermirik və aldatmırıq. Əmin edirəm ki, Almaniyada işsizliyin, yoxsulluğun kökünü birdəfəlik kəsəcəyik".

30 yanvar axşamı küçələrdən təbil sədaları və marş altında sıravi addımlarla ötüb keçən hücumçular dəstəsi nasistlərin hakimiyyətə gəldiyini elan etdilər. Bir neçə gün sonra faşistlər Reyxstaqın binasını yandırıb, bunun günahını kommunistlərin üzərinə atdılar. Elə həmin axşam kütləvi həbslər başladı. Zindanlar antifaşistlərlə dolduruldu. Hitler daha sonra nasist partiyası istisna olmaqla bütün siyasi təşkilatların fəaliyyətini qadağan etdi. Ölkədə kütləvi terror, həbslər başladı. Nasistlərin ilk həbs düşərgələri – Daxau da təxminən bu vaxtlar öz qapılarını faşistlərin düşmənlərinin üzünə açdı. Onlar arasında sosial demokratlar, kommunistlər, yəhudilər, konservatorlar, hətta alman deputatları da vardı. Nasistlər on minlərlə qaraçını, homoseksualı da ölkədən pərən-pərən saldılar, bir qismini isə qırdılar. Ölkədə kütləvi həbslər başladı. Yəhudilər alman vətəndaşlığından məhrum olundular. Onların bir qismi ölkədən qovuldu, bir qismi isə işgəncələrə, terrora, həbslərə məruz qaldılar. Almaniyanın bir sıra ziyalıları, o cümlədən yazıçılar, alimlər, şairlər, müəllimlər, siyasətçilər Avropaya və ABŞ-a mühacirət etməyə məcbur oldular.

Şəxsi həyatına gəlincə, Hitler heç kimə inanmır, etimad göstərmirdi. "Yer üzündə inandığım iki canlı var: - Yeva və itim" - deyən alman füreri yanılmamışdı. Yeva Braun doğrudan da ona sadiq qalaraq son ana qədər bunkeri tərk etməyərək sevimli Adolfu ilə birlikdə özünü öldürdü. Hitler dünyanın qanlı diktatorları içində ən az evli olan şəxsdir. O, 1945-ci il aprelin sonunda Yeva Braunla nikaha girdikdən az sonra intihar etdi.

Nasist partiyasının lideri tədricən nəzərlərini vaxtilə ona maddi və mənəvi dəstək vermiş "SA" rəhbəri, hakimiyyəti ələ keçirmək gəlmək şansı böyük olan keçmiş ordu kapitanı Ernest Remlə alman ordusu arasındakı ziddiyyətlərə yönəltdi. Rem onun dəstələri çox güclü idi. Elə bu ərəfələrdə Henrix Himlerdən gələn, fürerə Ernestin hakimiyyət çevrilişi etməsini inandıran donos da həlledici təsirini göstərdi. Rem başda olmaqla "SA"-nın 100-ə qədər yüksək rütbəli zabiti 1934-cü ilin iyununda həbs edilib məhkəməsiz güllələndi. "SA"-nın strukturu və rəhbərliyi dəyişdirildi. Yarımhərbiləşmiş struktura Henrix Himler rəhbərlik etməyə başladı. Həmin struktur tezliklə alman fürerinin şəxsi təhlükəsizliyini təmin edən ən nüfuzlu quruma çevrildi. Avqustun 2-də Hindenburqun ölümü ilə Almaniyada tam diktatura bərqərar oldu. Hindenburq hələ dəfn olunmamış Hitler alman xalqının qanunsevərliyindən istifadə edərək hakimiyyətini gücləndirəcək daha bir addımı atdı. O, Almaniya qoşunlarının şəxsi heyətinə özünə sadiq olacağı haqda and içdirdi. İki barmaqlarını yuxarı qaldıraraq and içən on minlərlə faşist əsgər və zabiti fürerə son damla qanlarınadək sadiq qalacaqlarına bildirdilər. Faşist əsgərinin xatirələrindən: "Andı pozmaq bizim üçün ən böyük rüsvayçılıq idi. Əgər and, yaxud intihar seçimi qarşısında qalsaydıq, biz mütləq ikincini seçərdik - intihar etmək".

Bir-birinin ardınca Avropa dövlətlərini işğal edən alman əsgərləri ayaq basdıqları torpaqlarda qürrələnirdilər. Özgə torpaqları uğrunda döyüşən faşist əsgərlərindən biri anasına məktubunda yazırdı: "Biz məğlubiyyətin nə olduğunu bilmirik". Anası isə ona belə cavab verirdi: "Oğlum, bu müharibə cinayətdir və biz hamımız buna görə cavab verməli olacağıq".

Beləcə, 80 milyonluq alman xalqı və dövləti Adolf Hitlerin, onun komandasının əsirinə çevrildi. Hitler təkcə özü deyil, komandasının rəhbər üzvləri – Yozef Gebbels, German Gerinq, Henrix Himler, Rudolf Hess, Albert Şpeyer də ötən əsrin ən böyük cinayətkarlarından idilər. Faşistlərin və onların müttəfiqlərinin imperialist, kapitalist ölkələri ilə birlikdə səbəbkar olduqları İkinci Dünya Müharibəsi 55 milyondan çox insanın məhvinə səbəb oldu. 60 ölkənin qatıldığı müharibədə ölənlərin böyük əksəriyyəti mülki şəxslər, günahsız insanlar idi. Nasistləri Almaniyadakı zorakı hakimiyyətlərindən uzaqlaşdırmaq üçün antifaşist koalisiyası dövlətləri bu ölkəni tamamilə əzmək, parçalamaq, böyük şəhərləri bombardmanla dağıtmaq, 13,6 milyon vətəndaşı məhv etmək məcburiyyəti qarşısında qaldılar.

P.S. Hitlerin Almaniyadan didərgin saldığı general Lüdendorf böyük uzaqgörənliklə 12 il əvvəl – faşistlərin hakimiyyətə gəldikləri 1933-cü ilin 30 yanvarında dostu, prezident Hindenburqa məktubunda yazmışdı: "Siyasətdən o qədər də başı çıxmayan bu qəddar sonda Almaniyanı böyük bəlaya düçar edəcək".

Lüdendorf haqlı idi.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm