Paytaxtın ünvansız ünvanları: Mən səni görmək istəsəm, hara gəlim?! - ARAŞDIRMA
Bizi izləyin

Qırmızı.az

Paytaxtın ünvansız ünvanları: Mən səni görmək istəsəm, hara gəlim?! - ARAŞDIRMA

Paytaxtın nisbətən uzaq yerlərinə, xüsusən Bakıətrafı qəsəbələrə qonaq çağırılanlar, yaxud şəhərimizə qonaq gələnlər bu problemlərlə tez-tez üzləşirlər – ilk dəfə qonaq getdiyin ünvanı böyük çətinliklə tapmaq, yaxud saatlarla tapa bilməmək. Belə olduqda, adətən, qonaq çağıranlar qonaq gedənlərə öz evlərini belə işarə verirlər: “Filan mağazanın yanındakı filan darvazanı döyərsən”, “Hündür su çəninin arxasındakı ev bizimdir”, “Filan şadlıq sarayı ilə üzbəüz həyət”. Bu cür problemlərin yaranmasının bir əsas səbəbi var - bir sıra küçələrin adlarının olmaması, yaxud adsız küçələrin sakinlər tərəfindən müxtəlif şərti adlarla adlandırılması. Qeyd edək ki, paytaxtın Xəzər, Suraxanı, Qaradağ, Sabunçu və digər rayonlarının ayrı-ayrı qəsəbələrində onlarla belə adsız küçə mövcuddur. Bəzi yerlərdə onları “Çöllük”, “Birinci küçə”, “Əsas döngə”, “Daşlı məhəllə” adlandırırlar. Problemin mahiyyəti təkcə bununla yekunlaşmır. Məsələ burasındadır ki, adsız küçələrdə elə adsız, qeyri-müəyyən ünvanlı evlər, mənzillər var. Bir sıra küçələrin adları olmadığından vətəndaşlar da mənzillərini nömrələyə bilmirlər. Şübhəsiz ki, bundan çətinlik çəkən təkcə sakinlər, qonaq gedənlər yox, həm də ayrı-ayrı dövlət orqanlarının əməkdaşlarıdır. Hər hansı sakinin səhhəti pisləşdikdə Təcili Tibbi Yardım Stansiyasının əməkdaşları həmin mənzili böyük çətinliklə axtarıb tapırlar. Vaxt aparan bu proses isə həm xəstənin həyatı üçün təhlükə riskini artırır, həm də tibb işçiləri üçün əlavə çətinliklər yaradır. Bu sözləri qaz və ya su xətlərində qəzalar baş verdikdə çətinliklərlə üzləşən sakinlər barəsində də söyləmək mümkündür. Habelə mənzillərdə hər hansı yanğın hadisəsi baş verdikdə küçələrin adlarının olmaması, yaxud qeyri-müəyyən olması səbəbindən yanğınsöndürənlər qəza yerinə vaxt itkisi ilə çata bilirlər. Sual olunur, nə üçün paytaxtın nisbətən ucqar yerlərinin, xüsusən Bakıətrafı qəsəbələrin adsız, ünvansız küçə problemləri bu günə qədər həllini tapmayıb?

“Əməkdaşlarımız tibbi yardıma gedəndə çətinliklərlə üzləşirlər”

Bakı şəhər Təcilli və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev Publika.az-a bildirdi ki, stansiyanın əməkdaşları adsız küçələrdə yaşayan sakinlərə tibbi xidmət göstərməyə gedərkən qeyri-müəyyən ünvanları tapmaqda çətinlik çəkirlər: “Əməkdaşlarımız əsasən qəsəbələrdə vətəndaşlara tibb yardım göstərməyə gedəndə bir sıra çətinliklərlə üzləşirlər. Çünki ünvanların qeyri-müəyyən olması səbəbindən bəzən mənzilləri müəyyənləşdirmək müəyyən qədər vaxt aparır. Lakin paytaxtın mərkəzi yerlərində bununla bağlı hər hansı problem yoxdur. Bakının mərkəzində bütün küçələrə ad verildiyindən ünvanları asanlıqla müəyyənləşdiririk. Habelə yeni salınmış qəsəbələrdə ünvanları müəyyənləşdirməkdə bir sıra çətinliklər ortaya çıxır. Məsələn, 28 May qəsəbəsində bu cür problemlər mövcuddur. Habelə Qaradağ rayonunun Sahil qəsəbəsinin bir hissəsində də tibbi yardıma ehtiyacı olan sakinlərin yaşadıqları evləri müəyyənləşdirməkdə bəzi çətinliklər ortaya çıxır”.

Bakı şəhər Təcilli və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi tibb işçilərinin bu problemi telefon rabitəsi ilə həll etdiklərini qeyd etdi: “İşçilərimiz problemi əsasən telefon əlaqəsi ilə həll etməyə çalışır, bu cür ünsiyyətlə həmin ünvanların yerini müəyyənləşdirərək vəziyyətdən çıxış yolunu tapırlar”.

“Bizim həmin ərazilərdə işıq dayağımız və xəttimiz var”

“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev ASC əməkdaşlarının adsız küçələr problemindən az əziyyət çəkdiyini dedi. O, bunu obyektiv səbəblərlə əlaqələndirdi: “Bizim ən azından həmin ərazilərdə işıq dayağımız və xəttimiz var. Harada ev tikilirsə, məhəllə varsa, küçə abadlaşırsa, əməkdaşlarımız ora gedir, xüsusi koda əsasən işlərini görürlər. Bizə müraciət edən vətəndaşlara texniki şərt, arayış verilir. Vətəndaşların şəxsiyyət vəsiqələrinin əsasında abonentə kod açılır. Vətəndaşların yaşadıqları ünvanları həmin kod əsasında müəyyənləşdiririk”.

“Adların verilməsi komitənin səlahiyyətinə aid deyil

Əmlak Məsələləri Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Qulu Xəlilov isə dedi ki, küçələrə adların verilməsi Bakı şəhər rayonlarının icra hakimiyyətlərinin səlahiyyətində olan məsələdir. Ünvansız küçələrə yeni adların verilməsi komitənin səlahiyyətinə aid deyil: “Hər hansı küçəyə adın verilməsi Əmlak Məsələləri Dövlət Komitəsinin səlahiyyətinə aid məsələ deyil. Biz yalnız küçələrə onların adlarını elan edən bildirişlərin vurulmasını təmin edirik. Hal-hazırda bununla bağlı işləri davam etdiririk. Paytaxt böyük şəhərdir. Bu işləri qısa müddət ərzində yekunlaşdırmaq çətindir. Harada küçənin adını elan edən bildirişlər, elanlar yoxdursa, onların adları yazılaraq yapışdırılır. Güman edirəm ki, bununla bağlı bütün işlər ilin sonuna qədər yekunlaşacaq”.

“Əmlak bazarı iştirakçıları” İctimai Birliyinin icraçı direktoru Ramil Osmanlı da bu problemin qısa müddət ərzində aradan qaldırılacağını bildirdi: “Ünvanların verilmədiyi ərazilər, qeydiyyata alınmayan, torpaq kadastrından keçməyən ərazilərdə yeni elektron kadastrı proqramı işlənib hazırlanacaq. Düzü, bunun fiziki cəhətdən tam başa çatdırılacağına inanmıram. Mənə elə gəlir, gələn ilin sonuna qədər əsas hissələrdə işlər yekunlaşa bilər. Təbii həmin ərazilərə ünvan reyestrinin həyata keçirilməsi, ünvanların verilməsi əsas problemlərdən biridir. Bu da həmin ərazidəki tikililərin əksəriyyətinin qeydiyyat sənədlərindəki qüsurlarla əlaqədardır. Həmin məsələ ilə bağlı müəyyən işlər görülüb. Hətta Milli Məclisin komitələri səviyyəsində müəyyən işlər həyata keçirilir. Parlament tərəfindən təkliflər paketi hazırlanaraq Nazirlər Kabinetinə təqdim olunub. Düşünürəm ki, Nazirlər Kabineti bu məsələyə müsbət rəy verdikdən sonra yəqin əlaqədar strukturlar, o cümlədən Əmlak Məsələləri Dövlət Komitəsi qeydiyyatsız ərazilərin sənədləşdirilməsi ilə bağlı həmin istiqamətdə müəyyən işlərə başlayacaq”.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm