ŞOK: Azərbaycanlı ata içkiyə qurşanmasın deyə oğlunu terrorçulara qoşdu
Bizi izləyin

Qırmızı.az

ŞOK: Azərbaycanlı ata içkiyə qurşanmasın deyə oğlunu terrorçulara qoşdu

Bakı Ağır Cinayətlər Məhkəməsində İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatının tərkibində Suriyada Bəşər Əsədə qarşı döyüşlərdə iştirak edən Vilayət Həsənli, Malik Musayev, Samir Həşimov, Vasif Hacıyev, İlkin Babazadə, Mehman Balakişiyev, Azər Qəmbərov, Vüsal Bayramov, ata-oğul Vüqar və Elvin Dursunəliyevlərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Publika.az xəbər verir ki, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçən prosesdə 1998-ci il təvəllüdlü təqsirləndirilən Elvin Dursunəliyev ifadə verib. O bildirib ki, 17 yaşı hələ tamam olmayıb, Şəki şəhərində valideynləri ilə birlikdə yaşayıb: “1998-ci ildə Şəki şəhərində anadan olmuşam. İslam dininə uyğun namaz qılmağa başlamışam. Həddi-buluğa çatandan sonra paytaxtda bir neçə yerdə fərdi əməklə məşğul olub, evə çörək pulu gətirmişəm. 15 yaşım olanda atam Suriyada baş verən hadisələr barədə məni məlumatlandırıb. Mənim də Suriyada işgəncə görən din qardaşlarıma yazığım gəlib”.

“Dini ləqəbim olmayıb”

Elvin Dursunəliyevin sözlərinə görə, Suriyadakı döyüşlərdə dinc din qardaşlarına kömək etmək niyyətində olub: “Suriyada gedən hərbi birləşmələrin tərkibinə qoşulmaq fikrinə düşməmişəm. Məqsədim orada dinc insanların yanında olmaq, təsərrüfat və mətbəx işlərinə kömək etmək olub. Heç bir cinayətkar birliyə üzv olmamışam. Suriyada qaldığım müddətdə hər hansı dini ləqəb daşımamışam. Təqsirləndirilən şəxslərdən atamı çıxmaq şərti ilə heç kimi tanımıram və tanımamışam. Suriyada bir neçə ay qalandan sonra oradan çıxarılmışam”.

“Peşmanam”

Təqsirləndirilən şəxs bildirib ki, Suriyada başqa bir qrup tərəfindən əsir götürülüb, əsirlikdə hərbi döyüşlərdə iştirak etməsi tələb edilib: “Lakin mən buna razılaşmamışam. Bildirmək istəyirəm ki, orada vəziyyətin istədiyim kimi olmadığını görəndə geri qayıtmaq istəmişəm. Amma məni Suriyaya aparan şəxslə əlaqə saxlaya bilməmişəm. Bu səbəbdən məcbur qalıb qanunsuz hərbi birləşmələrin tərkibində iştirak etmişəm. Lakin həmin birləşmələrin istədiyi kimi hərəkət etmədiyim üçün məni Suriyadan çıxardılar. Türkiyə polisi məni Azərbaycana deportasiya etdi”.

Elvin Dursunəliyev qeyd edib ki, cinayət işi üzrə istintaq orqanın elan etdiyi ittiham üzrə özünü təqsirli bilmir: “Heç kimi hədələməmişəm, terrorçuluq etməmişəm. Buna baxmayaraq, Suriyaya getdiyim üçün peşmançılıq hissi keçirirəm. Buna görə də məhkəməyə təqdim etdiyim yazılı ifadəmlə səmimi peşman olduğumu qeyd etmək istəyirəm”.

“Suriyaya getmək niyyətimdən anamın xəbəri olmayıb”

Prokuror Rahil İsmayılovun suallarına cavabda Elvin Dursunəliyev onu Türkiyəyə aparan Tehran Tahirovu tanıdığını bildirib: “Ona Türkiyəyə işləmək məqsədilə getdiyimi demişəm. Tehranın mənim Suriyaya keçmək istəyimdən xəbəri olmayıb. Suriyaya gedəcəyimi anam da bilməyib. Anama Türkiyəyə işləməyə getdiyimi söyləmişəm. Bu barədə atam da anama heç nə deməyib”.

Elvin Dursunəliyevin sözlərinə görə, Suriyada olduğu müddətdə “Abu-Fatimə” ləqəbli bir kişinin evində yaşayıb.

Vəkilinin suallarına cavab verən Elvin Dursunəliyev ibtidai istintaqa ifadəsini təsdiq etməyib. O bildirib ki, əsl həqiqəti məhkəmədə səsləndirdiyi ifadə əks etdirir: “Əgər niyyətim döyüşmək olsaydı, əsir götürüldüyümüz qüvvələrin rəhbərləri ilə razılaşardım. Mənim bir məqsədim olub – orada dinc sakinlərə kömək etmək. Amma istədiyimiz alınmadığı qucun geri qayıtmaq məcburiyyətində qaldım”.

“İttiham” olunan ata və ana

Hakim Ramella Allahverdiyeva təqsirləndirilən şəxslərin Elvin Dursunəliyevə sualları olub-olmadığını soruşub. Daha sonra hakim yeniyetməni Suriyaya göndərən atası Vüqar Dursunəliyevə müraciət edib: “Vüqar Dursunəliyev, bəlkə sizin oğlunuza sualınız var? İzah edin ki, azyaşlı övladınızı odun-alovun içinə niyə göndəribsiz? Bu uşaq müharibəyə gedib, orada xəsarət almaq, ölmək qorxusu olub. Onun meyitini gətirə bilərdiz?”

Tərkibdə olan hakim Novruz Kərimov isə “içkiyə qurşanmaması üçün bu yola əl atıb” deyə Vüqar Dursunəliyevi bir daha ittiham edib.

Hakim Ramella Allahverdiyeva isə: “Yaxşı tərbiyə edərdi, övladı da içkiyə qurşanmayaydı”, - deyə bildirdib.

Vüqar Dursunəliyev hakimlərin ifadələrinə reaksiya verməyib, başını aşağı dikərək özü-özünə gülümsəyib.

“Məni burada çox ittiham edirsiz”

Bu zaman Ramella Allahverdiyeva mühakimə olunan yeniyetmənin anası haqqında belə danışıb: “17 yaşında uşağı od-alov içinə göndərən ana görəsən, nə düşünüb? Mən çox istədim ki, Elvin Dursunəliyevin anası məhkəmə proseslərində iştirak etsin. Bununla bağlı ona məktub ünvanlasaq da, məhkəmədə iştirakdan imtina etdi. Adam bu uşağa baxanda gözü ağrıyır. Elvin Dursunəliyevi bu vəziyyətə valideynləri salıb. Anası burda olmadığı uçun atasından soruşmaq lazımdır ki, uşağı niyə belə vəziyyətə gətirib?”.

Sonda Vüqar Dursunəliyev dilə gələrək ittihamlara belə cavab verib: “Allaha inanmışam. İstəmişəm ki, oğlum da Allah yolunda şəhid olsun. Məni burada çox ittiham edirsiz. Amma mən bu ittihamlara məhkəmədə cavab verən deyiləm. İstəsəniz məhkəmədən sonra bu suallara cavab verərəm”.

Hakim məhkəmədən kənar heç bir halda fikir dinləməyin mümkün olmadığını deyərək Elvin Dursunəliyevin anası Dürdanə Dursunəliyevanın məhkəməyə göndərdiyi məktubu elan edib.

Cinayət işində şahid olan Dürdanə Dürsunəliyeva məhkəmədə ifadə verməkdən imtina edib. O, qeyd edib ki, məhkəmədə mühakimə olunan qohumlarının əleyhinə ifadə vermək istəmir. Hakimin sözlərinə görə, Dürdanə Dursunəliyevanın qanunla ifadə verməkdən imtina hüququ var.

“Oğlumun ibarət etməsi məni sevindirib”

Bu səbəbdən də hakimlər Dürdanə Dursunəliyevanın ibtidai istintaqa verdiyi ifadəsini elan ediblər. O, ifadəsində göstərib ki, Vüqar Dursunəliyev ilə birgə nikahdan üç övladı olub: “Həyat yoldaşım Vüqar Dursunəliyev islam dini üzrə ibadət edib. Amma böyük oğlum Əhməd ibadətlə məşğul olmayıb. Onu dəfələrlə ibadətə məcbur etsək də, ibadət etməyib. İçki düşkünü olub. Bu da həm məni, həm də Vüqarı narahat edib.

İkinci oğlum Elvin həddi-buluğa çatanda ona ibadət təklif etdik. Elvin də ibadətə başladı. Oğlumun ibadət etməsi məni çox sevindirdi. Onun tərbiyəsi ilə Vüqar məşğul olub. Bu səbəbdən də onun tərbiyəsinə müdaxilə etməmişəm”.

“İmkan verməzdim, oğlum müharibə olan bir ölkəyə getsin”

Dürdanə Dursunəliyeva ifadəsində daha sonra qeyd edib ki, 2013-cü ilin sonlarına yaxın Vüqar oğlunu Türkiyəyə işləməyə göndərmək istədiyini bildirib: “Elvinin iş tapması məni çox sevindirdi. Amma uzaqda, başqa bir ölkədə yaşaması məni məyus etsə də, onun işləməyə getməsinə mane olmadım. Vüqar bildirdi ki, Elvinin ölkədən çıxması üçün bizim icazəmiz lazımdır. Dekabrın ilk günlərində Şəki şəhərində notariat kontoruna gedərək Elvinin ölkədən çıxmasına dair sənədi imzaladım.

Vüqar notariusda icazə sənədini alandan sonra dekabrın 5-də Elvini yola salmaq üçün Bakı şəhərinə gəldi. Bundan sonra Elvinlə əlaqə saxlaya bilməmişəm.

Elvin 2014-cü ilin aprelində geri qayıtdı. Onun Suriyaya getdiyini onda bildim. Bu barədə nə Vüqar, nə də Elvin mənə bir söz deyib. Oradakı vəziyyətdən xəbərim vardı. İmkan verməzdim ki, oğlum müharibə olan bir ölkəyə getsin”.

Dürdanə Dursunəliyeva daha sonra qeyd edib ki, əri 2011-ci ildə işləmək məqsədilə Rusiyaya gedib. Həmin vaxtadək o, heç bir xarici ölkədə olmayıb: “Vüqar Rusiyada sarılıq xəstəliyinə tutulub qayıtdı”.

Təqsirləndirilən şəxslərin dindirilməsi başa çatdı

Daha sonra Vüsal Bayramovun vəkili Dilqəm Ağayev bildirib ki, müdafiə etdiyi şəxs məhkəmədə sərbəst ifadə vermək istəyir. Əvvəlki proseslərdə onun ifadə verməkdən imtina etdiyi xatırladan vəkil hakimlərdən ona şərait yaradılmasını xahiş edib.

Hakim Vüsal Bayramova yenidən ifadə verməsini təklif edib. Amma Vüsal Bayramov ifadə verməkdən imtina edib.

Bundan sonra hakimlər təqsirləndirilən şəxslərin və şahidlərin dindirilməsini başa çatdığını elan ediblər. Bu səbəbdən cinayət işində olan sənədlərin araşdırılması barədə qərar qəbul ediblər.

Bir çox sənədləri elan edən hakimlər daha sonra Milli Təhlükəsizlik Nazirliyinin anti-terror idarəsinin rəisinin məktubunu elan ediblər. Həmin məktubdan görünür ki, idarə rəisi təqsirləndirilən şəxslərin İŞİD-in tərkibində olan qanunsuz hərbi birləşmələrə qoşulduğunu qeyd edib. Həmin məktubun təsiri altına düşən təqsirləndirilən Azər Qəmbərov İŞİD-in tərkibində olan qanunsuz hərbi birləşmələrdə iştirak etmədiyini deyib. Bu zaman Azər Qəmbərovun halı pisləşib. Onun müayinə olunması üçün təcili tibbi yardım maşını çağırılıb.

Məhkəmə iclası aprelin 30-da davam etdiriləcək.

Hacı Zeynalov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm