“Əmimi “mavi” olduğuna görə vurdum” - Dəhşətli cinayətin TƏFƏRRÜATI
Bizi izləyin

Hadisə

“Əmimi “mavi” olduğuna görə vurdum” - Dəhşətli cinayətin TƏFƏRRÜATI

Xaçmaz rayon sakini, 1988-ci il təvəllüdlü İsmayıl Cəbrayılov qonşusu, 1991-ci il təvəllüdlü Elşən Əhmədovu öldürüb, əmisi, 1975-ci il təvəllüdlü Eyvaz Cəbrayılovu və digər qonşusu, 1992-ci il təvəllüdlü Emil İsayevi isə bıçaqlayıb.

Teleqraf.com xəbər verir ki, hadisə 23 iyul 2014-cü il tarixdə baş verib. İsmayıl Cəbrayılov həmin gün saat 22 radələrində yaşadığı Xaçmaz şəhəri, Şəfəq küçəsi, 15 saylı evdən küçəyə çıxarkən cinsi azlığın nümayəndəsi olduğunu bildiyi əmisi Eyvaz Cəbrayılovun qonşuluqda yaşayan Emil İsayev və Elşən Əhmədovla öz aralarında yüksək səslə nalayiq söyüşlər söydüklərini eşidib. O, əmisini cinsi azlığın nümayəndəsi olduğu üçün heç vaxt danışdırmayıb.

İsmayıl əmisinin və hər iki qonşusunun əxlaqsızlıq etdiklərini düşünərək əsəbiləşib. O, Eyvaz Cəbrayılov, Emil İsayev və Elşən Əhmədovu yanına çağırıb. Həmin vaxt sərxoş olan Eyvaz qardaşı oğluna kobud cavab verib. Bundan əsəbiləşən İsmayıl əmisini öldürmək qərarına gəlib.

O, özündə olan bıçaqla əmisinin döş qəfəsinə bir neçə zərbə vurub. Onları ayırmağa çalışan Emil İsayev və Elşən Əhmədov da bıçaqlanıb. Elşən Əhmədov aldığı xəsarətdən hadisə yerində ölüb. Eyvaz Cəbrayılov və Emil İsayev vaxtında xəstəxanaya çatdırıldığı üçün həyatlarını xilas etmək mümkün olub.

“Ruhi-əsəb xəstəliyi keçirməmişəm”

İsmayıl Cəbrayılov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə), 29,120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə ittiham edilib və cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Eynulla Vəliyevin sədrlik etdiyi kollegiyada araşdırılır.

Məhkəmədə ifadə verən İsmayıl Cəbrayılov elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, bildirib ki, Xaçmaz şəhəri, Şəfəq küçəsi, 15 saylı ünvanda atası Rasim, anası Şükufə, qardaşları Coşqun, Kənan, bacıları İlahə və Maralla yaşayıb: ”Heç vaxt ruhi -əsəb xəstəliyi keçirməmişəm və bununla bağlı müalicə olunmamışam. 2009-cu ilin aprelində törətdiyim xuliqanlıq cinayətinə görə Xaçmaz Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) maddəsi ilə təqsirli bilinmişəm. Cəzamın əvvəlini Bakı şəhərində 10 saylı Cəza Çəkmə Müəssisəsində, sonradan isə Salyan rayonu, Xələc kəndindəki 5 saylı Cəza Çəkmə Müəssisəsində çəkmişəm. Salyan Rayon Məhkəməsinin 14 iyun 2013-cü il tarixli qərarı ilə şərti olaraq vaxtından əvvəl azadlığa buraxılmışam”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, azadlığa buraxılandan sonra bir müddət Xaçmaz şəhərində yaşayıb: “Sonra isə qeyri-rəsmi ər-arvad kimi yaşadığım Mehriban Məmmədəliyeva və onun əvvəlki ərindən olan qızı ilə Bakı şəhərinə gəlmişəm. Bakıda müxtəlif ünvanlarda kirayədə yaşayaraq tikintilərdə fəhləlik etmişəm. Hərdən Xaçmaz şəhərinə gələrək ailəmə də baş çəkmişəm. Xaçmaz şəhərindəki evimizin yerləşdiyi həyətyanı sahənin bir tərəfində mərhum əmim Zeydullanın, aşağı tərəfində əmim Rüstəmin, arxa tərəfdə isə Cahangirin küçəsi yerləşir. Əmim Zeydullanın həyətyanı sahəsi ilə bizim evin arasında hasar yoxdur”.

“Əmimin oğlanlarla intim əlaqədə olmasını bilmişəm”

İsmayıl Cəbrayılov qeyd edib ki, babası Eynullaya məxsus evdə əmiləri Zeydulla, Rüstəm, Eyvaz, Ceyhun və bibisi Xalidə yaşayıb: “Əmilərim Zeydulla və Eyvaz 2012-ci ildə xuliqanlıq etdiyinə görə, cinayət məsuliyyətinə cəlb olunub və Eyvaz azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. 2014-cü ildə əmim Zeydulla xəstəlikdən vəfat etdikdən qısa müddət sonra əmim Eyvaz azadlığa buraxılıb və əvvəl yaşadığı evə qayıdıb. 2014-cü ildə kiçik əmim başqaları ilə cinayət törətdiyi üçün həbs edilib və istintaq başa çatdıqdan sonra iş baxılması üçün Xaçmaz Rayon Məhkəməsinə göndərilib. 2012-ci ildə əmim Eyvazın hansısa oğlanlarla zəng vuraraq görüşməyi, yəni intim əlaqədə olmasını bilmişəm. Əmim Eyvaz bunu inkar edərək “mavi” olduğunu boynuna almaq istəməyib. Bu məsələ ilə bağlı əmim Eyvazla küsülü olmuşam”.

“Əmimin oğlanlarla əxlaqsızlıqla məşğul olduğunu düşündüm”

Təqsirləndirilən şəxsin sözlərinə görə, 2014-cü ilin iyul ayında avtomaşın almaq üçün əmisi Rüstəmin kreditə avtomaşın aldığı Sumqayıt şəhər sakini Taleh Hüseynovla görüşüb: “Taleh Hüseynovun satmaq istədiyi “Mercedes” markalı köhnə avtomobili kreditlə almağa razılaşdım. İyulun 23-də Talehlə birlikdə Xaçmaz şəhərinə gəldim ki, həm əmim Ceyhunun və onunla birlikdə tutulanların məhkəməsinə baxım, həm də avtomaşını atama göstərib, almaq barədə razılaşım. Xaçmaz şəhərinə çatanda artıq məhkəmə prosesi başlamışdı, zala daxil olaraq prosesi izləməyə başladım. Təxminən saat 18 radələrində məhkəmə prosesi başa çatdı. Əmim Rüstəmin dəmir yolu yaxınlığında işlətdiyi “Qarabağ” adlı kafeyə getdim. Orada Taleh Hüseynov, “Alı” kimi çağırılan uzaq qohumum Qərib Cəbrayılov, “Ballı” kimi çağırılan qonuşumuz Baloğlan Cəfərov və “Ruslan” kimi tanıdığım Cahandar Qarayevlə birlikdə yemək yedik. Sonra yaxınlıqdakı başqa kafedə çay içdik. Talehi öz avtomaşını ilə Xaçmaz rayonu, Mürşüd-oba kəndinə apardım. Sonra Talehin avtomaşını ilə öz evimə qayıtdım. Məqsədim avtomobili atama göstərib, razılığını almaq idi. Küçəmizə çatanda artıq saat 21 radələri idi. Avtomaşını babamın evinin qabağında saxladım. Küçədə olan atam və qardaşıma dedim ki, bu avtomaşını almaq istəyirəm. Evə daxil olaraq anam və bacılarımla görüşdüm. Küçəyə çıxdıqda artıq “Mercedes” markalı avtomaşın küçədə olmayıb. Avtomaşını atam və qardaşım yolda idarə edərkən yoxlayıblar. Orada bir qədər gəzişən zaman mərhum əmim Zeydullanın bağında əmim Eyvazın kimlərləsə bərkdən danışıb nalayiq sözlər dediyini və səs-küy saldığını eşitdim. Onun bu hərəkəti məni əsəbləşdirdi. Çünki evdə anam, bacılarım, gəlinlərimiz olduğu halda əmimin belə hərəkə etməsi mənə pis təsir etdi. Əmimin oğlanlarla bağda əxlaqsızlıqla məşğul olduğunu düşündüm”.

“Bağda niyə görə əxlaqsızlıq etdiklərini soruşdum”

İsmayıl Cəbrayılovun bildirdiyinə görə, həmin vaxt Cahandar, Baloğlan və Qərib ilə birlikdə avtomobillə küçədən uzaqlaşıb: “Avtomaşını Telman adlı şəxsin bağlı olan mağazasının yanında saxladım. Avtomaşında olanlara "məni gözləyin" deyərək ara yola geri qayıtdım. Əlimdə olan alışqanın işığını səs gələn tərəfə salaraq Eyvazgildən bağdan çıxmalarını tələb etdim. Onlara bağda niyə görə belə əxlaqsızlıq etdiklərini soruşdum. Bağın çəpərindən ilk olaraq əmim Eyvaz ara yola çıxdı. Əmimdən niyə görə evimizin yanında olan bağda belə hərəkətlər etdiyini soruşdum. Əmim mənə söyüşlə cavab verdi. Bundan daha da əsəbləşdim. Bu bibırıçılıqdan həm canımızın qurtarması, həm də nəslimizin namusunun təmizlənməsi üçün özümdə olan bıçaqla əmimin qarın və döş nahiyəsinə zərbələr vurmağa başladım. Əmim aşağı əyildikdə isə bıçaqla bir dəfə də bel nahiyəsindən vurdum. Həmin vaxt əmim ilə birlikdə bağda olan Elşən Əhmədov və Emil İsayev də yola çıxdı. Həmin şəxslər mənə hücum etdilər. Əlimdə olan bıçaqla onlara da zərbələr atıb-atmadığım yadımda deyil. Çünki əmim Eyvazı bıçaqla vuran zaman artıq beynim qızıb və özümü saxlaya bilməmişəm. Baş verənlərdən beynim dumanlanıb. Hadisə vaxtı yanımda olanları belə xatırlamıram”.

“Talehə dedim ki, əmim ölməli adam olub”

Təqsirləndirilən şəxsin sözlərinə görə, cinayəti törədəndən sonra maşını saxladığı yerə gəlib. O qeyd edib ki, Mürşüd-oba kəndində Taleh Hüseynovu götürüb və Bakı şəhərinə yola düşüb. Onun bildirdiyinə görə, yolda Talehə əmisini bıçaqladığını deyib: “Talehə dedim ki, əmim ölməli adam olub. Talehə hadisə vaxtı başqalarını da bıçaqlayıb-bıçaqlamadığımı deməyimi dəqiq xatırlamıram. Yolda sağ ayağımın iki yerdən xəsarət aldığını gördüm. Xəsarəti hansı şəraitdə aldığımı xatırlamasam da, əsəbi halda ayağımı harasa çırpanda zədələndiyini düşündüm”.

“Əxlaqsız bir insana görə peşman olmaq olmaz”

Onun bildirdiyinə görə, həmin gün “Şamaxınka” adlanan yerə çatıb. O, qeyd edib ki, həmin ərazidən tanımadığı taksi sürücüsü ilə kirayə qaldığı Biıəcəri qəsəbəsinə gəlib: “Evdə Mehribana nə baş verdiyini demədim. Sonra bacım Xanım və əri Fərəc ilə Xırdalan dairəsində görüşdük və orada restoranlardan birində çay içdik. Buna qədər isə Baloğlan və Cahandarla mobil telefon vasitəsi ilə danışdım. Onlar mənimlə görüşmək istədikilərini deyərək olduğum restorana gəldilər. Həmin vaxta kimi artıq ailə üzvlərim ilə də telefonla danışdım. Onlar əmimdən əlavə Emil İsayev və Elşən Əhmədovu da bıçaqladığımı dedilər. Onlara cavab olaraq bildirdim ki, bunu dəqiq bilmirəm. İfadəmdə göstərdiyim kimi, hadisə vaxtı başım çönüb, sonra nə etdiyimi xatırlamıram, Elşən və Emili də bıçaqladığımı dəqiq bilmirəm. Baloğlan ilə Cahandar bildirdilər ki, Elşən ölüb, onlar nə olacağını soruşdular. Baloğlana bildirdim ki, nə baş verməsindən asılı olmayaraq, hadisəyə görə özüm cavab verəcəm, onların burada bir işi yoxdur. Bundan sonra Cahandar harasa getdi. Baloğlanla kirayə qaldığım evə getdim. Ertəsi gün Xaçmaza gələrək polisə təslim oldum. Hadisə vaxtı Qərib, Baloğlan, Cahandar, Eyvaz, Emil və ya Elşəndə heç bir bıçaq, həmçinin kimisə vurmağımı, kiminsə söyüş söyməsini görməyiblər. Hadisə vaxtı istifadə etdiyim bıçağı bir neçə ay əvvəl Bakı şəhərində yoldan tapmışam. Həmin bıçağı üstümdə gəzdirməklə ərzaq, çorək kəsməkdə istifadə etmişəm. Həmin bıçağı üstümdə gəzdirməyin başqa məqsədi olmayıb. Hesab edirəm ki, əmim kimi əxlaqsız adamların hərəkətlərinə yalnız ölümlə son qoymaq olar. Çünki belə insanlar cəmiyyət üçün virusdur, mikrobdurlar. Emil İsayev və Elşən Əhmədova gəldikdə, belə alçaqla oturub-durub, hadisə vaxtı ailəmizə aid bağa özbaşına girdikləri, əmim ilə birlikdə yüksəkdən söyüş söyərək ailə üzvlərimizin narahatçılığına səbəb olduqları üçün başlarına belə hadisə gəlib. Yəni günah onların özlərindədir. Əmim Eyvazı və ya onun yanındakıları öldürməklə bağlı məni heç kim təhrik etməyib. Məni buna vadar edən, öyrədən, sövq edən adam da olmayıb. Törətdiyim cinayət əməlimdən də peşman deyiləm. Çünki hesab edərəm ki, qohum-əqrabamın namusunu təmizləmək, əxlaqsız bir insanı dünyadan məhrum etməyə görə peşman olmaq olmaz”.

Bu cinayət işi üzrə məhkəmə iclası davam edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm