Qəbir daşı, saralmış məktub, oxunmayan yazı
Bizi izləyin

Digər

Qəbir daşı, saralmış məktub, oxunmayan yazı

Dünən "Kitabevim" mağazasında nadir kitabların, fotoların sərgisini təşkil etdim.

Arxivimdəki 1922-1938-ci illərdə “Azərnəşr”in latın qrafikası ilə çap etdiyi kitabları, mühacirətdəki siyasilərimizin, yazıçı-şairlərimizin əsərlərini, həmçinin Azərbaycan Cümhuriyyətinə aid ilk dəfə gün işığına çıxan fotoları təqdim etdim.

Cümhuriyyətimizə aid nadir fotoları, eləcə də, 80 yaşlı kitabları görmək üçün çox adamın gələcəyini düşünürdüm.

Amma gözlədiyim kimi olmadı.

Təkcə hər gün kitabdan yazı yazan, status paylaşan insanlar bu sərgiyə gəlsəydi, böyük maraq oyanardı, bu işə başqa insanların da həvəs göstərməsinə səbəb ola bilərdilər.

Amma gəlmədilər. Canları sağ olsun.

Mənim üçün kütləvilik heç zaman önəmli olmayıb. Düşünməyin ki, bu, eqoistlikdən, özünəvurğunluqdan qaynaqlanır. Əsla.

Günün bu çağında vərəqləri solmuş, cildləri yıpranmış kitablarla maraqlanan neçə adam tapmaq olar ki?

Bir halda ki indi çap olunan müasir kitablara yanaşanlar azdır, o ki qaldı köhnə tarixli kitabların qədrini bilən insanların olmasını düşünmək.

Ona görə də mənim müraciətim çoxlara deyil, çox dəyərli AZlaradır.

Bilənlər bilir ki, mən köhnə kitablar, tarixi fotolar, sənədlər toplayıram. Xüsusən də, mühacirətdəki azərbaycanlılara aid nə material varsa.

Bu kimi işlər böyük səbir, sevgi, pul tələb edir.

Ən əsası altruizm tələb edir.

Özümdən nümunə çəkim. Bəzən olur ki, bir neçə sənədi, fotonu tarixə qazandırmaq üçün bir-iki ay ərzində özünü əyləncələrdən, restoranlardan, yeni paltar almaqdan, gəzintilərdən məhrum etməli olursan.

Yeni əldə etdiyin bir fotonu Facebook-da paylaşarkən uzağı yüz nəfər bəyənirsə, həmin o yüz nəfər daxil heç kəs bu işin arxasında hansı əziyyətin, məhrumiyyətin yatdığını bilmir.

Ona görə də bu kimi tarixi materialları insanlarla paylaşanda haqlı olaraq dəstək gözləyir, ən azından kiçik bir təşəkkürə layiq olduğunu düşünürsən.

Mən də belə düşünürdüm. Amma indi daha fərqli yanaşmam var.

Mən artıq çevrəni daha da daraltmaq qərarına gəlmişəm. Bu kimi paylaşımların dar çərçivədə bilinməsini daha məqsədəuyğun hesab edirəm. Madam ki, sərgilərə bu qədər maraq azdır, özüm deyib-özüm eşidəcəyəm, elə bu tarixi materialları hər kəs görməsə yaxşıdır. Mən yenə də dəyərli AZlar və tariximiz üçün çalışacam.

İndi isə sözüm yeni başlayanlaradır.

Əgər bu gün tarixə, ədəbiyyata, dilçiliyə aid mükəmməl bir kitab oxuyursunuzsa, bu o demək deyil ki, həmişə belə olub. Əgər bu gün bir filologiya tələbəsi 4 cildlik “Orfoqrafiya lüğəti”ndən istifadə edirsə, düşünməsin ki, bunlar rahat şəkildə hazırlanıb.

Sizə bir misal deyim. Dünən sərgilədiyim kitablar arasında Vəli Xuluflunun 1929-cu ildə çap etdirdiyi “İmla lüğəti” vardı. Bu lüğət Azərbaycan dilində olan sözlərin toplandığı ikinci kitab idi. Bu gün o sözlərin əksəriyyəti dilimizdə yoxdur. Çünki ötən əsrdə işlədilən ərəb-fars mənşəli sözlər zamanla dilimizdən çıxıb. O kitabın arxasında oxuculara bir müraciət ünvanlanıb. Deyilir ki, bu kitab böyük əziyyətlə başa gəlib, mükəmməl bir lüğət deyil, nəzərimizdən qaçmış sözlərin olması mümkündür. Ona görə də əgər oxucular bu kitabda olmayan hər hansı bir sözü cəmiyyətə göndərərsə, əvəzində qonorar alacaqdır.

Görün, orfoqrafiya lüğətimizin hazırlanması üçün o zamankı ziyalılar nə əziyyətlər çəkiblər.

Eləcə də, tariximizə, ədəbiyyatımıza aid nümunələr toplayan, arxivinin əsas hissəsi 1937-ci ildə məhv edilən Salman Mümtaz kitablarının necə ərsəyə gətirməsi ilə bağlı yazırdı:

“Başqa millətlərdə hər hansı mövzularda olur-olsun, bir kiçik əsər yazmaq həvəsinə düşən müəlliflər üçün minlərcə məхəzlər, qəzetə və jurnallar tapılır. Amma mən yaхşı-yaman qaraladığım bu cızmaqaranı heçdən meydana qoyuram. Məхəzlərim mürgənələr, güvələr ağızlarından, siçanlar və kəsəyənlər boğazlarından artıq qalmış cırıq-mırıq yarpaqlar və darmadağın cünglər və bəyazlardır. Qaynaq, mənbə–istoçniklərim isə uçuq, yıхıq qəbir daşları ilə səqfi çökmüş məscid tağları olmuşdur. İstifadə etdiyim qəzetə və jurnallar da qoca kişilərin və çoх yaşamış qadınların hafizələri və hövsələləridir, məndən qabaq gələn mühərrirlərdən bu yolda bir hazırlıq görən olsa idi, şəksiz mən bir bu qədər də çətinliyə uğramazdım”.

Salman Mümtaz min bir zülmlə Azərbaycan tarixini qorudu, mənbələri tapdı.

Bu gün də bizə məlum olmayan, başqa ölkələrdə müxtəlif şəxslərin əlində olan materiallar var.

Bəzən elə bir foto ilə qarşılaşırsan ki, arxasındakı yazıların bəzilər oxunur, bəzilərini isə aradan ötən illər tarixdən silib. Bu zaman acı təəssüf hissi keçirir, heç olmasa oxuna biləni əbədiləşdirmək istəyirsən.

Ona görə də kimin imkanı varsa, saralmış bir məktub, nəm çəkmiş bir kitab da olsa, onları toplamalı, ölkəyə gətirməli, məqalələr yazmalı, oxuculara təqdim etməlidir.

Bu, böyük zəhmət tələb edəcək. Amma Azərbaycanı düşünən hər kəs hansısa formada bu işdə yardımçı olmalıdır.

Mən o hissin necə olduğunu bilirəm. Tarixə kiçik bir şey qazandırmağın verdiyi sevincin bu işə könül verənləri necə xoşbəxt etdiyini bilirəm.

Ona görə də, əziz gənclər, çalışın arxivlərdə işləyin, tariximizə aid nə tapsanız toplayın.

Qədrinizi bilməyəcəklər, dəstək olmayacaqlar. Amma üzülməyin. Gələcəkdə kimsə mütləq Sizi xatırlayacaqdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm