Flora Kərimova: “O, həyatımda bir xatirədir, yada salıb kövrəlmək istəmirəm”- MÜSAHİBƏ/FOTOLAR
Bizi izləyin

Magazin1

Flora Kərimova: “O, həyatımda bir xatirədir, yada salıb kövrəlmək istəmirəm”- MÜSAHİBƏ/FOTOLAR

Bu günlərdə xalq artisti Flora Kərimova ilə film təqdimatlarının birində qarşılaşdıq. Həmişə filmlərə maraq göstərdiyini deyən sənətkarımız premyeraya yaradıcı heyətin dəvəti ilə qatıldığını dedi.

Qeyd edək ki, sənətkar özü də vaxtilə mili kinomuzun ən gözəl nümunələrindən sayılan “Qanun naminə” filmində rol alıb. Eyni zamanda, milli filmlərimizdə səslənən mahnıları ifa edib.

Publika.az-a müsahibə verən xalq artisti bu gün də filmə çəkilmək arzusunu gizlətmədi. Amma müəyyən şərtlər daxilində…

- Vaxtilə mili kinomuzun ən gözəl filmlərindəni olan və Muxtar Dadaşovun rejissorluğu ilə ərsəyə gələn “Qanun naminə” filmində Züleyxa rolunu oynamısınız. Çox da təbii alınıb.

- Məni həmin filmə Muxtar müəllim dəvət etmişdi. O, məni “Leyli və Məcnun” operasında görüb aktrisalıq qabiliyyətimi bəyənibmiş. Bu da bir qismətmiş. Onda həyat yoldaşım xarici ölkədə idi, bir az tərəddüd etdim ki, icazəsiz çəkilsəm, narazılıq edər. Zəng elədim, etiraz etmədi. Əslində mənə Balış rolunu vermək istəyirdilər, sonradan rejissorun fikri dəyişdi. Onu da deyim ki, mən filmdə mahnı da oxumaq istəyirdim, amma utandığımdan bu arzumu rejissora demədim. Sonralar Muxtar müəllim özü də etiraf etdi ki, kaş filmdə mahnı oxuyaydın.

O film həyatımda bir xatirədir, yada salıb kövrəlmək istəmirəm.

- Bu gün necə, rejissorlarımız dəvət etsələr, filmlərə çəkilməyə razılıq verərdinizmi?

- Məni tanıyan insanların çoxunu bu sual hər zaman maraqlandırıb. Hara gedirəmsə, məndən bunu soruşublar. Əlbəttə, filmlərə çəkilərəm, amma baxır həmin filmin ssenarisinə. O film nədən bəhs edəcək, keyfiyyət göstəricilərinə cavab verəcəkmi? Elə bir mükəmməl ekran işindən sonra hər dəvət aldığım filmə də razılıq verə bilmərəm axı.

- Yəni, necə bir ssenarisi olan film arzusundasınız?

- Melodramaya qətiyyən çəkilməzdim. Əgər o filmin süjet xətti real hadisələr üzərində qurulacaqsa, filmdə öz-özümü, eləcə də, rejissoru, tamaşaçını da aldatmayacağamsa, təbii ki, çəkilərəm. Amma inanmıram ki, bu gün elə bir film çəkilsin ki, mən o filmdə özüm olaraq sona qədər açıla bilim.

- Sizin üçün rolun mənfisi, müsbəti önəmlidirmi?

- Yox, əsas olan obrazın peşəkar səviyyədə təqdim olunmasıdır. Mən istəmirəm tamaşaçını müsbət rolla cəlb edim. İstərdim özümü o rolda görəm və özümü həmin film vasitəsi ilə tanıyım. Əgər rejissorun gözlədiyi səviyyədə obrazın öhdəsindən gələ bilərəmsə, ən pis rolu belə filmdə canlandırmağa hazıram. Amma bir şərtlə ki, abırlı rol olsun. Başa düşdünüz də, nəyi nəzərdə tuturam.

- Yəni açıq-saçıq rol olmasın, düzmü anladım?

- Əlbəttə. Nə qədər rolun təsiri altına düşərəmsə də, özüm-özümə “stop” deyə bilim. Hər halda, təbiətimdə də bu var ki, özüm özümə “stop” deyə bilirəm.

- Birdən rejissor ssenarini sizə oxudu, amma çəkiliş meydançasında fərqli bir improvizə etməyinizi istədi, ürəyiniz istəməsə, rejissorun xətrinə razılaşarsınızmı?

- Abırsız improvizə olarsa, o rejissor qələt edər bunu mənə məsləhət görər. Onda çox sərt şəkildə ona cavab verərəm.

- Elə bir aktyor varmı ki, onunla hansısa filmdə tərəf-müqabili olmaq arzusundasınız?

- Yox, yalan nə deyim, artıq elə bir aktyor yoxdur.

- Onda sualı belə qoyaq: bəyəndiyiniz aktyor varmı?

- Mənim bəyəndiyim aktyorlar dünyalarını çoxdan dəyişiblər. Mustafa Mərdanov, Nəcibə Məlikova, Nəsibə Zeynalova, Ədil İsgəndərov, Hacıbaba Hüseynov… Görün necə nəhəng sənətkarlar vardı. Onlar kino tarixini yazan aktyorlardır. Mənim bəyəndiklərim bax onlar idi.

- Flora xanım “Qanun naminə” filmindən sonra rejissorlar sizi filmlərinə dəvət etdilərmi heç?

- Əlbəttə etdilər. Mənə gələn dəvətlərin sayı-hesabı yox idi.

- Bəs niyə çəkilmədiniz, bəlkə, həyat yoldaşınız icazə vermədi?

- Əksinə, həyat yoldaşım özü məni çəkilişlərə aparırdı. O dünyasını dəyişdi və mən artıq boynubükük, nakam bir qadın kimi filmlərə çəkilmək istəmədim. Həyat yoldaşım məni çox yüksək dəyərləndirirdi və hər zaman yanımda olurdu. Hara gedirdimsə, o da mənimlə olurdu, məni heç yerə tək qoymurdu. Film çəkilişlərindən sonra həyat yoldaşım mənə görə bütün yaradıcı heyətə kabab qonaqlığı verirdi. O, məni əsl xanım kimi saxlayırdı. Amma o dünyasını dəyişəndən sonra mənə çətin oldu.

- Bu gün hansısa bir rejissor desə ki, həyatınızı ekranlaşdırmaq istəyirəm, razılıq verərdinizmi?

- İnanmıram ki, mən həmin filmdə axıra qədər səmimi ola bilim. Mən bunu açıq etiraf edirəm. Çünki mən öncədən də dedim ki, hətta film olsa da belə, mən orda özümü aldatmaq istəməzdim.

- Amma nə vaxtsa, buna razılıq verəcəksiniz?

- A qızım, yaş o yaş deyil. Bəlkə də, heç ömür çatdırmadı.

- Ay Flora xanım, gözəlliyiniz, təravətinizlə yüz cavana doqquz qoyarsınız, belə də ki, yaşın nə fərqi var ki?

- Çox sağ olun belə gözəl sözlərə görə…

- Bu gün gənclər durmadan filmlər çəkir, bax elə onlardan birinin təqdimat mərasiminə gəlmisiniz. Bəyənirsinizmi çəkilən yeni filmləri?

- Peşəkar səviyyədə çəkirlərsə, bəyənirəm və özlərinə də ürək sözlərimi deyirəm.

- Bəs çəkdikləri filmlər peşəkar səviyyədə deyilsə, onda nə deyirsiniz?

- Onda susuram. Deyim ki, heç o zaman da həmin gənclərin arxalarını yerə vurmaram.

- Baxıb, bəyəndiyiniz filmlərdən birinin adını çəkəsiniz bəlkə?

- Bu yaxınlarda bir filmə baxdım, adını da unutmuşam, çox xoşuma gəldi. Afrikada çəkmişdilər, əvvəldən axıra qədər güldüm.

- “Səhra almazı” filmini deyirsiniz…

- Hə, həmin film idi. Təsəvvür edin, evdən o qədər yorğun çıxmışdım ki. elə dincəlməyə ehtiyacım vardı. Heç filmin də necə olacağını bilmirdim. Uşaqlar dəvət etmişdilər. İnanın ki, çox xoşuma gəldi, hətta məəttəl də qaldım ki, bizimkilər də belə gözəl filmlər çəkə bilirmiş. Filmdə baş rolu oynayan bir oğlan vardı, məharətlə oynayırdı. Düzdür, ssenari bir az abırsız idi, açıq-saçıqlıq vardı. Amma insafən, film çox maraqlı və baxımlı idi. Əvvəldən axıra qədər öldüm gülməkdən.

Cəvahir Səlimqızı

Foto: Rəşad Abbasov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm