Yeni faktlar: Nəriman Nərimanovu niyə güllələmək istəyiblər?
Bizi izləyin

Bilgi.az

Yeni faktlar: Nəriman Nərimanovu niyə güllələmək istəyiblər?

AMEA Tarix İnstitunun müasir Azərbaycan Tarixi şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent, Azərbaycanın görkəmli ictimai-siyasi xadimi, Nəriman Nərimanovun fəaliyyətinin araşdırıcısı Firdovsiyyə Әhmədovanın Trend-ə müsahibəsi

- Əldə olunan yeni sənədlərdə Nəriman Nərimanov haqqında bilmədiyimiz hansı yeni faktlar var?

- Yeni sənədlər Rusiyanın Dövlət Sosial Siyasi Tarix Arxivindən əldə edilib. Həmin arxivdə "Nərimanovun işi" adı altında xüsusi qovluqlar saxlanılır. Bu qovluqda olan əsas arxiv sənədləri 1923-cü ildə Nərimanovun Stalinə, Rusiya Mərkəzi Komitəsinə yazdığı məşhur məruzəsinin təhlili ilə əlaqədardır. Bu məruzədə yazılanların araşdırılması üçün 1923-cü ildə Mərkəzi Təftiş Komissiyasının sədri Yaroslavskinin başçılığı altında xüsusi komissiya yaradılmışdı. Bununla bağlı Moskvada, eyni zamanda Bakıda bır çox iclaslar keçirilib. Həmin iclasların protokolları Rusiyanın Dövlət Sosial Siyasi Tarix Arxivində var. Onların bir qisminin surəti Bakıda Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivində də saxlanılır. Uzun müddət Nərimanovun yazdığı məruzə məxfi saxlanılıb. Həmin məruzənin aqibəti ilə bağlı Nərimanova qarşı Siyasi Büroda, mərkəzi elita arasında göstərilən münasibətlə bağlı sənədlər hələ də əldə olunmamışdı. Bunlar çox önəmli sənədlərdir. Bunlardan birmənalı olaraq, belə rəy formalaşır ki, 1920-ci illərdə mərkəzi hakimiyyətdə olan elita faktiki olaraq, Nərimanova heç də rəğbətli mövqe nümayiş etdirməyib. Hətta onların sifarişi ilə o iclaslarda Nərimanovun partiyadan çıxarılması, güllələnməsi belə təklif edilib. Amma nəticə etibarilə Nərimanovun həmin dövrdə Şərq aləmində, müsəlmanlar arasında olan nüfuzu, bolşevik elitasının Şərq siyasətində uğur qazanması nəzərə alınaraq, Nərimanova partiya etimadı göstərilib. Son dərəcə önəmli olan bu qərar 1923-cü ilin noyabrın 15-də qəbul olunub. Yeni sənədlər Nərimanovun necə milli maraqlara söykəndiyini göstərən bir şəxs olduğunu açıb göstərir.

- Nərimanov Siyasi Büronun diqqətini güclü cəlb edən, kəskin reaksiyaya səbəb olan həmin məruzəsində nələr qeyd etmişdi?

- Nərimanov yazırdı ki, mən bu məruzəni tarix üçün yazıram, gələcək nəsillər bilsin ki, reallıq necə olub. Nərimanov son dərəcə ehtiyat edirdi ki, bu həqiqətlər açılmayacaq. O, hələ 1920-ci illərdə yazırdı ki, bolşevizm, bizim düşündüyümüz sosializm olmayacaq, Azərbaycanı təmsil edən partiya yoxdur, Azərbaycan simasızlaşdırılıb, Azərbaycanın yerli əhalisi heç çar Rusiyasının olduğu dövrdə bu qədər sıxışdırılmayıb. Nərimanov yazırdı ki, Azərbaycan neftindən gələn gəlirin heç omasa, müəyyən faizi Azərbaycanın maarifinə, səhiyyəsinə yönəldilsin. O, son məqamda həmin gəlirin 15 faizinin Azərbaycan üçün ayrılmasına nail olduqda belə, həmin məbləğin Azərbaycan Respublikasına ayrılmasına imkan vermirdilər. Ona görə də Nərimanov yazırdı ki, başda Serebrovski olmaqla neft krallığı yaradılıb, yəni Azərbaycanın hüquqları pozulub, Azərbaycanı başdan-ayağadək qarət edirlər, milli məsələ müsəlmanların sıxışdırılması hesabına həyata keçirilir, milli kadrlar irəli çəkilmir, qeyri-müsəlmanlar vəzifədədirlər. Nərimanov yazırdı ki, Zaqafqaziyanın yaradılmasından ən çox zərər çəkən Azərbaycan olub. Azərbaycanın sərvəti hesabına Ermənistan, Gürcüstan inkişaf edir, amma Azərbaycan kəndlisi evində yandırmağa neft belə tapa bilmir. Bu məruzə ümumi məzmunlu deyildi, Nərimanov orada konkret bolşevik liderlərinin adlarını çəkib və onların əməllərini açıq-aşkar yazıb. Deyirdi ki, bu cür siyasətə görə həmin şəxslər cavab verməlidir. Nərimanov SSRİ-nin xarici siyasətini, xüsusilə xalq xarici işlər komissarı Çiçerinin fəaliyyətini kəskin tənqid edirdi. Deyirdi ki, düzgün siyasət yürüdülmür. Nərimanov Şərqlə bağlı qeyd edirdi ki, Rusiyada qurulmuş modeli olduğu kimi hansısa Şərq ölkəsində tətbiq etmək olmaz. Yerli əhalinin psixologiyasını, tarixini, düşüncəsini, adət-ənənəsini nəzərə almaq lazımdır. Nərimanovun həmin məruzədə adını çəkdiyi şəxslərdən biri Mirzəyan idi. Bakı Soveti Azərbaycan daxilində bir muxtar qurumdur, hakimiyyəti də Mikoyan, Mirzəyan varis olaraq, bir-birinə ötürürlər. Bu məruzənin araşdırılması məqsədilə yaradılan komissiya yerlərdə araşdırma apararkən ona sədrlik edən elə birbaşa şikayət olunan şəxs Mirzəyan idi. Bu da komissiyanın işinin nə dərəcədə obyektiv olduğunu göstərir. Araşdırmanı aparanlar Nərimanovu millətçilikdə ittiham edərək qeyd edirdilər ki, o, mahiyyətcə müsavatçıdır, yazdıqlarının hamısı yanlışdır. Onu partiyanın xəbəri olmadan müstəqil siyasət yürütməkdə ittiham edirdilər. Məsələ ondadır ki, Nərimanov Azərbaycan sovet hökumətinin sədri olarkən özünün qurmaq istədiyi modeldə sovet hakimiyyətini qurmağın mümkün olmadığını gördükdə müxtəlif üsullardan istifadə etməklə hakimiyyəti ona sərbəst fəaliyyət göstərmək imkanı verməyə məcbur etmək istəyirdi. Azərbaycanda isə XI Qızıl Ordu var idi, başda Pankratov olmaqla, onun xüsusi səlahiyyətli şöbəsi fəaliyyət göstərirdi. Nərimanov yazırdı ki, başda cəllad Pankratov olmaqla bu diktatorluğu yaratmaq nəyə lazım idi? Yazırdı ki, Orconikidze özünü Qafqazın canişini kimi aparır. Bununla əlaqədar keçirilən iclaslarda çıxış edənlər Nərimanovun bütün iddialarını əsassız saydılar.

Nərimanova qarşı sərt tələb: Güllələnsin

- Nərimanovun güllələnməsi məsələsini iclaslarda kim qaldırmışdı?

- Nərimanovun müdafiə etdiyi şəxslərin arasında olan azərbaycanlıların, müsəlman kommunistlərin bəziləri – hansı ki Nərimanov onların partiyadan xaric olunmaması üçün məsələ qaldırmışdı - həmin iclaslarda Nərimanovun haqsız olduğunu deyirdilər. Nərimanovun güllələnməsi, onun partiyadan çıxarılması təklifini irəli sürənlər üzdə olan görkəmli kommunistlər deyildilər. Bu təklif guya fəhlələr, zəhmətkeş sinfin nümayəndələri tərəfindən edilirdi.

- Necə oldu ki, hakimiyyətdə olanları belə kəskin tənqid edən bir şəxs bəraət aldı?

- Bəlkə də qəribə səslənə bilər. Amma Nərimanovun ən çox tənqid etdiyi Orconikidze son iclasların birində çıxış edərək deyib ki, Nərimanov Azərbaycanda sovet hakimiyyətini elan edib (Reallıqda Nərimanov sovet hakimiyyəti qurulandan xeyli sonra Azərbaycana gəlib - Ş.Əhmədova) biz onu partiyadan çıxarsaq, onun rezonansı ola bilər, buna görə də məsələ bu cür həllini tapmamalıdır. Bu baxımdan bütün nüansları nəzərə alaraq, Nərimanova 15 noyabr 1923-cü il tarixində partiya etimadı göstərilib. Amma Nərimanov heç də ona göstərilən bu etimadı özü üçün böyük təhlükədən qurtarmaq kimi qiymətləndirərək geri çəkilməyib, əksinə mübarizəsini davam etdirib.

Nərimanovun ölümü ilə bağlı daha bir versiya

- Nərimanovun müəmmalı ölümü ilə bağlı yeni faktlar üzə çıxıb?

Onun ölümü ilə bağlı müxtəlif versiyalar var. Bu versiyalardan ikisini deyim. Bir versiya odur ki, o, Stalin-Orconikidze-Nərimanovun söhbəti zamanı çay, yaxud kofe vasitəsi ilə Orconikidzenın sürücüsü tərəfindən zəhərlənərək öldürülüb. Digər versiya odur ki, Orconikidze Nərimanovun ailəsində qonaq olarkən yarpaq dolmasından zəhərlənərək öldürülüb. Amma onun qohumlarının xatirələrinə əsasən deyim ki, Nərimanov 1925-ci il martın 15-də Bakıdan çıxıb, qardaşı Salman Nərimanovun uşaqlarını da özü ilə Moskvaya gətirib. Həmin xatirələrdə də qeyd olunur ki, martın 18-də biz Moskvaya çatdıq. Martın 19-da Nərimanov işə gedib, işdən qayıdandan sonra nahar edib uzanır. Uzananda deyir ki, 8-in yarısı iclasım var, məni oyadarsınız. Yarım saat sonra isə evə zəng edib deyirlər ki, Nərimanovun halı pisdir. Həyat yoldaşı Gülsüm xanım gedəndə Nərimanovun artıq sağ olmadığı məlum oldu. Martın 19-u Nərimanov üçün tam bir iş günü olub. Həmin gün o, Bakuvin adlı şəxsi qəbul edərək (Nərimanovdan kömək istəyən şəxslər təkcə müsəlmanlar olmayıb, qeyri-müsəlmanlar da kömək üçün onun yanına gəlirdilər-F.Əhmədova) ona kömək göstərilməsi barədə sənədə dərkənar qoyub. Nərimanovun evdə qonaqlıq verməsi versiyası absurddur. Guya Nərimanov həmin qonaqlıqda yemək arxasında deyirmiş ki, ona Tomsk, Kamenev tərəfindən yüksək vəzifə veriləcək. Orconikidzenin də əhvalı dəyişir, sonradan onu zəhərləmək qərarına gəlir. Bunlar cəfəngiyyatdır. Çünki nə Tomskın, nə Kamenevin həmin dövrdə elə bir səlahiyyəti yox idi. Nərimanova hansı yüksək vəzifə verilə bilərdi ki, o, SSRİ Mərkəzi İcraiyyə Komitəsinin 4 sədrindən biri olub?! Amma bir məsələ də var. Nərimanov hətta o cür zəhərlənmə və başqa cür vasitələrlə öldürülməsə belə, həmin iclasda elə gərgin situasiya yaradıla bilər ki, onun doğrudan da ürəyi partlayıb. Rəsmi sənədlərə görə, Nərimanovun ürəyi bir necə hissəyə parçalanıb. Tibb elminə görə, çay, maye ilə zəhərlənən zaman ürək parçalana bilər. Amma bütün hallarda fiziki təsir göstərmədən insanı ürəyinin parçalanması halına gətirmək mümkündür. Bunun özü göstərir ki, həmin dövrdə bolşevik elitasının içərisində kriminal vasitələrdən istifadə etmək ənənəsi olub. Nərimanov 55 yaşında vəfat edib, amma o, o qədər gərgin mübarizə şəraitində işləməli olmuşdu ki, ona "starik" deyirdilər. O baxımdan iclasda ona qarşı sərt davranışın olması da qəsd kimi qiymətləndirilə bilər. Nərimanov iclasdan çıxanda Kremlin divarlarından yapışaraq gedirmiş. Onu görən Kreml xəstəxanasının tibb bacısının təcrid olunması, sürücünün sonradan evindən kənarlaşdırılması müəmmalı ölüm təəssüratını doğurur.

- Son iclasda Nərimanovu belə güclü şəkildə əsəbləşdirə biləcək hansı məsələlərə toxunulub ki, onun ölümü versiyasında bu iclasın da adı hallanır?

- Bu iclasın steonoqramı yoxdur. Bu, axşamüstü gərgin şəraitdə keçən iclas olub. Onun ölümü ilə bağlı versiyalar var, amma onları təsdiqləyən sənədlər yoxdur. Әməkdar jurnalist Musa Bağırovun tədqiqatından da görünür ki, Orconikidzenin mənşəcə erməni olan sürücüsü onun tərəfindən Nərimanova zəhərin verilməsini etiraf edib. N.Nərimanovun Xatirə Muzeyinin direktoru mərhum Loğman müəllim də mənə deyirdi ki, Orconikidzenin sürücüsü deyirmiş ki, Allah keçsin, günahımdan, mən bunu etdim. Amma bunlar rəsmi deyil, şifahi tarixin məlumatlarıdır.

(Ardı var)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm