31 il öncə tikilmiş Bakı İdman Zalının “ikinci gəncliyi” – FOTOREPORTAJ
Bizi izləyin

İdman

31 il öncə tikilmiş Bakı İdman Zalının “ikinci gəncliyi” – FOTOREPORTAJ

İlk Avropa Oyunlarına 25 gün qalır. Hər kəsin səbirsizliklə gözlədiyi beynəlxalq turnir yaxınlaşdıqca idman komplekslərindəki təmirlər də, demək olar ki, başa çatır.

Bilirsiniz ki, ilk dəfə ölkəmizdə keçiriləcək mötəbər turnir üçün bir çox möhtəşəm idman obyektləri tikilib, bəzilərində isə əsaslı yenidənqurma işləri aparılıb.

Belə idman obyektlərindən biri də 1974-cü ildə ölkə idmançılarının istismarına verilən Bakı İdman Zalıdır (keçmiş Bakı Əl Oyunları İdman Sarayı). Burada əsaslı yenidənqurma işləri görülüb.

İlk Avropa Oyunlarının sayəsində izləyici diqqətindən kənarda qalmış bəzi idman yarışlarına maraq daha da artır. Güclü idman infrastrukturu olan Azərbaycan görülən işlər sayəsinə eyni zamanda beynəlxalq yarışları keçirmək təcrübəsinə də malikdir.

Diqqətinizə çatdıraq ki, Bakı 2015 İlk Avropa Oyunlarında stolüstü tennis iştirakçıları Bakı İdman Zalında yarışacaqlar. İyunun 13-19-da baş tutacaq yarışlarda ümumilikdə 128 idmançı 4 medal dəsti uğrunda gərgin mübarizə aparacaq. İyunun 15-də və 19-da final görüşləri olacaq. Yarışlarda həm kişi, həm də qadın idmançılar təkbətək və komanda halında mübarizə aparacaq.

İyunun 22-dən 28-dək Bakı İdman Zalında Avropanın ən güclü 160 badminton idmançısı da öz hünərlərini ortaya qoyacaq. Yarışlar 5 medal dəsti uğrunda aparılacaq. Kişi və qadın idmançılar əvvəlcə tək və cüt olmaqla ayrılıqda, sonra isə cüt olmaqla qarışıq şəkildə yarışacaqlar.

Oyunları rahatlıqla izləmək imkanı...

Yeni təmirdən çıxmış zal haqda daha dəqiq məlumatları Bakı İdman Zalının Əməliyyatlar meneceri Faiq Hüseynov verdi. O bildirdi ki, zalda quraşdırılan bütün yeni sistemlərin yoxlanılması aparılıb:

“Artıq bizdə fövqəladə hallar üçün müəyyən səs siqnalları, xüsusi göstərişlər var ki, bunların da hamısı yoxlamadan keçirilib. Təmir işləri zamanı sarayın kontur xətlərinə toxunulmayıb. Yəni binanın sahəsi və hündürlüyü olduğu kimi qalıb (hündürlüyü 17, eni 50, uzunluğu 88 metr). İdman sarayının həm daxili, həm də xarici görünüşü tamamilə dəyişdirilib. Bundan başqa, oyunların keçiriləcəyi yerdə nəzarətə malik olan şərh məntəqələri var. Bizim zal artıq oyunlara tam hazırdır.

Qaz, su, kanalizasiya, elektrik, rabitə və fiberoptik internet xətləri yenilənib.

F.Hüseynov söhbət əsnasında onu da bildirdi ki, Bakı İdman Sarayında idmançılar və tamaşaçılar üçün tibb otaqları, kafe də fəaliyyət göstərəcək. O, media işçiləri üçün nəzərdə tutulmuş xüsusi iş və konfrans otaqlarının artıq fəaliyyətdə olduğunu bildirdi.

“Media işçiləri üçün nəzərdə tutulmuş xüsusi iş və konfrans otağı artıq fəaliyyətdədir. Bura tam yoxlamadan keçirilib və oyunlar üçün hazır vəziyyətə gətirilib. Xarici və yerli media nümayəndələri bu otaqlardan rahatlıqla Avropa Oyunları, yarışların gedişi, əldə olunan nəticələr barədə məlumatları təmsil etdikləri qurumlara ötürə biləcəklər. Bundan başqa, yenidənqurmadan sonra VİP müştəri qrupları üçün ayrılmış xüsusi zolaq, 6 yeni lift, xüsusi yeməkxana və oyunları izləmək üçün çox gözəl görünüşə malik tribunalar fəaliyyət göstərir. Bu da oyunları rahatlıqla izləməyə imkan verəcək”.

Beynəlxalq tələblər nəzərə alınıb

Tamaşaçı yerlərinin sayının artırılması üçün zalda əlavə olaraq ikitərəfli tribuna inşa edilib. Zalda oturacaqların sayı təmirdən əvvəl 1100 idisə, yenidənqurmadan sonra bu rəqəm 1736-ya çatdırılıb. Badminton və stolüstü tennis yarışlarının keçirildiyi yerlərlə bağlı Beynəlxalq Federasiyaların tələbləri nəzərə alınaraq burada ən son texnologiyaya əsaslanan və müasir tələblərə cavab verən xüsusi fasad, xüsusi idarəetmə sistemi, hava axınını üfüqi istiqamətdə bərabər şəkildə tənzimləyən havalandırma sistemi qurulub. İdman qurğusu 3 mərtəbədən ibarət olacaq.

“Ən əsas şərtlərdən biri də...”

Faiq Hüseynov qeyd etdi ki, zalda 126 stolüstü tennis idmançısı və 160 badminton idmançısı mübarizə aparacaq. Yarışlar 5 medal dəsti uğrunda gedəcək. Kişi və qadın idmançılar əvvəlcə tək və cüt olmaqla ayrılıqda, sonra isə cüt olmaqla qarışıq şəkildə yarışacaqlar. F.Hüseynov bu oyunların keçirildiyi məkanlarda ən əsas şərtlərdən birinin də havalandırma sisteminin düzgün quraşdırılması olduğunu vurğuladı.

Bildirdi ki, təmir-bərpa işləri zamanı bu amil də nəzərə alınıb: “Badminton və tennis yarışlarının keçirildiyi məkanlarda əsasən havanın və tennis şarlarının yüngüllüyü nəzərə alınaraq, paralel və bərabər paylanan havalandırma sistemi yaradılmalıdır. Beynəlxalq federasiyaların tələbləri nəzərə alınaraq, Bakı İdman Sarayında xüsusi idarəetmə sistemi, hava axınını üfüqi istiqamətdə bərabər şəkildə tənzimləyən havalandırma sistemi yaradılıb. Bu sistem artıq tam hazır vəziyyətdədir. Bundan başqa, püşkatma və mətbuat zallarında, VIP otaqlarda, Avropa Oyunları Təşkilat Komitəsinin iş kabinetlərində və digər yardımçı otaqlarda da yüksək standartlar nəzərə alınıb. Həmçinin fövqəladə hallar üçün müəyyən səs siqnalları, xüsusi göstərişlərin hamısı yoxlamadan keçirilib”.

Söhbət əsnasında onu da öyrəndik ki, idman obyektində test xarakterli yarışların keçirilməsi də nəzərdə tutulub. Belə ki, may ayının 18-də (bu gün) həm badminton, həm də stolüstü tennis yarışları ilə bağlı “sport test”ə start veriləcək. Mayın 19-20-də isə yarışlar keçiriləcək.

Aygün İlqarqızı

Əvvəlki reportajlar:

Bakı Olimpiya Stadionu

Tofiq Bəhramov adına Respublika stadionu

Bakı Su İdmanı Sarayı

Velopark

Bakı Atıcılıq Mərkəzi

Heydər Əliyev adına İdman Sarayı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm