“400 erməni postu qoyub qaçdı...” – FOTO – CƏBHƏ XƏTTİ
Bizi izləyin

Qırmızı.az

“400 erməni postu qoyub qaçdı...” – FOTO – CƏBHƏ XƏTTİ

Axar.az-ın “Cəbhə xətti” layihəsinin bugünkü qonağı Kənan Nəcəfovdur. 1966-cı ildə Ordubadın Üsküp kəndində anadan olub, bu kənddə orta təhsil alıb. 1984-cü ildə Sovet ordusunda hərbi xidmətə çağırılıb. Hərbi xidmətdən qayıtdıqdan sonra Gəncə Xalq Təsərrüfatı Akademiyasına qəbul olunub.

Birinci qrup Qarabağ əlilidir. Evlidir, taksi fəaliyyəti ilə məşğuldur...

400 erməniyə qarşı 40 azərbaycanlı...

- Kənan bəy, deyəsən döyüş yolun ali təhsili bitirməmiş başlayıb?

- Bir növ - hə, bir növ - yox. Gəncədə ali təhsil alırdım, artıq təhsilimizi bitirmək üzrəydik. Həmin ərəfələrdə Xalq Hərəkatı başladı; öncə hərəkatda iştirak etdik. AXC-sən tapşırıq vermişdilər ki, təxribatların qarşısını alaq. Çünki o vaxt Gəncədə xeyli erməni yaşayırdı. Çalışırdıq ki, ermənilərin köçürülməsi zamanı hücumlar olmasın, amma orada atışma oldu. İlk şəhidimizi də orada verdik. Yəni bu mənada “hə” deyirəm. Təhsilimi bitirəndən sonra məni təyinatla işləməyə göndərdilər. Amma işlədiyim kəndə o qədər şəhid gəlirdi ki, özüm-özümdən utanırdım. Bir müddət işlədikdən sonra iki dəfə ərizə verdim ki, məni də döyüşməyə aparsınlar. Ancaq o vaxt təyinatla işləməyə göndərilənləri döyüşə aparmırdılar. Murovda tanış uşaqlar vardı, onlar məni Seyfəliyə çağırdılar. Seyfəliyə getdim, amma orada da sənədləri qəbul etmirdilər. Birtəhər məqsədimə çatıb əsgər oldum, vuruşmağa başladım. İlk əsas döyüşü Füzuli rayonunun Seyid Əhmədli kəndində duymuşam.

- Hansı döyüş xatirəniz sizin üçün unudulmazdır?

- Çoxdur... Məsələn, birini danışım. Əbdülrəhmanlı kəndində ermənilərlə döyüşümüz oldu. Laçından Qoşqar adlı oğlan vardı. Deməli, xəbər gəldi ki, döyüşlərdə uşaqlarımız çox itki verib. Bu bizə çox pis təsir etdi. Komandir məni ora təyin elədi. Hücum edib ermənilərin “bilindaj”ını (sığınacaq) aldıq. 40 nəfərlə hücum etmişdik. Orada, təxminən, 400 nəfərə yaxın erməni var idi. Onlar bizdən qorxub qaçdılar. Təsəvvür edin, 400 erməni 40 azərbaycanlıdan necə qorxub qaçırdı. Biz artıq lazım olan o yüksəkliyi aldıq. Yanımda Hacıqabuldan Qasım adlı bir oğlan vardı. Anidən gördüm ki, otlar tərpənir. Tez “erməni!” – deyə qışqırdım. Haradasa, 10 metr məsafə var idi. Qasım tullanıb erməninin silahını təpiklə vurub yerə saldı. Əlbəyaxa davada biz 4 nəfər idik, onlar 6 nəfər. Amma hamısını tərksilah etdik. Belə şeyləri ancaq filmlərdə görmək olar.

Qumbara ilə özünü tankın altına atdı

- Başqa hansı səhnə yadınızdan silinmir?

- Bizi Ağdamın Güllücə kəndinə hücum əməliyyatına gətirmişdilər. Gəncədən Səid adlı bir oğlan iki nəfər başqa gənc subay əsgərə döyüşə girməyə icazə vermədi. Dedi, mən evliyəm, siz subaysınız, hələ heç nə görməmisiniz, özüm gedəcəm, siz qalın. Bir də Lətif adlı oğlan vardı, onun üstünə mərmi düşdü. Tikə-tikə olmuşdu, bizə çox asta səslə, “erməni gəlir, məni onlara buraxıb gedin”, – dedi. Bax, belə oğlanlar olub! Bizə o vaxt belə şeylər adi gəlirdi. Uşaqlar özlərini tankın altına atırdılar. Bugünkü gənclik bu şeyləri ancaq filmlərdə görüb. Mən əlində qumbara tutub özünü erməni tankının altına atan igidlər görmüşəm!

- Kənan, istərdim bizə xanım döyüşçülərimizlə bağlı xatirələrinizi də danışasınız. Kişi əsgərlərimizin onlara bayramlarda maraqlı hədiyyələr bağışladığını eşitmişik...

- Döyüşçü qadınlar bizim üçün ən güvənilir dost idilər. Yadıma gəlir, mart ayının 19-u idi. Bizim uşaqlardan biri, – Göyçaydan idi, – qızlarımıza bir dənə hələ açılmamış bənövşə gətirdi. Bilirsiniz də, o vaxt bənövşə tapmaq olmur, amma əsgər haradansa tapıb gətirmişdi. Bundan gözəl nə ola bilərdi? Qəhrəman qadınlarımız var idi... Mən yaralanan döyüşdə orada bir tankımız qalmışdı. Ağdamdan olan bir qadın vurulan tankımızı qoşub çəkmişdi ki, erməniyə qalmasın. Bu döyüşçü qadınların çoxu ərini, oğlunu, qardaşını, bəziləri də bütün ailəsini itirmişdi. Onlar, demək olar ki, kişi idilər, bütün qadın hisslərini itirmişdilər! Artıq onlara qadın kimi baxmaq mümkünsüz idi. Onların yeri cənnətlikdir! Azərbaycan cəmiyyəti bu qadınlara həmişə borcludur.


Bir də gördüm ki, ayağım yoxdur

- Bəlkə də çox ağrılı olacaq, ancaq yaralanma səhnəsini danışardınız... mümkünsə...

- Doğrusu, mən bunu heç yerdə danışmıram... 1994-cü il mayın 5-də Güllücə istiqamətində şiddətli döyüşlərin birində yaralandım. Orada dəmir yolu qırağını mənə tapşırmışdılar. Səhər açılanda ermənilər mövqelərimizi vurmağa başladılar. Məcbur qalıb özüm kəşfiyyata getdim. Gördüm, ermənilər Su anbarı deyilən yerdə iki DŞK, iki BMP yerləşdiriblər. Geri qayıdıb səngər qazdırdım. Ermənilər DŞK-larla atmağa başladılar. Əsgər yoldaşım Qoşqardan qumbaraatanı alıb, həmin mövqeni vurdum, onlar susdular. Sürün-sürünə səngərə düşdüm. Yarım saat sonra hücum əmri verdim. Tanklarımız da gəldi, mən heç kimi tanka yaxın getməyə qoymadım, özüm tankın yanındaydım. Çünki tankın yanında getmək təhlükəli idi. Tankçının biri özbaşına hərəkət edib hücuma keçmişdi, amma onu vura bilmədilər. Kənardan mən də ata-ata arada ona baxırdım. Müdhiş mənzərə idi. Elə bil, bir aslan təkbaşına çaqqalların içində fırlanırdı. Biz də kənardan atırdıq ki, bunu vurmasınlar. İkinci tank köməyə gələndə hərəkət etmək istədim, amma artıq ayağım yox idi: ayağımın yana düşdüyünü gördüm. Uşaqlar məni bu halda görüb duruxdular. Heç kimi yanıma qoymadım. Qışqırdım ki, siz döyüşün. Tankımız məni görürdü, köməyə gələndə onu mərmiylə vurdular. Mərmi tankçının başını apardı, tank öz-özünə işləyirdi. Əgər o tankçımız olmasaydı, daha çox itkimiz olardı. Həmin tankçıya Milli Qəhrəman adı da azdır... Qəribə səhnə idi, tank yananda qara bulud gəldi, yağış yağdı.

General əmr verdi ki...

- Bəs necə xilas oldunuz?

- Mənə də çox maraqlıdır ki, o vəziyyətdə huşumu itirmədim. Pulemyotu hazır vəziyyətdə qoydum ki, ermənilər gəlib məni əsir almaq istəsələr, onları vurum. Bizim komandirimiz general Aydəmirov məni soruşub. Deyiblər ki, Kənan vurulub. O da əmr verib ki, onu xilas edib mənə məruzə edin. Onun əmriylə erməniləri əməlli-başlı atəşə tutmuşdular. Birtəhər məni xilas etdilər, helikopterlə Sumqayıta apardılar. General Aydəmirov özü də iki gün sonra yanıma gəldi. Daha sonra mən tərxis oldum. 1995-ci ildə mənə Milli Qəhrəman adı verilməsi haqda Müdafiə Nazirliyinə sənədlərim göndərildi. Əmr verilmişdi, amma sonra necə oldu, mən də bilmirəm. Yəqin, hərbi hissəmizin arxivindədir.

- Bizim əsgərlərlə erməni əsgərinin fərqi nədədir?

- Fərq odur ki, onlar qorxaqdılar, onlar türkdən həmişə qorxublar. Bu bir gerçəkdir. Biz onların səngərinə girəndə onlar hətta yeməklərini də qoyub qaçırdılar. Bizdə bir qorxmazlıq var. Goranboydan Qorçuyev Cəfər adlı qəhrəman var idi. Mən deyərdim ki, bu şəxs gerçək insan, gerçək döyüşçü idi. Bu adam ölümə meydan oxuyurdu. Heç vaxt başını əyməzdi. Həmişə başını dik tutub döyüşərdi. Bir dəfə ermənilər Goranboya mərmi atdılar, düşdü yanımıza. Mərminin ətrafında qız-gəlin də vardı, amma mərmi partlamamışdı. Laçından bir gənc əsgər o mərmini götürüb kənara tulladı. Dəhşətli an idi. Buna ürək lazımdır. Yenə deyirəm, əminəm ki, indiki gənclər bunu ancaq filmlərdə görə bilərlər. Bir dəfə təlimdə komandirimiz İlqar Hüseynovun botu cırılmışdı. Biz dedik ki, xəbər edək, təzə bot göndərsinlər. Razı olmadı, əşya çantasını ayağına bağlayıb o qarlı yolu elə getdi. Hətta yemək bişirmək üçün şərait yox idi. Deyərdim ki, dünyanın ən yaxşı qazanı dəbilqədir (“kaska” - gülür). Bizim döyüşçülər çox çətinliklərlə üzləşiblər.

- Film demişkən, siz film çəksəydiniz, Qarabağdakı savaşı necə canlandırardınız? Ümumiyyətlə, Qarabağ savaşının filmlərdə gördüyümüz savaşdan fərqi nədədir?

- Bu gün çəkilən savaş filmləri bir qəpiklik deyil. Məsələn, mən belə çəkərdim: Atəşkəs elan olunur, güllə səsi kəsilən kimi bülbüllər oxumağa başlayır. Ya da Azərbaycan tərəfdən bir quş bir çöp götürür, aparır Ermənistan tərəfdə özünə yuva tikir. Məsələn, belə bir şey çəkərdim: Burada yaralanan bir qazini göndərirlər Türkiyəyə. Orada onu bir erməni qızı müalicə edir. Bu gün filmlərdə qırmızı dodaqlı qadın çəkirlər. Axı müharibədə qırmızıdodaq qadın harada olub? Müharibənin rəngi bəllidir – boz!

Əgər indi erməni döyüşçü ilə qarşılaşsaydım...

- Bəs siz özünüz döyüşdüyünüz erməni qazisiylə qarşılaşsanız, onunla necə davranardınız?

- Normal münasibət bəsləyər, oturub müharibə haqda onunla danışardım. Mən erməniyə yox, ona dəstək verən, onu küyləyən rusa, farsa düşmənəm. Məsələn, erməni bizim musiqini, yeməyi öz adına çıxır. Bu, belə də olmalıdır. Onlar gözünü açandan “Sarıtel”lə böyüyüblər, bizə qulluq edə-edə dolma yeyiblər. Mənim erməni adlı problemim yoxdur. Biz əsas kökə enməliyik. Bu işlərin kökündə rus, fars durur. Erməni kimdir ki, mən ona düşmən olum, nifrət edim? Mən ermənini rəqib bilməyi özümə təhqir sayaram.

- Bəs onda belə sual doğur: erməni qızıyla azərbaycanlı oğlanın evliliyinə, sevgili olmasına necə baxırsınız?

- Burada qəbahətli nəsə yoxdur. Erməni ilə azərinin evlənməsinə normal baxıram. Əgər bir şeyin içində insana sevgi varsa, ümumiyyətlə, sevgi varsa, bura kin qatmaq lazım deyil.

- Bəs müharibə istəyirsiniz?

- Qətiyyən! Müharibə dəhşətli şeydir. Mənim necə döyüşdüyümü soruşsanız, çox Qarabağ qazisi sizə danışa bilər. Mən orada çox dəhşətlər görmüşəm. İstəmirəm ki, yenə müharibə olsun, cavanlarımız ölsün, qadınlarımız ağlar qalsın. Bu məsələ sülh yolu ilə həll olunmalıdır. Amma sabah döyüş olsa, yenə də çəkinəmədən gedərəm. Mən hər kəsə qarşı torpağımı qorumağa hazıram.

- Son olaraq, Azərbaycan gəncliyindən razısınız? Onlara bir Qarabağ qazisi kimi nə deyərdiniz?

- Bəli, bu gün gəncliyimizdən razıyam. Niyə də olmayım? Bəs gənclik necə olmalıdır ki? Azərbaycan gəncliyinin səs-sorağı Amerikadan gəlir. Gəncliyimizə yalnız intellekt arzu edirəm və Hüseyn Cavidin sözləri ilə fikrimi bitirirəm:

“Turana qılıcdan daha kəskin ulu qüvvət, Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət!”

Oxumağa davam et
Reklam
Reklam

Gündəm