Yanan binaya görə 4 nəfər həbs olundu - RƏSMİ
Bizi izləyin

Hadisə

Yanan binaya görə 4 nəfər həbs olundu - RƏSMİ

Bakıda yaşayış binasında baş vermiş yanğın hadisəsinə görə daha 4 nəfər həbs olunub.

Publika.az-ın məlumatına görə, Baş Prokurorluq, Fövqəladə Hallar və Daxili İşlər Nazirlikləri bununla bağlı birgə məlumat yayıb. Məlumatda qeyd olunur ki, mayın 19-da paytaxtın Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olmuş yanğın hadisəsi ilə bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, Baş Prokurorluğun, Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinin təcrübəli əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.

Cinayət işi üzrə zəruri və təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri həyata keçirilməklə hadisənin çoxlu sayda zərərçəkmişləri və 200-dən artıq şahidləri dindirilib, yanğının baş vermə səbəbləri, yanğın nəticəsində vurulmuş ziyanın müəyyənləşdirilməsi məqsədilə iş üzrə məhkəmə-yanğın-texniki, tikinti-texniki, fiziki-kimyəvi, məhkəmə-tibbi və digər ekspertizalar təyin edilib, eyni zamanda, müvafiq prosessual hərəkətlər yerinə yetirilir.

Qulluq mənafeləri tələb etdiyi halda səlahiyyətlərindən istifadə etməmələri nəticəsində vətəndaşların və dövlətin hüquqlarına və qanunla qorunan mənafelərinə mühüm zərər vurmalarında kifayət qədər əsaslar olduğundan binaların üzlənməsində istifadə olunan “poliuretan” məmulatını istehsal edən “Qlobal Stone” MMC-nin baş direktoru Uğur Bəşirov, “Global Construction” MMC-nin sədr müavini Ələkbər Əsgərov, 2012-2013-cü illərdə Binəqədi rayon mənzil-kommunal təsərrüfat birliyinin rəisi işləmiş rayon İcra Hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Ədalət Rəcəbov və Binəqədi rayonu, 72 saylı mənzil-kommunal istismar sahəsinin rəisi Nizami Orucov Cinayət Məcəlləsinin 225.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarları ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Yanğının baş vermə səbəblərinin, eləcə də hadisənin baş verməsində təqsirkar şəxslərin tam dairəsinin müəyyənləşdirilməklə onların cinayət məsuliyyətinə cəlb olunmaları istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir və araşdırmaların nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Qeyd edək ki, bundan əvvəl qulluq mənafeyi tələb etdiyi halda səlahiyyətlərindən istifadə etməyən və istehsal etdiyi keyfiyyətsiz üzlüklərlə həmin binada fasadlama işləri aparmış “Global Construction” şirkətinin rəhbəri Miryusif Mahmudov iş üzrə şübhəli şəxs qismində tutulub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm