37 yaşında ana olan müğənni: “Lazım gələndə ərim uşağın altını da təmizləyir” - FOTOLAR
Bizi izləyin

Layihə

37 yaşında ana olan müğənni: “Lazım gələndə ərim uşağın altını da təmizləyir” - FOTOLAR

Türkiyənin ən gözəl və sevimli müğənnilərindən biri Nil Karaibrahimgildir. Qeyri-adi mahnıları və stili, çılğınlıqları ilə daim diqqət mərkəzində olan gözəl ifaçı Türkiyə mətbuatına müsahibə verib.

Müğənni müsahibəsində ana olduqdan sonra həyatının və fikirlərinin necə dəyişdiyindən, həyat yoldaşı, reklamçı Sərdar Erenerlə xoşbəxt anlarından danışıb.

Publika.az-ın "Şirin söhbət" layihəsi çərçivəsində tanınmış jurnalist Ayşe Armanın həmin müsahibəsini təqdim edirik:

Nil Karaibrahimgili həmişə sevmişəm, bəyənmişəm. O bir ulduzdur - bəstəkar, müğənni, şair, yazar və parlaq bir ulduz… Elə parıldayır ki, onu görməmək üçün kor olmaq lazımdır. Gözlərinin içi gülür, içindəki uşaq ruhunu qoruyub saxlayıb, yaradıcılıq coşqusu aşıb-daşır. Ondan yaxşılıq, gözəllik axır. Özünü inkişaf etdirmək üçün çalışır. Musiqisi də, yazdığı yazılar da, düşüncələri də həmişə fərqli olub.

Sanki şirin bir yadplanetlidir. Belə insanlar üçün ürəyim gedir. Heç kimə oxşamırlar. Hamının bir-birinə bənzədiyi bir ölkədə Nil mavi gözlü, xəyalpərəst bir qız olaraq doğulub. Əvvəl balaca idi, böyüdü, 37 yaşında böyük eşqi, sevgilisi, həyat yoldaşı Sərdar Erenerdən uşaq dünyaya gətirdi. Beləliklə, daha xoşbəxt bir ailə oldular. İndi oğlu Əziz Arifin bir yaşı var. Oğlu ilə şəkillərini çəkməyimizi istəmədi. Başa düşürəm, yeni ana olanlar belə həssas davranırlar. Ancaq mən Arifi gördüm. Çox şirindir, elə bil Nilin əkizidir. Eyni dəri rəngi, eyni gözlər, Allah saxlasın. Eynilə, Nil kimi baxır. Nil möhtəşəm bir anadır.

- Gözlərimə inana bilmədim. Oğlun Əziz Arif sənə çox oxşayır. Ağappaq dəri, mavi gözlər. Bu oxşarlıq səni xoşbəxt edir?

- Nə yalan danışım, mənə oxşadığı üçün çox sevinirəm.

- Bəs xasiyyəti necədir, atasına oxşamır ki?

- Rəfiqələrimdən biri deyir ki, "anasının gözləridir, ancaq atası kimi baxır". Əslində kimə bənzədiyini müəyyənləşdirmək üçün hələ tezdir. Onu yeni tanıyırıq. Həyat hekayəmin ən gözəl hissəsini "Əziz Arif bəyin körpəliyi" adlandıra bilərəm. Daxilən atasına oxşamasını istəyərəm. Sərdar yanında olduğu bütün insanları ucaldır, inkişaf etdirir.

- Oğluna bu adı qoyarkən çox fikirləşdiniz?

- Əlbəttə, çox fikirləşdik. Bir insana ad verirsən, ömür boyu ona səslənərkən qulağında həmin kəlmə cingildəyəcək. Gələcəkdə onu necə bir insan kimi görmək istəyiriksə, qoyacağımız adın həmin xüsusiyyətləri əks etdirməsinə çalışdıq.

Əslində insanın adını başqasının qoyması çox absurddur. Kaş hindular kimi müəyyən bir yaşa çatdıqdan sonra adımızı özümüz qoya bilsəydik.

- Əziz Arif – bir az ağır addır. Bu ad sanki qoca, çox fikirləşən adamlara daha çox yaraşır.

- Sərdarla gecələr boyu ad axtarmışıq. Bir tərəfdən ərəbcə-farsca lüğətlərdə, bir tərəfdə də müasir adların siyahısı olan kitablarda axtarış etmişik. Qeyri-adi adlara nəzər yetirdik, heç kimdə olmayan adlara baxdıq, axırda bəyəndiyimiz 7 adı kağıza yazıb saxladıq. Doğuşa gedəndə də həmin kağızları aparmışdıq. "Doğulsun, üzünə baxarıq, seçdiyimiz adlardan ona ən uyğununu qoyarıq", deyirdim.

- Bəs sonra?

- Uşaq doğuldu, ikinci gün oldu, ancaq hansı adı seçəcəyimizə qərar verə bilmədik. Nənəsi dedi ki, "qulağına adını kim oxuyacaq?" Təsadüfən elə həmin gün Mustafa Ceceli ziyarətə gəldi. Dedik ki, "adını qoymamışıq, azanını oxuyarsan?" O, isə ad qoyulmasa, bunun mümkün olmayacağını dedi.

Çoxlu fikirləşdim və axırda bu ada qərar verdim. Mustafa Ceceli onu qucağına götürüb dünyanın ən gözəl səsi ilə azanını oxudu. Ömür boyu bu səhnəni unutmayacağam. O qədər gözəl anlar idi ki, təəssüf, kameraya çəkmək ağlımıza gəlmədi. Mustafa onun qulağına doğru əyilib üç dəfə "sənin adın Əziz Arifdir", dedi. "Əziz ol, Arif ol. Amin!"… sözlərini deyəndə, yəqin ki, halımı təsəvvür edərsən, gözlərimdən yaşlar gəlirdi.

- Möhtəşəm. Deməli, Əziz və Arif sözlərinin mənaları xoşuna gəlib.

- Hə. Əziz qədim ərəb sözüdür. Mənası güclü, istədiyini əldə edən deməkdir. Arif isə "həqiqəti bilən" deməkdir.

- Soyadınız da "Erener"dir. Bildiyim qədərilə, "həqiqətə varan" deməkdir. Uşağın özünə qapanan, dərindüşüncəli, səssiz biri olmasından qorxmadınızmı?

- Ultrasəs müayinəsində baxanda qarnımda onun düşündüyünü görürdüm. Mən belə bir şey görməmişəm. Əli çənəsinin altında, sanki düşüncələrə qərq olub. Biz düşünməyi sevən insanlarıq, bu günə kimi də düşünməyin heç bir zərərini görməmişik.

- Əziz Arifin bir yaşı oldu. Bu bir il necə keçdi?

- Külək kimi. Sanki nağıldakı kimi, bir ağacın qovuğundan xariqələr diyarına düşmüşəm. Oğlum sayəsində həyatımda kiçik bir möcüzə baş verdi, çox şükür.

- Hazırda həyatının ən böyük mənası oğlundur?

- Doktorumuz deyir ki, "düzdür, körpə önəmlidir, ancaq ailə daha əhəmiyyətlidir". Mən də bunun düzgün olduğunu düşünürəm. Xoşbəxt körpə ancaq xoşbəxt ailədə böyüyə bilər.

- Artıq həyatda özündən daha çox sevə biləcəyin biri var. Bu, sənə necə təsir etdi?

- Bunun məni daha yaxşı bir insan edəcəyini düşünürəm. Özünü kainatın mərkəzi hesab edənləri indi kənardan izləyirəm. Mənə sirkdəki jonqlyorlar kimi görünürlər.

- İndi özünə daha az əhəmiyyət verirsən?

- Bəli. Çox da önəmli deyiləm. Təbii ki, özümə görə dəyərliyəm ki, ancaq hər halda almaz deyiləm. Bir insanam. Tozdan gəlmişəm, toz olub gedəcəyəm. Bir insanın varlığına vəsilə olmaq daha önəmlidir.

- Bəs ana olmaq səni təəccübləndirdi?

-Bir canlını içimdə böyüdüb, sonra çıxarıb südümlə bəsləyib böyüdə bilmək inanılmazdır. Heyrətləndim.

- Necə bir anasan?

- Gördüyüm qədərilə pis ana deyiləm. Adət-ənənələrə uyğun, eyni zamanda da "cool" bir ana olduğumu deyirlər.

- Ana olmaq necə bir hissdir?

-"Kələbək"də yayımlanan üç yazıma yeni çıxaracağım albomun kitabçasında da yer verəcəyəm. Oğluma yazdığım şeirlərdən birini bəstələmişəm. Nəqarəti belədir:

"Süd imişəm, dərman imişəm, bal imişəm, cənnət imişəm, sığıncaq imişəm, yuva imişəm"…

- Əziz Arif səni dəyişdirdi?

- Əvvəlcə mən sadəcə mən idim. Sonra Sərdarla "biz" olduq. İndi isə sadəcə o, yəni, Əziz Arif var.

Ürəyim böyüdü, ağlım azaldı. Bir insanı bu qədər çox sevə biləcəyimi, ürəyimə sığmayacaq qədər geniş duyğulara sahib ola biləcəyimi təxmin etməzdim. Əziz Arif sayəsində "super qəhrəman" olduğum ortaya çıxdı. Onu qaranlıqda görə bilirəm, əllərimlə sakitləşdirib, səsimlə yuxuya verə bilirəm. Tək əllə edə bildiklərimə inana bilməzsən.

- Sən həmişə göründüyündən daha dərin bir qadın olmusan. İndi sanki daha da dərindən düşünməyə başlamısan.

- Mən bir az melonxolikəm. İçimdə sevinc də var, ancaq kədərə meyilliyəm. İndi beynimdə Əziz Ariflə bağlı narahatlıqlar yaranıb. O, sanki mənim aynamdır. Özümü olduğum kimi, çılpaq görürəm, sərhədlərimi görürəm, nə qədər səbirli olduğumu müəyyənləşdirirəm. Sanki özümü yenidən tanımağa başlamışam. Arada bir özümü sakitləşdirməyə çalışıram. Filmlərdəki kimi, arada bir öz-özümə "dostum, sakit ol", deyirəm.

- Dua edirsən?

- Sadəcə şükür deyirəm, təşəkkür edirəm.

- Əzizi çox sevdiyin üçün Sərdar qısqanclıq keçirirmi?

- Sərdara zarafatla qarışıq deyirəm ki, "o, sənin sevgindən yemir, öz sevgisini yaradır". Ürəyimdə hər ikisinə də kifayət qədər yer var. Sərdar mənə həmişə deyirdi ki, "mənim uşağım olub, mən o duyğunu yaşamışam. İstəyirəm ki, sən də analığı dadasan". Niyə elə dediyini indi başa düşürəm. Ona görə Sərdara çox təşəkkür edirəm. Oğlumu böyütmək mənə indi hər şeydən önəmli gəlir.

- Doğuşdan 1 il keçib. Arıqlayıb səhnəyə çıxmaq istəmirsən?

- Rəfiqələrimlə zarafatlaşıb deyirəm ki, "Bu halıma baxmayın, dönüşüm möhtəşəm olacaq".

Səhnəyə mini ətəklərlə, hətta mayo ilə çıxacağımı deyirəm. Əvvəlkindən daha arıq olacağımı söyləyirəm. Amma inan ki, içimdə bu mövzu ilə bağlı təşviş, narahatçılıq yoxdur. Arıqlamaq üçün heç nə eləməmişəm. İdmana da hələ indi başlamışam. Tez də arıqladım. Həyatım boyu heç vaxt çəkimlə maraqlanmamışam. Oğlumla vaxt keçirib, onu böyütmək, güldürmək məni hər şeydən çox xoşbəxt edir.

- Bu duyğuları daha tez yaşaya bilərdin. Daha tez ana olmadığın üçün təəssüflənirsən?

- İllər öncə Mazhar Alansondan eşitdiyim sözlər heç vaxt yadımdan çıxmır.

Bağçada otururduq. Mənim albomum yeni çıxmışdı, həyəcanlı idim, klip, konsert haqda fikirləşirdim. Mənə yadımdan çıxmayan bu sözləri dedi: "Dövran belə davam edəcək, hər şey təkrarlanacaq. Albom çıxaracaqsan, klip çəkdirəcəksən, konsert verəcəksən, konsert turuna çıxmaq haqda düşünəcəksən. Sonra taksi sürücüsü soruşacaq ki, "Yeni albom nə vaxt çıxacaq?" Yenə eyni şeylər, eyni suallar… Həyat həmişə belə təkrarlanacaq. Ən yaxşısı, sən bir övlad dünyaya gətir".

- Bəs nəyi gözlədin?

- Yaxşı ki, gözləmişəm. Ağlımda, içimdə qalan heç nə olmadı. Özümü kitab kimi təsəvvür eləsəm, kitabın öncəki səhifələrində xəyallarım gerçək olub, gəzmişəm, aşiq olmuşam, istədiklərimi reallaşdırmışam, öz ayaqlarım üzərində durmuşam, bunların hamısı olub. Yaşamadığım bir şey qalmayıb. Çox şükür. Gələcəkdə heç kəsə "Sənin üzündən belə oldu, işləmədim, bunu eləyə bilmədim, ona vaxtım çatmadı" deməyəcəyəm.

Saçlarım kifayət qədər dalğalanıb, indi süpürgə ola bilər.

- Ən böyük xoşbəxtlik ana olmaqdır?

- Ən böyük xoşbəxtliyi heç kim tapmayıb. Həyat xoşbəxt anlardan ibarətdir, əsas olan da budur.

- Sərdar həmişə yaxşı ata olub. İndi Əziz Ariflə münasibətləri necədir?

- Sərdar uşaqları böyüklərdən daha çox sevir. Əzizlə yaxşı anlaşırlar.

- Adətən, uşaqlar Anaya daha yaxın olurlar, nəniki ataya. Deməli, Sərdar elə atalardan deyil?

- Yox, qətiyyən. O, hər səhər Əzizin altını təmizləyir. Axşamlar isə birlikdə çimizdirib yatızdırırıq. Uşaqla oynayır, onu yedizdirir, bir sözlə, əmizdirmək istisna olmaqla hər şey edir.

- Bəs yenidən övlad sahibi olmaq Sərdarı da dəyişdirdimi?

- Bunu özündən soruşmaq lazımdır. Ancaq mənim gördüyüm qədərilə daha xoşbəxt bir insan olub və gün keçdikcə gəncləşir.

- Bəs övlad sahibi olmaq yaradıcılığına necə təsir etdi? Daha yaxşı yazmağa başladın, yoxsa, artıq yazmağa, işləməyə vaxtın qalmır?

- Əziz Arif mənə uğur gətirdi. "Qanadlarım var ruhumda" adlı mahnımı yeddi aylıq hamilə olarkən yazmışdım. Karyeram boyunca ilk dəfə bir mahnım "YouTube"da 38 milyon dəfə izlənilib. Ən gözəl reklam musiqilərini də son vaxtlarda yazmışam. İçimdən musiqi fışqırır. Sanki ilham içimdə yuva qurub. Əzizə hər gün mahnı yazıram, gələcəkdə bütün uşaqlar üçün həyatdan bəhs edən kiçik nağıllar və laylalar yazmağı düşünürəm.

- Bəzən sənə də elə gəlmirmi ki, övlad sahibi olmağı şişirdirsən?

- Hiss edirəm. Ancaq mən şişirtmədən yaşaya bilmərəm. Qabartma tozuyam mən, hər şeyi qabartmalı, şişirtməliyəm. Yoxsa, mahnı da yaza bilmərəm, yazı da…

- Uşağın neçə dayəsi var?

- Hər uşaq kimi öz hərəmini qurub. Evimizdə əlimiz-ayağımız olan Aynurumuz var. Bir köməkçi daha götürmüşük. Anam tez-tez gəlir, maraqlanır. Mən də həmişə evdəyəm, onun yanındayam. Adətən, parka aparan, yatızdıran, oynadan mən oluram. Uşaqlarına yemək yedizdirməyi bacarmayan, onunla maraqlanmağa vaxtı olmadığını deyən analardan olmaq istəmirəm. Elə analar var ki, uşağı pedaqoqa belə sürücü ilə göndərirlər. Müasir həyat ananın daha rahat olmasını təmin etsə də, uşağı yalnızlaşdırır. İndi dəbdə olan məsləhətlərə də əməl etmirəm. Sadəcə, oğlumun gözlərinə baxıram və nə istədiyini anlamağa çalışıram.

- Oğlunu kiməsə qısqandığın olub?

- Yox. Başqaları ilə vaxt keçirir və münasibət qurur, araya girə bilmərəm.

- Daha yaxşı bir ana olmaq üçün nələr edirsən?

- Anama baxıb ondan nümunə götürürəm. O, möhtəşəm bir ana olub. Bir də çoxlu oxuyuram. "Analar" adlı qrup qurmuşuq, bir-birimizi məlumatlandırırıq.

- Ananın atanın sənə qarşı etdikləri hansı hərəkəti təkrarlamaq istəməzsən?

-İstəyirəm ki, Əziz öz problemləri ilə baş-başa qalıb, çıxış yolunu tapa bilsin. Bizimkilər elə deyillər. Hər problemimizi həll etməyə çalışırlar. Amma anamla atamın mənə verdikləri sevginin mində birini oğluma hiss etdirə bilsəm, çox xoşbəxt olaram. Ana olandan sonra qadınlara qarşı hörmətim daha da artıb. Əvvəllər dostlarımın çoxu kişilər idi. Qızlarla söhbət edə bilmir, sıxılırdım. İndi tam əksinə qadınlarla vaxt keçirirəm. Danışdıqca başqa mövzular açılır.

- İkinci dəfə ana olmaq istəyərsən?

- Qismətdir. Oğlumla daha çox zaman keçirmək istəyirəm. Amma ikinci uşaq haqqında da düşünürəm.

- Türkiyənin gündəmindən xəbərdarsan?

- Türkiyənin gündəmi məni yorur. Başa düşmürəm ki, niyə bu ölkədə dava bitmir.

Sakit bir ölkədə yaşamaq istəyərdim. Uşağımın gələcəyi, təhsili ilə bağlı narahatlıq keçirmədən yaşamaq daha yaxşı olardı. Burada siyasət "O, qazanmasın deyə, buna səs verək!" məntiqi ilə işləyir. Ətrafımda siyasətlə bağlı danışan, müzakirələr açan çox insanlar var. Müzakirə etmək, yazmaq, müqavimət göstərmək lazımdır. Mən də səsimi eşitdirmək istəyəndə öz köşəmdə yazıram.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm