Kasıb tələbə metal kralına çevrilib arvadını boşadı və katibəsi ilə evləndi - “Biz belə böyük pullara alışmamışıq”
Bizi izləyin

Ekopublika.az

Kasıb tələbə metal kralına çevrilib arvadını boşadı və katibəsi ilə evləndi - “Biz belə böyük pullara alışmamışıq”

Onun adı Rusiyanın dollar milyarderlərinin siyahısında 5-ci sırada yer alır. Bir zamanlar tələbə yataqxanasında birotaqlı mənzildə yaşayan bu şəxs illər sonra Boris Yeltsin və Korelinin rezidensiyasını, eləcə də İtaliyanın ən bahalı sahilində 110 milyon dollara malikanəni alacaq qədər kapitala sahiblənir. Söhbət Qərbin, şirkətlərini öz sanksiyaları siyahısına daxil etdiyi Aleksey Mordaşovdan gedir.

Publika.azMilyonçu” layihəsi çərçivəsində iş adamının həyat hekayəsini təqdim edir.

Atasının adi işçi olduğu kombinatın sahibinə çevrilir

Aleksey Mordaşov 1965-ci ildə anadan olub. Atası Aleksandr Mordaşov ixtisasca elektrik-mühəndis olub. Çeropeveç metallurgiya kombinatında işləyib. Milyarderin uşaqlığı ilə bağlı o bəllidir ki, valideynləri işlədiklərindən oğullarını böyütməyə elə də canfəşanlıq göstərməyiblər. Doğrusu, Aleksey də kifayət qədər sakit uşaq olub və heç vaxt problem yaratmayıb. Orta məktəbdə təhsil alarkən nümunəvi şagird adı qazanıb. Hətta sinif nümayəndəsi belə təyin edilib. Məktəbi bitirdikdən sonra Leninqrad tikinti-mühəndis universitetinə qəbul olunub. Gənc yaşında ailə qurduğu və öhdəlikləri artdığından kafedrada işləməsinə baxmayaraq, aspiranturaya qalmayıb. Maddi problemlər onu 1988-ci ildə doğulduğu şəhərə - Çeropeveçə qayıtmağa məcbur edib. Çeropeveç metallurgiya kombinatında baş iqtisadçı vəzifəsinə düzəlib. 1989-cu ildə Avstriyanın” VoestAlpine” polad zavoduna birillik təcrübəyə göndərilib. Orada nə öyrənib-öyrənməyibsə, ölkəyə revanşla qayıdıb. 1992-ci ildə Rusiyada məşhur özəlləşdirmə dalğası başlayanda fürsətlərdən yararlanıb. Deyilənə görə, həmin vaxt A.Mordaşov Çeropeveç metallurgiya kombinatının maliyyə direktoru işləyirmiş. Kombinatın rəhbəri Yuriy Lupixin ona müəssisənin özəlləşdirmədə iştirakını təmin etməyi həvalə edir. O isə nəinki özəlləşdirməyə qatılır, Lupixini istefaya göndərib, yerində əyləşir. Belə ki, 27 yaşlı Aleksey Mordaşov əvvəlcə “Severstal-invest” törəmə şirkətini yaradır. Şirkətin səhmlərinin 76 faizi Çeropeveç metallurgiya kombinatına, 24 faizi isə Mordaşovun özünə məxsus olur. Bütün gücünü Çeropeveç metallurgiya kombinatını almağa yönəldir. Lakin bu, böyük pullar tələb etdiyindən “Severstal-inves” Çeropeveç metallurgiya kombinatı ilə müştərilər arasında vasitəçi rolunu oynayır. Çeropeveç metallurgiya kombinatından metalı ucuz qiymətə alıb baha qiymətə müştərilərə satır. Əldə etdiyi gəliri işçilərdən kombinatın səhmlərini almağa yönəldir. Bəxti onda gətirir ki, işçilər səhmlərə ciddi yanaşmırlar və onları satmaqda maraqlı olurlar. 1996-ci ildə səhmlərin 96 faizini əldə edən A.Mordaşov kombinatı “Severstal” kimi rəsmiləşdirir. Lupixini istefaya göndərib baş direktor kereslosuna oturur. 2002-ci ildə "Severstal"ın yenidən qurulmasından sonra keçmiş kombinat "Severstal- qrup"a çevrilir. Bu arada, 1996-ci ildə o nəinki iş, şəxsi həyatında da dəyişikliyə imza atır. Tələbəlik illərində sevib evləndiyi həyat yoldaşını boşayır. Bu barədə bir az sonra.

Kapitalı

A.Mordaşov müxtəlif illərdə Rusiyanın böyük banklarının idarə heyətinin üzvü olur. Hazırda o, “Severstal”ın səhmlərinin 79 faizi, “Nord Gold”un səhmlərinin 88 faizi ,”Silovie maşini”nin səhmlərinin 100 faizinə sahibdir. Eyni zamanda “Utkonos” internet-mağaza şəbəkəsi və Avropada ən böyük turist konserni olan TUİ-nin səhmlərinin 14 faizi Alekseyə aiddir. Bundan əlavə o, milyarder Yuriy Kovalçukla birgə “Rosiyya” bankın sahibidir. Hansı ki bu bank Qərbin sanksiya siyahısına daxil edilib. Söz sanksiyalardan düşmüşkən. Münasibətlərin gərginləşməsi nəticəsində, 2014-cü ildə “Severstal” özünün Amerikadakı avtivlərinin - "Severstal Columbus и Severstal Dearborn", "PBS Coals"ın satışını reallaşdırıb.

Ailəsi

Milyarder iki dəfə evlənib. Hər iki həyat yoldaşının adı Yelenadır. Birinci Yelena ilə iş adamının tanışlığı universitetin dəhlizində baş tutub. Yelena Mityukova universitetin 5-ci kursunda, Aleksey 2-ci kursda təhsil alırmış. Yaş fərqləri 2 yaş 9 ay olmasında baxmayaraq, əvvəlcə dost, sonra sevgili olurlar. Onların romantik münasibətlərinin dillərə dastan olduğu yazılır. Yelena həmin günləri belə xatırlayır: “O qədər aşiq idik ki, bu heç kəsin diqqətindən yayınmırdı. Tətilə qədər hər gün görüşdük. Nəhayət, gözləmədiyimiz an yetişdi. Dərslər bitdi və biz tətilə çıxdıq. O öz evlərinə, mən də nənmin yanına qayıtdım. Bir də xəbər tutdum ki, hamiləyəm. Qadın həkiminə getdim. Həkim sorğu-suala başladı ki, uşağın atasının xəbəri var? Dedim yox. Dedi deməlisən. Sonra uşağı saxlayıb-saxlamamağımı düşünməyi məsləhət gördü. Mən birinciyə qərar verdim. Bu müddətdə də Aleksey mənə sevgi məktubları yazırdı. Avqustda iş təcrübəsi üçün Leninqrada qayıtdım və Alekseylə görüşdük. Ona iki yaş böyük olduğumu xatırlatdım. Bildirdim ki, bizim cəmiyyətdə qadın həmişə özünün düşünülməmiş addımlarına görə məsuliyyət daşıyır. Uşağın bütün məsuliyyətini üzərimə götürməyə hazıram. Sakit ayrıla bilərik. Doğrusu, o heç bir cavab vermədi. Aylar keçdi. Artıq universitetdə hər kəs hamilə olduğumu bilirdi. Aleksey isə hələ fikirləşirdi. Nəhayət, noyabrda o, mənə evlənmək təklif etdi. Bu, onun anası üçün böyük zərbə oldu. O, uşağın oğlundan olmasına şübhə edirdi. Hətta məni evlərinə qonaq çağıraraq sorğu-sual belə etdi. Özümü saxlaya bilməyib ağladım və uşağın atasının doğrudan da Aleksey olduğunu söylədim. İllər sonra sübuta da ehtiyac qalmadı. Çünki ata-oğul eyni adamlardır”.

Yelena və Alekseyin övladları 1986-cı ildə dünyaya gəlib. Doğumdan sonra uşağın xəstə olduğu ortaya çıxıb. Bu da A.Mordaşovu hadisələrə praktik tərəfdən yanaşmağa sövq edib: “Biz universitetin yataxanasında 1 otaqlı mənzildə yaşayırdıq . Aldığımız təqaüd ayın sonuna zorla çatırdı. Hətta xərclərimizi ödəmək üçün Aleksey tələbələrə kurs işi yazırdı”.

Eks-Mordaşova ərinin başqa qadına vurulmasını isə belə izah edir: “Əvvəlcə güc, sonra pul qazandıq. Ərimə xidməti maşın, katibə ayrıldı. Pulun iyinə çoxlu qadınlar yığılmağa başladı. Aleksey özü də onlara laqeyd deyildi. Hətta mənim yanımda belə qadınlarla görüş təyin edirdi. Hərəkətləri ilə onu evliliyə məcbur etməklə həyatını məhv etdiyimi başa salırdı. Nəhayət, 1996-cı ildə boşanmağı təklif etdim”.

Qeyd etdiyimiz kimi, iş adamı həyat yoldaşından 1996-ci ildə ayrılır. Bir müddət öz işçisi olan Yelenanın evində yaşayır. Leninqrad Universitetini bitirən Yelena iş adamına məxsus “Severstal”da katibə işləyirmiş. Özünün sözlərinə görə, Alekseylə işdə klassik sevgi məcərası yaşayıb: ”Görüşlərimiz ara-sıra və qısamüddətli olurdu. Amma mən ona vurulmuşdum”. Bildirək ki, bu münasibətdən və birinci evlilikdən milyarderin ümumilikdə 6 övladı var. O ki qaldı Aleksey Mordaşovun özünün ailəyə yanaşmasına, ailənin onun üçün heç vaxt əsas olmadığını deyir: “Həmişə iş və biznes öndə olub”.

Ərindən pul tələb edir, amma ala bilmir

İş adamının birinci həyat yoldaşı 2001-ci ildə “”Bütün qadınlara açıq məktub” adlı müraciət dərc etdirir. Burada ərinin ona maddi-mənəvi zərbələrindən bəhs olunur. Məktubdan sonra o, 2002-ci ildə məhkəmə vasitəsilə keçmiş ərinin əmlakından pay almağa çalışır. Ondan 20 milyon dollar tələb edir. Yelena bununla təkcə cəmiyyətin diqqətini çəkmir, eyni zamanda “Severstal”ın səhmlərinə həbs qoyulmasına nail olur. Hərəkətini belə əsaslandırır: “Yoxladım və ərimin ürəyinin olmadığını gördüm. Oğlunun taleyi onun vecinə deyil. İllərlə Alekseydə atalıq duyğusunun oyanacağını gözlədim, amma bu baş vermədi. Oğluma yazığım gəldi. Bu addımları atdım”. Amma Yelenanın sevinci uzun çəkmir. A.Mordaşov növbəti məhkəmədə eks-həyat yoldaşının iddialarının əsassız olduğunu sübut edir. Hətta oğlunu evsiz belə qoymaq istəyir.

Forbes

Aleksey Mordaşovun adı “Forbes”in siyahısına 2005-ci ildən daxil edilib. Həmin ildə onun sərvətinin həcmi 5,1 milyard dollar imiş. 2006-cı ildə həmin rəqəm 8,5 milyard, 2007-ci ildə 12,1 milyard, 2008-ci ildə 24,5 milyard dollara yüksəlib. 2009-cu ildə Mordaşovun puıu 20 milyard dollar azalaraq 4,3 milyard dollar təşkil edib. 2010-cu ildən sərvətinin həcmi 9,9 milyard, 2011-ci ildə 18,5 milyard, 2012-ci ildə 15,3 milyard, 2013-cü ildə 12,8 milyard, 2014-cü ildə 10,5 milyard, 2015-ci ildə 13 milyard dollar olub. O, hazırda Rusiyanın beşinci ən varlı sakinidir. A.Mordaşov milyardları haddında isə belə deyir: “Hələ də “Forbes”in siyahısında adımın qarşısındakı rəqəmə inana bilmirəm. Biz belə böyük pullara alışmamışıq. Keçmişə nəzər saldıqda onlar real görsənmir”.

Hobbisi

Qış idmanının bütün növləri ilə maraqlanan iş adamı eyni zamanda poeziyaya da maraq göstərir. O, ingilis, alman dillərində danışır.

Bahalı villalar

Girişdə yazdığımız kimi, Mordaşov Yeltsin və Korelinin rezidensiyasını satın alıb. Bundan əlavə onun Sardinyada 400 kvadratmetrlik malikanəsi var. 19 otağın və bir neçə hovuzun yerləşdiyi malikanəni o, 110 milyon dollara əldə edib. Mətbuatın yazdığına görə, əvvəllər malikanə italiyalı iş adamı Karlo de Benddetiyə məxsus olub. Bundan əlavə, milyarderin Kosta-Smeraldedə 13 milyon avroluq meqavillası var.

Leyla Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm