Azərbaycanlı müğənni: “Arvadım bilir ki, məşuqəm var”- FOTOLAR/MÜSAHİBƏ
Bizi izləyin

Magazin1

Azərbaycanlı müğənni: “Arvadım bilir ki, məşuqəm var”- FOTOLAR/MÜSAHİBƏ

Tanınmış müğənni Əli Mirəliyev belə getsə, deyəsən, müğənniliyi atıb, aktyorluqla məşğul olacaq. Özü demişkən, həm pul qazanacaq, həm də maraqlı insan kimi filmə yaraşıq verəcək.

Müğənni artıq filmə də çəkilib. “Bir milyon manat” adlı filmdə rol alan sənətçini elə filmin premyerası günü söhbətə çəkdik. Təqdimat mərasiminə həyat yoldaşı və qızı ilə qatılan Əli Mirəliyev filmlə bağlı Publika.az-a müsahibə verib.

- Əli müəllim necə oldu birdən-birə filmə çəkildiniz? Kim dəvət etdi?

- Sözün düzü, özüm üçün də gözlənilməz oldu. Elmir adlı oğlan filmin rejissorudur. Mən bunu sonradan bildim. Məni çağırdı ki, gəl, sizinlə işimiz var. Mən getdim onların ofisinə, soruşdular ki, bəs filmə çəkilmək istəyirsiniz? Sözün düzü, əvvəlcə, tərəddüd etdim, çünki indiyə qədər aktyorluq bacarığımı heç yerdə göstərməmişdim. Dedim ki, mahnı oxumağımı istəyirsinizsə, problem yoxdur, amma bilmirəm rola girmək məndə alınar, ya alınmaz? Dedilər ki, gəl risk edək, bəlkə, elə alınacaq. Belə, bir-iki dubldan sonra bəyənildim.

Amma deyim ki, filmə çəkilmək asan iş deyilmiş, bu aktyorlar nələr çəkirmiş?

- Obrazınız sizi qane etdimi?

- Film maraqlı süjet xəttinə malikdir. Filmin əsas qəhrəmanı bir qoca nənədir. Mən də onun məşuquyam. Biz cavanlıqda bir-birimizi sevmişik, yaxşı günlərimiz olub. Sonra bu nənənin nəvəsi Londonda peyda olur. Nənə öz daxılına 10 manat pul qoyur. Bu nəvə də Londondan durub gəlir ki, bəs nənəsindən ona sərvət qalacaq. Çünki elə bilir ki, daxılda on milyon pul var. Daxılı açanda görür ki, 19 manat pul var, nə isə çox maraqlı bir filmdir.

- Premyeraya xanımınızla gəlmisiniz. Bəs qorxmursunuz filmə baxandan sonra aranızda narazılıq yaşanar? Hər qadının işi deyil e, filmdən həyat yoldaşının eşq yaşamasını sakitliklə qarşılasın…

- Arvadı özüm gətirmişəm ki, baxıb ərinin aktyorluq qabiliyyətini də görsün. Qabaqcadan da hər şeyi danışmışam, arvadım bilir ki, filmdə sevgilim var. Belə də ki, Əli Mirəliyev arvada hesabat verən kişilərdən olmayıb. Kişi kişidir, qadın da qadın. O da heç vaxt cəsarət edib mənə artıq-əskik suallar verməyib. Bax elə yanında deyirəm, dalda danışmıram ki. O bəzi sənət adamlarıdır e. Efirə çıxıb arvadından danışır. Bizim evdə dədə-baba qaydaları hökm sürür. Mən də evimi köhnə kişilər kimi idarə edirəm.

- Əli müəllim, filmdə hansı çətinlikləri yaşadınız ki?

- Sözün düzü, mən istədim ki, filmdə öz Bakı ləhcəmlə danışım, ssenaristlə, rejissor etiraz etdi. Mən də birdən-birə ləhcəmi dəyişə bilməzdim axı, buna görə çəkiliş zamanı çətinliklər yaşadım. Məni başa saldılar ki, bu kinodur, gərək tələblərinə uyğun danışasan. Amma elə öz bildiyimi elədim, filmdə bəzi sözləri ləhcəylə söylədim. Həm də tam olaraq bədii dildə danışmaq mümkün olmadı. Sonradan rejissor özü də bunu anladı və mənə etiraz etmədi. Dedi ki, eybi, yoxdur, qoy belə olsun.

- Əli müəllim qonorar aldınız?

- Hə, sağ olsunlar, verdilər.

- Nə qədər?

- Min bərəkət. Hələ mənə hörmət edib, artıqlaması ilə verdilər. Axı özünüz də bilirsiniz ki, bu gün cavan uşaqlar filmi min bir əziyyətlə çəkir, sponsor tapılmır, az pula böyük bir film çəkirlər. Bir var oturasan evdə pulsuz-parasız, bir də var həm filmə çəkiləsən, həm də azdan-çoxdan qonorar alasan.

- Yəqin ki, indən belə sizi filmlərimizdə aktyor kimi də tez-tez görəcəyik?

- Şübhəsiz, dəvət etsələr, çəkiləcəyəm. Oxumağa nə var e, nə qədər lazımdır oxuyum. Oğul istəyirəm aktyorluq eləsin. Çox çətindir, amma maraqlıdır.

- Sizin üçün janrın əhəmiyyəti varmı - komik, dramatik?

- Yox əşi, komediyada da oynayaram, faciədə də. Lazım olsa “vorzakon” da olaram, “alkaş” da, qəhrəman da. Mən özümə inanan adamam, istənilən rolu elə yaradaram ki, aktyorlar baxıb məəttəl qalar.

- Əli müəllim, sizcə, filmi maraqlı edən ssenaridir, yoxsa aktyor oyunu?

- Aktyor oyunundan da çox şey asılıdır. O insan maraqlıdırsa, elə tarixçi də olsa maraqlı olacaq, müğənni də olsa, aktyor da…Bizim köhnə aktyorlara baxın. Elə xalq artisti Ələsgər Ələkbərovun əzəməti nəyə desən dəyərdi. “Vaqif” tamaşasında görün necə ecazkar bir səslə danışır:

Aparın Vaqifi salın zindana,

Göz dağı çəkdirin Azərbaycana!

Bu rolu indi kim oynaya bilər? Fuad Poladov, Nurəddin Mehdixanlı, Rasim Balayev kimi sənətkarlar bu rolu oynaya bilər. Həm də o film seviləcək, ona görə ki, adlarını çəkdiyim bu sənətkarlar həm də insanlar üçün həmişə maraq kəsb edib.

- Əli müəllim, qorxuruq səhnəni birdəfəlik çəkiliş meydançası ilə əvəzləyəsiniz?

- Heç elə şey ola bilər. Amma dəqiq sizə söz verirəm ki, məni indən belə filmlərin baş qəhrəmanı kimi görsəniz, çaşıb qalmayın. Çünki sənət aləmində olduğu kimi elə kino aləmində də Əli Mirəliyev maraqlı tip olaraq seviləcək. (Üzünü həyat yoldaşına tutub sual verir) Nədir, bəlkə, düz demirəm?

(Onu da deyim ki, Əli Mirəliyev nə illah elədisə, xanımı şəkil çəkdirməyə razılıq vermədi. Hətta durub başqa masada oturmaq istədi. Müğənni onun bu hərəkətindən əməlli-başlı əsəbiləşdi).

- Ay qız otur yerində. Hara gedirsən, bunlar televiziya deyil, saytdır, görüntün olmayacaq, şəklini çəkəcəklər…

(Əli Mirəliyevin təkidinə baxmayaraq, biz xanımın istəyinə hörmətlə yanaşdıq).

Cəvahir Səlimqızı

Foto: Rəşad Abbasov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm