Yol polisi valideynlərə müraciət etdi
Bizi izləyin

Qırmızı.az

Yol polisi valideynlərə müraciət etdi

Bakının orta məktəblərində təşkil ediləcək "Son zəng" tədbirləri ilə əlaqədar yol polisi 29 və 30 may tarixlərində gücləndirilmiş iş rejiminə keçəcək.


Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov ANS PRESS-ə açıqlamasında, küçə və yollara bitişik bütün ümumtəhsil müəssisələri nəzarətə götürüləcəyini və təhlükəsizlik tədbirlərinin həyata keçiriləcəyini bildirdi.


Vaqif Əsədov məktəblərin ətrafında dayanma-durma qaydalarının pozulmasına da imkan verilməyəcəyini deyir: "Yol polis əməkdaşlarımız bu neqativ halların yaranmasına imkan verməyəcək. Ona görə də orta məktəblərin ətrafındakı küçə və yollarda nəqliyyat sıxlığının yaranmaması üçün vətəndaşlardan xahiş edirik ki, bu iki gün ərzində şəxsi avtomobillərdən mümkün qədər az istifadə etsinlər".


Bölmə rəisinin sözlərinə görə, yol polisinin şəxsi heyəti eyni zamanda yeniyetmələrin qeyri-qanuni olaraq avtomobil idarə etməsinin də qarşısını almaq üçün xüsusi tədbirlər görüləcək: "Ötən illərin təcrübəsi göstərir ki, həmin gün bəzi şagirdlər qeyri-qanuni olaraq avtomobil idarə edirlər. Hətta bəzən onların idarə etdiyi avtomobillərlə qəza törətmələri və nəticədə insanların ölməsi və xəsarət alması halları da baş verib. Ona görə də belə xoşagəlməz halların olmaması üçün bir daha əhalini, paytaxt sakinlərini diqqətli olmağa, xüsusilə də avtomobili olan valideynləri övladlarının avtomobili idarə etməsinə yol verməməyə çağırırıq. Ey valideynlər, avtomobillinizi uşaqlarınıza verməyin! Bununla övladınıza yaxşılıq yox, pislik edirsiniz. Həmçinin unutmaq olmaz ki, qanunla avtomobilin idarə edilməsini sürücülük vəsiqəsi olmayan şəxsə etibar etdiyinə görə avtomobil sahibi özü də məsuliyyət daşıyır".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm