Türkiyə KİV-i: “Moskvanın planı TANAP-ı sıradan çıxarmağa hesablanıb”
Bizi izləyin

Dünya

Türkiyə KİV-i: “Moskvanın planı TANAP-ı sıradan çıxarmağa hesablanıb”

“Türk axını” qaz kəməri layihəsi reallaşdırılacaqmı? Türkiyə mediası bu suala ABŞ dövlət katibinin enerji siyasəti üzrə müşaviri Amos Hoksteyninin Yunanıstana səfəri zamanı verdiyi bəyanatından sonra cavab axtarmağa başlayıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Amos Hoksteyn Afinanı Rusiya təbii qazının Türkiyə və Yunanıstan vasitəsilə Avropaya çatdırılmasını nəzərdə tutan “Türk axını” layihəsindən imtina etməyə çağırıb.

Amerika diplomatının bəyanatına əsasən, “Türk axını” Yunanıstanın maliyyə ehtiyaclarını nəzərə almır və siyasi xarakter daşıyır. Onun fikrincə, Afinanın “Türk axını”ndan imtinası Yunanıstanın cazibədarlığını xarici investorların gözlərində yüksəldəcək. Amerikalı rəsmi “Türk axını”nın əvəzinə Yunanıstana Azərbaycandan Avropaya təbii qazın çatdırılmasını nəzərdə tutan TANAP layihəsini dəstəkləməyi təklif edib.

Türkiyəli şərhçilər hesab edirlər ki, Vaşinqton bütün cəbhələrdə Rusiyanın mövqeyini zəiflətmək üçün mümkün olan hər şeyi edir. Rusiya “Türk axını” boru kəməri üzrə qazın ilk ixracını 2016-cı ilin dekabrında başlamağı planlaşdırır. Türkiyənin “Dünya” nəşrinin yazdığına görə, “Türk axını”nın istismara verilmə tarixi TANAP-ın istismarı tarixindən əvvələ hesablanıb və Moskvanın planı nəzərdə tutulduğu kimi həyata keçirilərsə, faktiki olaraq, başqa alternativ layihələrə, o cümlədən TANAP-a kəskin ehtiyac aradan qalxacaq.

Türkiyə KİV-inin qənaətinə görə, layihənin reallaşdırması Türkiyənin Rusiyadan enerji asılılığını artıracaq. Ancaq eyni zamanda “Türk axını” ilə TANAP-ın da Türkiyə üzərindən keçməsi regionda Türkiyənin təsirini gücləndirəcək. Qeyd edilir ki, gec-tez İran, İraq, İsrail və Kipr qazı da Türkiyə enerji dəhlizində birləşməli olacaq.

Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin ötən ilin dekabr ayında Türkiyəyə etdiyi səfərində “Cənub axını” layihəsindən imtina edib. Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla apardığı müzakirələrdən sonra Türkiyə üzərindən çəkilməsi planlaşdırılan “Türk axını” layihəsini elan edib. Bu layihə Avropada enerji kartlarını alt-üst edir və o cümlədən Azərbaycanda yaxından izlənilir. Çünki Azərbaycanın “Şahdəniz-II” yatağından hasil olunacaq qaz da TANAP kəməri ilə Türkiyənin Yunanıstanla sərhədinə, oradan isə TAP kəməri ilə Avropanın cənubuna nəql edilməlidir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm