Əsəd Qaraqaplan: “Məni sünnət edən həkim anama deyib ki, bu uşağın böyük gələcəyi var” - FOTO
Bizi izləyin

Mədəniyyət

Əsəd Qaraqaplan: “Məni sünnət edən həkim anama deyib ki, bu uşağın böyük gələcəyi var” - FOTO

Gənc yazar Əsəd Qaraqaplanın Publika.az-a müsahibəsi.

Freydin fikridir, insanlar daim iki şey haqqında düşünürlər: seks və dahi olmaq istəyi. Sən daha çox nə haqda düşünürsən?

Universitetdə oxuyanda dəyər verdiyim müəllimlərdən biri bir gün bütün qrupa belə sual verdi: “Həyatda ən ədalətli şey nədir?” O vaxt qrup yoldaşlarımdan bu suala müxtəlif və qeyri-müəyyən cavablar gəlmişdi. Onda uzun müddət düşünmədən, inistink olaraq suala belə cavab vermişdim: “Həyatda ən ədalətli şey ölümdür”. Uzun müddət xoşbəxtliyin, daha doğrusu, mütləq xoşbəxtliyin nədən ibarət olduğunu düşünmüşəm. Yaşadıqlarımdan, gördüklərim və duyduqlarımdan belə anladım ki, mütləq xoşbəxtlik yalnız orqazm anında olur... İnsan həyatı boyu əsasən iki şey haqqında düşünür: Seks və Ölüm. Təbii ölümün də bir “orqazm” – rahatlama olduğunu düşünsək, əslində, insan həyatının bütün əsas çabalarının seks və ölümə – orqazma görə olduğunu anlayarıq. Yəni insan həyatı əsasən seks və ölümə – ölümsüzlüyə görədi. Sufilərin o məşhur üç sualında – “Mən kiməm? Hardan gəlmişəm? Hara gedəcəm?” – olduğu kimi, bizim “hardan gəldiyimiz” Seks, “hara gedəcəyimiz” də Ölümdü. “Kimliyimiz” sekslə ölüm arasında ölümsüzlüyü axtarmağımızdı, məncə.

Kənd, yoxsa şəhər?

Kənd. İnsan öz yuvasından kənara çıxmamalı – öz elindən-obasından. Hər kəs öz doğulduğu yerdə – doğulduğu yuvada xoşbəxtdir. Uzun illərdir evimizdən uzaqdayam. Bunu sonra anladım ki, insan çıxıb getməyi bacarmayan varlıqdır. O çıxıb getdiyində hər şeyi və hər kəsi satar – xəyanət edər. İnsan getmədiyində daha çox özü olar, daha çox ruhuna sadiq, daha çox varlığını və kimliyini qoruyar. Mən də getdim, mən də xəyanət etdim. Xəstəlikli bir sevgiylə buranı sevir, tərk edib gedə bilmirəm. Hər şey nə qədər üstümə gəlsə də, bundan ötəsində belə sahib olduğum yerə – var olduğum məkana xəyanət edə bilmirəm. Burdan çıxıb getmək mənə cəhənnəm istisindən çıxıb dəhşət bir soyuğa düşmək kimi gəlir. Elə bilirəm hara getsəm, kiminlə olsam, əllərim çox üşüyəcək, ruhum heç bir yerdə qərar tutmayacaq. Hara getsəm, xəyanət elədiyim yuvamın ahı məni izləyəcək gecə-gündüz. Bəli, yanlış anlamayın, soysuz biriyəm mən. Sıradan bir kəndçiyəm. Sadə fəhlə ailəsində doğulmuş bir uşağam.

Bir az uşaqlığınızdan danışın...

Mən bacımla əkizəm. Dünyaya iki saat fərqiylə gəlmişik – birinci mən, sonra bacım. Mamam deyir ki, bacım onun bətnində həmişə sakit dayanar, mən isə hey çabalayar və təkmələyərmişəm onu. Hətta bir dəfə onu necə təkmələmişəmsə, dözməyib qarnına bir yumruq ilişdirib ki, a bala, sakit dayan. (gülür) Dünyaya gələndə ölü doğulmuşam. Anam demiş: gömgöy, qapqara. Həkimin iki sərt şilləsindən sonra ayılıb dünyaya qayıtmışam. Yeddi aylıq olanda yaman xəstələnmişəm, qızdırmam qalxıb. Atam da məni möhkəm büküb ki, tərləyim, soyuqdəyməm çıxsın. Bir də görüblər ki, rəngim solub, halım özümdən gedib. Anam qışqırıb ki, ay Yadi, uşaq öldü. Tez üstümü açıb havaya çıxarıb və ondan sonra özümə gəlmişəm”.

İki yaşım olanda ikinci bacım (12 yaşı vardı) məni eyvandan həyətə (təxminən iki metr yarım hündürlükdən) “çiş” tutmaq istəyəndə başı gicəllənib, əlindən betonun üstünə düşmüşəm. Evdə bacılarım və anam çığır-bağır salıblar ki, bəs uşaq öldü. Elə bu vaxt mənim iməkləyə-iməkləyə pilləkanları çıxdığımı görəndə hamısı dəhşətə gəlib.

Üç yaşım olanda təndirxanamızın arxasına yığılmış butulkaları daşla vurub sındıranda bir şüşə parçası gəlib köynəyimdən içəri düşmüşdü. Axşam evdə dördüncü bacım köynəyimi çıxaranda şüşə birbaşa alnımı kəsir. Sifətimi qan götürür. Birtəhər bağlayıb sarıyırlar. Sonra həmin yara öz-özünə sağalmışdı: həkimsiz-zadsız. İndi alnımdakı çapıq o vaxtdan yadigardı. Özlüyümdə ona ad da qoymuşam: “Tanrının imzası”.

Hər dəfə məni çimizdirəndə böyük qardaşım barmaqlarını qayçı şəklində göstərir, yəni məni çimizdirib sünnət elətdirməyə aparacağıyla qorxudurdu. Beş yaşım olanda bir gün məni çimizdirəndə yenə eyni şey elədi, ama bu səfər ona inanmadım. Çünki həmişə belə deyirdi, ancaq yalan çıxırdı. Tərslikdən həmin gün məni xəstəxanaya apardılar. Atam könlümü almaq üçün mənə yolda bir oyuncaq kamaz da aldı... Həmin gün dəqiq yadımdadı; həkimlər məni otağa aparanda atamın da gəlməsini istəmişdim, amma demişdilər ki, atan sənə dondurma almağa getdi. Atam xəstəxanaya girəndə biraz əsəbləşdi, çünki gördü ki, mən dəhlizdə “kamaz”ıma ip bağlayıb sürürəm. Əsəbi halda həkimlərdən soruşdu ki, bəs siz bu uşağı sünnət eləməyibsiz? Həkimlər deyib ki, eləmişik. Onda atam dəhşətə gəlmiş, həkimlərdən biri isə anama deyib ki, bu uşağın böyük gələcəyi var.

Savaş, yoxsa sevgi?

Savaş və sev. Məncə, dünyada ən gözəl şey müharibədir, çünki orda insanlar səmimi-qəlbdən ölürlər. Heç kim onları ölməyə məcbur etmir. Nə qədər qorxaq olsa belə, insan müharibədə cəsarətlənir, sanki ömründə bircə dəfə olsa da, ölümü yenəcəyini düşünür. Və orda ölənlər gerçəkdən ölümü yenmiş adamlar olurlar.

Yoxsa sülh şəraitində adamlar daha çox saxtakar, daha çox oyun oynamaq üçün imkana, vaxta, düşüncəyə sahib olurlar. Ölümün onları çox uzaqda gözlədiyini düşünərək başqalarının, daha doğrusu, özlərinin başına min oyun açır, pislik eləmədən bir yerdə dayana bilmirlər.

Dostoyevski, yoxsa Tolsoy?

Əlbəttə, Dostoyevski. Bu eybəcər dünyada böyük əsərlər yaradanlar dahilər yox, axmaqlar olublar. Hamısı ya ruhi xəstə, ya kompleksli, ya da homoseksual olub. Hansı dahiyə baxırsan sadəcə bir axmaq görürsən. Nə qədər onlara haqq qazandırmağa çalışsan da, sonda gəlib yenə xəstəliyə tapınırsan.

Oğuz Ayvaz

Oxumağa davam et
Reklam
Reklam

Gündəm