Poroşenkonun bir ili: Vədlər və reallıqlar
Bizi izləyin

Dünya

Poroşenkonun bir ili: Vədlər və reallıqlar

Düz bir il əvvəl – 2014-cü ilin 25 may tarixində Pyotr Poroşenko Ukraynada keçirilən növbədənkənar prezident seçkilərinin qalibi oldu. Bir il isə prezidentin fəaliyyətinə qiymət vermək üçün kifayət qədər böyük müddət hesab olunur.

Publika.az xəbər verir ki, ukraynalı və rusiyalı ekspertlər Poroşenkonun bir illik fəaliyyətini qiymətləndiriblər.

“Unian.net” saytının yazdığına görə, Ukraynanın “Penta” Siyasi Tədqiqatlar Mərkəzinin sədri Vladimir Fesenko Poroşenkonun prezidentliyinin ildönümü ilə bağlı mətbuat konfransında bu bir ilə qiymət verib. Onun sözlərinə görə, hazırkı ictimai-iqtisadi böhran Ukrayna prezidenti Pyotr Poroşenko üçün əsas çağırışdır. Fesenko xüsusi olaraq ötən bir il ərzində Rusiya ilə böyük müharibə riskinin azaldığını, Donbas hövzəsində ərazilərin əhəmiyyətli hissəsinin azad olunmasını və ordunun döyüş bacarığının yüksəlməsini qeyd edib.

Eyni zamanda ukraynalı analitik bildirib ki, Poroşenkonun prezidentliyinin birinci ilində əsas problem müharibə idi, ikinci il iqtisadi, üçüncü il isə cəbhədən silahla qayıdan insanlar problem olacaq. Ekspert həmçinin kadr islahatlarında bir sıra səhvlərin olduğunu deyib.

“Poroşenkonun və bütövlükdə hökumətin əsas problemi islahatların yubanması və korrupsiya ilə mübarizədir. Əgər Poroşenko bu problemləri həll edə bilsə, siyasi perspektivi olacaq. O, öz hakimiyyətini sabitləşdirməyi və onu möhkəmləndirməyi bacardı. Amma indi onun üçün əsas çağırış ictimai-iqtisadi böhrandır. Əgər iqtisadi artımı bərpa edə və icra hakimiyyətinin effektivliyini artıra bilsə, o halda uğurlu prezidentlik üçün şans yaranacaq. Əgər böhran qalib gələrsə, uduzan yalnız Poroşenko olmayacaq”, - ekspert deyib.

“Üçüncü sektor” Mərkəzinin rəhbəri Andrey Zolotarev hesab edir ki, Poroşenkonun bu ili kifayət qədər müvəffəqiyyətli keçib. Xüsusi halda, ekspert qeyd edib ki, prezident baş nazirlə rəqabətdən qaçıb və oliqarxlarla mübarizənin birinci mərhələsində qalib gəlməyi bacarıb. “Poroşenko Qərb partnyorlarına sübut etməyi bacardı ki, Ukraynada kimin sözü əsasdır”, - ekspert qeyd edib.

Eyni zamanda, Andrey Zolotarev söyləyib ki, Poroşenko biznesdən uzaqlaşacağı barədə vədini tamamilə yerinə yetirilməyib. Ölkədə əsas problemin korrupsiya olduğunu deyən ekspert hesab edir ki, Ukraynada korrupsiya ilə mübarizə “Braziliyanın sabun serialı”nı xatırladır.

MDB ölkələri İnstitutunun sədr müavini Vladimir Jarixin isə Poroşenkonun bir illik fəaliyyətini “faciəli” adlandırıb. O, Poroşenkonun seçkiqabağı verdiyi vədləri yerinə yetirmədiyini bildirib: “Birincisi, o, sülh söz verdi. Daimi olmayan barışıq var və onun özü barışığı daim sabotaj edir. İkincisi, o, iqtisadiyyatda sabitlik vəd etdi. Amma biz görürük ki, iqtisadiyyat düşməkdə davam edir. Üçüncüsü, o, Ukraynanın Avropa Birliyinə daxil olacağına söz verdi. Amma biz görürük ki, hətta Avropa Birliyi ilə assosiasiyanın iqtisadi mexanizmi təxirə salınıb. Nəhayət, o, söz verdi ki, Ukraynaya xarici investisiyalar gələcək və Ukraynadan kapitalın qaçışı olmayacaq. Amma vəziyyət faciəlidir”, - ekspert bildirib.

Ukraynalıların əksəriyyəti də Poroşenkonun prezidentliyinin bir ilini qeyri-qənaətbəxş qiymətləndirirlər. “Online TRACK” araşdırma şirkəti tərəfindən keçirilmiş sorğunun nəticələri də bunu göstərir. Rəyi soruşulanların 31 faizi ölkədə vəziyyətin sabitləşməsi üçün hakimiyyətin atdığı addımları tamamilə qeyri-kafi hesab edir. Respondentlərin 28 faizi əmindir ki, hakimiyyət öz vəzifələrini yerinə yetirmir, 37 faizi isə hesab edir ki, hakimiyyət tam həcmdə olmasa da nəsə etməyə çalışır. Respondentlərin yalnız 1 faizi əmindir ki, hakimiyyət qarşısına qoyulan vəzifələri tamamilə yerinə yetirir.

Xatırladaq ki, Ukraynanın beşinci prezidenti olan Poroşenkoya səsvermə hüququndan istifadə edən ukraynalılardan təxminən 10 milyonu (54,7 faiz) səs verib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm