Evdəki qarışqalardan necə xilas olmaq olar?
Bizi izləyin

Bilgi.az

Evdəki qarışqalardan necə xilas olmaq olar?

Yay aylarında qarışqalar xüsusilə də evin mətbəxini sözün əsl mənasında işğal edirlər. Ancaq onlardan xilas olmaq elə də çətin deyil. Üstəlik, bunu zərif canlıları öldürmədən də etmək olar.

Publika.az evdəki qarışqalardan xilas olmağın ən asan üsullarını təqdim edir:

Qarışqalarla mübarizəni iki mərhələyə ayırın:

1. Qarışqalar evi işğal etmədən öncə tədbir görün.

*Evdə bir-iki ədəd qarışqa gördüyünüz an atacağınız addımları müəyyənləşdirin. Çünki bu, qarışqaların kəşfiyyat xarakterli səfəri olmasından xəbər verir. Əgər qidalanmaq üçün yaxşı şərait olduğunu görsələr, dərhal bütün koloniyanı (Böcəklər arasında "ictimai baxımdan" mükəmməl inkişaf edən qarışqalar "yaxşı təşkil olunmuş" "koloniyalar" adlandırılan birliklər halında yaşayırlar – müəl.) çağıracaqlar.

*Əvvəlcə qarışqaların evə haradan girib-çıxdıqlarını müəyyənləşdirin. Pəncərələrin kənarına, qapının altına və çat, deşik olan yerlərə nəzər yetirin.

*Bütün evi, əsasən də, mətbəxi hər gün tozsoranla təmizləyin.

*Mətbəxdəki stolların üzərini sabunlu su ilə silin.

*Heç yerdə çörək qırıntısı, şəkər tozu və ya şəkərli qidaların qalmadığına əmin olun. Bütün qidaları ağzı bağlı qablarda mühafizə edin.

*Zibil qablarını tez-tez boşaldın.

*Bütün qarışqalar sadəcə şirin qida axtarışında olmur. Onlar həm də su axtarırlar. Ona görə də, hamam da daxil olmaqla evin hər yerini yaxşıca silib təmizləyin. Heç yerdə nəm hiss edilməsin, döşəmə yaş olmasın.

*Əgər evdə pişik və ya it saxlayırsınızsa, onların qidalarının heç yerə tökülməməsinə diqqət edin. Çünki qarışqalar it və pişiklərin yeməklərinin dadını xoşlayır.

2. Artıq evə yerləşmiş qarışqaları evdən uzaqlaşdırın.

*Qarışqaları evdən uzaqlaşdırmaq üçün ilk növbədə evə daxil olma imkanlarını məhdudlaşdırın. Divarlardakı çatları və pəncərə kənarlarını silikonla möhkəmləndirin.

*Qarışqaların evə gəldikləri yola limon sıxın və ya limon qabığı tökün. Uşaq pudrası, sirkə, qırmızı istiot və ya darçın tökmək də effektli üsuldur. Bu qoxular qarışqaları uzaqlaşdıracaq.

*Mətbəxinizdəki qab-qacaqları və dəzgahı ağ sirkəli su ilə yuyun.

*Türk qəhvəsini içdikdən sonra dibində qalan çöküntünü qarışqaların yuvalarının üstünə tökün.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm