Aktrisanın gözəlliyindən ilhamlanan modelyerin kəşfi – FOTOLAR
Bizi izləyin

Layihə

Aktrisanın gözəlliyindən ilhamlanan modelyerin kəşfi – FOTOLAR

Deyirlər ki, bütün qızları şərti olaraq iki kateqoriyaya bölmək olar: birincilər yalnız dikdaban ayaqqabılar geyinir, ikincilər isə yastı ayaqqabılara üstünlük verirlər. Buna baxmayaraq, dikdaban ayaqqabı pərəstişkarları da yastı daban ayaqqabılarsız keçinə bilmirlər.

Publika.az-ın "Moda inqilabları" layihəsi çərçivəsində bu gün baletkaların yaranma tarixindən bəhs edəcəyik.

Zərif hündürdaban ayaqqabılar şübhəsiz ki, qadının ən gözəl aksessuarıdır. Lakin müasir qadının həyat tərzi, iş rejimi çox yükləndiyi üçün ayaqlar bütün gün dikdaban ayaqqabı üstündə dayanmaq gücünə malik deyillər. Ona görə də yüksək dabanlı ayaqqabıları bu gün yastıdaban baletkalar əvəz edirlər. Yeri gəlmişkən, qeyd edək ki, bu ayaqqabılar peşəkar balet rəqqasələrinin rəqs ayaqqabıları ilə oxşar olduğu üçün adını da oradan alıb.

Bəziləri hesab edirlər ki, yastıdaban ayaqqabılar müasir dövrün məhsuludur. Halbuki, onların tarixi fransız inqilabının dövrünə gedib çıxır. Bəzi mənbələrdə baletka formasında ayaqqabıların dəbə ilk dəfə Ceyn Osten və Napoleonun dövründə daxil olduğu deyilir. Napoleonun idarəçiliyi dövründə Fransada antik geyimlər olduqca populyar idi. Bu isə ayaqqabıların maksimum sadə və rahat olmasını tələb edirdi. Yeri gəlmişkən, deyirlər ki, vaxtilə onları dəbə Napoleonun arvadı Jozefina Bonopart daxil edib. Beləliklə, kübar qadınlar yastıdaban ayaqqabıları ballarda və mərasimlərdə də geyinməyə başladılar.

Bəzi mənbələrdə isə baletkaların ilk dəfə 1947-ci ildə Parisdə yarandığı göstərilir. O illərdə Parisin məşhur rəqqası və baletmeysterı Rolan Petya rəqsi mükəmməl ifa etmək üçün rahat ayaqqabı axtarışına çıxmışdı. Axtardığını tapa bilməyən Rolan Petya özü və rəqqasları üçün ideal ayaqqabı seçməkdən əlini üzdüyü bir vaxtda anası imdadına yetişir. Oğlunu çıxılmaz vəziyyətdən qurtarmaq üçün anası Roza öz eskizləri əsasında lentlə bağlanan baletkalar hazırlayır. Baletkalar xüsusi lentlər sayəsində bağlanır və ayaqda daha yaxşı otururdu. Bundan sonra altı yastı daban ayaqqabılar qısa müddətdə sakinlər arasında o qədər populyar olur ki, Roza tezliklə öz mağazasını açır.

Müasir baletkaların məşhurluğu 50-ci illərə təsadüf edir. Onların dəbə minməsi aktrisa və keçmiş balerina Odri Hepbernin adı ilə bağlıdır. Aktrisanın gözəlliyindən ilhamlanan modelyer Salvatore Ferraqamo onun üçün bir cüt baletka tikir. Baletkalar Odri Hepbernin o qədər xoşuna gəlmişdi ki, onları hər yerə geyinməyə başladı. Aktrisa özü də hiss etmədən ayaqqabıların reklamı ilə məşğul olurdu. Ona görə də modelyer yeni kolleksiyasını Odriyə həsr etmək qərarına gəlir.

Keçmiş balerinanın belə ayaqqabılar geyinə bilməsi üçün ideal bədən quruluşu vardı. İncə və qamətli görünmək üçün onun dikdaban ayaqqabılara ehtiyacı yox idi. O, yastıdaban baletkalarda da füsunkarlığı ilə diqqət çəkirdi. Odri Hepbern bəzəyə ehtiyacı olmayan, zərif və təbii geyim tərzi ilə Paris üslubunu müəyyənləşdirdi.

Odridən sonra o dövrün ən yaxşı aktrisa və ulduzları da erkanlarda baletkalarda görünməyə başladı. Bununla da baletkaların populyarlığı günbəgün artdı. Tədricən baletkalar hər bir qadının gündəlik həyatının ayrılmaz hissəsi olmağı bacardı. Xatırladaq ki, baletkalar ilk dəfə 1949-ci ildə tanınmış moda jurnalı "Vogue" –nın üz qabığında dərc olunub.

1956-ci ildə aktrisa Bricit Bardonun çəkildiyi "Və Tanrı qadını yaratdı" filmində geyindiyi qırmızı laklı ayaqqabılar xüsusi olaraq "Repetto" brendinə sifariş verilmişdi. Bu filmdən sonra aktrisanın qırmızı laklı baletkaları o qədər sevilir ki, brendin populyarlığı Katrin Denev, Patrisiya Kaas və Monako şahzadəsi kimi məşhur simalar arasında da yayılır.

Müasir qadınlar baletkalarda özlərini çox rahat hiss edir və olduqca effektli görünürlər. Axı onlar qadın yerişinə yüngüllük və sərbəstlik verirlər. Özü də baletkaları yaşından asılı olmayaraq, hamı geyinə bilər. Onlar istənilən yaşda ideal görünürlər. Baletkalar istənilən geyimlə uyğunlaşan universal geyim olduğu üçün bu gün öz populyarlığının zirvəsini yaşayır və kolleksiyaların dəyişməz atributu olaraq qalıblar.

Hündürboy qızlar laklı, bəzəkli, təmtəraqlı baletkaları ziyafət libasları ilə geyinə bilərlər. Ən cəsarətli yastı daban ayaqqabı modelləri ziyafət paltarının mahiyyətini dəyişməyəcək. Üstəlik, onlar gündüz cinslərlə və futbolkayla əla görünürlər.

Bu il dizaynerlər parlaq, əlvan, orijinal formada baletkaların hər rənglərini təklif edirlər. Dizaynerlər üstünlüyü orijinal naxışlara, parıltılı daşlarla və printlərə veriblər. Aktual modellər bantlar, lentlər, strazlarla, mirvariylə və daş-qaşlarla bəzədilir.

Baletkalar mövsümdən asılı olaraq, müxtəlif materiallardan tikilir. Dəridən, zamşa parçadan, hətta krujevadan da tikilən modellər ayaqda çox gözəl görünür.

Hollivud ulduzları qırmızı xalıda dikdaban ayaqqabılara üstünlük versələr də, gündəlik həyatda baletkalar ayaqlarından çıxmır. Məsələn, Natali Portman, Olivye Palermo, Ancelina Coli, Sara Cessika Parker, Paris Hilton, Keyt Moss, Kira Naytli, Cessika Alba, Emma Uotson , hətta hersoginya Keyt Middleton və digər tanınmış şəxslər də gündəlik obrazlarını baletkalarla tamamlayırlar.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm