Müharibənin getdiyi müharibəsiz Kiyev – REPORTAJ/FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Müharibənin getdiyi müharibəsiz Kiyev – REPORTAJ/FOTOLAR

Ukraynaya ikinci dəfə gedirdim. Buna baxmayaraq, tərəddüd içində idim. Nə yalan deyim, hətta bir az qorxurdum da. Elə bu qorxunun təsiriylə də təsəvvürümdə olan Ukraynaya həvəssiz hazırlaşırdım. Bir sözlə, xatirəmdəki Ukrayna ilə təsəvvürümdəki yeni Ukrayna arasında müharibə boyda fərq vardı...

Xatirələrimdəki Ukrayna

Birinci dəfə 2013-cü ildə, 2 il əvvəl getmişdim. Qaldığım bir həftəyə yaxın müddətdə orada maraqlı günlər keçirmişdim. Hətta Azərbaycan kişilərinin dillər əzbəri olan “xoxol” qızların gözəlliyi məni də heyran qoymuşdu. Uzun sözün qısası, köhnə və təmiz Ukrayna məni valeh etmişdi...

Təsəvvürümdəki Ukrayna

Təsəvvürümdə isə başqa bir Ukrayna vardı... Od-alova bürünmüş, silah və partlayış səslərindən qulaqları tutulmuş, müharibə xəbərlərindən ayağının təpərini itirmiş, günahsız insanların qəfil gülləyə tuş gələrək öldüyü bir Ukrayna... Bu Ukrayna kimdə xof yaratmır ki? Axı biz Qarabağ müharibəsini yaşayan ölkəyik. Ağrı-acının, ölümün nə olduğunu heç kimin bilmədiyi qədər yaxşı bilirik.

Hava limanından başlayan Ukrayna...

Ancaq qorxunun əcələ faydası yoxmuş. Üzərimə bir vəzifə qoyulub. Gedib mənə həvalə olunan işi görməliyəm. Odur ki, qorxularımın üstünə getməliydim. Onu içimdə dəf edib bu dəfə də Ukraynaya yollandım.

Bakıdan Ukraynaya 3 saat 5 dəqiqəlik hava yolu var. Həmin yolu keçib Kiyevin “Borispol” hava limanına endik. Ukraynada ikinci dəfə olmağım burada mənə üstünlük qazandırdı. Belə ki, yoxlama məntəqəsindən rahat keçdim.

Qeyd edim ki, bu ölkəyə ilk dəfə qədəm qoyan əcnəbi vətəndaşlar uzun-uzadı yoxlamalardan keçir, ciddi şəkildə sorğu-sual olunur. Bu baxımdan hava limanının işçiləri çox ciddidir. Sanki hər kəs nəzarətdədir. Bəlkə də, belə olmalıdır. Axı bu ölkə böyük bir düşmənlə üz-üzə, müharibə vəziyyətindədir.

Ancaq müharibə amili belə mənim qənaətimi dəyişdirə bilməz: hava limanının işçiləri sadə ukraynalılardan daha soyuqqanlı təsir bağışlayır.

Heydər Əliyev hava limanından qalxan biri üçün “Borispol” çox kasıb görünür. Bəzək-düzəksiz, necə deyərlər, boz divarlar təsəvvürümdəki Ukraynanı daha da solğunlaşdırdı. Burada göz oxşayan heç nə yox idi.

Təyyarədən sonra taksi

Nə isə... Yükümü də götürüb taksi ilə qalacağım otelə yollandım.

Hava limanının boz divarlarından fərqlənməyən sərt və soyuq baxışlı işçilərindən sonra taksi sürücülərinin səmimi və mehriban görünüşü ruhumu isidir.

Düşünürdüm ki, Rusiya ilə baş vermiş müharibədən sonra heç kəs Ukraynada rus dilində danışmaz. Amma taksi sürücüləri hər kəsi rusca qarşılayır: “Добро пожаловать, такси нужен?” (“Xoş gəlmisiniz, taksi lazımdır?”)

Bu dəfə də fikirləşdim ki, yəqin, işlərinin xatirinə rus dilində danışırlar. Axı bizdə pis də olsa, belə bir məsəl var: “Körpünü keçənə qədər erməniyə “dayı” de”. Onların da 5-6 manat çörəkpulu qazanmaq xatirinə hər kəsi bildiyi beynəlmiləl dildə salamlamaları təəccüb doğurmur.

Ukrayna elə köhnə Ukraynadır

Hava limanından otelə kimi uzanan yol yamyaşıldır. Aeroportdan fərqli olaraq, yolu görüb bu dəfə də Ukraynaya paxıllığım tutdu. Burada ağacı kəsib yerinə palma, ya da balaca dekorativ ağaclar əkmirlər. Şəhərin havasını təmiz saxlamaq, oksigenin həcmini artırmaq üçün ağaclara qulluq edirlər.

Amma yol boyu dirəklərin və piyada yollarının hələ də sovet dövründən qalması Ukraynada o qədər də yaxşı olmayan iqtisadi vəziyyətin göstəricisidir. Bakıdan gedib Ukraynaya düşmək zaman maşınına oturub ən azı 10 il keçmişə getmək kimi bir şeydir. Bizdə olan yol dirəkləri, dayanacaqlar, mərmər piltələrlə bəzədilmiş yol kənarları heç Kiyevin mərkəzi küçələrində də yoxdur.

Nə isə, mərkəzdən bir az sonra danışacağam. Hələliksə, otelə çatdım.

Otel: Rusiya Ukraynanın düşmənidir

Mehmanxana paytaxtın tam mərkəzində, “Maydan Nezalejnosti”dən (“Müstəqillik Meydanı”) təqribən 15 dəqiqəlik məsafədə yerləşir. “Alfovita” adlı hündürmərtəbəli bu mehmanxananın işçiləri də çox səmimi və gülərüzdür. Əslində, bu, hər bir “Resepsion” işçisinin vəzifələrinə aiddir. “Gülüş maskası” daim işçilərin üzündədir. Hətta bir problem olanda da, onu təbəssümlə yoluna qoymağa çalışırlar. Təki müştəri narazı qalmasın.

Taksi sürücülərindən sonra onlarla da rus dilində danışmağa cəhd etdim. Amma mənə ingilis dilində cavab verdilər. Deməli, burada qaydalar dəyişir. Deyəsən, Ukraynaya hələ indi gəlib çatmışam...

Özümü ingiliscə izah etmək məcburiyyətində hiss etdim və dedim ki, rusca bilirəm. Onlarla rusca da danışa bilərəm. Bu izahımı da təbəssümlə qarşılayıb məni qeydiyyatdan keçirtdilər və yerləşəcəyim otağın kartını uzatdılar.

Otel otağında hər şey Rusiyanın hegemonluğunu qəbul etməyən Ukrayna haqqında təsəvvür formalaşdırır. Adi bir məqama diqqətinizi çəkim: xarici ölkələrdə olan və mehmanxanalarda qalanlar buradakı “mini bar” deyilən soyuduculardan istifadə edir. Mini barda olan məhsullar haqqında məlumatlar Ukrayna və ingilis dilindədir. Bütün broşür və açıqçalar da Ukrayna və ingilis dilində çap olunub.

Ümumiyyətlə, otel daxilində rus dilində heç bir məlumata rast gəlmədim.

Müharibə Kiyevə çatmayıb

Oteldə rahatlanandan sonra şəhərə gəzintiyə çıxdım.

Hər yer təmiz və sakit idi. Qızlı-oğlanlı, qocalı-cavanlı hamı şortda gəzir. Nə qısa geyinən qızlara pis gözlə baxan var, nə də şort geyinən oğlanlara əyri-əyri nəzər yetirən. Tam sərbəstlikdir.

Kiyevin mərkəzi də yamyaşıldır. Deyilənə görə, indi şəhərin ən gözəl vaxtıdır. May ayında Kiyevdə bütün ağaclar çiçək açır. Kiyev sanki böyük bir gül dibçəyinə bənzəyir. Müharibədən isə heç əsər-əlamət də yoxdur. İnsanlar səmimi və gülərüzdür.

Küçədə hamı ümumi dildə - Ukrayna dilində danışır. Yoldan keçənlərdən Maydanı soruşdum. Özü də rusca... Ancaq bu dildə danışdığıma görə, heç kəsdən soyuq münasibət görmədim. Əksinə, mənə lazım olan yeri rusca başa saldılar. Hətta mənə görə yolundan qalan, məni ötürənlər də oldu.

Bu cəhətdən ukraynalıların əvəzi yoxdur. Özümü lap evdəki kimi hiss etdim.

Nəhayət, bu da Maydan. Televizordan, xəbərlər proqramından gördüyüm bu Maydan o Maydandırmı? Dağıdılmış, yerə döşənən daşları çıxardılmış, yolları məhv edilmiş Maydan? Yox! Bura tamam fərqli idi. Sanki burada heç nə olmayıb. Şəhərin mərkəzi restavrasiya olunaraq əvvəlki vəziyyətinə gətirilib.

Ukraynanın dilənçiləri də fərqlənir. Adamın üstünə qaçıb pul dilənmir. Ya hər hansı musiqi alətində ifa edir, ya müxtəlif animasiya paltarı geyinib turistlərlə müəyyən məbləğ müqabilində şəkil çəkdirir, ya da “canlı heykəl” olub pul qazanırlar. Qaraçılara isə ümumiyyətlə rast gəlmək mümkün deyil.

Gənclər əl-ələ gəzir. Kimisi dondurma yeyir, kimisi öpüşür. Deyəsən, burada ictimai yerlərdə öpüşmək qadağan olunmayıb. Sevgililəri görən qocalar isə nəinki çəp-çəp baxıb göz süzdürür, əksinə, onları görüb cavanlıq xatirələrinə dalırlar.

Marketlərə girdim. Bəlkə, müharibənin acı nəticəsini burada görə bildim? Yenə yanıldım. Mağazalarda istədiyin növ ərzaq mallarına rast gələ bilərsən. Müharibə bu şəhərə qıtlıq gətirməyib.

Kiyevdə şəhərimizdəki ticarət mərkəzlərindən qat-qat böyük “Ocean Plaza” adlı ticarət mərkəzi var. Orda da oldum. Bəlkə, hansısa brend müharibəni nəzərə alıb özünün Kiyevdəki fəaliyyətinə xitam verib? Yox. Azərbaycanda olan, hətta olmayan Avropa brendlərinin butikləri tam fəaliyyətdədir.

Di gəl, qiymətlər od tutub yanır. Nəbadə Kiyevdən alış-veriş etmək sevdasına düşəsiniz. Özümü lap muzeydəki kimi hiss etdim. Alış-veriş həvəskarı olmağıma baxmayaraq, geyimlərə baxa-baxa ticarət mərkəzini tərk etdim. Beləcə, o boyda “Ocean Plaza”dan əli ətəyindən uzun çıxıb taksi ilə otelə qayıtdım.

Ukraynada olduğum müddətdə bir neçə dəfə taksidən istifadə etdim. Hərdən mənə elə gəlirdi ki, Ukraynada taksilərin siqnalı yoxdur. Burada olduğum müddətdə bir dəfə də olsun, siqnal səsi eşitmədim. Tıxacda belə nə siqnal verən var idi, nə avtomobilini tıxacdan çıxarmaq istəyən. Heç tıxacda qaldığı müddətdə avtomobilində yüksək səslə mahnıya qulaq asana da rast gəlmədim. Yenə paxıllığım tutdu. Kaş Bakıda da belə olardı.

Cizgi filmi dünyası

Yemək üçün isə ancaq milli Ukrayna mətbəxi təqdim olunan restoranlara yollandım. Abı-hava o qədər gözəl idi ki, sanki köhnə rus cizgi filmlərindəsən.

Özünüz təsəvvür edin: restoranın bütün işçiləri milli geyimdədir, milli Ukrayna mahnıları canlı ifa olunur. Yeməklərinin dadından da ki, danışmaq istəmirəm. Dovşan, qaz, ördək, quzu ətindən müxtəlif yeməklər. Şərabların dadı isə hələ də damağımda qalıb. Bir sözlə, Kiyev səfəri ürəyimi də, gözümü də oxşadı.

Tərk etmək istəmədiyim şəhər

Bakı üçün, ailəm, işim, iş yoldaşlarım və dostlarım üçün darıxsam da, yaşadığım bir neçə günlük xoşbəxtliyi arxamda qoyub getmək istəmirdim. Amma hər şeyin vaxtı-vədəsi olduğu kimi, Kiyevi də tərk etməyin vaxtı vardı və həmin vaxt gəlib çatmışdı.

Bu da boz divarlı “Borispol” hava limanı... 3 saatlıq hava yolu və doğma Bakı...

İsa Şükürov (Publika.az)

Bakı-Kiyev-Bakı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm