Gürcüstandan Azərbaycana 63,5 milyon dollarlıq mal ixrac olunub
Bizi izləyin

Ekopublika.az

Gürcüstandan Azərbaycana 63,5 milyon dollarlıq mal ixrac olunub

Cari ilin yanvar-aprel aylarında Gürcüstandan Azərbaycana 63,5 milyon ABŞ dollarlıq mal ixrac olunub. Bu, Gürcüstanın ümumi ixracatının 13 faizini təşkil edir.

Gürcüstan Milli Statistika Xidmətinin məlumatına görə, bu, 2014-cü ilin eyni dövrü ilə müqayisədə 52,4 faiz və ya 82,2 milyon dollar azdır.

Hesabat dövründə Gürcüstandan ölkəmizə 32,8 milyon dollarlıq avtomobil ixrac olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 65 milyon dollar azdır.

Qonşu ölkədən Azərbaycana ixrac olunan armatur materialının həcmi də 16,7 milyon dollar azalaraq 4,8 milyon dollar təşkil edib.

Bu ilin ilk dörd ayında Azərbaycandan bu ölkəyə ixrac olunan malların həcmində də azalma müşahidə olunub.

Hesabat dövründə Azərbaycandan bu ölkəyə 200 milyon dollarlıq mal ixrac olunub. Bu, 2014-cü ilin eyni dövrü ilə müqayisədə 5,5 faiz azdır. Bununla belə, bu rəqəm Gürcüstanın ümumi idxalatının 8,6 faizini təşkil edib.

Neft, təbii qaz və neft məhsullarının idxalında da azalma müşahidə olunub. Belə ki, hesabat dövründə Azərbaycandan bu ölkəyə 84 min ton və ya 42,1 milyon dollar həcmində neft və təbii qaz ixrac olunub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,3 milyon dollar azdır.

Hazırkı dövrdə isə bu rəqəm 609 min ton və ya 127,5 milyon dollar təşkil edir. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 5 milyon dollar azdır.

Hesabat dövründə Gürcüstan Azərbaycandan 7,1 milyon dollarlıq elektrik enerjisi idxal edib ki, bu da 2014-cü ilin eyni dövrü ilə müqayisədə 5,4 milyon dollar çoxdur.

Bu göstəricilər ilə Azərbaycan Gürcüstanın xarici ticarət tərəfdaşları sırasında ikinci yerdədir.

Hazırda Azərbaycan ilə Gürcüstan arasındakı ticarət dövriyyəsi 289,6 milyon dollardır. Bu göstərici 2014-cü ilin eyni dövrü ilə müqayisədə 27,6 faiz az olsa da, Gürcüstanın xarici ticarət dövriyyəsinin 9,6 faizini təşkil edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm