Roma Papasının ordenlə təltif etdiyi azərbaycanlı skripkaçı Bakıda konsert verəcək
Bizi izləyin

Magazin1

Roma Papasının ordenlə təltif etdiyi azərbaycanlı skripkaçı Bakıda konsert verəcək

Gələn ayın 10-da Heydər Əliyev Mərkəzində klassik musiqi gecəsi keçiriləcək. Konsertdə gənc virtuoz skripka ifaçısı Elvin Qəniyev Niyazi adına simfonik orkestrin müşayiəti ilə çıxış edəcək.

Heydər Əliyev Mərkəzindən verilən məlumata görə, əməkdar incəsənət xadimi Fəxrəddin Kərimovun dirijorluğu ilə bir saatadək davam edəcək proqramda Elvin Qəniyev tamaşaçılara görkəmli rus bəstəkarı Pyotr Çaykovskinin skripka üçün konsertini və digər əsərləri təqdim edəcək.

Elvin Qəniyev 1997-ci il noyabrın 25-də Ankarada musiqiçi ailəsində dünyaya gəlib. Azərbaycanın Xalq Artisti Sərvər Qəniyevin nəvəsi olan Elvin beş yaşından skripkada ifa etməyə başlayıb. O, Bilkənt Universiteti nəzdindəki Musiqi Məktəbini bitirib. İstedadlı skripkaçı 2006-cı ildə Moskvada keçirilmiş “Klassik irs” beynəlxalq müsabiqəsində birincilik, 2007-ci ildə skripkaçılar arasında Gülden Turalı adına müsabiqədə birincilik və türk bəstəkarın əsərini ən yaxşı ifaya görə xüsusi mükafat qazanıb.

2008-ci ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə Elvin Qəniyevin adı Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na salınıb və o, Prezident təqaüdünə layiq görülüb.

Virtuoz skripka ifaçısı, həmçinin Polşada gənc skripkaçıların K.Lipinski və Q.Venyavski adına XI beynəlxalq müsabiqəsinin (2009), İspaniyada keçirilən “Madrid gecələri” II beynəlxalq müsabiqə-festivalın, İsveçrədə gənc musiqiçilərin P.Çaykovski adına VII beynəlxalq müsabiqəsinin (2012), D.Oystrax adına Moskva beynəlxalq müsabiqəsinin (2013) laureatı olub. 2010-cu ildə isə Roma Papası Elvin Qəniyevi ordenlə təltif edib.

Gənc istedadlı musiqiçi dünyanın bir çox ölkələrində müxtəlif nüfuzlu orkestrlərlə birgə, Vladimir Spivakov, Yuri Başmet, Rauf Abdullayev, Gürer Aykal, Erol Erdinç, Vladimir Fedoseyev, Sərvər Qəniyev, Teymur Göyçayev, İşın Metin və digər görkəmli dirijorların idarəçiliyi ilə çıxış edib. O, Azərbaycan, Rusiya, Fransa, Almaniya, Yunanıstan, Polşa, İsveçrə, Belarus və digər ölkələrdə keçirilən bir sıra nüfuzlu beynəlxalq festivallarda iştirak edib. Avstriya, Fransa, İsveçrə, Azərbaycan, Rusiya, İspaniya, Gürcüstan, Albaniya, Qazaxıstan, Böyük Britaniya, Belçika, Çexiya, Norveç, Belarus, Almaniya, İtaliya və Misirdə solo konsertlər verib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm