İlk Avropa Oyunlarının ikinci paytaxtı – Mingəçevirdən FOTOREPORTAJ
Bizi izləyin

Bakı 2015

İlk Avropa Oyunlarının ikinci paytaxtı – Mingəçevirdən FOTOREPORTAJ

Hələ bir ay əvvəl ölkəmizin İlk Avropa Oyunlarınn həyəcanına büründüyünü deyəndə bölgə camaatı bunu o qədər də hiss etmirdi. Amma “Bakı 2015”-in məşəli alovlanandan və Azərbaycan boyu səyahətə çıxdıqdan sonra əminliklə söyləmək olar ki, “Odlar Yurdu” bütünlüklə bu Oyunların nəfəsini hiss edir.

Bakı, bir də Mingəçevir...

Aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı, birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva, ailə üzvləri və Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkinin iştirakıyla alovlandırılan məşəl Naxçıvana yola düşdü. Naxçıvandan başlayan məşəl estafeti bir neçə gündən sonra yenidən Bakıya qayıdacaq. Geridə qalan bir ay ərzində Azərbaycanı qarış-qarış gəzən İlk Avropa Oyunlarının rəmzi ayrı-ayrı rayon və şəhərlərimizdə böyük coşquyla qarşılandı və sevinclə yola salındı. Bu müddət ərzində biz də oxucuları Oyunların keçiriləcəyi idman obyektləriylə tanış etməyə çalışdıq. Maraqlıdır ki, Avropa Oyunlarındakı yarışların hamısı Bakıda keçirilməyəcək. Ölkənin dördüncü böyük şəhəri sayılan, gündən-günə gözəlləşən Mingəçevir də Kür çayının sahilində əcnəbi qonaqlara və idmançılara qucaq açacaq. Burada avarçəkmə üzrə yarışlar keçiriləcək. Amma bu haqda bir qədər sonra. Əvvəlcə Mingəçevirə qısa ekskursiya edək...

Müasirləşən “Nur şəhəri”

Sənaye şəhəri sayılan Mingəçevir əhalisinin sayına görə Azərbaycanın dördüncü böyük şəhəridir. 20-ci əsrin ortalarında salınan şəhər gənc olmasına baxmayaraq, onun ətraflarında aparılmış arxeoloji qazıntılar göstərir ki, burada bizim eradan IV-III min il əvvəl ibtidai insanlar yaşayıb. Bu şəhərin vizit vərəqəsi Kür çayının üstündə yerləşməsidir. Məhz bu səbəbdəndir ki, Mingəçevir turist sarıdan heç vaxt korluq çəkməyib. Son illərdə aparılan yenidənqurma və müasirləşmə işləri isə bu gün Mingəçeviri turizm baxımından aparıcı bölgələrdən birinə çevirib. “Nur şəhəri”nin bugünkü cah-cəlalı, təmtərağı, müasirləşmə ab-havası heç zaman görünməyən bir səviyyədədir. Bu tərəqqinin təməlində həm dövlət başçımızın buranı tamamilə müasir bir şəhər kimi görmək istəyi, həm də mingəçevirlilərin qurub-yaratmaq həvəsi dayanır.

Ciddi yoxlama

Ümumiyyətlə, İlk Avropa Oyunlarına ev sahibliyi hüququ Bakıya veriləndən sonra bu sahədə görülən təşkilati işləri alqışlamağa dəyər. Hələ bir müddət əvvəldən yarış üçün nəzərdə tutulan bütün obyektlər hazır vəziyyətə gətirilib. Bakı 2015 Avropa Oyunlarının Əməliyyat Komitəsi (BAOƏK) istər tədbirlərin təkilində, istərsə də mediaya münasibətdə yüksək peşəkarlığıyla diqqət çəkdi. Bütün yarış obyektlərinə təşkil olunan turlarda göstərilən hörmət belə deməyə əsas verir. Mingəçevirə təşkil olunan media-turda da məqsəd Kür İdman və Avarçəkmə Mərkəziylə, burada görülən son işlərlə yaxından tanış olmaq idi.

Məlumat üçün deyək ki, Bakıdan Mingəçevirə qədər olan məsafə 288 km-dir. Avtomobillə 4-5 saatlıq yol var. Media nümayəndələrini aparan iki mikroavtobus günorta saatlarında mənzil başına çatdı. Amma nəzarət məntəqəsində xeyli gözləməli olduq. Sonradan məlum oldu ki, mərkəzə asanlıqla girmək mümkün deyil. Nəzarət məntəqəsində ciddi yoxlanış aparılması sırf təhlükəsizlik tədbirləriylə əlaqədardır. Bu məqamı da alqışlamağa dəyər. Nəzarət məntəqəsindən problemsiz keçib kompleksə daxil olduq və gördüklərimiz bizi heyran etdi. Qısaca belə deyə bilərik: Kür İdman və Avarçəkmə Mərkəzinin təmizliyi, gözəlliyi göz oxşayırdı. Yol yorğunluğunu çıxarmaq üçün bir müddət 4 ulduzlu Kür otelinin foyesində dincəldik. Sonra isə fəaliyyətə başladıq.

Mingəçevirə 20-yə yaxın Olimpiya çempionu gələcək

Obyekt haqda bizə Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin kanoe sprinti yarışları üzrə meneceri Jan Jerom Perrin ətraflı məlumat verdi.

Mərkəzə inzibati bina, üzgüçülük hovuzu, gəmi formasında inşa edilmiş 250 yerlik altımərtəbəli mehmanxana, trenajor zalı, avarçəkmə klubu, tennis kortu, qayıqların saxlanması üçün anqar daxildir.

İyunun 14-16-da Mingəçevirdəki “Kür” Olimpiya Tədris-İdman Mərkəzində avarçəkmənin kayak və kanoe növləri üzrə keçiriləcək yarışlarda 37 ölkədən 300-dən çox kişi və qadın atletin iştirakı gözlənilir.

Mötəbər yarışda Azərbaycan 7 atletlə təmsil olunacaq. Yarışlardan əvvəl əcnəbi və yerli idmançılar üçün təlim-məşq toplanışının keçirilməsi nəzərdə tutulub. Birinci Avropa Oyunlarında qitənin ən güclü idmançıları iştirak edəcəklər. Macarıstan, Çexiya, Fransa, Almaniya və digər ölkələrdən olan 20-yə yaxın Olimpiya mükafatçısı Birinci Avropa Oyunlarında qızıl medallar uğrunda mübarizə aparacaqlar.

J.J.Perrin vurğuladı ki, Oyunlar vaxtı yarışların keçirildiyi müddətdə 100 könüllü xidmət göstərəcək. İdman yarışlarından əlavə, keçiriləcək digər tədbirlərə isə daha 300 könüllü cəlb olunacaq.

O, idmançıların Mingəçevirə iyunun 10-11-də gələcəklərini bildirdi. Menecer vurğuladı ki, Kürün sahilində və əsas yarış zonasında hazırlıq işləri başa çatmaq üzrədir. Burada 1000-ə yaxın tamaşaçı üçün oturacaqlar quraşdırılıb. İdman qurğusunda atletlər üçün istirahət zonası, çadırlar qurulur, şəhərdə müxtəlif tədbirlərin keçirilməsi üçün hazırlıq işləri görülür.

Hakimlər qüllədə oturacaq

Qayıqların saxlanıldığı anqar və məşq, eyni zamanda, yarışlar zamanı istifadə olunacaq yardımçı otaqlar və məsafəni qeydə alacaq hakimlərin oturacaqları da hazır vəziyyətdədir. Hakimlər yarışları qüllədən izləyəcək. Qüllədə həm qonaqlar, həm də texniki işçilər üçün şərait yaradılacaq.

Bundan başqa, Mingəçevirdə ilk Avropa Oyunları ilə bağlı bilet satışı məntəqəsi də fəaliyyət göstərir. Sakinlər biletləri Mingəçevir Dram Teatrının kassasından əldə edə bilərlər.

Kür Olimpiya Tədris-İdman Mərkəzindəki reportajı başa vurduqdan sonra BAOƏK-in təşkil etdiyi nahar süfrəsi də media nümayəndələrinin ürəyincə oldu. Biz öz işimizi yekunlaşdırdıq. Qalırdı Ağdaşdan yola düşən məşəli Mingəçevirdə qarşılamaq...

Pərviz Hikmət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm