Saç tökülməsinin əsas səbəbləri və onun müasir müalicə üsulları
Bizi izləyin

Layihə

Saç tökülməsinin əsas səbəbləri və onun müasir müalicə üsulları

Müasir dövrdə həm qadınları, həm də kişiləri ən çox narahat edən problemlərdən biri də saç tökülməsidir. Getdikcə daha çox insan keçəlləşmə, seyrək saçlar, kəpək, yağlı, ya da əksinə, quru baş dərisi və digər problemlərlə üzləşir. Mövzu ilə əlaqədar Publika.az-ın suallarını "Hi-Fi" Estetik Mərkəzinin həkim-trixoloqu, Tibb Universitetinin tüklərin tədqiqinə dair elmi tədqiqat laboratoriyasının elmi işçisi Səriyyə Kərimova cavablandırıb.

Publika.az-ın “Kokteyl” layihəsinin qonağı olan həkim trixoloq Səriyyə Kərimova saç tökülməsi ilə bağlı çoxlarını maraqlandıran suallara ətraflı cavab verib.

- Mövsüm dəyişikliyi zamanı xanımları ən çox narahat edən problemlərdən biri də saç tökülməsidir. Yazda və payızda saç tökülməsi nə ilə bağlıdır?

- Saç tökülməsi özünü adətən, yaranandan 2-3 ay sonra büruzə verir. Yəni, yazda və payızda tökülən saçlar yay və qış aylarında yaranan problemlərin təzahürüdür. Yaz aylarında saç tökülməsi qışda soyuğun, orqanizmin vitaminlərlə təchizatının azalmasının təsirindən baş verir. Yaz gələndə qan dövranında baş verən dəyişikliklər, qeyri-sabit hava şəraiti və digər amillər saçın inkişafına bilavasitə təsir edir. Yayda vitamin qəbulu çox olsa da, saçların hər gün yuyulması, günəşin mənfi şüalarına, o cümlədən dənizin duzlu suyuna məruz qalması özünü payız aylarında göstərir və saçlar tökülməyə başlayır.

- Bir gündə nə qədər saç tökülməlidir ya da nə qədər töküləndə bu, təhlükəli hesab olunur?

- Başın dərisində olan hər telin orta hesabla 3-4 il ömrü olur. Odur ki, saçın mütəmadi olaraq tökülməsi normal sayılmalıdır. Yəni, təbii prosesin nəticəsidir. Xarici ədəbiyyatda gün ərzində 100-150 telin düşməsi normal qəbul olunur. Amma mən 22 illik təcrübəm əsasında deyə bilərəm ki, Azərbaycanda sutka ərzində 50-70 tük tökülməsi norma sayılır. Ancaq o şərtlə ki, bir o qədər də yeni tük əmələ gəlmiş olsun. Əgər siz öz saçlarınızla kifayət qədər ehtiyatla davranırsınızsa, saçlar daha az töküləcək. Düşən tel, əsasən, qocalan, ölən, yəni tökülməsi labüd olanlardır. Elə ki, tüklərin tökülməsi çoxaldı, sürətləndi, intensivləşdi, deməli, narahat olmaq lazımdır. Çünki saçların tökülməsi hər hansı daxili orqanın xəstəliyinin xəbərçisi ola bilər. Bu halda sizə digər mütəxəssislərin də məsləhəti lazım ola bilər.

Saçlar gözəllik nişanəsi, sağlamlıq rəmzidir. Ona görə də o, daima diqqət və qulluq tələb edir. Məsələn, xanımların çoxu saçlarını yuduqdan sonra hədsiz dərəcədə tökülməsi şikayəti ilə müraciət edirlər. İsti suyun təsiri, eyni zamanda şampunların yumşaldıcı təsiri saç diblərinin boşalmasına səbəb olur. Yəni, sutka ərzində 50-70 tük tökülürsə, yuduqda bu rəqəmi ikiyə vurmaq lazımdır. Nəmli saçlarla yatmaq da saçların daha çox tökülməsi ilə nəticələnir. Ona görə də saçları yuduqdan sonra qurudulmasına diqqət edilməlidir.

- Saç tökülməsi hansı xəstəliklərin əlaməti ola bilər?

- Saç ürəkdən qidalanır. Daxilən sən sağlamlansansa, saçların da sağlam olacaq. Saç tökülməsi iki faktordan yaranır. Burda xarici və daxili faktorlar var. Xarici faktorlara saçların yuyulması, daranması, mexaniki zədələr, şampunlardan istifadə, nəmli yatmaq və digər xarici amillər daxildir. Yəni, saça ehtiyacı olan düzgün qulluq göstərilməkdə bilavasitə saç tökülməsi ilə nəticələnir. Stress faktoru, o cümlədən ətraf mühit və ekologiya, qida, sosial həyat da saç tökülməsinə səbəb olur.

Xəstəlik - daxili faktordur. Hər hansı xəstəlik ilk növbədə özünü saçda göstərir. Ağır, xüsusən də, infeksion xəstəliklərdən (skarlatina, qrip və s.), zəhərlənmələrdən, psixi travmalardan, ağır həyəcanlardan, uzunmüddətli yorğunluqlardan sonra da saçların tökülməsi sürətlənə bilər. Qan dövranının pozulması, hormonal problemlər, qan azlığı, xərçəng xəstəlikləri və bir sıra daxili orqanlardan qaynaqlanan xəstəliklərin hamısı saç tökülməsinə gətirib çıxarır.

Bir çox hallarda saçların tökülməsi klimaks zamanı, yeniyetmə dövründə, hamiləlik, uşaqsalma vaxtı, hətta normal doğuşlardan sonra, bir sözlə, hormonal dəyişikliklər səbəbindən də baş verə bilər. Saç tökülməsinin digər bir səbəbi irsi faktorlardır. Tük molekulları bizə irsi ötürülür. Saç tökülməsinin bir səbəbi də sürətli arıqlamadır. Başqa sözlə desək, düzgün təyin edilməyən diyeta və arıqlama proqramları nəticəsində bədəndə dəmir və protein çatışmazlığı əmələ gəlir ki, bu da saçın tökülməsinə səbəb olur.

Bu versiyalardan biri də testesteron, yəni kişi hormonunun təsiri nəticəsində başın tüklü hissəsində yağ ifrazının artmasıdır. Yağlanma nəticəsində folekullarda sebium deyilən maddə toplanır və yatmış fazada olan tüklərin inkişafına əngəl törədir. Nəticədə alın və təpə nahiyəsində saçların seyrəlməsi və keçəlləşmə müşahidə olunur. Androgenetik saç tökülməsi kişilərdə qadınlara nisbətən daha çox rast gəlinir. Kişilərin təxminən 25 faizində 30 yaşdan sonra andogenetik saç tökülməsi müşahidə olunur. Ancaq son zamanlar bu yaş həddi daha da azalmağa başlayıb. Saç tökülməsi kişi tipli androgen alosepiyadırsa, müalicə ilə saçların 100 faizini qaytarmaq mümkün olmur. Bu halda, biz sadəcə saç tökülməsini dayandırır, daha pis vəziyyətə düşməsinin qarşısını alır və az da olsa tük əmələ gətiririk.

- Saç tökülməsinə qarşı hansı müalicə üsulları təklif olunur?

- Müasir texnologiyaların inkişafı artıq saçla bağlı problemlərin müalicəsində müsbət effekt əldə etməyə böyük təkan verir. Əvvəlcə tük tökülməsinin əsas səbəbini araşdırmaq, yəni müayinə aparmaq lazımdır. Saç tökülməsinin müalicəsi hamıda eyni cür aparılmır. Bunun üçün xəstənin orqanizmi ilə bağlı ətraflı və dolğun məlumat toplamaq, sonra tükün folekulyar hissəsinin mikroskopiyası, dəri və tük milinin diaqnostik kompüter aparatı vasitəsilə müayinəsi aparılır. Lazım gəldikdə, alopesiyanın formasından asılı olaraq, xəstə endokrinoloqun, ginekoloqun, nervopotoloqun qəbuluna göndərilir. Toplanılan məlumatlara əsasən, diaqnoz qoyulur və buna müvafiq müalicə kompleksi tətbiq edilir. Tük avtonom deyil, bütün orqanizm ilə sıx əlaqədədir. Buna görə də alopesiyaların müalicəsində bu, mütləq nəzərə alınmalıdır.

Bizim mərkəzdə saç tökülməsinin müalicə kompleks şəkildə işlənib hazırlanır. İlk növbədə müalicə saçlara düzgün qulluqdan - yumaq, daramaq, yuyucu vasitələrin düzgün seçimi, xüsusi qida məhsullarının təyinindən başlayır. Sonra isə fitoterapevtik (xüsusi əhəmiyyətli bitkilərdən ibarət dəmləmələr ultrasəs paylaşdırıcı aparatının köməyi ilə follikullara yeridilir), müxtəlif fizioterapevtik aparatlardan (ultrasəs vibrator, D*Arsanval, lazer və maqnit terapiyası, sono, elektro, ionofarez, qalvanik cərəyan və s. ), mezoterapiyadan - müxtəlif vitamin, amin turşulu, mikroelementlər olan preparatların bilavasitə başın tüklü nahiyəsinin dərisi altına yeridilməsi metodundan istifadə olunur.

- Saç tipini necə müəyyənləşdirmək olur?

- Normal saçlar yuyulandan 3-4 gün sonra yağlanmaya başlayır, uclarında az miqdarda saçqıran olur və ya heç olmur, elektriklənmir, parlaq, oynaq, həcmli, canlı olur.

Yağlı saçlar yuyulan günün axşamı yağlanır, bir- birinə yapışır. Bu zaman saçda yağlı kəpək müşahidə oluna bilər. Bəzən saçdan iy gəlir, saçın ucunda saçqıran olmur, elektiklənmir, yağ parıltısı olur.

Quru saçlar yuyulduqdan 6-7 gün sonra başın saçlı nahiyəsinin dərisində yağlanma baş verir, saçların ucunda saçqıran, solğunluq olur, daima elektriklənir, yuduqdan sonra ilk günlər təbii parıltı olur , sonralar bu solğunluğa çevrilir.

Qarışıq saçlarda adətən baş dərisi yağlı, saç ucları isə quru, saçqıranlı, solğun olur.

- Bu gün xanımlara minlərlə şampun çeşidi təklif olunur. Onların arasından saça ən uyğun olanını necə müəyyənləşdirmək olar?

- Şampunlar hər saç dərisinə müxtəlif cür təsir göstərdiyi üçün fərdi olaraq və saç tipinə uyğun olaraq seçilməlidir. Şampun seçimindən əvvəl saçınızın tipini ayird edin. Saçlar tiplərinə görə normal, yağlı, quru və qarışıq olur. Ümumiyyətlə, saçlar üçün ideal, zərərsiz şampun mövcud deyil. Sadəcə, saç tipinə uyğun az zərərli şampunlar var.

- Müasir dövrdə istehsal olunan şampunların tərkibi zərərli kimyəvi maddələrdən təşkil olunub. Bu maddələr saç tökülməsinə səbəb olurmu?

- Şampunlar ilk növbədə yuyucu vasitədir, onların müalicəvi təsiri ola bilməz. Bəli, bəzi göbələk, parazit, dermatit və s. dəri xəstəliklərində saçı yumaq üçün müalicəvi preparatlardan istifadə olunur ki, bu artıq şampun deyil, müalicəvi vasitədir və apteklərdə satılır. Reklam xətrinə şampunların üzərində qidalandırıcı, tük tökülmə əleyhinə və s. belə sözlər yazılır, amma saçın canlı hissəsi dərinin dərin qatında yerləşir, dərinin səthinə çıxan hissə cansız, ölü qatdır. Şampunların tərkibi 70 faiz sudan, 25 faiz pav, parabenlərdən, 5faiz ətir, efir yağları, silikonlar, kondinsioner, effektverici boya və s. komponentlərdən ibarətdirlər. Bunlar hamısı toksiki maddələrdir.

- Həmin maddələrin funksiyası və zərərləri nədən ibarətdir?

- Pav - əsas yuyucu inqredientdir, onsuz saçı yumaq çətindir. Bunlar şampunu köpükləndirir, saçdakı yağları asanlıqla təmizləyir, şampuna daxil edilmış əlavələri saxlayır. Lakin bunlarin saçı qurutmaq, dərini qıcıqlandırmaq, dərinin həssaslığını artırmaq kimi mənfi təsiri var. Qaşınma, kanserogen təsir, allergik hal yaratmaq da yuyucu inqedientlərin mənfi təsirlərindəndir. Bunlara ammoni laurilsulfat və ammoni lauretsulfat (bunlar daha aqressiv toksiki təsirə malikdirlər, ucuz şampunların tərkibində daha çox rast gəlinir), natri laurilsulfat və natri lauretsulfat (bunlarin toksiki təsiri nisbətən zəif olur, daha bahalı şampunlarda istifadə edilir) və maqnezi lauretsulfat (bunlar daha yumşaq təsirə malikdirlər və uşaq şampunlarında istifadə olunurlar) aiddir.

Paraben isə effektiv konservant olub bakterisid, funqisid (göbələk əleyhinə) təsiredicidir. Lakın dəridən sorula bilmək qabiliyyəti onun toksikliyini artırır.

- Xanımları narahat edən digər saç problemi kəpəkdir. Kəpək əleyhinə şampunlar müalicəvi effektə malikdir?

- Hazırda kəpəyə infeksion xəstəlik kimi yanaşılır. Ona görə də kəpək əleyhinə şampunlar müalicəvi vasitə sayılır və apteklərdə satılır. Bunların tərkibində göbələk əleyhinə, telin buynuzlaşmasını tormozlayan maddələr olur. Pirition sink (iltihabi, antibakterial təsiri var), qətran (dəri piy ifrazatını zəiflədir, dərini çirklənmədən, qıcıqlanmadan qoruyur), ketokonazol (dəridə piy ifrazatını azaldır), aktopiroks (antibakterial təsir göstərir), mikonazol, klimbazol, klotrimazol (hər 3 komponent baş dərisinin mikroflora balansını tənzimləyir). Belə şampunlarla hər gün baş yumaq olmaz. Effektini hiss etdikdən sonra onu neytral şampunla əvəz etmək lazımdır. Onlar ayda 1 dəfə profilaktika məqsədilə istifadə edilməlidir.

Elə insanlar var ki, kəpəyin müalicəsi ilə məşğul olmurlar, adi mağazadan alınan kəpək əleyhinə şampundan istifadə etməklə mübarizə apardıqlarını düşünürlər. Amma adi mağazadan alınan kəpək əleyhinə şampundan istifadə həmişə müsbət nəticə vermir. Bu, kəpək əleyhinə şampunların üzərində göstərilən maddələrin onların tərkibinə çox az qatılması ilə bağlıdır. Yəni, o şampunlar çox zaman reklam xarakterli olur. Saçın tökülməsinin və kəpəyin qarşısını aldığı deyilən, reklamı aparılan şampunlar heç də saç tökülməsinin qarşısını almır. Bunlar hamısı alıcıların problemindən istifadə edərək mallarını satmaq istəyən şampun istehsalçılarının apardığı reklamlardır. Saçı nəm saxlayan, yaxud kəpəyə qarşı şampunlar ola bilər, amma saç tökülməsinin və kəpəyin qarşısını alan, saçı bərpa edən şampunun olması inandırıcı deyil. Şampun dərman deyil ki, ən müxtəlif səbəblərdən yaranan saç tökülməsini əngəlləsin. Nəticədə insanlar illərlə kəpəkdən yaxa qurtara bilmirlər. Yalnız düzgün müalicə problemdən tam yaxa qurtrmağa imkan yaradır.

- Bəzi xanımlar uşaq şampunlarının daha az zərərli olduğunu düşündüyü üçün ondan istifadə etməyə üstünlük verirlər. Uşaq şampunları digərlərindən nə ilə fərqlənir?

- Uşaq şampunlarında həqiqətən də toksiki maddələr digərlərinə nisbətən çox az olur.

- Narahatçılıq doğuran digər saç problemi isə istifadə olunan xlorlu sudur. Bunun mənfi təsirini azaltmaq mümkündür?

- Cod su şampunların saçda ərp kimi yapışıb qalmasına səbəb olur. Yaxşı yuyulmayan şampun saç diblərinin boşalmasına, dolayısı ilə saç tökülməsinə gətirib çıxarır. Suyun codluğunu azaltmaq üçün xanımlara saçlarını qaynadılmış su ilə yumağı tövsiyə edirəm. Saçları qaynanmış su ilə yumağa imkan yoxdursa, saçlarını yuduqları suya 2 çay qaşığı çay sodası əlavə etməyi məsləhət görürəm. Bunları da etməyə imkan və vaxt yoxdursa, saçları yuduqdan sonra axırda saçı 1 xörək qaşığı alma sirkəsi əlavə olunmuş su ilə yaxalasınlar. Sirkə ilə soda toplanmış ərpi və şampunu saçdan tamamilə yuyub aparır. Bundan başqa, saçları çox isti su ilə yumaq olmaz. İsti su baş dərisinin piy vəzilərini qıcıqlandırıb ifrazını sürətləndirir. Bu isə saçın daha tez yağlanması ilə nəticələnir. Eyni zamanda həddindən artıq isti su ilə yumaq saç ağarmasına gətirib çıxarır. Xanımların əksəriyyəti balzamdan da düzgün istifadə etmir. Balzamı saç diblərinə vurmaq qəti qadağandır. O saçın asanlıqla daranması üçün ancaq saç uclarına vurulmalıdır. Şampunu saçda uzun müddət saxlamaq və birbaşa saça tökmək olmaz. Şampun bir miqdar ovuca tökülməli daha sonra masaj hərəkətləri ilə saça yeridilməlidir.

- Qadınlar saçlarının daha gözəl görüməsi üçün fendən istifadə edirlər. Fenlərin mütəmadi olaraq istifadəsi isə saçda saçqıranların əmələ gəlməsinə səbəb olur. Haçalanmış saç ucları ilə necə mübarizə aparmaq olar?

- Haçalanmış uclarla mübarizə ən əvvəl onların kəsilməsindən başlayır. Daha sonra sağlam saçın haçalanmasının qarşısını almaq lazımdır. Onların ucları heç olmasa, 2-3 aydan bir kəsilməlidir. Hazırda haçalanmış saçlar üçün xüsusi vasitələr, beta-karotin tərkibli yağlar satılır. Saçlar soyuğu heç sevmir, şaxtalı havada mütləq başı bağlamaq, papaq qoymaq gərəkdir. Düzgün daraq seçimi də saçqıran yaranmasının qarşısını alır.

Aytən

FOTOLAR: Rəşad Abbasov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm