Putin Bakıda Qarabağla bağlı nə deyəcək? – rusiyalı ekspertin şərhi
Bizi izləyin

Nida.az

Putin Bakıda Qarabağla bağlı nə deyəcək? – rusiyalı ekspertin şərhi

“İyunun 12-da Bakıda I Avropa oyunlarının açılış mərasimində iştirak edəcək Vladimir Putin İlham Əliyevlə Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcək. Hətta son geosiyasi proseslər fonunda konkret nəticələrin əldə olunacağı ehtimalları da var”.


Publika.az xəbər verir ki, bu barədə Problemli Analiz Mərkəzinin (PAM) baş analitiki Sergey Balmasov deyib.


Onun sözlərinə görə, Rusiya münaqişənin həll olunmasında aparıcı indikator rolunu oynamaqda israrlıdır.


“Lakin son günlər münaqişənin tezliklə həll olunacağına dair iddialar inandırıcı deyil. Çünki Dağlıq Qarabağ kimi uzun müddət davam edən kəskin xarakterli münaqişələr danışıqlar yolu ilə tez həll olunmur. Xüsusilə, hazırkı diplomatik döyüşdə bu, çətin görünür”, - deyə ekspert bildirib.


S. Balmasov Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun Moskvaya səfərini də şərh edib. Onun fikrincə, bu səfər daha çox Riqa sammitindən sonrakı dönəmə hesablanmışdı: “Sammitdə Avropa Birliyi Ermənistanla oynamaqda davam etdi, ona viza rejiminin ləğvi kimi şirnikləndirici təkliflər verdi. Azərbaycan sammitdə Dağlıq Qarabağla bağlı mövqeyini israrla ortaya qoydu. Ardınca Moskvada hər iki nazirin görüşü baş tutdu. Görüş zamanı Lavrovun Dağlıq Qarabağla bağlı bəyanatı daha çox Azərbaycan-Avropa Birliyi əlaqələrinə cavab idi. Lakin Lavrov münaqişəni Ermənistanın xeyrinə həll edəcəyini də dilə gətirmir”.


Ekspert qeyd edib ki, Moskva olduqca həssas davranır: “Çünki münaqişədə hansısa tərəfə üstünlük vermək digərinin birbaşa itirilməsi deməkdir. Belə olacağı təqdirdə, Qərb bundan kifayət qədər yararlana bilər. O da faktdır ki, Qarabağ probleminin həllinə nə Rusiya, nə də Qərb çalışmır. Hər iki tərəf bundan öz geosiyasi maraqları üçün istifadə edir. Moskva və Brüssel üçün ən yaxşı variant münaqişənin isti mərhələyə keçməməsidir. Lakin uzun sürən problem artıq öz sərhədlərini aşır, Bakının əsəbləri tarıma çəkilir. Hesab etmək olar ki, Putin Bakıda bütün bu məsələləri müzakirə edəcək”.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm