Londonda sovet dövrünün Bakısı haqqında kitabın təqdimatı keçirilib - FOTOLAR
Bizi izləyin

Magazin1

Londonda sovet dövrünün Bakısı haqqında kitabın təqdimatı keçirilib - FOTOLAR

Londondakı dünya şöhrətli “Waterstone’s” kitab mağazasında tanınmış Hollivud bəstəkarı, müğənni, pianoçu, Bakı əsilli Ella Leyanın “Kimsəsiz Səma” (“The Orphan Sky”) adlı debüt hekayəsinin təqdimat mərasimi keçirilib.

Avropa Azərbaycan Cəmiyyəti (TEAS) tərəfindən təşkil edilən təqdimat mərasiminə 100-ə yaxın kitabsevər, Londonda yaşayan azərbaycanlılar və Azərbaycanın dostları qatılıb. Uzun illər ABŞ-da yaşayan Ella hazırda vaxtını Kaliforniya ilə London arasında bölüşdürür.

TEAS-dan Publika.az-a bildiriblər ki, 1979-ci il sovet dövrünün Azərbaycanı haqqında bəhs edən kitabda dahi pianoçu Leyanın hekayəsi nəql edilir. Real və bədii hadisələr əsasında yazılmış bu kitab özündə Azərbaycanın mif və əfsanələrinin mahiyyətini sovet paranoyyası ilə məharətlə birləşdirir.

Bir qədər öncə “Los Angeles Review of Books” jurnalı hekayəni aşağıdakı kimi təsvir edib “…bu, xilas və tale haqqında çərpələng uçuran qədər səhih, həyəcanlı və parlaq əbədi hekayədir”. Musiqi əfsanəsi Kuinsi Cons deyib: “Bu, həm ruhən, həm də siyasi dəyişiklik qüvvəsi olaraq musiqinin gücünü göstərən “Soyuq müharibə” dövrünün inandırıcı hekayəsidir.”

Kitabın müəllifi Ella Leya təqdimat mərasimində deyib: “Uzaqda qalan yerlər, zaman və insanlar üçün nostalji duyğularının baş qaldırması sənətkar olaraq bizim üçün hər zaman güclü ilham mənbəyi olub. “Kimsəsiz Səma” kitabı mənim Bakıya, uşaqlığımın nağılları şəhərinə geri səyahətimdir. Hekayədə bir çox məsələlər – sovet dövrünün büsbütün həqiqətləri barədə bəhs edilir. Artıq 25 ildir ki, amerikalı olmağıma baxmayaraq, mən heç zaman doğma ölkəmin qızı olduğumu inkar etməmişəm. İndi də mən fəxr edirəm ki, “Kimsəsiz Səma” kitabım mənə Azərbaycanı qərb oxucusuna təqdim etmək imkanını yaradıb.”

Təqdimat mərasimindən sonra canlı və düşündürücü sual-cavab sessiyası keçirilib və bu zaman iştirakçıların Ellanın albomundan olan rus, yəhudi və ingilis dillərində seçmə musiqi parçalarını dinləmək imkanı olub.

“Kimsəsiz Səma” kitabının nüsxəsini sifariş vermək və Ella Leya haqqında daha ətraflı məlumat əldə etmək istəyənlər www.ellaleya.com/book səhifəsinə müraciət edə bilərlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm