“Dağlıq Qarabağ hər an partlamağa hazır olan barıt çəlləyidir” – Qərb KİV-i
Bizi izləyin

Nida.az

“Dağlıq Qarabağ hər an partlamağa hazır olan barıt çəlləyidir” – Qərb KİV-i

“20 il boyunca Azərbaycan və Ermənistan arasında hərbi qarşıdurma davam edir. Lakin bu gün Dağlıq Qarabağda vəziyyət daha təhlükəlidir”.


Publika.az xəbər verir ki, bu barədə Fransanın “Le Huffington Post” nəşri yazıb.


Nəşr Qafqazdan müharibə iyinin gəldiyini yazır və qeyd edir ki, Rusiya regionu əldə saxlamaq üçün bütün vasitələrdən istifadə edəcək.


“1994-cü ildə Azərbaycan və Ermənistan arasında atəşkəs imzalandı. Bakı öz torpaqlarının 1/5 hissəsini itirdi, ermənilərsə ərazilərini Azərbaycan torpaqları hesabına artırdılar. Münaqişədən illər keçib və hələ də ümid yeri görünmür. Əksinə, bu münaqişə deyildiyi kimi “dondurulmuş” deyil və hər an partlamağa hazır olan barıt çəlləyini xatırladır. İllər boyu cəbhə xəttində müxtəlif qarşıdurmalar olub. Son illərsə bu, geniş vüsət aldı. 2014-cü ildə Ermənistan 47 minlik ordu ilə Dağlıq Qarabağda təlimlər keçirdi. Bu əslində Bakını qıcıqlandırmaq və təhrik etmək məqsədi daşıyırdı. Azərbaycan hava məkanına girən erməni helikopterlərindən biri vuruldu. Ermənistan bu təlimlərlə Azərbaycana öz gücünü nümayiş etdirməyi düşünürdü. Lakin bununla regiondakı gərginliyi artırdı və danışıqlar prosesinə mane oldu. Toqquşmalar 2015-ci ildə də davam etdi və bu gün də biz gərginliyi müşahidə edirik. Hazırda vəziyyət çox təhlükəli tendensiyaya çevrilib”, - deyə məqalədə bildirilir.


Nəşr qeyd edir ki, Rusiya belə vəziyyətdə super güc kimi davranır, lakin bu, neqativlərə səbəb olur: “Moskva Ermənistanın himayəçisi rolundadır və güman ki, ermənilərə bəzi silahlar verib. Bu isə erməni tərəfinin hərbi güclənməsi və regionda balansın pozulmasına gətirib çıxarır. Belə disbalans Bakını ehtiyatlı olmağa vadar edir və o öz döyüş bacarığını gücləndirərək Kremli ələ almağa çalışır. Azərbaycan Rusiyadan böyük miqdarda silah alır. Bununla həm də rus-erməni ittifaqını zədələyir. Azərbaycanın fəallığı və Rusiyanı özünə tərəf çəkməsi Ermənistanı qorxudur. Çünki Ermənistan Avrasiya İttifaqına daxil olaraq Rusiyaya tamamilə tabe oldu. Belə olanda ermənilər nəinki Kremlin Bakı ilə münasibətlərinə qarışa, ümumiyyətlə, etiraz belə edə bilmirlər”.


“Le Huffington Post” əlavə edir ki, Moskva yaranmış vəziyyətdən çıxış edərək Cənubi Qafqaza nəzarət edir: “Gürcüstan nə qədər inkar etsə də, öz qonşuluğundakı böyük güclə hesablaşmağa məcburdur. 2008-ci ildə bunun əksini etdi və cəzalandırıldı. Burda Qərbin özü günahkardır. Çünki o, bərabər olmayan güclərin döyüşünü dəstəklədi və seyrçi qaldı. Lakin bu gün Qafqazda əsas təhlükə olan Dağlıq Qarabağda müharibənin yenidən bərpa olunmasından nə Avropa qazanacaq, nə Rusiya, nə də Amerika”.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm