“Ona nifrət edirəm!” - həkim, siyasətçi və 7 nəvə babası Sərdar Cəlaloğlu ilə qeyri-siyasi MÜSAHİBƏ/FOTOLAR
Bizi izləyin

Müsahibə

“Ona nifrət edirəm!” - həkim, siyasətçi və 7 nəvə babası Sərdar Cəlaloğlu ilə qeyri-siyasi MÜSAHİBƏ/FOTOLAR

Həmkarları olan bəzi partiya sədrləri onu “müxalifətin Eynşteyni” adlandırırlar. Dünyagörüşü baxımından məlumatlı, müsahibini qısa zamanda ələ alan, təbiətən maraqlı Sərdar Cəlaloğlu əslində qəribə həyat yolu keçib. Elə bu səbəbdən qərara aldıq ki, Azərbaycan Demokrat Partiyasının sədrini “Siyasətsiz siyasətçi” rubrikasına qonaq edərək onu yaxından tanıyaq. Publika.az Sərdar Cəlaloğlu ilə qeyri-siyasi müsahibəni təqdim edir:

“I qrup Qarabağ əlili olan qardaşım 22 ildir yataqdadır”

- Sərdar bəy, necəsiniz?

- Yaxşı, babat demək olar...

- Maşallah, dəyişmisiniz.

- (Gülümsünərək) Pisliyə doğru?

- Yox, amma yaş özünü daha çox göstərir.

- Artıq 62 yaşım var axı.

- Elə 62 il bundan əvvələ qayıdaq. Səhv etmirəmsə, Babək rayonunda dünyaya gəlmisiniz.

- Bəli... Rayonumuzun əvvəlki adı Naxçıvan idi, sonradan dəyişdilər. Cəhri kəndində dünyaya gəlmişəm.

- Ailədə neçə uşaq olmusunuz?

- 10 uşaq idik: 5 qardaş və 5 bacı.

- Ata-ananızdan danışın.

- Atam müəllim olub, orta məktəbdə riyaziyyatdan dərs deyirdi. Anam evdar qadın idi. Böyük qardaşım birinci Qarabağ savaşında iştirak edib, batalyon komandiri olub, birinci qrup əlildir. 22 ildir yataqdadır. Qurbanı və məni tanıyırsan. Süleyman qəzet redaktoru işləyib. Kiçik qardaşım isə konservatoriyanın rus bölməsini bitirib, amma işsizdir. Hamımız ictimai-siyasi həyatda yaxından iştirak etmişik. Qardaşlarımın hamısı Qarabağ müharibəsi iştirakçısıdır.

“... internatda oxumalı oldum”

- Orta məktəb illərindən danışaq.

- Orta məktəbi Ordubadda oxumuşam. İş elə gətirdi ki, 8 il Füzuli adına Ordubad internat məktəbində oxumalı oldum. 2 il isə Bakıda oxudum. Həmin il də Tibb İnstitutuna daxil oldum.

- Buna görə də hərbi xidmət keçmədiniz...

- İnstitutumuz hərbi kafedrada zabitlər hazırlayırdı. Üç il hərbi fənn keçdik. Hal-hazırda ehtiyatda olan mayoram.

- Naxçıvanda həkim işləmisiniz.

- Bəli...

- O illəri necə xatırlayırsınız?

- Yaxşı xatırlayıram, çünki yaddaşım çox yaxşıdır.

- Onda yaddaşınızı yoxlayaq.

- Buyurun.

- Bağırov soyadlı köməkçiniz vardı, xatırlayırsınız?

- Bağırov..?

- Bəli.

(Bir qədər fikrə gedir)

- Xatırlamadınız?

- ...

- Gəncəli idi...

- (Gülümsünərək) Həəə... Yusif Naxçıvana hərbi xidmətə göndərilmişdi, “doznovotel” idi. Bəzi hərbi-tibbi sənədləri rus dilinə tərcümə edirdi. Orda tanış olduq. Tərcümələrinə kömək edirdim. İndi də hərdən görüşürük.

- Siyasi fəaliyyət necə yarandı?

- Biz orta məktəbdə oxuyandan siyasətlə az da olsa maraqlanırdıq. Arazın o tayında oynayan uşaqların səsini eşidirdik. Onların nə üçün Azərbaycan dilində danışdıqlarını məktəbdə müəllimimizdən soruşdum. Başa düşdüm ki, Arazın o tayındakılar da azərbaycanlılardır. Bundan əlavə, Elçibəyin sinif yoldaşı bizə dərs deyir, hamımıza millətçilik hissləri aşılayırdı. Hətta bir gün müəllimdən soruşdum ki, Rəsulzadə kim olub? Səhər müəllim atama demişdi ki, oğlunun yeniyetmə olmasına baxma, qalmaqallı siyasi işlərlə çox maraqlanır. Başa sal ki, belə etməsin.

Tədricən siyasi proseslərə, cəbhəçilərə qoşuldum, azadlıq hərəkatı, Ermənistanla müharibə, Qarabağ məsələsi beləcə, gəldim çıxdım bura.

“... ay bala, qız uşağı kimi niyə evdə oturmusan?”

- Nəzərə alsaq ki əvvəllər bu sahədə işləmisiniz, tibb işi ilə niyə sonadək məşğul olmadınız?

- Çünki hələ həkim olmazdan əvvəl də siyasi proseslərə başımı soxurdum. Gizli dərnəyimiz vardı, qadağan olunmuş kitabları oxuyurdum. Bir gün gördüm ki, siyasətin içindəyəm. Başa düşdüm ki, həkimliklə bu işi eyni vaxtda apara bilmirəm. Məhkəmə tibb eksperti olsam da, bəzən günlərlə işə gələ bilmirdim. Buna görə də məhkəmənin, prokurorluğun işi gecikirdi. İşi yubatdığımdan ərizə verib uzaqlaşdım. Yeri gəlmişkən, Naxçıvanda cəmi 2 məhkəmə tibb eksperti vardı.

- İxtisasınızdan uzaqlaşmanızdan peşman deyilsiniz?

- Əksinə, peşmanam ki, niyə əvvəldən siyasi sahədə təhsil almadım.

- Sərdar bəy, həddən artıq mütaliə edirsiniz. Neçə dəfə qərargahınıza gəlmişəmsə, hər dəfə sizi kitab oxuyan görmüşəm.

- Oxumağı sevən adamam. Biz uşaq vaxtı valideynlərimizdən həmişə bu sözləri eşidirdik – az oxuyun, gözünüz kor olacaq. Hərdən çıxın təmiz hava alın. Anam deyirdi ki, ay bala, qız uşağı kimi niyə evdə oturmusan? Bizə evdə oxuyun deyən olmayıb. Anam hərf tanımırdı. Amma inanın ki, 15-20 romanın süjet xəttini əzbər bilirdi. “Çalıquşu”, “Səfillər”, “Qılınc və qələm” və digər romanları bizə əzbər oxudardı. O, xalça toxuyur, mən ucadan kitab oxuyurdum. İndi də hərdən evdə övladlarıma deyirəm ki, bədbəxt uşaqları, kitab oxuyun.

- Oxumaqla yanaşı, həm də kitab yazırsınız.

- Bəli, indiyədək beş kitab yazmışam. Hal-hazırda da yazıram.

“Həyat yoldaşımı xəstəxanada görüb bəyəndim”

- Nə vaxt ailə qurdunuz?

- Müəllim ailəsi kasıb ailə idi. İnstitutu qurtaranda 3 qardaşım hələ oxuyurdu. Ona görə də işləyib ata-anama kömək etdim. Yükümüz yüngülləşəndən sonra evlənmək barədə düşündüm. Həyat yoldaşımı Naxçıvanda xəstəxanada görüb bəyəndim.

- Xanımınız işləyir?

- Müəllimədir.

- Neçə övladınız var?

- Dörd: üç oğlum, bir qızım.

- Bildiyimə görə, övladlarınızdan biri Norveçdə yaşayır.

- Bəli, Tural Norveçdə, Cəlal və qızım İngiltərədə yaşayır. Balaca oğlum Cavid burdadır.

- Övladlarınızı evləndirmisiniz?

- Bəli, hamısı ailəlidir. Hər birinin də övladı var.

- Neçə nəvəniz var?

- Yeddi...

“Evin ortasında futbol oynayırlar”

- Hansı nəvənizi daha çox istəyirsiniz?

- Hamısını... Açığını deyim ki, burdakı iki nəvəmlə - Cavidin övladları ilə daha çox vaxt keçirirəm. İkisi də oğlandır. Yaman dəcəldirlər, evin ortasında futbol oynayırlar, divanın üstünə çıxıb yerə tullanırlar. O birilər qonaq kimi gəlib-gedirlər.

- Oğlunuz Cavidin həyat yoldaşı seçiminə siz kömək etdiniz, ya özü seçdi?

- Evlənmək istəyirdi, biz də dedik ki, filan ailə yaxşıdır, o da qızı bəyəndi. Mən ata-ananın məsləhəti ilə evlənməyə üstünlük verirəm.

- Bəs onda özünüz niyə ata-ananızın məsləhəti ilə evlənmədiniz?

- Anam dedi ki, mən sənə hansısa qızı məsləhət görmürəm.

- Niyə, xasiyyətiniz pis idi?

- Yox, anam həmişə deyərdi ki, sənin kifayət qədər ağlın var, seçimində yanılmazsan.

- Təhsil aldığınız illərdə xoşunuza gələn qız vardı?

- (Gülür). Oğlan olasan, xoşuna gələn qız olmasın? Sadəcə, həmin vaxtlar evlənməyə imkanım yox idi.

- İndi xaricdə yaşayan nəvəniz dünyaya gələndə onu Norveçin bayrağına bükmüşdülər...

- Bu, onların qaydasıdır. Övladlarımın xaricdə təhsil alması və yaşaması əcnəbilərin, beynəlxalq təşkilatların təklifi və təşəbbüsü ilə reallaşdı.

“Ona nifrət edirəm”

- Sizi tədbirlərdə kostyumla, qalstukla çox görürük, amma bildiyimə görə, klassik geyim üslubunu sevmirsiniz.

- Ona nifrət edirəm. Qalstuk taxanda, kostyum geyinəndə özümü tabutda hiss edirəm. Onlar insanın azadlıqlarını əlindən alır. Uniformanı kimlər geyinir? – Həkimlər, polislər, hərbçilər – yəni tabe olan insanlar. Mən sadə üslubu, bir az da tör-töküntünü çox sevirəm.

- Paltarlarınızı özünüz seçirsiniz?

- Əynimdəkini özüm seçirəm. Hərdən həyat yoldaşım da seçimimə kömək edir.

- Eviniz plana düşəndə sizə xeyli miqdarda pul verdilər. Həyətdəki qara rəngli “Toyota Prado”nu həmin pulla almısınız?

- Hə, həmin pulla aldığım avtomobildir. Düşündüm ki, puldur, xərcləyəcəm gedəcək. Fürsətdən istifadə edib maşın aldım.

- Niyə məhz “Prado”?

- Biz tez-tez ailəvi istirahətə gedirik. Kiçik maşına yerləşmədiyimizdən başqa avtomobil tuturduq. Fikirləşdim ki, iri salonlu maşın alım, ailə üzvlərinin hamısı içinə yerləşsin. İndi harasa gedəndə Cavidin ailəsi də onun içinə yerləşir, hələ bir az boş yer də qalır.

- Benzin pulunu necə, çatdıra bilirsiniz?

- Hə, mən maşını az sürürəm. 5 ildə cəmi 80 min kilometr maşın sürmüşəm.

- Mütaliə, yeni kitab yazmaq, kompüter arxasında saatlarla oturmaq, partiya işi, bir sözlə, oturaq iş, üstəlik maşın da sürürsünüz... Fiziki hərəkət, piyada gəzmək lazım deyil?

- İki gündən bir 2-3 kilometr üzürəm. Bir gündən bir də 16 kilometr piyada gəzirəm. Səhər saat 6-dan evdən gəzintiyə başlayıram və 2 saat sonra geri qayıdıram. Yoxsa mütləq məhv olaram.

- Ev demişkən, mənziliniz hardadır?

- Baş Poçt İdarəsinin qarşısında, dənizin kənarında. Hökumət evinin yanında.

“... sən deyən qədər qarınqulu deyilik”

- Evə bazarlığı kim edir?

- Ancaq özüm... Hər şeyi alıram. İnanmadığım, tanımadığım adamdan ərzaq almaram.

- Sonuncu dəfə nə vaxt bazarlıq etmisiniz?

- Dünən... Bizdə bir qayda var – həftədə bir dəfə həyat yoldaşımla marketə çıxıb bazarlıq edirik.

- Xanımınızla bazarlıq etmək baha başa gəlmir ki?

- Bizim xalqda hər şeyi almaq maniyası var. Xanımım hərdən deyir, gedək kartof-pomidor alaq. Bir də görürsən əlli cür şey alırıq. Müxtəlif cür ərzaq, nəvələr də var axı. Amma sən deyən qədər qarınqulu-zad deyilik. Evimiz də qonaqlı-qaralıdır.

- Dolanışığınız necədir?

- Normal, ailə üzvlərimiz o qədər də çox deyil. Yoldaşım da, oğlum da, mən də işləyirəm. Xaricdəki övladlarım da kömək edir.

- Saatınız niyə yoxdur?

- Özümün “bioloji saatım” var. Saat 12-də yerimə uzansam da, səhər saat 5-ə 5 dəqiqə qalmış mütləq oyanmalıyam. Məndə vaxta həddən artıq güclü hissiyyat var. Saatımın olmamasına baxmayaraq, heç vaxt görüşə, tədbirə gecikməmişəm.

- Telefon nömrənizi də uzun illərdir dəyişmirsiniz.

- Nömrəmi dəyişsəm, dostlar, jurnalistlər məni çətin tapacaq. İyirmi ilə yaxındır bu nömrədən istifadə edirəm.

- Telefonunuza gündə nə qədər zəng gəlir?

- Əvvəllər – ADP-nin siyasi aktivliyi dönəmində 100-150 zəng gəlirdi. Amma indi gün ərzində 3-4 dəfə jurnalistlər zəng edir, 10-15 dəfə başqa şəxslər, dostlar...

- Dostların sayı çoxdur?

- Oturub söhbət edə biləcəyim hər kəsi özümə dost hesab edirəm. Bu adam məndə mənfi emosiya yaratmırsa, onunla dostam.

- Bir zamanlar facebookda profiliniz vardı. Sonradan yoxa çıxdınız.

- Virtual aləm həddən artıq vaxt aparır. Vaxtım olmur. Hazırda iki kitab yazmağa hazırlaşıram. Qurani-Kərimin elmi-fəlsəfi izahı ilə bağlı kitab yazıram.

- Həm də namaz qılırsınız, ibadət edirsiniz.

- Qurani-Kərimin izahını yazmağa başlayanda sanki hansısa qüvvə mənə dedi ki, sən mütləq namaz qılmalısan. Üç-dörd aydır namaz qılıram.

- Əvvəllər katibəniz vardı. O necə oldu?

- Bir zamanlar işimiz həddən artıq çox idi. Kimsə saatlarla telefonlara cavab verməli idi. Mən olmayanda zəngləri cavablandırmalıydı. İndi fəaliyyətimiz xeyli daralıb. Əlavə köməkçilərə ehtiyac yoxdur. Buna görə də qənaətcillik üçün yeni sistemə keçdik.

- Bəs indi sizə çayı kim süzür?

- Özüm...

- Kim dəmləyir?

- Çayı da özüm dəmləyirəm...

Anar Tağıyev

Fotolar müəllifindir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm