39 yaşlı Nurgül Yeşilçay: “Ağlı başından gedən qadınlardan deyiləm” – FOTOLAR
Bizi izləyin

Layihə

39 yaşlı Nurgül Yeşilçay: “Ağlı başından gedən qadınlardan deyiləm” – FOTOLAR

Cazibədar aktrisa Nurgül Yeşilçay bizim tamaşaçılara "İkinci bahar", "Asmalı konak" seriallarından tanışdır. 39 yaşlı Nurgül Yeşilçay bu günə kimi onlarla mükafat alıb, Türkiyənin ən nüfuzlu film festivallarında "ən yaxşı aktrisa" statusuna layiq görülüb.

Baş rolda oynadığı "Eğreti gəlin" və lezbiyan türk qızını canlandırdığı "Yaşamın kıyısı" filmləri aktrisanın karyerasına damğa vurub.

Gözəlliyi və bacarığı ilə karyerasında sürətlə irəliləyən Nurgül Yeşilçay tez-tez yaşayan əfsanə Türkan Şorayla müqayisə olunub.

2004-cü ildə aktyor Cem Özerlə ailə quran aktrisanın bu nikahdan Osman Nejat adlı oğlu dünyaya gəlib.

2011-ci ildə ərindən boşanan Nurgül Yeşilçay eşqdən heç vaxt vaz keçmədiyini vurğulusa da, bir daha ailə qurmayıb.

Hazırda oğlu ilə birgə yaşayan aktrisa yay tətilinə çıxmadan öncə "All" jurnalına müsahibə verib.

Karyerasından, ana olmağın çətinliklərindən və həyat fəlsəfəsindən bəhs edən Nurgül Yeşilçay jurnal üçün olduqca cazibədar pozalar verərək fotosessiya da etdirib.

Publika.az-ın "Şirin söhbət" layihəsi çərçivəsində gözəl aktrisanın müsahibəsini təqdim edirik:

- Eşitdim ki, tətilə getməyə hazırlaşırsınız...

-"Paramparça" serialının çəkilişləri bitdi. Hamı bu fürsətdən istifadə edib dincəlmək istəyir. Mən də oğlum Nejatla birlikdə Bodruma getməyi planlaşdırıram.

- Elə insanlar var ki, yaşı artdıqca xasiyyəti dəyişir. Onlar sanki özlərində bəyənmədikləri xüsusiyyətləri dəyişmək üçün böyüyürlər. Amma siz elə deyilsiniz.

- Mən 7 yaşımda necə idimsə, 70 yaşımda da elə olacağam. Heç kim üçün özümü dəyişdirmərəm. Bəzən anayam, bəzən dost, bəzən cazibədar bir qadın, bəzən də kiçik bir qız uşağı. Qüsurlarımı da sevirəm.

- Keçmişdən dərs alırsınız?

-Mən keçmişə və ya gələcəyə ilişib qalan insanlardan deyiləm. Əlimdə olanların, xoşbəxtliyin qiymətini bilirəm. Xoşbəxt olduğumu hiss edə bilirəm. Türklər adətən, xoşbəxt olduqlarını sonradan dərk edirlər. Ona görə də, keçmiş illəri düşünüb "Ah o günlər...", deyə təəssüflənirlər. Elə insanlarla vaxt keçirəndə ürəyim sıxılır. Mən hər şeyi öz vaxtında yaşamağı sevirəm.

- Sizcə qaydalar onları pozmağımız üçün mövcuddur?

- Yox, kiçik qaydaları sevirəm. Onların oyun olduğunu düşünürəm. Həyatı gözəlləşdirirlər.

Məsələn, mənim həyatla bağlı kiçik qaydam belədir:

Məncə, tətildə yanında olmayan biri üçün darıxırsansa, sevdiyin insanlarda başqa insanları axtarırsansa, ətrafındakı gözəlliklərin qiymətini bilmirsənsə, deməli, özünə və zamana qarşı ən böyük haqsızlığı edirsən. İnsan ürəyinin səsini dinləməlidir.

- Karyeranıza "İkinci Bahar" adlı serialla başlamısınız. O vaxtlar serialdakı Gülsüm obrazını canlandıran aktrisanın bir ulduza çevriləcəyi heç kimin ağlına gəlmirdi. Ancaq buna baxmayaraq, hamı yaşıl gözlü o gənc qadına heyran qalırdı. Aktrisalıq macərası necə keçdi?

- 17 ildir ki, kamera qarşısındayam. "Asmalı konak" serialında Özcan Dənizlə oynadım. Hamı bizi "Selvi boylum al yazmalım"dakı Türkan Şorayla Kadir İnanıra bənzətdi. Daha sonra bir-birindən məşhur rejissorlarla işləmək şansını qazandım. "Anlat İstanbul", "Eğreti gelin", "Ademin trenleri", "Yaşamın Kıyısında", "Vicdan", "7 Kocalı Hürmüz" kimi bir çox uğurlu layihədə rol aldım. Fatih Akın, Atıf Yılmaz kimi ən bacarıqlı rejissorlarla işlədim.

- Məncə, bu qədər uğur qazanmağınızın əsas səbəbi peşənizi canı könüldən sevməyinizdir.

- Əlbəttə, bu işi sevməsən, heç bir nailiyyət qazana bilməzsən. Bu, sehrli bir peşədir. Biz sizə başqa-başqa həyatları göstəririk. Sanki başqalarının həyatına lupa tuturuq. Başqa obraza bürünmək asan deyil. Canlandırdığımız obrazın reallığına tamaşaçıdan öncə özümüz inanmalıyıq, onu sevməliyik. Başqa cür mümkün deyil.

- Hazırda rol aldığınız "Paramparça" serialının da kifayət qədər izləyicisi var. "Paramparça"nın digər seriallardan nə fərqi var?

- Rəhmətlik rejissor Osman Yağmurdereli demişdi ki, "bir serial yeni ulduzlar yaradırsa, deməli artıq böyük uğur əldə edilib". Mən də bu fikrin doğru olduğuna inanıram. "Paramparça" serialı da yeni, gənc ulduzlar yetişdirdi.

Həm də digər seriallardan fərqli olaraq tamaşaçıları daha çox həyəcanlandırır. Hər yaş qrupuna uyğundur. Hər kəsə xitab edir. Serialda xoşagəlməz olaylar baş versə də, arada bir kiçik komediya sürprizləri edərək tamaşaçını güldürürük.

- Seriallarda əsas iş kimin üzərinə düşür, ssenaristin, rejissorun, yoxsa aktyor və aktrisaların?

- Həmişə deyirəm ki, bizim sektorda heç kim təklikdə uğur qazana bilməz. Bizim serial üçün 100 nəfər tər tökür. Hər birimiz öz sahəmizin ustalarıyıq. Bu da öz təsirini göstərir.

- Aktrisalığınıza söz ola bilməz. Ancaq siz həm də anasınız. Müasir dövrün anaları uşaqla dost olmağa üstünlük verirlər. Siz bu məsələdə hansı mövqedəsiniz?

- Özüməməxsus qaydalarım var. Uşağa təzyiq eləmirəm, ancaq onunla dost deyiləm. Mən onun anasıyam. Nejat məsuliyyətlidir. Qərarları özünün verməsini dəstəkləyirəm. Mən sadəcə, "Nə eləmək istəyirsən?", deyə soruşuram.

- Ana olmaq həyatınızda nələri dəyişib?

- Ana olanlar bilirlər ki, övladınızın ən kiçik uğuru belə böyük xoşbəxtlik deməkdir. Məsələn, son vaxtlar məni həyəcanlandıran ən böyük hadisə Nejatın ibtidai məktəbi bitirməsi oldu. Yay tətili planlaşdırarkən də Nejat üçün ən uyğun olan varianta üstünlük verdim. Onun yeni yerlər görüb, fərqli mədəniyyətlə tanış olması üçün Londona aparacağam. Oğlumun və qohum əqrəbalarımın uşaqlarının yaxşı təhsil almasını istəyirəm. Bunun üçün əlimdən gələni edirəm.

- Həm iş qadını, həm də ana olmaq sizi yormur?

- Çox işləməsən, uğur qazana bilməzsən. Düzdür yoruluram, amma sevdiyim işlərlə məşğulam. Acgöz deyiləm, hər şeyi eyni anda istəmirəm. Həyatdan şikayət etmək mənim ruhuma uyğun deyil. Həyatın belinə minmək lazımdır. Həyatın belinə minin, qoyun o sizi daşısın, siz onu yox.

- Sizə 39 yaş vermək mümkün deyil. Xüsusi gözəllik proseduralarınız var?

-Tennisi çox sevirəm, bir də yürüş edirəm. Pəhriz saxlamıram. Ancaq sağlam qidalanmağa çalışıram. Ürəyim bir şeyi çox istəsə, yeməkdən çəkinmirəm. Mən təbii olmağı xoşlayıram. Demək olar ki, xüsusi heç nə eləmirəm. Adi günlərdə makiyaj etmirəm. Səhərlər üzümü gülabla yuyuram. Gözəllik mərkəzlərinə gedərək özümə qulluq etdirirəm.

- Modanı təqib edirsiniz?

- Ruh halıma uyğun olaraq alış-veriş edirəm. Mağazaya girəndə ağlı başından gedən qadınlardan deyiləm. Bir geyimi və ya aksessuarı çox bəyənmişəmsə, köhnəlib pis vəziyyətə düşənə kimi ondan istifadə edirəm. Bəzən çəkilişlərə görə, heç nəyə vaxtım olmayanda alış-veriş etmək haqda düşünürəm. Ancaq heç vaxt ehtiyacım olmayan bir şeyi almıram.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm