Musa Quliyev: “Avropa Oyunları ermənilərin apardığı yalan təbliğatına son qoydu”
Bizi izləyin

Nida.az

Musa Quliyev: “Avropa Oyunları ermənilərin apardığı yalan təbliğatına son qoydu”

“I Avropa Oyunlarının Bakıda keçirilməsi dünyanın Azərbaycanı bir idman dövləti kimi qəbul etməsi idi”.


Bunu Publika.az-a açıqlamasında Milli Məclisin üzvü Musa Quliyev deyib.


Onun sözlərinə görə, Avropa Oyunlarından sonra beynəlxalq ictimaiyyət Azərbaycan haqda təsəvvürünü daha da genişləndirdi: “Cəmil iki il yarım ərzində bu oyunlarla bağlı bütün işlər həyata keçirildi. Halbuki, Olimpiya Oyunları təcrübəsində hazırlıq müddəti 7 ildir. Azərbaycan isə bütün bu stereotipləri qırmağı bacardı. Bu, Azərbaycan dövlətinin gücünün, qüdrətinin və Azərbaycan xalqının mədəniyyətinin göstəricisi idi. Azərbaycan bununla sözün əsl mənasında adını tarixə yazdıra bildi. 100 il sonra belə ilk Avropa Oyunlarından söhbət düşəndə Azərbaycan xatırlanacaq. Necə ki, Olimpiya Oyunlarından söhbət gedəndə qədim Yunanıstan və Afina yada düşür. Azərbaycanın “Bakı-2015”-ə ev sahibliyi etməsinin ictimai-siyasi, iqtisadi, turizm, istərsə də mədəniyyətimiz, tariximizin dünyaya nümayiş olunması baxımından çox böyük əhəmiyyəti oldu”.


Millət vəkili hesab edir ki, Azərbaycanda mübarizə aparan 6 min idmançı bundan sonra ölkəmizin qeyri-rəsmi səfiri rolunu oynayacaq: “Onlar istər-istəməz Azərbaycanın adı gələndə xoş günləri xatırlayacaq və ölkəmizi təbliğ edəcəklər. Avropa Oyunları ilə gələcək beynəlxalq idman yarışlarının Azərbaycanda keçirilməsinin bünövrəsi qoyuldu, ölkəmiz beynəlxalq idman yarışlarına daha müsbət şərtlərlə ev sahibliyi edəcəyi imkanını əldə etdi. Xalqımızın tolerantlığı, müxtəlif mədəniyyətlərə, dinə və milli mənsubiyyətə məxsus insanların Azərbaycanda dostluq və həmrəylik içərisində yaşadığı bir daha dünyaya bəyan olundu.

Ermənilərin uzun illər Azərbaycan xalqı əleyhinə apardığı bu təbliğata da son qoyuldu ki, Azərbaycan xalqı ilə nəinki bir yerdə yaşamaq mümkündür, həm də bu lazımdır. Ermənilər həmişə deyirdi ki, bizim mədəniyyət və düşüncə fərqlərimiz olduğuna görə bu xalqla bir yerdə yaşa bilmərik. Amma dünyanın hər yerindən gələn on minlərlə insan gördü ki, Azərbaycan xalqı tolerant xalqdır, ölkəmizin qanunlarına hörmət edən hər kəsin burada bərabər imkanlar şəraitində yaşamaq, uğur qazanmaq şansları var”.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm