Fikrət Yusifov: “Yunanıstandakı durum Avropa Birliyinin sonunun başlanğıcıdır”
Bizi izləyin

Digər

Fikrət Yusifov: “Yunanıstandakı durum Avropa Birliyinin sonunun başlanğıcıdır”

“Ötən onilliyin sonlarına yaxın bütün dünyanı bürümüş maliyyə böhranı Avropa Birliyinə ciddi zərbə vurdu. Bu proses getdikcə daha da dərinləşdi.

Avropada böhrandan daha çox zərər çəkən ölkələr kimi Yunanıstan, İspaniya, İtaliya və Portuqaliyanın adı tez-tez gündəmə gəlirdi. Onların içində ən ağır durumla üzləşmiş ölkə hələlik Yunanıstandır. İlk baxışda bir ölkənin borc öhdəliyini yerinə yetirə bilməməsi, bəlkə, bir o qədər ciddi səslənməyə bilər. Ancaq reallıqda Yunanıstanın bugünkü maliyyə vəziyyəti bir ölkə üçün olduqca təhlükəli həddədir və bu, heç şübhəsiz ki, Avropa Birliyinin özünə də yaxşı perspektiv vəd etmir. Avrozona üçün yaranmış təhlükə hələlik özünü tam çılpaqlığı ilə göstərməyə bilər. Obrazlı desək, bu təhlükə hələlik aysberqin suyun üzündə olan hissəsi qədər görünür. Əslində isə bu aysberqin qalan 9/10-u “suyun altındadır” və Yunanıstanda bütövlükdə defolt elan edildikdən sonra o, tamamilə üzə çıxacaq”.

Bunu Publika.az-a “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru, professor Fikrət Yusifov Yunanıstanın düşdüyü ağır iqtisadi durum və bunun Avropa Birliyinə yaratdığı təhlükəni şərh edərkən deyib.

F.Yusifov qeyd edib ki, Avrozona üçün böyük fəlakət Yunanıstanda ümumi defolt elan edildikdən sonra başlayacaq: “Yunanıstan 01 iyun 2015-ci il tarixə qədər Beynəlxalq Valyuta Fonduna olan 1.54 milyard avro borcunu ödəyə bilmədiyindən artıq defolt elan edilib. Lakin bu, qismən defoltdur. Əsas sual Yunanıstanın Ümumi Daxili Məhsulunun 175%-nə bərabər olan 315 milyard avro borcunun necə ödəyəcəyi ilə bağlıdır. Bir ölkə ki Beynəlxalq Valyuta Fondu kimi nüfuzlu bir maliyyə institutuna ümumi borcunun 0,5%-dən az olan hissəsini (1,54 milyard avro) ödəmək qabiliyyətində deyilsə, onda bu ölkənin real maliyyə vəziyyətini hər kəs dəyərləndirə bilər. Nəzərə almaq lazımdır ki, hələ 2010-cu ildən başlayaraq bu ölkənin borcların bir qismi kreditorlar tərəfindən kömək məqsədilə silinib”.

F.Yusifov Yunanıstanın Avropa Birliyindən çıxacağını təxmin etməyə əsas verən müəyyən işartıların artıq ortada olduğunu və bu baş verərsə, birliyə daxil olan digər ölkələrin də Yunanıstan itkisinin ağır fəsadları ilə qarşılaşacaqlarını deyib: “Bunun Avropa Birliyinə daxil olan ölkələr üçün çox uzaqlara gedib çatacaq ağır nəticələri ola bilər. Bu addım Avropada yeni, daha böyük maliyyə böhranının başlanğıcı olacaq. Belə böhran ilk növbədə İtaliya və Fransa kimi Yunanıstandan dəfələrlə böyük ölkələri zərbə altında qoyacaq. Unutmaq lazım deyil ki, bu gün İtaliyanın dövlət borcu ÜDM-un 260%-nə, Fransanın borcu isə ÜDM -un 280%-nə bərabərdir. Bütün baş verənlərin məntiqi nəticəsi olaraq Avropa Birliyinin baş memarı olan Almaniya daha ciddi zərbə altında qalacaq. Yunanıstan maliyyə naziri ölkəsinin Avropa Birliyindən çıxmasının Avropaya 1 trilyon avroya başa gələcəyini bəyan edib və əslində bu bəyanatın kifayət qədər ciddi əsasları var. Proseslər zəncirvari reaksiya ilə Şərqi Avropa ölkələrinin də Avropa Birliyindən qopması və bütövlükdə AB-nin çökməsinə aparıb çıxara bilər. Hər halda, hadisələr məhz bu perspektivə doğru irəliləyir. Almaniya, Fransa və İngiltərə ortaya nə qədər səylər qoysalar da, bütün bunlar müvəqqəti yamaq vurmaqdan başqa heç nə ola bilməz. Ən yaxşı halda bu proses bir qədər ləngidilə bilər, onun tamam dayandırılması isə real görünmür. Bütün bu proseslərdən ciddi narahat olan Almaniya kansleri xanım Merkel isə son yüz ildə ölkəsinin Avropanın çökməsində üçüncü dəfə günahlandırılacağından bərk əndişələnməyə başlayıb və bundan çox qorxduğunu bəyan edib. Bax, vaxtılə dəmir ledi Marqaret Tetçer əbəs yerə qərbi və şərqi Almaniyanın birləşməsini “Avropanın yeni bəlalarının başlanğıcı” kimi dəyərləndirməmişdi... Həyat göstərdi ki, dəmir ledinin bu narahatçılığında ciddi əsaslar var imiş və zaman göstərdi ki, Avropa Birliyinin “baş memarı” olan Almaniyanın Avropaya üçüncü “bəxşişi” çox da uzaqda deyil...”

Məlum olur ki, Avrozonaya daxil olan ölkələrin Ümumi Daxili Məhsulunda Yunanıstanın payının cəmi 2% olmasına baxmayaraq, bu ölkənin Avropaya aid aksiyaların katirovkalarının müəyyən edilməsində rolu çox böyükdür: “Defolt İtaliya, İspaniya, Portuqaliya kimi ölkələrin istiqraz vərəqələrinin gəlirliyini xeyli aşağı salacaq ki, bu da həmin ölkələrin maliyyə vəziyyətinə ciddi zərbə olacaq. Bu səbəbdən də defolt Avropa Birliyini çox ciddi problemlərlə üz-üzə qoya bilər. Ona görə bu ölkənin tamamən defolt elan edilməsi Yunanstandan daha çox Avropa Birliyinin nüvəsini təşkil edən Almaniya və Fransanı narahat edir. Bu sırada İngiltərənin də adını çəkmək olar. Lakin hər kəsə bəllidir ki, ingilislər öz sınanmış “diplomatiyalarından” hər yerdə və hər işdə məharətlə istifadə edirlər. Onlar Avropa Birliyinə daxil olarkən də bu “diplomatiyanın” köməyindən yararlanaraq öz milli valyutalarından istifadədən əl götürmədilər və Avrozonanın bugünkü durumu onların tarixi “uzaqgörənliyini” bir daha təsdiq etdi. İngiltərə bu birliyin dağılmasının lokomotivi rolunu artıq öz üzərinə götürüb. Belə ki, bu ilin iyun ayının 9-da İngiltərə Parlament Palatası ikinci öxunuşda 544 lehinə və 53 deputat əleyhinə olmaqla ölkədə referendum keçirilməsi barədə qanun layihəsinə səs verib. Bu qanun referendum keçirmək yolu ilə İngiltərənin Avropa Birliyindən çıxmasına imkan verəcək. Bu referendumun nəticələrinin necə olacağını təxmin etmək o qədər də çətin deyil. Əgər bu qanun layihəsinin əleyhinə deputatların cəmi 9,7%-i səs veribsə, deməli haradasa əhali də İngiltərənin Avropa Birliyində qalmasına təxminən bu qədər səs verəcək. İngilislər əslində əvvəldən bu birliyə çox könülsüz gəlmişdilər. Çox güman ki, onlar yaranmış fürsəti əldən buraxmayacaq və birliyi tərk etməklə Almaniyanı çox ciddi zərbə altında qoyacaqlar. Bu gün Avropa Birliyinin nüvəsini təşkil edən dövlətlər Yunanıstanda yaranmış vəziyyətlə bağlı çıxılmaz bir duruma düşüblər. Yunanıstan borcunu ödəyə bilmir və eyni zamanda böyük qardaşları olan Almaniya, Fransa və İngiltərənin də tövsiyyələrini qəbul etmək istəmir ki, yaranmış vəziyyətdə bu ölkələr və Avropa Birliyi bütövlükdə ona maliyyə yardımını davam etdirsinlər və ya heç olmasa borclarının vaxtını uzatsınlar. Nədən ibarətdir bu tövsiyyələr? Nə üçün Yunanıstan düşdüyü çətin maliyyə durumunda bu şərtləri qəbul etmək istəmir? Təbii ki, burada söhbət ölkə daxilindəki onsuz da dayanaqlı olmayan siyasi sabitliyin pozulmasına gətirib çıxara biləcək təkliflər paketinin reallaşdırılmasından gedir. Hansılardır bu təkliflər? Kreditorlar Yunanıstan hökumətindən ölkə daxilində əhalinin ciddi narazılığına və sonda sosial partlayışlara gətirib çıxara biləcək bir çox qeyri-populyar təklifləri reallaşdırmağı tələb edirlər. Bu paket təqaüdə çıxmaq üçün yaş həddinin artırılması, vaxtından əvvəl təqaüdə çıxmaq hallarının məhdudlaşdırılması, dövlət tərəfindən əhalinin müxtəlif təbəqələri üçün nəzərdə tutulmuş güzəştlərin ləğv edilməsi, əlavə dəyər vergisinin və mənfəətdən vergilərin dərəcələrinin artırılması, fermerlərin güzəştli şərtlərlə vergilərə cəlb edilməsindən imtina olunması kimi təkliflərdən ibarətdir. Bazar günü, iyunun 5-də Yunanıstanda xalq “üçlüyün” təklif etdiyi bu başıbəlalı təkliflər paketinə münasibət bildirəcək. Xalqın bu təkliflər paketinə “yox” və ya “hə” deməsi Avropa Birliyini taleyinin tez və ya gec həllinə aydınlıq gətirəcək. “Hə” deyilərsə, bu birliyin ömrü bir qədər də uzana bilər. Ancaq onun taleyi bütövlükdə həll olunub. İndi bu birlik süni nəfəs aparatına qoşulmuş xəstə kimidir”.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm