Şok iddia: “Kreml Avropa Birliyini dağıtmaq üçün...”
Bizi izləyin

Dünya

Şok iddia: “Kreml Avropa Birliyini dağıtmaq üçün...”

“Bəzi analitiklər hesab edirlər ki, Yunanıstanda hakimiyyətdə olan SİRİZA Kremlin əlaltısıdır və Avropa Birliyini içəridən dağıtmaq, heç olmasa, tikə qopartmaq və zəiflətmək üçün yaradılıb”.

Publika.az xəbər verir ki, bu fikir “Qlobal siyasətdə Rusiya” jurnalının baş redaktoru Fyodor Lukyanov “The Financial Times” üçün yazdığı məqalədə yer alıb.

Amma Fyodor Lukyanov hesab edir ki, sol və sağ radikalizmin yüksəlişi Avropa modelində olan böhranın meyvəsidir, Yunanıstan böhranında isə Avropanın elitası günahkardır.

Müəllifin fikrincə, Yunanıstanın baş naziri Aleksis Çiprasın Rusiyaya səfəri prezident Vladimir Putindən daha çox onun özü üçün əhəmiyyətli idi: “Aleksis Çipras beynəlxalq kreditorlardan ən yaxşı şərtlərlə pul almaq üçün öz əhəmiyyətini yüksəldir. Əgər indiki vəziyyətdə hansısa xarici partnyor Yunanıstana pul verəcəksə, hesab edəcək ki, pulunu çölə atır”.

Qeyd edək ki, Rusiya ötən ilin dekabrında “Cənub axını” qaz kəməri layihəsindən imtina edərək “Türk axını” layihəsini elan edib. Kəmər Avropa Birliyinə, daha doğrusu, cənubi-sərqi Avropaya Yunanıstan üzərindən keçməlidir. Ancaq Avropa Komissiyası layihəyə qarşı çıxır. Yunanıstan yalnız Avropa Birliyindən çıxacağı halda müstəqil qərarlar qəbul edə biləcək. Fyodor Lukyanov isə hesab edir ki, hazırda və yaxın gələcəkdə bu, ağlasığmaz görünür.

“Moskva əla bilir ki, avrozonada dəqiq qaydalar var. Almaniya kimi böyük ölkələr digərlərinə nəzarət edir və indiki halda proseslərə müdaxilə etmək mənasız olardı. Ehtimal ki, Yunanıstana da münasibət eyni olacaq”, - Lukyanov yazır.

O qeyd edir ki, Yunanıstandakı böhranın nəticəsi iki səbəbdən Moskva üçün əhəmiyyətlidir: ”Avropa Birliyində böhranın yeni mərhələsi Rusiya iqtisadiyyatını vuracaq, neftin qiymətləri daha da azalacaq. İkincisi, Avropa Birliyi böyük qeyri-sabit zonaya çevriləcək və nəticədə bütün Avrasiyada böyük dəyişikliklər olacaq. Bütün bunların fonunda isə yunan problemi çox kiçik görünəcək”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm