İş dünyası bir gecədə 70 milyard dollar itirdi, Rusya Ukraynanın qazını kəsdi, Avropa Yunanıstanı təhdidə başladı - HESABAT
Bizi izləyin

Hesabat

İş dünyası bir gecədə 70 milyard dollar itirdi, Rusya Ukraynanın qazını kəsdi, Avropa Yunanıstanı təhdidə başladı - HESABAT

Yola saldığımız həftə bütün diqqətlər Yunanıstana yönəldi. Ölkə Bexnəlxalq Valyuta Fonduna olan taksid borcunu ödəməməklə faktiki texniki defolta getdi. Bu təkcə Avropa Birliyini deyil, dünya birjalarını da silkələdi. Rusiyaya qarşı sanksiyaların müddətinin uzadılması Ukraynanın başında çatladı. Belə ki, “Qazprom” Ukraynanın qazını kəsdi. Son illər digər valyutalara qarşı 14 faiz dəyər qazanan Çin valyutası yuan BVF-nın valyuta səbətində 5 məzənnədən (Hazırda BVF-nin valyuta səbəti ABŞ dolları, avro, yen və funt sterlinqdən ibarətdi) biri kimi namizəd oldu. Avropanın ən çox işləməyən əhalisinə sahib ölkələsi - İspaniyada işsizlərin sayı azalmağa başladı.

Başlayaq Yunanıstandan. Ölkə sözün tam mənasında qəpiyə güllə atır. Mütəxəssislərə görə, Yunanıstan təkcə kreditorlara olan borcunu deyil, maaş və pensiyaları da ödəyə bilməyəcək. Qeyd edək ki, iyunun 30-da Yunanıstan Beynəlxalq Valyuta Fonduna 1,5 milyard avro taksid ödəməli idi. Lakin bu ödənişi reallaşdıra bilmədi. Qiymətləndirmələr göstərir ki, Yunanıstanı iyulda daha çətin vəziyyət gözləyir. Çünki Afina Avropa Mərkəz Bankına 3,5 milyard, vədəsi tamam olan dövlət istiqrazları üçün yunan banklarına 3 milyard, yenə də Beynəlxalq Valyuta Fonduna 452 milyon avro borc qaytarmalıdır. Avro Bölgəsinin maliyyə nazirləri texniki defolt olan ölkənin dosyesinə yenidən baxmağa hazırlaşırlar. Ən maraqlısı da odur ki, tərəflər böhrandakı məsuliyyətlərini bir-birlərinin üzərinə atırlar. Hansı ki, mütəxəssislər bunu təhlükəli hesab edirlər.

Avropa Mərkəzi Bankı isə açıq şəkildə Yunanıstanı təhdid edir. Avropa Mərkəzi Bankı sədrinin müavini Vitor Constancio bildirib ki, 5 iyulda keçiriləcək referendumda qutudan “xeyr” çıxarsa, bu, Yunanıstan üçün yaxşı olmayacaq: “Qutulardan “xeyr” çıxarsa, Avropa Mərkəzi Bankı Yunanıstan banklarına təcili likvidlik dəstəyi təmin edib-etməyəcəyini bilmir. Beynəlxalq Valyuta Fondunun da Yunanıstan haqqındakı son şərhləri gündəmə bomba kimi düşüb. Fondun qənaətinə görə, yunan xalqı “hə” desə belə, 36 milyard avroya ehtiyacı olacaq. Qeyd edilir ki, ölkənin cəmdə 50 milyard avroya çatan maliyyə ehtiyacında ən böyük rolu yaşanan siyasi dəyişikliklər oynayır: “Borcun ödənişlər üçün avropalı kreditorlar kreditin vaxtını ertələməklə bərabər faiz endiriminə də getməlidirlər. Yunanıstan büdcə hədəflərini yerinə yetirmədiyi halda yaranacaq maliyyə zərərinin həcmi 53 milyard avro ətrafında olacaq.

Qərbin sanksiyalarına Rusiyanın cavab atəşi təkcə embarqoların müddətini uzatmaqla deyil, Ukraynanın qazını kəsməklə gəldi. Düzdür, “Qazprom” Ukraynaya qaz tədarükünü dayandırmasını ikincinin ödəniş etməməsi ilə əlaqələndirir. Amma Rusiya inidyə qədər olduğu kimi, Ukraynanın tədarük etdiyi qazın haqqını gecikdirdiyinə göz yuma bilərdi.

Dünyanın ən böyük iqtisadiyyatı Çində Şanxay Mürəkkəb İndeksinin 1992-ci ildən bu yana ən sərt eniş nümayiş etdirməsi bazar iştirakçılarını ayağa qaldırdı. Çin səlahiyyətliləri bazardakı hər hansı manipulyasiyanı araşdıracaqlarını və bunu edənləri sərt şəkildə cəzalandıracaqlarını açıqlayıblar. Analitiklər hesab edir ki, hökumətin tədbirlərinin müsbət təsiri olub: ”Çin hökuməti, ilin ikinci yarısı ilə bağlı ümumi daxili məhsul göstəricisini iyulun 15-də açıqlayacaq. Bir çox iqtisadçı bu nisbətin qlobal maliyyə böhranın yaşandığı 2008-ci ildən sonrakı dövrdə qeydə alınan ən aşağı səviyyə olacağını proqnozlaşdırır.

Avropanın ən çox işləməyən əhalisinə sahib İspaniyada işsizlərin sayı azalıb. Ölkənin Əmək Nazirliyi məlumatına görə, iyun ayında işsizlik sığortası ilə bağlı müraciətlər may ayı ilə müqayisədə 2,25 faiz azalıb. Artıq 5 aydır İspaniyada işsizlik rəqəmləri azalır. Onu da bildirək ki, Avro Bölgəsi ölkələri arasında ən aşağı işsizlik nisbəti Almaniyadadır. İspanya isə Yunanıstandan sonra işsizliyin ən yüksək səviyyədə olduğu ikinci ölkədir.

İş dünyası

Dünyanın ən böyük rezin istehsalçılarından olan “Goodyear” İngiltərədəki fabrikini bağlayır. Beləliklə, Amerika şirkəti daha 330 nəfəri işsiz qoyur. Şirkətdən verilən açıqlamaya görə, işçilər digər fabriklərə transfer ediləcəklər. Lakin məsələnin bir başqa tərəfi “Goodyear”nin xərclərini azaltmaq istəməsidir. Bu da ixtisarları qaçılmaz edir. Avropanın təyyarə istehsalçısı “Airbus” isə Çin Xalq Respublikasında ikinci fabrikini açmağa hazırlaşır. ”Airbus” Çində “A 330” istehsal edəcək.

Ərəb şahzadəsi sərvətindən imtina edir. Bloomberg agentliyinin verdiyi məlumata görə, Səudiyyə Ərəbistanı şahzadəsi Al-Valid ibn Talal ibn Abdel Aziz as-Saud ölümündən sonra özünün sahib olduğu bütün sərvəti xeyriyyə fonduna bəxş etmək qərarına gəlib. Şahzadə təşkil edilmiş xüsusi mətbuat konfransında bildirib ki, artıq gələcək illərdən başlayaraq sərvətini öz ailəsinə məxsus olan "Alwaleed Philanthropic Foundation" xeyriyyə fonduna köçürməyə başlayacaq. Ailə üzvləri onun bu qərarını anlayışla qarşılamış və ailə rəhbərini dəstəkləmişlər. Beləliklə də, o, Bill Qeyts və Varren Buffetin başlatdığı xeyriyyə aksiyasını davam etdirəcək.

İş dünyası ilə bağlı daha bir maraqlı xəbər milyarderlərin 1 gecədə Yunanıstana görə 70 milyard dollar itirməsi oldu. Dünyanın 400 varlı insanı 29 iyun tarixində indekslərin enməsi səbəbindən 70 milyard dollar həcmində məbləğ itiriblər. Ümumilikdə bu şəxslər 4,3 trilyon dolları idarə edir ki, bu da Almaniyanın ÜDM həcmini, demək olar ki, 400 milyard dollar geridə qoyur. Orta zərər həddi 1 zəngin şəxs üçün 175 milyon dollar təşkil edir. Lakin zərər bərabər şəkildə paylanmayıb. Ən böyük zərərlə üzləşən şəxs Avropanın ən varlı şəxsi hesab edilən Amansio Orteqadır. Onun itirdiyi mbləğ 2,2 milyard dollar təşkil edir.Bundan əlavə, itki həcminə görə ikinci yerdə Varren Buffet (1,6 milyard dollar), üçüncü yerdə Bill Qeyts (1,4 milyard dollar) qərarlaşıb.

Azərbaycan

Gəldik çatdıq öz ölkəmizə. Həftənin önəmli xəbəri Azərbaycan Mərkəzi Bankının (AMB) ölkə ərazisində fəaliyyət göstərən kommersiya banklarına müştərilərə verilən kreditlərin rəsmiləşdirilməsi üçün tutulan komissiya haqqının 1 faiz həcmində məhdudlaşdırılmasına dair göstəriş verməsi oldu. AMB-nin bu qərarı nəticəsində bir çox banklar istehlak kreditləşdirilməsini müvəqqəti dayandırdı. Yaxın dövr üçün fəaliyyət istiqamətlərini müəyyənləşdirmək üçün bank rəhbərliyi səviyyəsində məsləhətləşmələrə başladılar. Onu da xatırladaq ki, son aylarda bir çox kommersiya bankında kreditlərə görə komissiya xərcləri 3-7% civarında olub.

Banklardan söz düşmüşkən, “Moody`s” Azərbaycanın bank sisteminin reytinqini stabildən (Baa3) neqativə endirdi. “Moody’s” qeyd edir ki, banklar üçün zəif əməliyyat şəraitinin olması ilə yanaşı, fevral ayında devalvasiyanın baş verməsi bu sektoru kifayət qədər zəiflədib. 2015 ildə “Moody’s” ÜDM artımını 1% həcmində olacağını proqnozlaşdırır (neftin qiyməti 55 götürülməklə). 2016-cı ildə isə bu artım təxminən 1.7%-ə çatacaq: “Borclananların əksəriyyətinin valyuta gəlirləri kifayət qədər böyük deyil. Yüksək inflyasiya və istehlakçıların alıcılıq qabiliyyətinin azalması kreditləşmənin artım tempini zəiflədəcək. Pis gedişat, problemli kreditlərin kredit qoyuluşlarında xüsusi çəkisinin 15%-ədək artmasına öz töhfəsini verəcəkdir”.

Yuanını dəyər qazanması Dövlət Neft Fondunun (ARDNF) da diqqətini çəkib. Fond investisiya portfelinin valyuta səbətinin yüksək diversifikasiyanın təmin edilməsi istiqamətində növbəti mərhələ olaraq Çin yuanında investisiyalara başlayıb. Bu məqsədlə 2014-cü ildə Çinin Mərkəzi Bankından 3 mlrd Çin yuanı həcmində investisiya üçün müvafiq lisenziya alınıb və adıçəkilən qurumla dövlət və agentliklərin istiqrazlarının alqı-satqısı və saxlanılmasına dair müqavilə imzalanıb. Bu ilin 1 iyul tarixindən isə Çin yuanında ilk investisiyalara başlanılıb. Hazırda növbəti mərhələ olaraq Çinin səhm bazarlarına investisiya yatırımlarının həyata keçirilməsi nəzərdə tutulub. Bu məqsədlə Çinin Qiymətli Kağızlar üzrə Tənzimləmə Komitəsi tərəfindən verilən “Səlahiyyətli Xarici İnstitusional İnvestorlar” adlı lisenziyanın alınması planlaşdırılıb.

Dövlət Neft Şirkəti(SOCAR) isə maliyyə hesabatını açıqladı. Hesabatda diqqəti çəkən şirkətin 2015-ci ilin yanvar və fevral aylarında iki bankdan kredit cəlb etməsi oldu. Belə ki, 2015-ci il fevralın 12-də və martın 29-da SOCAR ABB-dən müvafiq olaraq 13 milyon və 50 milyon manat məbləğində yeni kreditlər alıb. Bundan əlavə, SOCAR yanvarın 29-da “Qafqaz İnkişaf Bankı”dan 52 milyon dollar və ya 41 milyon manat məbləğində kredit cəlb edib. Ümumilikdə 2014-cü il üçün kredit borcu 4.18 milyard manat təşkil edib. Bir il ərzində şirkətin kredit borcu 1.5 milyard manat azalıb. Şirkətin uzunmüddətli öhdəlikləri 2013-cü ilin 4.91 milyard manatına qarşı 6.12 milyard manat təşkil edib.SOCAR-ın qısamüddətli öhdəlikləri 2013-cü ilin 7.91 milyard manatına nisbətdə 2014-cü ildə 6,9 milyard manat olub.

Leyla Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm